Modern.az

Mahir Qabiloğlunun köhnə arzuları

Mahir Qabiloğlunun köhnə arzuları

7 Noyabr 2014, 21:41

Sovet dövründə dəb idi. Adla çağrılırdı maşınlar. Məsələn: “QAZ-31 almışam, “Çayka” mostuyla”. Yaxud da “VAZ 2103-dür məndə, amma 06 matoruyla”. Sonra zibilini çıxartdılar. VAZ 2106 buraxmağa başladılar, amma VAZ-2103 mühərrikiylə, yəni ki, gücü az. Bununla heç kim qürrələnmirdi. Ən yaxşısı o idi ki, maşının öz motoruyla olsun. Yəni ki, “korennoy”. Bir də görürdün ki, QAZ-2410-dur, amma buferi QAZ-3102. Yaxud da siqnalı, qabağındakı emblemi “Mersedec”ə məxsusdur. Hətta televizorlar da “sovetski” olmasına baxmayaraq, “yaponski” trubkayla gəlirdi.

Vaxt keçdi, zaman ötdü - dünya səhiyyəsi maşınqayıranlardan, cihazqayıranlardan nümunə götürdü. Əvvəl-əvvəl plastik əməliyyatlara başladılar. Burnu kiçiltdilər, döşü, yanı böyütdülər, bədənə cürbəcür silikonlar dürtdülər. Allahın bağışladığı qabırğaları çıxarıb, incə belli qızlar yaratmağa başladılar. Sonra bir az da irəli getdilər. Qanın ağ hissəciklərindən bir dərman, qırmızı hissəciklərindən isə başqa bir əlac kəşf etdilər. Ayaqdan damar çıxarıb ürəyə yamadılar. Yəni ki, bədənin özündən “zapçast” istehsal etməyə başladılar. Sonra bir az da irəli gedib başqalarını “zapçast” etməyə başladılar. Qanlarını da sorub ehtiyacı olanlara köçürtdülər. Adlarını da donor qoydular. Səhiyyə o qədər inkişaf etdi ki, nəinki ürək, böyrək, indi qaraciyəri də transplatasiya edirlər.

Bir estrada ulduzu hər hansı bir əməliyyat etdirdikdən sonra aləmə car çəkir. Nə olsun? Çifayda? Bunu əvvəl-əvvəl etmək olmazdımı? Bəlkə kiminsə burnu balacadır, böyütmək istəyir. Estrada ulduzu, adam paxıl olmaz. Uzadardılar hər ikisini yanaşı, estradamızın görkəmli ulduzunun burnunu kəsib yapışdırardılar ehtiyacı olan kasıbın burnuna. O da sonra gedib hər yanda fəxrlə deyərdi ki, bəs mən mənəm, amma burnum filankəsindir. Köhnə dillə desək – “QAZ 2410-am, amma buferim QAZ -31-dir”.

Başqa əzalardan, yəni ki, döşdən, yandan danışmıram, ayıbdır. Səhiyyə dilində biabırçı çıxır. Maşın dilində deyim, çünki daha abırlı səslənir – zadni most, peredok. O qədər kasıb arıqlar var ki, kökəlmək istəyir. Estrada ulduzlarımız, niyə paxıllıq edirsiniz? Verin də öz piyinizdən, ətinizdən kasıblara – qoy bir az ətlənsinlər, buxaqları sallansın.

Deyirlər bir xəstəlik var ki, qabağın almaq olmur. İtdən keçir adama. Həkimlər qabırğalarını kəsə-kəsə gedirlər. Belə xəstələr adam deyillərmi? Onlara hansısa estrada ulduzuna lazım olmayan, kəsilib qırağa atılan qabırğa köçürülsə, savab sayılmazmı?

