Modern.az

Hər şeydən yazan Mirzə Cəlil...

Hər şeydən yazan Mirzə Cəlil...

Ədəbiyyat

13 Oktyabr 2014, 11:16

filologiya elmləri doktoru, professor

O, bütün zamanların yazıçısıdır

Allah rəhmət eləsin Mirzə Cəlilə. Cəlil Məmmədquluzadəni deyirəm. Rəhmətlik nədən yazmayıb? Hər şeydən yazıb. Özü də elə yazıb ki, adamın ürəyindən tikan çıxarır. Elə yazıb ki, onun yazdıqları ilə hər gün dəfələrlə qarşılaşırsan. Onun yaratdığı tipləri hər gün görürsən. Onlarla təmasda olursan. Nə isə...

Rəhmətlik Mirzə Cəlil qədər milləti tanıyan, onun psixologiyasını bilən, az qala millətin hər bir fərdini dərindən öyrənən ikincisi yoxdur. Söhbət Mirzə Cəlil qədər tanıyandan gedir. Rəhmətlik nədən yazıbsa, gözəl yazıb. Yazdıqları içərisində bir dənə də olsun elə - beləsi yoxdur. Hamısı orijinaldır: felyetonu da, hekayəsi də, dramları da. Ay qardaş, bu kişi Nobel mükafatına layiq görülmüşlərdən də yaxşı mənada fərqlənir. Nobel mükafatı alanların heç biri onun qədər öz millətini tanımayıb, dərk etməyibdir. Bu kişi elə bil ki, hər bir fərdin yanında olub, onu öyrənib, müşahidə edib, sonra da yazıb. Elə dərindən yazıb ki, yazdıqları həmişə aktual görünür. Yenə də deyirəm ki, rəhmətlik Mirzə Cəlil nədən yazmayıb? Onun yazdıqları bu gün də həyatda təkrar olunur. Onun yazdıqlarını bu gün də görürük. Onun yazdıqları ilə bu gün də qarşılaşırıq. Onun yazdıqlarında bu gün də özümüzü tapa bilirik. Kim özünü axtarırsa, Mirzə Cəlili oxusun. Kim özünü görmək istəyirsə, yenə də onu oxusun. Kim özünü tanımaq istəyirsə, yenə də onun yazdıqlarına üz tutsun. Bir sözlə, Mirzə Cəlil bütün zamanların yazıçısıdır.

Hər gün qarşılaşdığım hadisə Mirzə Cəlilə rəhmət oxudur. Bilirsinizmi niyə? Ona görə ki, qarşılaşdığım hadisələrdən rəhmətlik yazıb, sadəcə olaraq yazmayıb, həm də atasını yandırıb. Onun yazdıqları hadisələr indi də baş verir. Ancaq bir az fərqli formada, fərqli ölçüdə, fərqli məkanda. Mirzə Cəlilin yazdıqlarının qarşısında bunlar nədir ki? Ancaq hər nə olsa da, mətləbə keçmək istəyirəm. İstəyirəm ki, gördüyümü sizlərə nəql edim. Elə bu yaxınlarda gördüm ki, Dəymədüşər kişi ilə Naznaz xanım bazara gedirlər. Olan hadisədir. Bircə adları dəyişmişəm. Kişinin adını Dəymədüşər, xanımın adını Naznaz qoymuşam. Əlqərəz... Dəymədüşər kişi ilə Naznaz xanım bazara gedir. Dəymədüşər kişi iti sürətlə qabaqda gedir, xanımı isə onunla ayaqlaşa bilmir. Avtobusa minmək üçün dayanacağa gedən ər və arvad yolda bir-birini itirir. Ər qabaqda iti sürətlə gedərək dayanacağa çatır. Arvad isə arxada qalır və ərini gözdən itirir. Avtobus gəlir. Dayanacaqda saxlayır. Dəymədüşər avtobusa minhamində bir də görür ki, Naznaz xanım onu arxadan səsləyir:

- Məni də gözlə, gəlirəm.

