Modern.az

“Bizim kənddən gedib Amerikada işləyənlər çoxdur” - İlyas Tapdıqın KƏNDİ

 “Bizim kənddən gedib Amerikada işləyənlər çoxdur” - İlyas Tapdıqın KƏNDİ

29 Oktyabr 2014, 15:33


Modern.az
saytının “Mənim kəndim”  rubrikasnını budəfəki qonağı tanınan şair İlyas Tapdıqdır. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almış İlyas Tapdıqın uşaqlıq illəri Böyük Vətən Müharibəsi illərinə təsadüf etdiyindən doğma kəndlərini də ancaq hüzn pəncərəsi altında xatırlayır:

-  1934-cü ildə Gədəbəyin Əli İsmayıllı kəndində doğulmuşam. Müharibə başalayanda, 1941-ci ildə birinci sinifə gedirdim.

O zaman bizim kənddə...

- Kəndimiz adi bir  sovet kəndi idi. O zaman hər yerdə olduğu kimi, bizim kənddə də kolxoz qurulmuşdu, taxıl, qarğıdalı əkilirdi. Mən elə uşaq vaxtından təsərrüfatla məşğul olmuşam. 1941-45-ci illərdə ataların hamısı müharibəyə getmişdi. Bizim kimi balaca uşaqlar da analara, qoca nənə və babalara bütün işlərdə kömək edirdilər. Bizim köməyimiz  o idi ki, böyüklər nə iş görürdüsə,  balacalar da o işin qulpundan tutmağa çalışırdı. Məsələn, böyüklər taxılı biçib yığanda, bizim əlimizə çubuq verərdilər ki, onu quşlardan qoruyaq. Ot da yığardıq.

Bizim kəndəki “müharibə”...

- Kəndimizin sağlam kişilərinin hamısı o zaman Böyük Vətən Müharibəsinə getmişdi. Evlərə tez-tez qara kağızlar gəlirdi. Ölən ölürdü,  qalan qalırdı. Kənd hər gün cəbhədəki hadisələrlə nəfəs alırdı. Amma həyat qaynayırdı.

Məktəb və müəllimlər...

- O zaman müəllimlər də müharibəyə getmişdilər. Yalnız əlil cavanlar və qoca müəllimlər qalmışdılar. Çətiniklər var idi. Bu da bizim təhsilimizə mənfi təsir edirdi. Amma biz oxuyurduq. Əlavə kitablar da oxuyurduq. Kolxoz kitabxanaları kitabla dolu olardı. Məktəbimizin də kitabxanası var idi.  Biz o kitabların hamısını oxuyurduq.

O kənddən şəhərə gəldim

- 1952-ci ildə o vaxtkı Lenin adına Pedaqoji İnstituta qəbul olundum. İxtisasım da elə idi ki, tez-tez redaksiyalara gedirdim, şeirlər, yazılar verirdim. 1956-cı ildə, institutu qurtaran il məni “Azərnəşr”ə işə götürdülər. Orada uşaq kitablarının redaktəsi ilə məşğul idim. Daha sonra “Qlavlit”də işlədim, sonra Azərbaycan Dövlət Televiziyasında baş redaktor vəzifəsində çalışdım. Bir müddət də Türkiyədə çalışdım. Türk dilini yaxşı bilirdim,orada bizimlə bağlı kitablar çap olunurdu. Mən də o səbəbdən qardaş ölkəyə getməli oldum.

Uşaqlığın sakinləri

- Bizim kəndin yaxşı dəmirçiləri, ustaları var idi.  Biz onlara da kömək edirdik. Mənim şeirlərimin çoxunda onların da obrazı var. Biz onlara kömək edə-edə həmin peşənin sirlərini də öyrənirdik. Mənim o kənddəki xatirələrim,  keçirdiyim həyat, öyrəndiklərim haqqında şeirlərim poemalarım var. Bunların əksəriyyəti uşaqlar üçündür.

İndinin kəndi

- İndi kəndlərdə vəziyyət dəyişib. Sovet quruluşu, kolxoz-sovxozlar hamısı dağıldı, şəhərə axın başladı. Əksəriyyət artıq şəhərdə yaşayır. O vaxtı ancaq bir qatar olardı. Onunla şəhərdən rayona gəlib-gedərdilər. İndi maşallah, bir gündə bir kənddən şəhərə 10-12 minik maşını yola düşür. İndi şəhərlə kənd arasında o qədər də böyük fərq yoxdur .

Mənim üçün heç fərqi yoxdur

- Cəmiyyət inkişafdadır, durğunluq yoxdur. Hərə öz marağına görə hərəkət edir. Şəhərdə işi alınan, əli gətirən şəhərdə qalır, kənddə işini qura bilənə kənd daha xoşdur. Bizim kənddən də şəhərə gəlib işləyən xeyli adam var. Bizim kənddən nəinki Bakıda, hətta xaricə gedib orada işini quran adamlar da var. Bizim kənddən gedib Amerikada çalışanlar da var.

Kənd üçün darıxıram

-
Həyat belədir ki, dünya geniş, insanlar da çox. Bu çoxluğun içində kənd üçün darıxır adam. Kənddəkilərlə bu gün də əlaqəmiz var, zəngləşirik, danışırıq, şəhər də gəlib-gedirlər.  

Məltəm TALIBZADƏ
Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI