Modern.az

Axır ki, kitabımız açıldı...

Axır ki, kitabımız açıldı...

Ədəbiyyat

18 Sentyabr 2014, 15:40

Yeni dərs ili başladı. Özü də yeniliklərlə. Yeniliklərdən biri xüsusilə diqqətimi çəkdi...

Həmin ilklərdən birini hələ yeni tədris ili ərəfəsində Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında təhsil naziri Mikayıl Cabbarov şəxsən səsləndirdi. Ümumilikdə, nazirin həmin konfransdakı çıxışı bir çox məqamları ilə yadda qaldı və təkcə təhsil işçilərini yox, hamını düşünməyə vadar etdi. Nailiyyətlər, yeniliklər, mövcud problemlər, həlli vacib məsələlərdən danışan nazir təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri də diqqətə çatdırdı, yeni dərs ili ilə bağlı konkret tapşırıqlar verdi. Həmin tapşırıqlardan biri də hamının ürəyinə yağ kimi yayıldı. Auditoriyanın reaksiyasından bunu hiss etməmək mümkün deyildi. Əslində, bu, nazirin çox ciddi tapşırığı idi. 
Əvvəllər yay tətilində bizə məktəbdənkənar ədəbiyyat siyahısı verilirdi. Dərs ili başlayanda oxuduğumuz və ya oxumalı olduğumuz həmin bədii ədəbiyyata əsasən inşa yazırdıq. Məktəb direktorlarına tapşırıram ki, bu təcrübəni könüllü yox, məcburi formada tətbiq etsinlər. Bir daha təkrar edirəm, könüllü yox, məcburi. Nazirliyin işçilərinə də tapşırıram ki, bunun üçün hər sinfə görə ədəbiyyat siyahısı hazırlansın. Ehtiyac varsa, yeni əsərlər tərcümə olunsun, klassik əsərlər təkrar çap olunsun. Müvafiq dövlət strukturlarından lazımi kömək istənilsin...”

Artıq çoxdan ölkə ictimaiyyətinin “intellektual şəxs” kimi tanıdığı və qəbul etdiyi, ötən ildən isə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkə təhsilinin başında dayanan, nazir təyin olunandan bu yana mütərəqqi islahatları ilə diqqəti çəkən Mikayıl Cabbarovun bu konkret tapşırığı da ciddi mətləblərdən xəbər verdiyinə görə tezliklə rezonansa səbəb oldu. Heç şübhəsiz, mütaliənin, bədii ədəbiyyatın insanın tərbiyəsi, kamilləşməsi, bioloji varlıqdan şəxsiyyətə çevrilməsindəki rolu heç kimə sirr deyil. Məktəblərdə kitaba, mütaliəyə marağın azalması isə narahatlıq doğurmaya bilməzdi. Və təhsil naziri bu sahədə “həyəcan təbili” çalan ilk şəxs oldu. Üzümüzü kitaba çevirməliyik və bu işə məhz məktəbdən başlamaq lazımdır. Çünki əsl təhsil mütaliə ilə qazanılır, insan vətəndaş kimi məktəbdə formalaşır, onun layiqli vətəndaşa çevrilməsində mütaliənin rolu misilsizdir. Bu gün isə, necə deyərlər, kitabın “kitabı bağlanıb”, mütaliə “kadr arxası”nda qalıb. 21-ci əsrin aynasına çevrilən, dünyanı bir kənd kmi birləşdirən İnternet kitabı insanın əlindən alıb. Müxtəlif sosial şəbəkələr yaşından, təhsilindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq insanları özünə elə bağlayıb ki, hətta başlarını qaldırıb ətrafa baxmağa belə vaxtları yoxdur, sanki insanlar bu sosial şəbəkələrin əlində aciz qalıblar. İcazəsiz-filansız mənzilimizə daxil olan, dünyanı evimizə gətirən çoxsaylı telekanallar da kitabı lazımsız kağız parçasına – maklaturaya çevirib, ən əziz dostumuz kimi əzizləyərək üfləyə-üfləyə saxladığımız kitabların üstünə tozdan pərdə çəkib. İndi gənclərin, lap elə şagirdlərin əlində telefondan, kompüterdən, planşetdən başqa bir şey görməzsən. Bir sözlə, elmi-texniki tərəqqi bu mənəvi zənginliklə ünsiyyəti azaldıb, az qala hamını ondan uzaq salıb və s. və i...

Əlbəttə, mən heç bir yeniliyin, elmi-texniki tərəqqinin, insanın işini yüngülləşdirən müasir texnologiyaların əleyhinə deyiləm. Qətiyyən... Yadımdadır, 90-cı illərdə AzTV-nin “7 gün” analitik informasiya proqramına 8 sentyabr – Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü münasibətilə material hazırlamalı idim. Bu tarix çex jurnalisti Yulius Fuçikin adı ilə bağlıdır. Yulius Fuçik, həm də şair və publisist, antifaşist ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub. 1943-cü il sentyabrın 8-də faşistlər onu amansızlıqla qətlə yetiriblər. 1958-ci ildə isə Beynəlxalq Jurnalist Təşkilatı həmin günü Jurnalistlərin Həmrəyliyi günü elan edib. Bunu xatırlatmaqda məqsədim var. O vaxt bu süjeti hazırlayarkən ədəbiyyat üçün bir neçə kitabxananı gəzdim, heç nə tapa bilmədim. Axırda indiki M.F.Axundov adına Milli Kitabxanada tanış bir kitabxanaçının köməyi ilə Yulius Fuçik haqqında rus dilində məlumat tapıldı. Baxın, bu gün istənilən hadisə, tarix, insan haqqında informasiya əldə etmək nə qədər asandır, bunun üçün heç hara getməyə də ehtiyac yoxdur, İnternet əlimizin altındadır... Amma sosial şəbəkələrin faydası qədər zərərinin olması da heç kimə sirr deyil. Bu şəbəkələrin gücündən düzgün istifadə olunmaması mənfi nəticələrə gətirib çıxarır. İnsanın əməyini bu qədər asanlaşdıran, uzaq məsafələri yaxınlaşdıran bir vasitəni bəzən mənasız söhbətlərin müzakirə meydanına çevirməyə, ona bu qədər vaxt sərf etməyə dəyərmi? Və s. Əlbəttə, bu, mənim subyektiv fikrimdir, şübhəsiz, mənimlə razılaşmayanlar olacaq... Mətləbdən uzaq düşməyim. Mətləb isə “kitabı açmaq”dır. Təhsil nazirimizin də istədiyi budur. Və nazir haqlıdır, orta məktəblərdə bu işi məcburi qaydada həyata keçirmək lazımdır, könüllülük artıq işə yaramır...

Bəli, kitab, mütaliə ən böyük bilik, savad mənbəyidir, kitab qədər insanı zənginləşdirən, hətta onun həyatını dəyişə bilən ikinci bir vasitə fikirləşmək mümkün deyil. Hər birimiz kitablarla uşaqlıqdan dostluq etmişik, yeniyetməliyimiz, gəncliyimiz onların arasında keçib, necə deyərlər, kitablarla yatıb, kitablarla oyanmışıq. Ağdamda oxuduğum şəhər 8 nömrəli orta məktəbin əməlli-başlı kitabxanası vardı, kitabı oradan alıb oxuyurduq. Şəhər kitabxanalarına da abunə idik. O vaxt Ağdamda təkcə şəhərdə 7 böyük kitabxana vardı, hətta bu kitabxanalardakı kitablar da bəs etmirdi, çünki kitabı acgözlüklə oxuyurduq. Özü də sinif yoldaşlarımla sevdiyimiz kitabları növbə ilə oxuyurdıq, oxuduqlarımızı oxuya bilməyənlərə danışırdıq. Bununla bir növ, həm də kitabı təbliğ edirdik. Hələ bir-birimizə kitab bağışladığımız vaxt da olurdu. Bəzən kitabı kitabxanaya vaxtında qaytara bilmədiyimizə görə cəzalanırdıq da. Biz inanırdıq ki, kitab oxuyan adam heç vaxt pis adam ola bilməz, yalançı, cani, quldur, oğru, xain, satqın ola bilməz və s. Bir sözlə, kitab oğrusunu “oğru” saymayan cəmiyyətdə kitaba maraq böyük idi. Hətta elə “səxavətli” ziyalılar vardı ki, şəxsi kitabxanalarını ictimailəşdirmişdilər, istənilən adam oradan kitab götürüb oxuya bilərdi.

Tələbəlik illərində də valideynlərimizin göndərdiyi xərcliyin bir hissəsini ürəklə kitaba verərdik. Evimizdəki kitabların ilk səhifəsinin yuxarı sol küncündə əllə yazılan tarixlər də bunu təsdiq edir. İndi bu kitabların qoxusu da bizə doğma gəlir, onları təkrar-təkrar vərəqləmək, oxumaq istəyirik, onlarla yenidən ünsiyyət köhnə və əziz dostlarla görüş qədər təsirli olur. Uşaqları bu ünsiyyətə alışdırmalı, kitablarla dostlaşdırmalıyıq. Onlara bədii ədəbiyyatın, mütaliənin faydasından danışmalıyıq. Onların beyninə həkk etməliyik ki, ağıllı kitabla ünsiyyət ağılsızla dostluq etməkdən min dəfə faydalıdır, mütaliəsiz insan savadsızlığa məhkumdur. Nəsillərin bir-birinə vəsiyyəti olan, özümüzə və başqalarına hörmət etməyi öyrədən, qəlbimizi insanlıq sevgisi ilə dolduran “ağıllı” kitabları mənən yoxsul olmamaq, həyatda səhv etməmək üçün oxumaq lazımdır.

Təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü, əslində məktəblərdən tələbi sabaha ünvanlanan bir xidmətdir. Bu xidmətə isə hər birimiz dəstək verməliyik. Bunun üçün çox şey tələb olunmur. Kitabı təbliğ etmək, kitabı sevdirmək kifayətdir. Məktəb yaşlı uşaqları kitaba, mütaliəyə cəlb etmək işinə valideynlər, ziyalılar, ümumiyyətlə, cəmiyyət qoşulmalıdır. Bunun üçün daha təsirli üsullardan da istifadə etmək olar: təhsil ocaqlarında kitab müzakirələri, kitab bayramları, müasirimiz olan yazıçılarla, eləcə də klassiklərimizin tədqiqatçıları ilə görüşlər, son vaxtların yaxşı təcrübəsi olan “imza günləri” və s. İndi az da olsa, belə tədbirlər keçirilir. İştirakçısı olduğum tədbirlərin birini – Dövlət Pedaqoji Kollecinin müəllim və tələbələrinin Xalq yazıçısı Anarla Akademik Milli Dram Teatrındakı görüşünü xatırladım. Tədbirdə tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri də iştirak edirdilər, inanıram ki, onlar da indiyədək həmin gecəni unutmayıblar. Görüşün təşkilatçısı isə Kollecin direktoru, YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva idi. Nurlana xanım, həm də Anar yaradıcılığının görkəmli tədqiqatçılarından biridir. Biləndə ki, bu görüşün ssenarisini də Nurlana xanım özü yazıb, sözün yaxşı mənasında, heyrətlənmişdim, çünki onun bir pedaqoq, təhsil təşkilatçısı, bir ictimai xadim kimi daşıdığı “yükün ağırlığı” mənə yaxşı tanışdır. Baxın, bu qədər fəal, səmərəli, məsuliyyətli işlərin qarşısında hələ vaxt tapıb ssenari də yazır! Özü də qeyri-adi, olduqca təsirli bir ssenari! Nurlana Əliyevanın yazıçı haqqında mükəmməl çıxışından sonra tələbələr həmin ssenarini böyük məharətlə təqdim etdilər. Onlar Anarın həyatdan gələn, insanları düşündürən, yadda qalan qəhrəmanlarını duyaraq “oynadılar”, tamaşaçıları yazıçının mənəvi dünyasının zənginliyinə qovuşdurdular. Tədbirə, sadəcə yazıçı “Anarla görüş” demək insafsızlıq olardı. Bu, ədəbiyyatımızın, mədəniyyətimizin parlaq simalarından biri olan görkəmli yazıçı Anarın yaradıcılığı haqqında mükəmməl bir təqdimat idi. Özü də təkcə yaradıcılığı haqqında yox! Anarı yazıçı, şair, ictimai xadim, insan, övlad, ata... kimi bundan gözəl tanıdan tədbir, bəlkə də, indiyədək olmamışdı! Sonda yazıçı özü də çox təsirləndiyini, sevindiyini, kövrəldiyini söylədi, bu görüşün İnternet əsrində gənclər haqqında formalaşan fikirləri dəyişdiyini, ədəbiyyatın sabahına ümid yaratdığını dilə gətirdi. Etiraf edirəm, mən həmin tədbirdən sonra Anarın əsərlərini bir daha oxumaq istədim! Bax, ədəbiyyata, kitaba xidmət budur, kitabı təbliğin nəticəsi budur! Özü də bu cür tədbirlər təkcə maarifləndirmə yox, müəlliflərin tanıdılması baxımından da mühüm rola malikdir. Təkcə Anar deyil axı, bu gün ədəbiyyatımıza xidmət edən neçə-neçə söz adamını tanıtmağa ehtiyac var. Sonralar bir şad xəbər də eşitdim: Anarla keçirilən görüşdə çıxış edən tələbələrdən bir neçəsini Akademik Milli Dram teatrına işə dəvət ediblər! Demək, professor Nurlana Əliyeva bu tədbirlə istedadlı tələbələri də üzə çıxardı. Ümumiyyətlə, Dövlət Pedoqoji Kollecində ədəbi əsərlərin fərqli formatda müzakirəsi, təqdimatı tez-tez təşkil olunur, düşünəndə ki, burada təhsil alanlar sabahın müəllimləri, sabahın analarıdır, onda həmin tədbirlərin məxsusi əhəmiyyətini bir daha dərk edirsən. Əlbəttə, gözəl nümunədir. Kitaba, mütaliəyə marağı artırmaq, haqqında danışdığımız məqsədə çatmaq üçün bu yönümlü tədbirləri orta məktəblərə də gətirməyin gözəl nəticəsi ola bilər...

Məsələnin digər tərəfinə gəlincə isə, şükür Allaha, oxumağa kitabımız çoxdur. Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam olub. Artıq Azərbaycan, eləcə də dünya ədəbiyyatı klassiklərinin əsərləri, uşaq ədəbiyyatının gözəl nümunələri latın qrafikası ilə nəfis tərtibatla, yüksək tirajla nəşr olunub. Milyonlarla nüsxə kitab kitabxanalara pulsuz paylanıb. Dövlətimiz bu gün kitabxana işini də mədəniyyatin tərkib hissəsi hesab edir. Prezident İlham Əliyev hansı məktəbdə olursa, mütləq həmin təhsil ocağının kitabxanası ilə də maraqlanır...

Bəli, qalır – “kitabı açmaq”. Kitabı açmaq isə böyük mədəniyyətdir, sağlam həyat tərzidir. “Ümidlə açılıb qazancla bağlanan kitab” mütləq fayda gətirəcək. Elə isə kitabınız hər zaman açıq olsun! Açıq kitabdan mütləq nələrsə öyrənilir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi