Modern.az

Kimə ziyalı demək olar? - Həqiqilər və yalançılar...

Kimə ziyalı demək olar? - Həqiqilər və yalançılar...

30 Oktyabr 2014, 11:55

Müstəqil  Ağayev
AMEA Fəlsəfə və Hüquq İnstitutu
Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin
aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
qabaqcıl maarif xadimi
   

(Əhməd bəy Ağayevin (Ağaoğlunun) düşüncələri )


Hər bir millətin mövcudluğu və mənəvi inkişafı onun ziyalılarının nisbətindən asılıdır. Ziyalı mənsub olduğu millətin  simasını müəyyənləşdirən  şəxsiyyətdir. Tarix göstərir ki, millətin çətin anlarında  onun mükəmməl  milli təəssübkeşlik duyğularına malik ziyalısı  millətə düzgün yol göstərib onun bu çətinlikdən  xilas olmasında böyük rol oynayır.

Xalqın içərisindən çıxıb ona xidmət göstərmək istəyən  ziyalı üçün  fəaliyyət dairəsi məhdud olmur. Əksər halda isə ziyalılar yaratdıqları zəngin mənəvi sərvətlə öz millətlərinin tarix səhnəsindən çıxarılmasının qarşısını alırlar.  Nizami, Nəsimi, Xətai, Füzuli və s. kimi  Azərbaycan ziyalıları bu sonunculardandırlar.

Lakin onların bizim üçün qoyub getdikləri mənəvi irs keyfiyyətcə o qədər yüksəkdir ki, bu irsi təkcə mənəvi sahə ilə məhdudlaşdırmaq olmaz. Onların yaradıcılığı  həm də xalqımızın  varlığının və dövlətçiliyinin atributları səviyyəsindədir. Bu gün Nizaminin dövründən bəhs edəndə Nizami şəxsiyyəti və onun yaradıcılığı Azərbaycanın mövcudluğu haqqında danışmağa daha çox əsas verir.

Nizaminin əsərlərində o dövr azərbaycanlılarının vətənpərvərliyi, humanizmi, mənəvi-əxlaqi keyfiyyətləri, ailə-məişət xüsusiyyətləri öz əksini elə geniş tapmışdır ki, o dövrün digər farsdilli nümunələri ilə müqayisə etdikdə,  bu müəllifin konkret bir xalqın nümayəndəsi kimi çıxış etdiyi dərhal nəızərə çarpır

İmadəddin Nəsiminin XV1 əsrdə ilk dəfə olaraq əsərlərinin əsas qismini öz ana dilində yazması onun öz millətinin varlığı uğrunda mübarizə aparan ziyalı təbiətindən irəli gəlirdi. Nəsiminin bu mübarizəsi onun xələfləri Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və b. nəhəng simalar tərəfindən davam etdirilmişdir.

Şah İsmayıl Xətainin siyasəti özünün  yaratdığı Azərbaycan dövlətçiliyini müəyyən mənada  təhlükə qarşısında qoydusa da, onun mənəvi irsi sanki  həmin itirilmiş reallıqların  mənən əlimizdə qalmasını təmin etdi.  XV1 əsrdə  artıq türk dövlətçiliyi  və dilinin  müəyyən inkişaf səviyyəsinə çatdığına baxmayaraq, Məhəmməd Füzuli öz yaradıcılığı ilə, demək olar ki, əlahiddə mənəvi türk dövlətçiliyinin , Azərbaycan-türk varlığının  rəmzi oldu.

Bu gün həmin dövrlərdən bəhs edən hər bir azərbaycanlı varlığımızın sübutu üçün, hər şeydən əvvəl, bu şəxsiyyətlərin mənəvi irsindən çıxış etməyə məcburdur. Bu isə həmin şəxsiyyətlərin bədii və fəlsəfi yaradıcılılğı, tutduqları mövqe vəzifələrindən daha çox onların öz dövrlərinin  ziyalısı olmaları ilə bağlıdır.

Bəs bu gün Azərbaycan mühitində z i y a l ı  dedikdə, nə başa düşülür?  Əlbəttə, belə böyük və nüfuzlu ziyalıları olmuş  millətin ziyalılıq haqqında  düzgün təsəvvürə malik olması təbiidir. Lakin , təəssüf ki, özlərinin dar maraqlarını  təmin etmək üçün ziyalı cildinə girmiş bəzi üzdəniraq şəxslərin hərəkətləri mənzərəni təhrif edib, gənc nəsildə bu barədə səhv təsəvvürlər yaradırlar. Guya, hər bir diplom sahibi, hər qalstuk bağlayan adam, böyük məmur və yaxud partiya rəhbəri və s. ziyalıdır. Odur ki, gənclər elm, bilik əldə etməkdən daha çox mövqe əldə etmək üçün səy göstərirlər.

XX əsrin əvvəllərində yaşamış  Azərbaycan ziyalılarının nümayəndələri də xalqımız üçün çox böyük əmək sərf etmişlər.  Onların əvəzsiz xidmətlərindən biri də öz şəxsi ziyalı nümunələri ilə bərabər, ziyalılıq haqqında qoyub getdikləri əsərlərdir. .Onlar da bizim kimi bir iqtisadi formasiyanın digər iqtisadi formasiya ilə  əvəz olunduğu bir zamanda, bir siyasi sistemdən digər siyasi sistemə keçid dövründə yaşayıb yaratmışlar. Sağlam ictimai-siyasi, mədəni və mənəvi mühitin  yaradılmasında:- cəmiyyətin iqtisadi cəhətdən yüksəlməsində, milli mədəniyyətin tərəqqisində, yüksək etik, estetik keyfiyyətlərin, əxlaq qanun və qaydalarının bərqərar olmasında, elmin, maarifin inkişafında ziyalıların rolu, təbii ki, çox böyükdür.

Düzdür, ziyalıların özlərinin də  həqiqi bir ziyalı kimi formalaşmaları, yetişmələri, öz vəzifələrini yerinə yetirmələri, ictimai, iqtisadi, siyasi və mədəni fəaliyyət sahələrində fəal rol oynaya bilmələrinin özü də mövcud siyasi rejimdən, ictimai quruluşdan çox asılıdır.  Bununla belə xalq, millət qarşısında öz vətəndaşlıq borcunu dərk edən hər bir ziyalı, hər bir namuslu, vətənpərvər adam, yaşadığı siyasi şəraitin xarakterindən asılı olmayaraq,  həmin borcunu ödəməyə çalışır, təzyiq və təqiblərə, işkəncə və məhruniyyətlərə mərdliklə sinə gərərək öz sözünü, öz düşüncələrini xalqına çatdırmaq üçün müxtəlif  üsullardan, müxtəlif vasitələrdən istifadə edir.

O xalq, o millət xoşbəxtdir ki, onun həqiqi ziyalıları var, onun taleyi ilə maraqlanan, gələcəyini düşünən, onun tərəqqisi, inkişafı, yüksəlişi yolunda canını fəda etməyə hazır olan yetirmələri vardır.

Əhməd bəy Ağayev (Ağaoğlu) məhz belə şəxsiyyətlərdən, belə ziyalılardan idi. Əsrin əvvəllərində sosial-siyasi mühitin təlatümlü, təhlükəli bir çağında, şər qüvvələrin əhatəsində olduğu bir vaxtda xalqına, millətinə, vətəninə olan sevgi və məhəbbəti ona yeni qüvvə və cəsarət vermiş, özünün ürək sözlərini, xeyirxah fikirlərini çəkinmədən söyləmiş, xalqına çatdıra bilmişdir.

Elm və bilik aşiqi olan Əhməd bəy Ağayev bütün səy və bacarığını , bildiklərini, öyrəndiklərini xalq içərisində yaymağa, xalqının malına çevirməyə sərf edirdi. Bu məqsəd və amala xidmət edən Əhməd bəy Ağayev  “ Ziyalılarımızın vəzifəsi” adlı məqaləsini yazmaqla çoxdan bəri onu rahatsız edən  bir sıra məsələlərə öz münasibətini bildirir, həmkarlarını, həmvətənlərini məqalədə irəli sürülən ideyalarla silahlanmağa çağırırdı.

Ziyalı anlayışı, ziyalı məfhumu müxtəlif dövrlərdə müxtəlif siniflər, qruplar və fərdlər tərəfindən müxtəlif məna və məzmunda dərk edilmiş, müxtəlif yozumda təbliğ  olunmuşşdur. Elə bu cür müxtəlifliyin  mövcudluğu nəticəsində “ziyalı”nın qarşısında müxtəlif vəzifələr qoyulmuş və bu müxtəlifliklər xalqa, millətə heç bir xeyir, mənfəət verməmişdir. Bir çox “ziyalılar”  öz “ nurları” ilə xalqın, millətin həyatının qaranlıq sahələrini nəinki işıqlandırmış, əksinə, bir az da qatı zülmətə çevirmişlər.

Cəmiyyətin həyatında əsil ziyalının mühüm rolunu qeyd edən Əhməd bəy Ağayev öz məqaləsinin başlanğıcında yazır : “Ziyalı haqqında danışmazdan əvvəl mən özüm özümdən soruşuram: bizdə ziyalı varmı? Bu sual qəribə və paradoksal görünsə də, çox təəssüf ki, mövcuddur və ondan imtina etmək olmaz.

Əlbəttə, çoxları üçün bu məsələ artıq çoxdan həll olunmuşdur və həmin “çoxlar” bizə deyərlər :”Necə?  Bu barədə  heç danışmağa dəyməz. Bizdə istənilən qədər ziyalı var.  Biz artıq “ziyalı istehsal etməkdən” əziyyət çəkirik, çünki bizim ziyalı proletariatımız o qədər çoxdur ki, onlar özlərinə yer tapa bilmirlər”.

Lakin mən həmin “çoxları” ilə razılaşmıram. Onların ziyalı haqqındakı təsəvvürləri, görünür, mənimkindən çox-çox fərqlidir, başqadır.  Onlar ziyalı dedikdə, diplomlu, döş nişanı olan, bu və ya digər kursları bitirmələri haqqında rəsmi attestasiyadan keçən adamları nəzərdə tuturlar.  Mən isə ziyalılığı bir qədər başqa cür, bir qədər yüksək mənada başa düşürəm. Mənim üçün “ziyalılıq” mənasında “alimlər” arasında heç bir  fərq yoxdur və  əgər mən  “alimlə” əlaqəyə üstünlük verirəmsə, bu ona görədir ki, onlar “öz peşələrinə” daha yaxşı hazırlaşıblar

Diplomlu həkim , əlbəttə, ara həkimindən üstündür; amma əgər həmin diplomlu həkim elmi artıq sevmirsə, ona inanmırsa, yaşayış vasitəsi kimi yox, onun tərəqqisinə, inkişafına, yayılmasına xidmət etmirsə, onda mənim həmin həkimə üstünlük verməyim məhdudlaşır. Mən bütün  digər “diplomlu sənətkarlar”- qəzetçilər, pedaqoqlar, vəkillər, mühəndislər və s. haqqında da eyni sözləri deyirəm. Mənim düşüncəmə görə, ziyalılar o zaman ziyalı adına layiq olarlar ki, onlar əqidəli olsunlar, ideyalı olsunlar. İdeyalılıq, əqidəlilik isə ziyalılığın mühüm atributudur. Əqidə, ideya yoxdursa, deməli, ziyalılıq da yoxdur.

Ziyalılığı, əqidəliliyi  hərə öz bildiyi, dərk etdiyi kimi  başa düşə bilər. Məsələn, bir jurnalist hər hansı bir varlı, bir tuzun qəbul otağının zənginliyi barəsində bayağı bir həcv yazırsa, döşünə fəxrlə döyür ki,  “ o, burjuanı qamçılamışdır” Yaxud əksinə: bir həkim ananın yalvarışları qarşısında güzəştə gedərək, onun xəstə oğlunu pulsuz=parasız müalicə edir. Bax, əqidəlilik , ideyalılıq budur”. (“Kaspi” qəzeti, 17-ci say, 1903-cü il).

Qeyd etmək lazımdır ki,  ideyanın, əqidənin əsasını  inam təşkil edir; insanın gördüyü, həyata keçirdiyi işə inamı, xidmət göstərdiyi varlığa inamı!  O adam inanır ki, o, vətənin, xalqın böyüklüyünü, müqəddəsliyini, toxunulmazlığını, bütövlüyünü qəbul edir, öz inamını hamının malına çevirmək üçün onu geniş təbliğ edir, yayır. Xalqına, onun qüdrətinə, vətənpərvərliyinə, humanizminə, ədalətsizliyə, haqsızlığa qarşı amansız olmasına, dar gündə öz övladına göstərdiyi qayğıya inanan hər bir adam bu inamı başqalarına da təlqin edirsə, genişləndirirsə, , deməli, ziyalıdır. Özünün elm, bilik, mərifət nurundan cəmiyyət üçün qaranlıq olan nöqtələri işıqlandırmağa sərf edirsə, ziyalıdır.  Sözün həqiqi mənasında, ziyalı xalqa, vətənə, millətə aid hər bir işdə  qabaqda getməli, kütləni ardınca aparmağı bacarmalıdır.  Qanında, canında vətən eşqi, xalq, millət məhəbbəti olan, bu eşqi, sevgini hamıya paylamağa, hamının qəlbini  bu məhəbbət nuru ilə işıqlandırmağa, bu sevginin hərarəti ilə isitməyə çalışan hər bir adam ziyalı sayıla bilər.


Əhməd bəy Ağayev yazırdı:” Mən elə bir həkim təsəvvürümə gətirə bilmirəm ki, o, tibb elminin gücünə inansın, lakin eyni zamanda onu  kütləviləşdirməyə səy göstərməsin, ümumxalq malına çevirməyə çalışmasın, tələsməsin. Elə bir pedaqoq xəyalıma gətirə bilmirəm ki, o özü pedaqoqikanın gücünə inansın, amma öz pedaqoji metod və üsullarını başqasına aşılamağa cəhd göstərməsin. Habelə, siyasətçi, iqtisadçı, filosof, hüqüqşünas və başqaları haqqında da eyni fikirdəyəm (“Kaspi” qəzeti 17-ci say 1903-cü il).

Əlbəttə, Əhməd bəy Ağayev  burada kütləni mütərəqqi, qabaqcıl ideyalarla silahlandırmaq, cəmiyyət həyatının inkişaf qanunauyğunluqları ilə tanış etmək, sosial-siyasi, iqtisadi və mədəni cəhətdən tərəqqi etmək üçün öz səy və bacarığını  vahid ideya və qüvvə ətrafında  səfərbər etmək qabiliyyətinə malik olan ziyalıları nəzərdə tuturdu..Lakin o, çox təəssüflə bildirirdi ki, indi bizdə belə ziyalılar, demək olar ki, çox azdır, yox kimidir. O yazırdı:”Yadınıza salın ki, 20-25 il bundan əvvəl bizim erməni və gürcü cəmiyyətlərində nələr olmuşdur. Mübariz publisistlərin, yazıçı və şairlərin ən parlaq, ən görkəmli  xadimlər dəstəsi yetişmişdi. Necə bir qüvvə ilə onlar irəliyə can atır, necə bir qüvvə ilə oxucu kütləsini  özlərinə cəlb etmişdilər! Əsil ziyalılar öz inamlarının istisi ilə hərəkətsiz, soyuq kütləni qızdırır, öz qəlb atəşlərinin  qığılcımını kütləyə verir, böyük fədakarlıq və sədaqətlə  gələcəyə doğru irəliləyirdilər. Onlar inamlı adamlar idilər və öz inamlarını başqalarına da ötürürdülər.  Bu məqsədlə də onlar bütün əvvəlki həyata, dilə, ədəbiyyata, ağıl və həyat tərzinə diqqətlə yanaşır, hər yerə yeni həyat cücərtiləri gətirirdilər.

Amma bütün bunlar olmuş və keçmişdir.  İndi nədənsə belə adamlar haqqında  heç nə eşidilmir.  Onlar haraya qeyb oldular?   Məgər onların yandırdıqları işıq həmişəlikmi söndü? Nə üçün onların saldıqları  cığırda “yeni cücərtilər” peyda olmur?  Seçilmiş yoldan  onları uzaqlaşdıran nə oldu ?”( “Kaspi” qəzeti 17-ci say 1903-cü il).

Müəllif bunları xatırlatmaqla demək istəyir ki, 20-25 il bundan qabaq da  Azərbaycanda bu cür ziyalılar , demək olar ki, barmaqla sayıla bilərdi.  Millətin, vətənin tərəqqisi belə fədakar ziyalılardan asılıdır.  Xalqın sosial-siyasi, elmi, fəlsəfi, ədəbi-bədii təfəkkürünün, intellektual səviyyəsinin həcmi mübariz, təəssübkeş ziyalıların fəaliyyətindən, mənəvi yetkinliyindən asılıdır.  Bu cür ziyalılardan məhrum olan xalq, əlbəttə, zamanla ayaqlaşa bilməyəcək, nəticədə böyük məhrumiyyətlərə düçar olacaqdır. Əhməd bəy Ağayevi də  daim rahatsız edən, düşündürən, bədbinləşdirən bu məsələlər idi.

O, qonşu xalqlara nisbətən Azərbaycanda əsil ziyalıların za olmasının səbəbini aydınlaşdırmaq üçün bir sıra dəlil və sübutlar gətirir. Müəllifə görə, belə vəziyyətin yaranması Bakının bir sənaye şəhəri, sənaye mərkəzi kimi, birdən-birə və sürətli inkişafı ilə bağlıdır.  Neftdən əldə edilən milyonların gözqamaşdırıcı parıltısı böyük məhvedici rol oynadı. Ölkənin bütün canlı qüvvələri,  bütün gəncləri bal üzərinə qonan milçək kimi,  neft mədənlərinə doğru axışıb gəldilər.

Ailədən başlayaraq məktəbə qədər hər yerdə uşaqları pul qazanmaq, varlanmaq ruhunda tərbiyə edir, onları bu istiqamətdə fəaliyyətə hazırlayırdılar.  Amalı, arzusu varlanmaq olan belə gənclərdə içərisindən çıxdıqları kütlənin, xalqın, millətin  taleyi, gələcəyi, ümumiyyətlə, həyatı əsla maraqlandırmırdı. Onlar varlanmaq ehtirasının amansız burulğanına düşür, bir daha oradan xilas ola bilmirdilər.

Asan yolla varlanmaq ruhunda tərbiyə insanları, xüsusən gəncləri  nəinki sosial-siyasi və mədəni hadisələrdən uzaqlaşdırır, hətta onların mənəviyyatını-əxlaqını, xarakterini iflic halına salırdı.  Milyonların parıltısı tezliklə mal-dövlət, böyük sərvət sahibi olmaq xülyası hələ bərkiməmiş, dünyanın isti-soyuğuna alışmamış, həyatın əsil mənasını dərk etməmiş gənclər üçün məhvedici və təhrikedici bir tələ, bir “hörümçək toru” idi.

Əhməd bəy Ağayev bütün bunları görür və qəlbən yanırdı. Elə mədəniyyətin, mədəni səviyyənin aşağı olmasını da bununla əlaqələndirirdi: “ Bizdə müqayisə olunmaz dərəcədə doktorlar, vəkillər, müəllimlər, mühəndislər və s. vardır.  Lakin eyni zamanda insanlar arasında içərisindən çıxdığı xalqın, millətin mədəniyyət və mədəni səviyyəsinin yüksəlməsi haqqında düşünən, qayğı göstərən adamların olmadığını da  hiss edirik” (“Kaspi” qəzeti 17-ci sayı 1903-cü il).

Doğrudan da , əgər həm ailədə, həm də məktəbdə gənclərin əhval-ruhiyyəsi  mal-dövlət, sərvət toplamaq ehtirasına köklənirsə, xalqın, vətənin müqəddəratı, taleyi yaddan çıxırsa, deməli, həmin cəmiyyətdə milli mədəniyyət tam tənəzzülə uğramışdır, mənəviyyat pozulmuşdur.  Mənəviyyatın pozulması isə cəmiyyətin, millətin tərəqqisi, inkişafı üçün əsil faciədir.

Həqiqi ziyalılar milləti bu faciədən xilas etmək üçün  milli qeyrət nümunəsi göstərməli, əsil mücahid olmalıdırlar. Əhməd bəy Ağayevin  istədiyi, arzuladığı amalı budur :” Bizim V-V1 sinif şagirdlərindən soruşun ki, onlar haraya hazırlaşırlar , həyatlarını nəyə həsr etmək fikrindədirlər?  Onların əksəriyyəti: məvacibi on min manat olan mühəndisliyə, müdirliyə-deyə cavab verəcəklər.

Təəccüblü deyildir ki, məktəbi bir təhər qurtarandan sonra onların birinci işi öz məqsədlərinə çatmaq üçün Bakıya can atmaqdan ibarət olacaqdır. Varlanmaq həvəsi onlarla (gənclərlə-M.A)  universitetlər və ali təhsil müəssisələri arasında keçilməz sədd yaradacaqdır. Pulun gücünə olan inam onların elmin gücünə olan inamına üstün gələcəkdir”( “Kaspi” qəzeti 17-ci say 1903-cü il).

Məlumdur ki, cəmiyyətin, millətin, hər hansı bir xalqın mədəniyyəti onun mənəviyyatı ilə sıx bağlıdır. Mədəniyyət mənəviyyatı özündə parlaq və təhrifsiz əks etdirən aynadır. Mənəviyyatın paklığı, parlaqlığı, zənginliyi, dolğunluğu isə mövcud tərbiyə sisteminin xarakter və mahiyyətindən  də çox asılıdır. Ziyalılılğı da müəyyən-mənəvi zənginlik, mənəvi saflıq, yüksək ideyalılıq və əqidəlilikdir. Bu da tərbiyə işinin ideya istiqamətindən, tərbiyəçinin  ümumi inkişaf səviyyəsindən, dünyagörüşündən, baxış dairəsinin həcmindən, genişliyindən, istedad və qabiliyyətindən, bilik və təcrübəsindən asılıdır.

Ancaq hər şeyin sərvət, mal-dövlət, pul ilə ölçüldüyü, insanlığın, şəxsiyyətin, nüfuzun göstəricisi pul olduğu, həyatın, insan fəaliyyətinin bütün sahələrini “altun” öz əhatə dairəsinə aldığı bir şəraitdə hansı mütərəqqi tərbiyədən, əsil ziyalıdan və nəhayət,  mədəniyyətdən danışmaq olar? Digər tərəfdən, tərbiyə sisteminin özü də mövcud sosial-siyasi quruluşdan, dövlət və hakimiyyət aparatının yeritdiyi siyasətin ideya istiqamətindən, məqsəd və məzmunundan asılıdır.  İmperiya siyasətinə tabe olan tərbiyə sistemi həmin siyasətə canla-başla qulluq etməkdə sədaqət göstərən “ziyalı” hazırlamalı idi.

Əhməd bəıy Ağayev özü də  belə bir şəraitdə yaşayıb yaratmışdır. Amma o özü ilə həmkarları arasında ziyalılıq məsələsində çox böyük fərqlər hiss etrdiyi və gördüyü üçün  ziyalı haqqında öz mülahgizələrini söyləmək məcburiyyətində qalıb. “Ortada yeyib kənarda gəzən” üzdəniraq ziyalıların məsləksizliyini, əqidəsizliyini, qeyrət və təəssübdən uzaq olduğunu,” düşmən dəyirmanına su tökdüyünü” və eyni zamanda “millət”, “vətən”, “xalq” deyə bağıraraq gözə kül üfürdüyünü də görürdü..

Ancaq bu cür “ziyalıların”  sehrbazlığına, xalqın, millətin nəzərindən yayınmaq məharətinə, yeri gəldikdə, “yağ içindən tük kimi çıxmağı” bacarmaq “istedadına”, yüksək mənsəb və vəzifə kürsülərində yer tutmaq qabiliyyətinə, və, nəhayət, xalqın da sanki sehr və caduya düşməsinə təəccüb edirdi. Bu təəccüb, gözüitilik ona baha başa gəlirdi. O, təqib və təzytiqlərə məruz qalır, ona hədə-qorxu gələnlərin sayı getdikcə artır, dairəsi genişlənirdi.

Daxili və xarici təzyiqlər Əhməd bəy Ağayevi əsla qorxutmurdu. Başladığı işin, tutduğu yolun həqiqət və ədalətli olduğuna bir daha inamı artırdı.

Əhməd bəy Ağayev öz yazılarında və çıxışlarında müsəlman aləmindən bəhs etsə də, əsil hədəf, əsas məqsəd öz xalqı, milləti, doğma Azərbaycanı idi. Hər gün, hər saat qarşılaşdığı insanlar həmvətənləri, hadisələr və məişət səhnələri isə doğmalarının, yaxınlarınınkı idi.

Yaxın qonşularından geri qalan Azərbaycanın dirçəlməsi, tərəqqisi, qonşularının səviyyəsinə çatması üçün əlindən gələni əsirgəmirdi. Hədə-qorxulara sinə gərərək ağa- ağ, qaraya-qara deməkdən çəkinmirdi.  Vətənin, millətin taleyini ziyalılardan, onların qeyrətindən, cəsarətindən, şüurundan, vətəndaşlıq borcunu anlamaq dərəcəsindən, ardıcıl fəaliyyətindən asılı olduğunu bilərək, onları həyata, hadisələrə açıq gözlə baxmağa çağırırdı.

Əhməd bəy Ağayev əgər Azərbaycanda əsil ziyalıların çox az olduğunun səbəblərindən birisini Bakıda sənayenin birdən-birə sürətlə inkişafı ilə əlaqədər olaraq qazanc xatirinə, varlanmaq həvəsilə buraya axışan gənc qüvvələrin məktəbdən, elmdən, təhsildən ayrı düşmələrində, bütün tərbiyə sisteminin bu istiqamətə yönəldilməsində görürdüsə, ikincisini isə əsil ziyalılar arasında yekdillik proqramının olmamasında görürdü..

Burada söhbətin hansı proqramdan getdiyini müəllif çox ətraflı və aydın şəkildə göstərərək yazırdı:” Biz burada yazılmış proqramdan, ciddi şəkildə vəzifələri müəyyənləşdirən təlimatlardan danışmırıq. Yox!  Biz, prinsipcə, bütün bu cür proqramların əleyhinəyik.  Belə proqramlar fəaliyyəti və təşəbbüsü məhdudlaşdırmaqdan başqa heç bir xeyir, hüç bir yaxşı nəticə vermir.

Amma biz o proqramdan danışırıq ki, o, hər bir həqiqi ziyalı adamın şüurunda yaransın, baxış və əqidəsindən irəli gəlsin. ..Əqidə, anlayış, düşüncə həmişə hər bir xalqın fərdləri üçün ümumi olan, anlaşılan bir məfhumdur.  Bunlar ziyalının özündən doğur və ziyalı adlanmağa layiq olan  adamlar bunu  öz hisslərində daşıyırlar.

Bütün xalıqların qabaqcıl, ziyalı adamları belə bir faktla razılaşarlar ki, zülmət-şər, işıq-xeyrin rəmzidir. Onların birinci vəzifələri isə ətraflarındakı zülməti qovmaq, hər tərəfi işıqlandırmaqdan ibarətdir.  Habelə, onlar bununla da razıdırlar ki, hər bir adam yaşamaq və öz əməyindən azad surətdə istifadə etmək hüququna malikdir. Onların ikinci vəzifəsi belə hüquqların tapdalanmasına qarşı mübarizə aparmaqdır. Hər bir ziyalı adamım vicdanında yazılan, hər cür yazılı proqramlardan daha qüvvətli, daha real, gerçək olan proqram budur!”(Göstərilən qəzet).

Bu deyilənlər  belə bir nətiucə çıxarmağa əsas verir ki, həyatın özündən doğmayan, gerçəkliyi düzgün əks etdirməyən, rəsmiyyət xatirinə yazılmış və müəyyən vəzifələri təyin edən  p r o q r a m l a r  ziyalıların və ziyalılığın səviyyəsini qaldıra bilməz.

Dövlətin, onun imtiyazlı təbəqəsinin mənafeyinə xidmət edən, hökumət siyasətinin həyata keçirilməsinə çalışan “ictimai xadimlərin” , işbazların, “siyasətçi və  nəzəriyyəçi”lərin düşüncələrinin , beyinlərinin, qəlblərinin məhsulu olan bu cür proqramlar xalqın mənafeyini öz mənafelərindən üstün tutan, vətənin, millətin həqiqi tərəqqisinə, yüksəlişinə səy göstərən və bunun üçün yollar, vasitələr  axtaran ziyalıları təmin etmirdi. Çünki hakim sinif aşağıdan göstərilən hər cür təşəbbüslərin, xeyirxah  cəhdlərin qarşısını alır, milli mədəniyyət, adət-ənənə, mənəviyyat və xüsusiyyətləri məhdudlaşdırmaqla, tədricən aradan götürmək siyasətini yeridirdi.  Bu isə ziddiyyət və qarşıdurma yaradırdı.

Əhməd bəy Ağayev də məhz bu mənada hər cür yazılı proqramların  əleyhinə çıxır, xalqın şüurunda formalaşan, qəlbdən süzülüb gələn, ictimai tərəqqiyə nail olmağın metod və üsullarını  özündə cəmləşdırən proqramları müdafiə edirdi.  Bunlar isə həm həyatın tələbindən doğduğu, həm də əksəriyyətin mənafeyini güddüyü üçün daha çox yaşamaq qabiliyyətinə malikdir.

Əhməd bəy Ağayev həqiqi qabaqcıl və ziyalı adamları onlara doğma və yaxın olan, içərisindən çıxdıqları kütləyə, xalqa xidmət etməyə çağırırdı. O, ürək ağrısı ilə qeyd edir ki, xalqın, millətin içərisində avam, siyasi və mədəni cəhətdən çox-çox geri qalan, maarifə, elmə, mədəniyyətə böyük ehtiyacı olan, nadanlıq və cəhalət bataqlığında çapalayanlar çoxdur.

Həqiqi ziyalılarımızın müqəddəs vəzifəsi və borcu onlara bu sahədə yardım etmək, elm, maarif, mədəniyyət işığı ilə tərəqqi və inkişaf yoluna çıxmaqda öz köməklərini əsirgəməməkdən ibarətdir.

Əhməd bəy Ağayev yazırdı:” Qoy həqiqətən qabaqcıl adamlar onlara təbiətən yaxın, doğma və əziz olan kütlələr üçün işləsinlər. Orada hələ çoxlu görüləsi, yeniləşdiriləsi, canlandırılası işlər var. Qoy qabaqcıl adamlar inamla, mətinliklə  bulanıq suda balıq tutmaq istəyən fitnəkarlara, araqızışdıranlara əhəmiyyət vermədən işləsinlər.  Qoy onlar unutmasınlar ki, xidmət etdikləri adamlar onları əhatə edən başqa bir mühitlə, kütlələrlə möhkəm əlaqələr vasitəsilə bağlıdırlar.  Onların taleyi biri-birinə qırılmaz surətdə bağlıdır. Qoy onlar bir-birinə kömək edərək bu çətin yolun keçilməsini asanlaşdırsınlar. Ancaq onda biz həqiqi ziyalı adlandırıla bilərik və bizim ümumi işimiz arzuladığımız məqsədə doğru aparar”. (“Kaspi” qəzeti 18-ci say 1903-cü il)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum