Noyabrın 21-də tədqiqatçı Oqtay Eldəgəzin 80 illik yubileyi və kitablarının təqdimatı keçiriləcək. Bu tədbirdə ölümündən sonra həyat yoldaşı Rəfiqə xanımın təşəbbüsü ilə Oqtay Eldəgəzin çap etdirilmiş kitablarının ictimaiyyətə təqdimatı olacaq. Bu kitabların adları belədir: “Fələstin çoxbucaqlısı”, “Otuzyeddilər istintaqı”, “Poladdan bir yarpaq”, “Borcumu ver, Rusiya”.
Tədbir noyabrın 21-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 28-də yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq. Mərasim ictimaiyyət üçün açıqdır.
Rəfili Oqtay Kərim oğlu (Oqtay Eldəgəz) 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, orta məktəblərdə, texnikumlarda dil-ədəbiyyat fənnlərini tədris edib. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, ona görə də özünə “Eldəgəz” təxəllüsünü götürüb.
1958-60-cı illərdə Sumqayıt hadisələrinin qeyri-rəsmi lideri olub, may mitinqlərinə rəhbərlik edib. O, Sumqayıt təşkilatlarında, idarə və müəssisələrində, təhsil və səhiyyə qurumlarında kök salmış erməni və rus şovinistlərinin işdən çıxarılmasının təşkil edilməsində, onların yerinə azərbaycanlıların təyin edilməsində böyük işlər görüb. 1962-ci il dekabrın 17-də 95 nəfər ziyalının iştirak etdiyi gizli yığıncaqda Milli Azadlıq Qərargahı (MAQ) yaradılıb və Oqtay Rəfili (Eldəgəz) sədr, görkəmli alim Xudu Məmmədov isə sədr müavini seçilib. Onların məqsədi yüksək vəzifələrə azərbaycanlıların təyin olunmasına, respublika büdcəsinə ayrılmaların Moskvada deyil, Bakıda həll olunmasına çalışmaq, milli oyanışa xidmət etmək idi. MAQ Şıxəli Qurbanov kimi, sonradan Həsən Həsənov kimi milli ruhlu insanları dövlət vəzifələrinə gətirə bilmişdi. Oqtay Eldəgəzin bir sıra hekayə, povest, novella, oçerkləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Göyərçin”, “Azərbaycan” jurnallarında çap olunub, məqalələri isə “Təzadlar”, “Azadlıq”, “Şərq”, “525-ci qəzet”, “Ədalət”, “Ulus”, “Yeni Müsavat” və s. qəzetlərdə dərc edilib.
2001-ci ildə"Təzadlar" qəzetində 414 nəfərlik oxucu arasında keçirilən sorğuda ilin “superulduz” yazarı müəyyən edilir. Bu media mükafatını almaq Oqtay Eldəgəzə nəsib olur. Oqtay Eldəgəz 16 may 2002-ci ildə öz doğma kəndi Əmircanda (Xilə) vəfat edib.
Facebook-da bu tədbirlə bağlı event yaradılıb, buyurun baxın və qoşulun.
//www.facebook.com/events/1495879364002142/?source=1
Nazim Xəlilov