- Gəl, gözləyirəm.

Bunlar bir-birinə səs verməkdə olsunlar, görək avtobus şoferi nə edir. İndiki avtobuslar axı saniyələrlə, dəqiqələrlə işləyirlər. Pah atonnan! Bir saniyə, bir dəqiqə belə yubanmırlar. Odur ki, avtobus şoferi dəymədüşərin xahişini eşitmir:

- Xahiş edirəm, gözlə, arvad da gəlsin.

- Gözləyə bilmərəm. Yubanıram.

- Ay kişi, görürsən arvad arxadan çağırır.

- Mənə nə, mənim gözləməyə vaxtım yoxdur.

Birdən arxadan Naznaz xanımın səsi gəlir:

- Gözlə, çatdım.

- Avtobus şoferi gözləmir. Mən avtobusla getdim.

- Bəs mən nə edim?

- Sən də gəl.

- Hara?

- Ora.

Ay qardaş, bu Bakı şəhərində o qədər bazar var ki... Axı bu yazıq Naznaz xanım hara gəlsin?! “Ora” deməklə iş bitmir. Bir də “ora” deyəndə yadıma “Bəyin oğurlanması” filmində Arif  Quliyevin qızın “Hara gəlim” sualına “ora” deməsi düşür. Bəlkə də Arif Quliyev “ora”da qızla çox görüşüb. Bəs Dəymədüşərlə Naznaz xanım necə? “Ora” deyəndə haranı nəzərdə tuturlar. Nə isə... Avtobus şoferi tələm-tələsik avtobusu sürüb gedir. Dəymədüşər kişi də avtobusun içində. İndi avtobusun içində nələr baş verir onu bir Allah bilir, bir də Dəymədüşər, sürücü və sərnişinlər. İndi sizə kimdən xəbər verim – Naznaz xanımdan. Naznaz xanım dayanacağa çatanda avtobus getmiş olur. O, kor-peşiman dayanacaqda oturub Dəymədüşər kişini gözləyir. Fikirləşir ki, Dəymədüşər kişi hara getsə də, gəlib buradan keçəcək. Mirzə Cəlilin Novruzəlisi məktubu poçt qutusuna salıb gözlədiyi kimi, Naznaz xanım da Dəymədüşər kişini gözləməli olur. Xeyli vaxt keçir, Dəymədüşər qayıtmır. Ağsaqqal bir kişi görür ki, bu xanım neçə saatdır ki, dayanacaqda gözləyir. Yaxınlaşıb ona deyir:

- Ay bacı, sən neçə saatdır nə gözləyirsən, kimi gözləyirsən?

- Yoldaşımı gözləyirəm. Birlikdə bazara getməliydik. O, avtobusla getdi, mən isə avtobusa çata bilmədim. İndi gözləyirəm ki, yoldaşım geri qayıdanda heç olmazsa, yükünə kömək edim.

- Ay bacı, bəlkə yoldaşın taksi ilə qayıdacaq, bəlkə ayrı bir avtobusla qayıdacaq. Sən burada neçə saatdır gözləməkdən yorulmadınmı?!

Hə, belə yerdə Allah Mirzə Cəlilə də, onun Novruzəlisinə də rəhmət eləsin! Rəhmətlik Mirzə Cəlil elə dərin yazıb ki, oxuyanlar onun Novruzəlisini təqlid etməyi bir savab kimi başa düşürlər. Novruzəliyə də rəhmət eləsin ona görə ki, axı o yazıq nə pis iş görübdür?! Əgər pis bir iş görübsə, bəs onda indiki Novruzəlilər niyə onun işini təkrar edirlər? Deməli, Novruzəlinin əməli yaxşı əməl kimi cahanda məşhurdur. Əlqərəz... Allah Mirzə Cəlilə də, onun Novruzəlisinə də rəhmət eləsin. Dəymədüşər kişi ilə Naznaz xanım isə, necə deyərlər, Mirzə Cəlillə Novrzuəlinin torpağı sanı yaşasınlar. Amin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi