Savalan Talıblı
Ramiz Rövşənin məşhur “Köhnə məktublar” şeiri mənim bu yazıda demək istədiklərimin açarıdır. İnsan hisslərinin nostalgiyasını şair bu şeirdə lirik ricətlərlə o qədər təbii təsvir edib ki, hər dəfə bu şeiri oxuyanda elə bilirəm nə vaxtsa onu mən yazmışam. Ona görə də bu şeir ən çox dilimdə vird etdiyim gerçək bir həyat nəğməsi, poeziya örnəyidi. Belə demək mümkünsə, təsləlli yerimə çevrilib bu şeir.
Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan saçlarına qar düşər
Ancaq köhnə kitabların içindən,
Hərdən-hərdən köhnə məktublar düşər.
Ramiz bəy “Köhnə məktublar”ı köhnə kitablarının içindən tapır. Mənim də nə o qədər köhnə kitablarım, nə də o köhnə kitabların içindən düşən məktublarım var. Evimizdə isə kitablar çoxdu. Heç birinin də içindən köhnə məktublar tapmamışam. Bilmirəm niyə.
Köhnə kitablardan biri də “Dədə Qorqud”du. Dəfələrlə bu köhnə kitabı o yana-bu yana çevirmişəm, amma içindən müstəqim mənada köhnə xətlə yazılmış məktublar çıxmayıb. Bütövlükdə isə “Dədə Qorqud” özü köhnə məktublardı, gələcəyə yazılan ən köhnə məktublar.
Əslində “şanlı məktub” yazmaq və kimdənsə belə bir məktub almaq yaşım çoxdan ötüb. Mənə yazılan “Şanlı məktublar” olsa-olsa dərs kitablarımın içində olar. Sözün düzü, məktəb vaxtı dərsliklərə də elə sən deyən meyl salmamışam. Dərs kitablarım da Allah bilir hardadır indi.
Məktəb vaxtı dərs oxumaq əvəzinə ya futbol oynayardıq, ya da dərsdən qaçıb başımızı kompüter salonlarında qatardıq. Hərdən bizə dərs deyən müəllimlərin üzü-gözü də yadımızdan çıxırdı.
Ramiz Rövşənin “Köhnə məktublar”ında mənim arxada qalan 30 yaşım gizlənir. O şeiri oxuyanda istər-istəməz məndə maraqlı təəssüratlar yaranır. Təssüratlardan da daha çox beynimdə maraqlı fantaziyalar qururam. Bir anlığa özümü o şeirin təsirinə salıb bir müddət elə o şeirdə də itib-batıram.
Biz sürətlə böyüdük deyə, məktub yazmağın və yollamağın ləzzətini o qədər də duymadıq. Yeni texnikalar gəldi, məktubları o texniki vasitələrə dəyişdik. Əvvəlcə “e-mail” adreslərə məktub göndərməyi öyrəndim, sonra da “Whats App” və digər sosial şəbəkələrdən yazışmağı. İndi istədiyim adama istədiyim məktubu yazsam da, hiss edirəm ki, yeni texnoloji vasitələrlə yazılan məktubların dadı-tamı yoxdur. Bir haşiyə çıxım: abunəçisi olduğum mobil operator şirkəti mənə hər ay 1000 ödənişsiz məktub yazmaq haqqı verir. Ancaq o ödənişsiz məktublardan gen-bol istifadə etməyim yadıma gəlmir. Zaman o zaman idiki, arada məktublar işləyirdi. Özü də hər mənada, hər məzmunda.
Bu yerdə Novruzəlinin məktub yollamaq məharətini xatırladım. Zavallı Novruzəli məktub üstündə basıb çinovniki belə, əzişdirmişdi. İndi də məktub üstündə döyülənlər çoxdu. Əlqərəz, Şeyx Nəsrullah kimi Həzrət Abbasa yazan da tapılır, bu Həzrət Abbas haqqı.
Hərdən telefonuma gizli nömrələrdən zənglər gəlir. Hər gizli zəng özüylə qəribə bir narahatlıq hissi gətirsə də, qəribə bir maraq da gətirir. Adama elə gəlir ki,gizli zənglər o dünyadan gələn məktublardır. Düşünməyə başlayırsan və fikir səni boğur. Hərdən də gizli nömrədən qısa “vızov”lar gəlir. Qısa zənglərə bizlər “vızov” deyirik. ”Vızov” isə ruslarda zəng etmək anlamındadır. Xub, bu da yaxşıdır.
Biz öz dilimizi qorumaqla yanaşı, hərdən qonşu xalqların dilini qruyuruq. Belə “vızov”dan sonra adamı lap fikir götürür...
Bir hərfdən qaşı düşər yadına,
Bir hərfdən gözü düşər yadına
Gizli nömrələrdən gələn zəngləri bəzən belə dəyərləndirirəm.Amma telefon “vızov”larının köhnəsi nədi, heç təzəsi də məktubların effekti vermir.
Hərdən də mənə elə gəlir ki, şeirdə deyilən o köhnə kitabların arasından düşən o köhnə məktublar elə mən özüməm...