Mən isə sağlamam. Hər şeyim özümküdür. Yəni maşın diliylə desək korennoy. Heç kimin “zapçast”ına ehtiyacım yoxdur. Yəqin ki, olmaz inşallah. Fala da baxdırmışam. Kitab açıb deyiblər ki, bəs 80 yaşı keçəcəksən. Bunu istəməsəm belə. O gün eşitmişəm ki, bəzi deputatlarımız orqanlarını vəsiyyət ediblər. O saat atam Qabilin danışdığı bir rəvayət yadıma düşdü:

“Allahın dörd mələyi olur. Mikayıl, İsrafil, Cəbrayıl, Əzrayıl. Hərəsinə bir missiya tapşırır. Təkcə Əzrayıl öz vəzifəsindən narazı qalır. Arqumenti də bu olur ki, bəs mən bu qədər insanın canını necə alacağam? Bu boyda işi necə çatdıracağam? Cənabi- Allah da cavab verir ki, narahat olma. Sənə çox da güc düşməyəcək. Biri suda boğulub öləcək, biri qəzada, o biri yanğında. Çoxu təyyarə qəzasında, hələ xəstəlikləri, epidemiyaları demirəm”.
İndi mən də fikirləşirəm ki, orqanlarını vəsiyyət edənlər bütün günü ora uçurlar, bura uçurlar. Birdən təyyarə partladı. Zapçastları ələ gələcək ki, hələ bir onlardan başqa insanlara da ehtiyat hissəsi kimi istifadə etsinlər? Ona görə də işimi ehtiyatlı tutmaq istəyirəm.

Özünüz bilirsiniz də, yetim oğlanam. Nə atam var, nə anam. Nə bacım var, nə qardaşım. Yaşım da çatmır ki, yetimxanaya versinlər. Ona görə də, ay orqanlarını vəsiyyət edən bəzi deputatlarımız. Mənə heç nəyiniz lazım deyil. Öz matorum, peredokum, zadni mostum, karbiratorum yaxşı işləyir. Vaxtlı-vaxtında TO-dan – texniki baxışdan keçirirəm. Ona görə də gəlin nağd danışaq. Hərəniz üç maşınınızdan birini, dörd mənzilinizdən birini, Nabranda, İsmayıllıda, Novxanıda, Mərdəkandakı dörd bağnızdan birini, Xızıda, Masazırda, Bakıda, Çuxuryurddakı dörd torpaq sahəsindən birini, Bakıda, Sumqayıtdakı dörd obyektinizdən birini mənə vəsiyyət etsəniz, həm Allaha xoş gedər, həm də bəndəyə. Bax, buna deyərlər, nağd söhbət, donorluq. Qanın, orqanın, QHT-lər üçün pulun donorunu eşitmişdik. Gəlin siz də bu ilkə imza atmaqla donorluğun yeni növünü yaradın.

Yalan dedim? Böhtan atdım? Əsəbləşdiniz? Mənziliniz, bağınız, maşınınız, torpaq sahələriniz bundan qat-qat çoxdur? Bağışlayın. Üzr istəyirəm. Çoxdursa sağlığınıza qismət. İstəməyənin gözü çıxsın. Mən sadəcə Azərbaycandakıları saydım. Sərhədlərimizin hüdüdlarını və həddi aşmadım.

Sözlərimi oxuyub hay-həşirə düşməyin. Mən indidən danışmıram a... Öləndən sonra deyirəm. Lap pis dedim e... Gör nə arzuladım sizin kimi yaxşı insanlara. Yaxşı, eybi yox, mən şəxsiyyət vəsiqəsiylə sizin qulluğunuzda hazır. Düz deyirsiniz. Bu günün işini sabaha qoymazlar. Notariuslar hər gün işləyir. Həm də ki, savabı bu dünyada qazanın ki, Cənnətə naxodu düşə biləsiniz. Hə qaldı ad məsələsi. Bu prosesin də adını qoyaq – “Mahir donor xidməti”. İstəsəniz qanun da qəbul edin. Pis səslənmir, eləmi? Mən “Za!”, bəs siz? Orqan bağışlamaq savab işdir. Amma bir yetimi sevindirmək savabın üstünə daha bir savab yazır.

Göydən üç alma düşdü: Biri uşaqlarınızın, biri nəvələrinizin, biri də mənim. Nəticələriniz yeməsə də olar. Canları çıxsın nəvələriniz onlara da bir şey saxlasınlar.

Hörmətlə: Donora ehtiyacı olan Mahir Qabiloğlu.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI