Dünya fikir dünyasıdır
Yaşadın qüvvəti bada vermədin,
Düşündün, fürsəti bada vermədin,
Yaratdın, zəhməti bada vermədin,
Bircə təsəllimiz budur həyatda.
H.Arif
1987-ci ilin bahar fəsli Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Məmməd Rahimin 80 illik yubiley gecəsi keçirilirdi. Tanınmış ədiblər, alimlər yubilyar haqqında xatirələrini bölüşür, öz fikirlərini söyləyirdilər. Nədənsə çıxışçılardan yalnız birinin nitqi diqqətimi çəkdi və bu günə qədər xatirimə ədəbi həkk olundu. Bu natiq xalq şairi Hüseyn Arif idi. Hüseyn Arif Məmməd Rahim haqqında o qədər ürəklə, səmimi və qəlb ağrısı ilə danışırdı ki, zalda əyləşənlər tez-tez kövrəlir, göz yaşlarını saxlaya bilmirdilər. Hiss edirdim ki, bu gözəl şairin özünün də qəlbi qan ağlayır…
O vaxta qədər Hüseyn Arifi görməmişdim, şəxsən tanımırdım. Düzü onun şerlərini də oxumamışdım. Məncə bu təbii idi, lakin o gündən başlayaraq, Hüseyn Arif yaradıcılığı ilə yaxından tanış olmağa başladım. Həm onun şerlərini oxuyur, həm də böyük sənətçilərin ifasında şerlərinə yazılmış mahnıları həvəslə dinləməyə başladım. O zamanlar aşıqları da dinləmədiyimdən onların ifasındakı şerlərə fikir də vermirdim. İllər keçdi. Mən Azərbaycanın Milli Televiziya və Radiosunda jurnalist kimi verilişlər hazırlamağa başladım. Bir çox şair, yazıçı və digər xadimlər haqqında tele-radio ssenariləri yazdım. Amma məni hər zaman Hüseyn Arif haqqında televiziya verilişi hazırlamaq düşündürürdü. Bu fikirlə o zaman ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktoru, əməkdar jurnalist Mailə Muradxanlıya müraciət etdim. Məmnuniyyətlə razılıq verdi. Bir daha Hüseyn Arifin sənət-şer dünyasına baş vurdum, maraqlı ssenari yazdım.Qaldı onun ailə üzvləri ilə tanış olmaq. O zaman şairin həyat yoldaşı Məleykə xanım, qızları Səhər və Zöhrə xanımdan müsahibə almaq nəzərdə tutulmuşdu. Onlarla əlaqə qurmaq isə təbii ki, mənim özümə həvalə olunmuşdu.
O zamanlar şairin qızı Zöhrə Hüseynzadə Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışırdı. Mən də həmin rayonun sakini idim. Günlərin birində Zöhrə xanıma təşrif apardım. Özümü təqdim etdikdən, məramımı ona bildirdikdən sonra gördüm ki, bu çox gözəl çöhrəli xanımın üzünə təbəssüm qondu, eyni zamanda onun gözləri yaşardı. Amma təəccübünü də gizlətmədi, çünki, o zaman Hüseyn Arifi yada salıb veriliş hazırlamırdılar. Söylədim ki, verilişi təmənnasız, heç bir sponsor, maliyyə dəstəyi olmadan hazırlayacağam. Razılıq əldə olunduqdan sonra sağollaşdım.
Bir müddət sonra Zöhrə xanımın təklifi ilə AMEA-nın həqiqi üzvü Teymur Bünyadov, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev, əməkdar incəsənət xadimi, istedadlı rejissor Məhərrəm Bədirzadədən ibarət kiçik bir çəkiliş qrupu ilə Ağstafaya yola düşdük. Ağstafada şairin ev-muzeyində, vaxtilə yaşayıb yaratdığı həyətdə qonaq olduq. Həmin gün sözün əsl mənasında poeziya bayramı-aşıq bayramı oldu. İlk dəfə orada Hüseyn Arifin həyat yoldaşı, çox gözəl çöhrəli Məleykə xanımı gördüm. İlahi, nə qədər həyalı, utancaq, xanım-xatun qadın idi. Mən Məleykə xanımda Azərbaycanın ən gözəl, ən ismətli qadın mücəssəməsini gördüm.
Ağstafada verilişlə bağlı çox gözəl, maraqlı çəkilişlər aparıldı. Məhz, həmin gün mənim həyatımda çox önəmli, mühüm bir hadisə baş verdi. Professor Camal Mustafayev məni mütləq elmi iş götürüb dissertasiya müdafiə etməyi məsləhət gördü. Belə ki, Camal müəllimlə çoxdan bir-birimizi tanıyırdıq. O, tez-tez televiziyada çıxışlar edərdi. Mənim də verilişlərimi izləyər, fikir söyləyərdi. Camal müəllim məni elmi işə həvəsləndirdi və məndə buna inam hissi yaratdı. Hətta dissertasiya mövzusunun adını da müəyyənləşdirdik: “Televiziya verilişlərinin gənc nəslin, estetik mədəniyyətinin yüksəldilməsinə təsiri”. Bu dissertasiya işini 2010-cu ildə mən müvəffəqiyyətlə müdafiə edib, pedaqogika üzrə fəlsəfə doktoru elmi adına layiq görüldüm. Hesab edirəm ki, bu işdə Hüseyn Arifin işığı, ruhu var.
Xoşbəxtəm ki, Azərbaycan televiziyasının fondunda saxlanılan “Dünya fikir dünyasıdır” adlı verilişi hazırlamaqla bu böyük sənətkarın ruhunu şad etdim, onun qarşısında azda olsa bir mənəvi borcumu ödədim. O verilişdən sonra mən Hüseyn Arif yaradıcılığının vurğununa çevrildim, qızı Zöhrə xanımla bu günə qədər ailəvi dost olduq. Məsuliyyətlə deyə bilərəm ki, mənə aşıq sənətini sevdirən də məhz Hüseyn Arif yaradıcılığı və Zöhrə xanımın təbliği olub.
Bir müddət sonra, 1999-cu ildə Xəzər universitetində keçirilən Hüseyn Arifin “Xatırla məni” kitabının təqdimatına həsr olunmuş ədəbi-bədii gecədə, müxtəlif tədbirlərdə iştirak etdim. Hər dəfə bu tədbirlərdə iştirakım zamanı Hüseyn Arifin söz dünyasından yeni bir fikir, yeni sənət nümunəsi öyrəndim.
Hörmətli oxuculara öz yaddaşlarını bir daha yeniləməkdən ötrü Hüseyn Arifin həyat bioqrafiyasını qısaca olaraq təqdim edirəm.
Azərbaycan xalq şairi, Dövlət mükafatı laureatı, pedaqoq Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif) 1924-cü il iyunun 15-də Qazax rayonunda (Ağstafa) anadan olub. 1937-1940-ci illərdə Bakı Pedaqoji məktəbində təhsil alıb. 1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarılığı qoşunlarında bölük komandiri olub, döyüşən ordu tərkibində Ukrayna cəbhəsində, Polşa, Çexoslovakiya və Almaniyada döyüşüb, yaralanıb və müalicə olunduqdan sonra Moskva Hərbi Mühəndislik təhsili almağa göndərilib. 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. 1951-1952-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. Ədəbi fəaliyyətə ikinci dünya müharibəsi illərində başlayan Hüseyn Arif 1957-1959-cu illərdə Xarici ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, 1965-1967-ci illərdə “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor,1967-1968-ci illərdə “Gənclk” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri olub. 1984-1992-ci illərdə Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik edib. 1949-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Hüseyn Arif 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib. 1957-ci ildə şairin liberettası əsasında “Azad” tamaşası Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi isə 1974-cü ildə Gənc Tamaşaçılar teatrında səhnəyə qoyulub.
1971-ci ildə şair “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə çevrilib. Şairin şerlərinə neçə-neçə mahnı bəstələnib. 1971-cı ildə Yuqoslaviyada (Sarayeva) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərini iştirakçısı olub.
Otuzdan artıq kitabın, o cümlədən “Yeni həyat yollarında”, “Məhəbbət nəğmələri”, “Yolda”, “Sən mənimlə get”, “Qocalan deyiləm”, “Ömür gözəlsə”, “Ömür deyir” və s. kitabın müəllifidir.
Hüseyn Arif 1992-ci il sentyabrın 14-də 68 yaşında vəfat edib və Ağstafada qədim Yenigün qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hüseyn Arifin 90 illik Yubileyinin keçirilməsinə dair” 2014-cü il 2 may tarixdə sərəncam imzalayıb. Sərəncama uyğun olaraq hazırda respublikada yubiley tədbirləri həyata keçirilir. Bu isə Hüseyn Arifin zəngin bədii-poetik irsinə həm dövlət, həm də ümumxalq məhəbbətinin təzahürüdür.
Ruhun şad olsun ustad!
Qafar Əsgərzadə
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
***
Ədibin Xalq şairi Məmməd Rahimə ithaf etdiyi “Torpaq” şerini oxuculara təqdim eirəm:
Torpaq
Qucağında nanə, reyhan,
Lalə, nərgiz, olan torpaq,
Yaşı qədim, özü cavan,
Ətri təmiz olan torpaq.
Döşdə bulud, zirvədə çən,
Əskilməyib gəlib keçən,
Göy sinəsi meşə, çəmən,
Qoynu dəniz olan torpaq.
Düzlər varı, dağlar tacı,
Xəzan görsə, yox əlacı,
Kimə şirin, kimə acı
Kimə əziz olan torpaq.
Gah qış olub, gah yaz olub,
Həm açılıb,həm tutulub,
Sevinclə bir yaşa dolub,
Qəmlə əziz olan torpaq.
Hər qonağın bir vaxtı var,
Ya çox qalar, ya az qalar,
Bir gün səni yola salar,
Bir gün mənsiz olan torpaq.