Qərbi Azərbaycandan başlanan şərəfli ömür yolu
Dövr edəcək dünya, zaman,
Güllər açıb solacaq.
Təkçə solub saralmayan
Sənin xatirən olacaq...
C.Novruz xalq şairi
Kövsər Məşədi Məmməd qızı Tarıverdiyeva 1914-cü ildə Qərbi Azərbaycanda İrəvanlı Məşədi Məmmədin ailəsində anadan olub. Azərbaycan elmində, təhsilində, ictimai və ədəbi mühitdə müstəsna xidmətlər göstərib. 1937-ci ildə Azərbaycan Pedoqoji Universitetinin dil-ədəbiyyat fakultəsini, N.Nərimanov adına Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. 1942-ci ildə dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1942-43- cü illədrdə Azərbaycan Təhsil Nazirliyində kadrlar şöbəsinin rəisi, 1943-48 ci illərdə Respublika Müəllimmləri Təkmilləşdirmə İnstitutunda təhsil işləri üzrə prorektor kimi məsul vəzifələrdə çalışıb. 1989-cu ilə qədər, yəni 52 il Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dosent vəzifəsində işləyib. 3 dildə Azərbaycan, rus, erməni dillərində mühazirələr oxuyub, televiziya və radio verlişlərində çıxışlar edib. Uzun müddət Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına,“ Əməkdar ali məktəb işçisi” fəxri adına layiq görülüb. Böyük Vətən Müharibəsi illərində (1941-1945) “Əmək rəşadətinə görə” və “ Qafqazın müdafiəsi uğrunda” medalları ilə təltif olunub.
Kövsər xanım 8 kitabın, 100-dən çox elmi- kütləvi məqalənin müəllifidir. O, Könüllülər Kitabxana İctimai Birliyinin Fəxri üzvü olub.
2010-cu ilin dekabr ayında vəfat eləyib.
Tanınmış alim, pedaqoq, əməkdar ali məktəb işçisi, filologiya elmləri namizədi, tərcüməçi Kövsər xanım Tarıverdiyevanın bu ilin iyun ayında100 illiyi tamam olub. Bu gözəl xanım, mehriban insan, sevimli, qayğıkeş ailə başçısı, dəyərli pedaqoq, ziyalı Kövsər xanım xatirimdə insanlığın ən gözəl meyarları ilə həkk olunub. Kövsər xanımla ilk tanışlığım hələ orta məktəbdə oxuduğum illərə təsadüf edir. Kövsər xanım bizim qonşuluqda yaşadığından onu tez-tez görürdüm. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışdığından oxuduğum Yasamal rayonundakı 158 saylı orta məktəbə tələbələri təcrübə keçməyə gətirərdi. Günlərin birində bizim sinifdə təcrübə keçən bir tələbənin sınaq dərsi –açıq dərsi keçirilirdi. Kövsər xanım və mənim dil-ədəbiyyat müəllimim Bəhriyyə xanım Məmmədova həmin təcrübəçinin dərsini dinləyirdilər. Mövzu Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” şeirinin təqdimatı idi. Tələbə əruzu yaxşı bilmədiyi üçün şeiri pis günə qoydu. Mən dərhal əl qaldırıb, yazı lövhəsi önünə gəldim və şeiri əruz vəznində ifa etdim. Dərs qurtardı. Hamı kimi mən də tənəffüsə çıxdım və dəhlizdə var-gəl etməyə başladım. Kövsər xanım isə dəhlizdə tələbələri bir yerə toplayıb, açıq dərslə bağlı müzakirələr aparırdı. Birdən mən onun diqqətini çəkdim. O, məni çağırdı, əhsən, oğlum dedi. Üzünü təcrübəçi tələbəyə tutub, bu balaca oğlan şeiri səndən yaxşı oxudu deyib ona irad tutdu. Bu hadisədən sonra ömrünün son gününə qədər Kövsər xanımla aramızda sözün əsl mənasında dostluq yarandı. Baxmayaraq ki, aramızda yarım əsrlik yaş fərqi vardı. Mən onunla tez-tez görüşər, ədəbiyyatla bağlı fikir mübadiləsi aparardıq.
Hazırladığım bütün radio və televiziya verilişləri haqqında ilk müzakirəni məhz Kövsər xanımla edərdim. İlk tamaşaçım və dinləyicim də məhz o, olardı. Son dərəcə mehriban, nəcib, nəvazişli xanım idi, əsl xanım-xatun. Heç zaman qəlb qırmaz, könül sındırmazdı. Nəvəsi Elçinlə də dostlaşmışdım, oğulları tanınmış şair-yazıçı, jurnalist Fuad Tariverdiyevlə, Fərhad müəllimlə də münasibətim vardı. Mən onun evinin sanki bir üzvü idim. Bu mənimçün çox xoş idi.
Kövsər xanım dəfələrlə təşkil etdiyim ədəbi-bədii gecələrdə iştirak edərdi. Şair tərcüməçi Ələkbər Ziyatay haqqında “Bir ürək çırpınsa şeirlərində” adlı veriliş hazırlayarkən Kövsər xanım da həmin verilişdə çox maraqlı çıxış etdi. Belə ki, o, Ələkbər Ziyatayla bir qrupda təhsil almışdı. Onu yaxından tanıyırdı. O, verilişdə həm gözəl xatirələrini söylədi, həm tarixi şəkillər,həm də əl yazması təqdim etdi. Həmin veriliş hazırda AzTV-nin fondunda saxlanılır.
1990-cı ildə Kövsər xanım mənə 1 həftə ərzində əski əlifba ilə yazıb, oxumağı öyrətdi. O, ömrünün 52 ilini pedaqoji fəaliyyətə sərf etmişdi. Onu işdən kənarlaşdırdıqdan sonra Kövsər xanım APİ-dən incik düşdü və son günə qədər bir daha oraya ayaq basmadı. Ona çox pis təsir etmişdi. Belə ağır vaxtlarda mən ona hayan durur, bu fikirdən yayındırmağa çalışırdım. Çünki, tək bir fərdin qərarını bütün İnstituta şamil etmək olmazdı.
Kövsər xanımla hər dəfə maraqlı söhbətlərimiz olardı. Xüsusilə, onun bir hadisə barədə söylədikləri həmişəlik xatirəmdə həkk olub.. Repressiyanın hökm sürdüyü çox ağır vaxtlarda, daha dəqiq desək, 1942-ci ildə bir qrup alim Kövsər xanımdan şikayət yazaraq, onu sıradan çıxarmağa səy göstərdilər. Məsələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosuna çıxarılmıdı. Kövsər xanım qəbul otağında gözləyirdi. Şikayətçi “qəhrəmnanlar” isə içəridə idilər. Büroya 1-ci katib Mir Cəfər Bağırov rəhbərlik edirdi. Şikayətçilər fikirlərini bildirdikdən sonra M.Bağırov “siz bu qızdan nə istəyirsiniz, onun nə günahı var ki? Bilin, türk qızının ermənilərin içərisində erməni dilində dissertasiya müdafiə etməsi, özü bir dissertasiya mövzusudur. Ona halal olsun. İndi isə çıxın gedin, öz işinizlə məşğul olun” demişdi. Maraqlı hadisədir, deyilmi?!
Kövsər xanımın 90 illiyi tamam olanda onun Azərbaycan Dövlət Pedaqoji Universitetində yubileyinin keçirilməsini xahiş etdim. Rəhbərlik buna məmnuniyyətlə razılıq verdi. Lakin Kövsər xanımın səhhəti buna yol vermədi. O, zaman Kövsər xanım xatrələrini yazmışdı. Kitab çap etdirmək istəyirdi. Mən Universitet rəhbərliyinə bu haqda məlumat verdim, “Xatirələrim” adlı kitab işıq üzü gördü, hətta Kövsər xanıma yaxşı qonarar da verildi. Məncə, bu kitabın Kövsər xanımın digər əsərləri içərisində özünəməxsus yeri vardır.
Kövsər xanım cəmi 98 il yaşadı, yaratdı. Yorulmaq bilmədən bütün bildiklərini bu dünyaya miras qoyub getdi. Gənc müəllimlər, alimlər yetişdirdi. Azərbaycan ədəbiyyatının, elminin inkişafına xidmət gostərdi, töhfələr verdi. O, Qərbi Azərbaycandan, qədim Türk şəhəri olan İrəvandan idi. İrəvanlı ziyalılar nəslinə mənsub idi Kövsər xanım. O, Azərbaycanın fəxri,elmimizin fədaisi, sevimli pedqoq kimi tarixi salnaməmizdə bir səhifə təşkil edir. Belə şəxsiyyətlər isə heç bir zaman unudulmur.
100 yaşın mübarək sevimli müəllimim Kövsər xanım Tarıverdiyeva əminəm ki, 100 illik yubileyiniz təntənə ilə ədəbi-elmi ictimaiyyətdə, yarım əsrdən artıq dərs dediyiniz Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcək.
Qafar Əsgərzadə,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü