Modern.az

“Bəzi dostlar irad tuturlar ki, nahaqq bunu yazıb ədəbiyyata gətirdin, bəs mən nə edim?” - SÖHBƏT+VİDEO

“Bəzi dostlar irad tuturlar ki, nahaqq bunu yazıb ədəbiyyata gətirdin, bəs mən nə edim?” - SÖHBƏT+VİDEO

27 Noyabr 2014, 16:39

Yazıçı-publisist Mahir Qabiloğlunun ədəbiyyat aləminə qədəm qoymağının 2 ili tamam olur. Modern.az saytının daimi yazarlarından biri olan Mahir Qabiloğlu ilə onun üçün əlamətdar gün ərəfəsində həmsöhbət olduq.

- Mahir müəllim, çoxdandır o dünyadan məktub gəlmir.

- Düzdür, gəlmir. Yəqin haqq dünyasındakılar məni yaddan çıxarıblar, ya da ki, beziblər məndən. (Gülür.)

- Əlbəttə ki, sizin yumor hissinizin yüksək olduğunu nəzərə alıb, müsahibəni bu sualla başladım. Mənimçün maraqlıdır. Real dünyadakı hadisələrə bu formada münasibət bildirmək fikri hardan yarandı sizdə?

- Təsəvvür edin ki, oturmusunuz evdə, supulu yığan qapını döyür. Açırsan. Soruşur ki, “Qabilin evidir?”. Deyirsən ki, “hə”. “Sizsiniz Qabil?”. Deyirsən ki, “yox, oğluyam”. Bu dəm əlindəki qəbzi sənə uzadır və deyir ki, aton evə gələndə deyərsən ki, bəs 1997-ci ildən 400 manat borcu qalıb, hökmən ödəsin. Atam öləndən bir il sonra, yəni 2008-ci ildə bu sözü eşitmək mənə çox qəribə gəldi. “Azərsu” onda bütün abonentləri bu cür “yükləmişdi”. Kim də ağzını açırdı ki, bəs suyun pulunu  ödəmişəm, o saat  qəbz tələb edirdilər. İndi sizdən bir  söz soruşum. 2014-cü ilin axırıdır, elə deyilmi? 2007-ci ildə  ödədiyiniz su pulunun qəbzini tələb eləsələr, tapıb üzə çıxara bilərsinizmi? İnanmıram ki, tapasınız. Çünki çoxdan zibilliyə atmısınız. Amma, anam ehtiyatlı adam idi. Qəbzləri saxlamışdı. Axtardım, tapdım. Sonda da məlum oldu ki, bəs son iki ilin pulunu ödəməmişik. Çünki atam, anam xəstə olduqlarından Hüsü Hacıyevdə yox, bizimlə birgə təzə evdə yaşayırdılar.

O dünyadan məktubun yazılmasına nə səbəb oldu? Bu supulu məsələsimi?

- Əsla. Supulu yığanı bağışlamaq olardı. Savadsız, nadan adamlardır da. Amma bundan  bir il sonra yenidən gördüm ki, qapıya məktub keçiriblər. Üstünə yazılıb ki, “Qabil”ə “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovdan. Demə Yazıçılar Birliyinin 75 illiyidir, Teymur müəllim də sorğu kitabı hazırlayır. Qabilə də məktub göndərib ki, bəs anket sorğusuna cavab versin. Məktubu oxudum. Gəldim evə. Açdım kompüteri və atamın imzasıyla cavab yazdım. “O dünyadan məktub”a məni narahat edən başqa mətləbləri də əlavə etdim. Gəldim işə - “Xalq qəzeti”nə. Həsən müəllimə göstərdim. Çox bəyəndi. Amma çapa vermədim. Daha doğrusu yazı-pozumu ciddiyə almadım.

Söz vaxtına çəkər. Bundan üç il sonra 2012-ci ilin noyabrında məktubu təsadüfən “Azadlıq radiosu”nun əməkdaşı Cavid Zeynallıya göstərdim. O da məsləhətləşib qoydu səhifəyə. Çox böyük rezonans doğurdu. Hətta məktubla bağlı videosüjet də hazırladılar.  O gündən, yəni düz iki ildir ki, mən publisistika sahəsinə qədəm qoydum.

Deməli, bu günü yubiley də saymaq olar.

- Yubiley çox böyük səslənsə də, amma mənim üçün əlamətdar gündür. Bu məktubdan sonra da məktublar oldu.  Amma çoxdandır ki, o dünyadan məktub almıram.

Müsahibələrinizin birində demişdiniz ki, sizin “O dünya gündəlikləri” adlı yarımçıq romanınız da var. Hələ başa çatdırmamısınız.

- Düz deyirsiniz. 2009-cu ildə başlamışdım. Nəhayət bu il başa çatdırdım. Yəqin ki, yaxın günlərdə “Cəncəhim” adlı romanın  və 16 hekayəmin toplandığı kitabı oxuculara təqdim edəcəyəm.

“Cəncəhim”? Qəribə addır. Nə deməkdir ki?

- Yeni addır. Özüm yaratmışam. İzahın vermirəm. İnşallah, oxuyarsınız, bilərsiniz.

Bəs publisistik yazılar?

- 2014-cü ildə publisistik yazılarım çox olub. Onları da yəqin ki, fevral ayında bir kitab halında çap etdirəcəyəm.  

Mahir müəllim, bu yaxında 48 yaşınız tamam olur. 48 yaş və 2 illik yaradıcılıq yolu. Necə qiymətləndirərdiniz bu qısa dövrü?

- Mənimçün çox məhsuldar  olub bu dövr. Adlarını çəkmək istəməzdim. Çünki hansı birini unutsam inciyə bilər. Çox sayt, qəzet dərc edib yazılarımı. Çoxu müəllif, köşə yazarı  sırasına daxil edib imzamı. Leyla xanım Əliyevadan etdiyim tərcümələrim Modern.az saytıyla birgə layihəm olmasına baxmayaraq, istinad edərək öz səhifələrində yerləşdirib, öz daimi oxucularıyla  bölüşüblər. Amma, nəzərə alsaq ki, 2013-cü il martın 6-dan mən mütəmadi olaraq  Modern.az saytıyla əməkdaşlıq edirəm - el diliylə desək “məni, yazılarımı  axtaranlar “Modern”də tapırlar” – bu saytda mənim 240 bədii-publisistik yazım və 28 tərcüməm  oxuculara təqdim olunub. Hələ zarafatla “senzura” adlandırdığım, dostlarım Eldəniz Elgün və Əfqan Qafarlının senzurasından keçməyən yazılarımı demirəm. (Allah İbrahim Ömərova rəhmət eləsin).


Tənqidə münasibətiniz necədir?

- Əslində kim tənqidi sevər ki? Hamı tərifi xoşlayır. Amma mənim tənqid sözündən daha çox xiridar sözündən xoşum gəlir.  Qiymətləndirənlərim çoxdur. Bunu “5”, “Əla” qiymət verirlər kimi başa düşməyin. Konkret olaraq yazılarıma professionalcasına yanaşan insanların əhatəsindəyəm. Qonşum, millət vəkili Elmira Axundova, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, şair Əkbər Qoşalı, jurnalist Firuzə Nadir, keçmiş iş yoldaşım Füzuli İsmayılov, professor Qurban Bayramov, şair Səyyad Aran, jurnalist Sakit Ocaqlı, bacanağım Rəfail,  “Xalq qəzeti”nin kollektivi. Çoxdur belə insanlar ki, məni izləyirlər. Zəng edib fikirlərini bildirirlər. Çox vaxt  özüm onlara müraciət edirəm. Məsləhətləri də mənim üçün çox qiymətli olur.

Bəs tənqidləri?

- Tənqidləri o qədər zərifdir ki, mənim tənqid deməyə dilim gəlmir. Ya “Mahir, bu yazını mən sənin qələminə layiq bilmirəm”, yaxud da “bu yazı şair Qabilin oğlunun adına yaraşmır”. Belə tənqiddən adam inciyərmi... Sadəcə qızarıb, pörtüb, başını aşağı salırsan. Vəssalam.

- Hardan qaynaqlanır bu cür yanaşma?

- Özünüz də görürsünüz də... Cəmiyyət son illərdə çox pozulub. Açıq-saçıqlıq baş alıb gedir. Televizorlar bu sahədə flaqmana çevrilib, hər gün efirdə işıqlandırırlar belə şeyləri. Düz edirlər, düz etmirlər – bu başqa mövzunun söhbətidir. Amma, mən bunu hekayə şəklində qələmə alanda, bəzi dostlar irad tuturlar ki, nahaqq bunu bədii ədəbiyyata gətirmisən. Axı necə gətirməyim? Mən də axı bu gəmidəyəm. Mən də bu şeyləri görürəm. Bəs görəsən nədən yazmalıyam? Gördüklərimdən, yoxsa başqa qalaktikadan? Məhz yeni çıxacaq “Cəncəhim” kitabım da başdan-ayağa dövrümüzün bədii inikasıdır desəm, yanılmaram. Əlbəttə ki, yazıçı təxəyyülünü də nəzərə almaq şərtiylə.

Olanlardan qısaca danışdıq. Bəs gələcək yaradıcılıq işləri  barədə nə deyə bilərsiniz?

- “Nəsrulla” adlı əsərin üzərində işləyirəm, bir də Leyla xanım Əliyevadan tərcümələri davam etdirirəm. Gələndə bədii-publisistik yazılarım da üzə çıxır. Qarşıma qoyduğum birinci  məqsəd olan, atam xalq şairi Qabilin adını yaşatmaqdır ki, bu yolu da davam etdirirəm. Birinci təxəllüsümdə, yazdığım xatirələrdə, ikincisi evdə olan video-foto arxivini ictimailəşdirmək fikrinə gəlmişəm. Necə deyərlər yüz eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır.

Sizə uğurlar.

- Mən də bütün Modern.az saytının kollektivinə, Elşad Eyvazlıya, Əfqan Qafarlıya minnətdarlığımı bildirmək istəyirəm. Bu yaxında 5 illik yubileyinizlə bağlı ürək sözlərimi vermişdim. Başqa söz əlavə etmək istəməzdim. Sükanı  belə də saxlayın. Bir də arzu edərdim ki, Modern.az saytımız da mənim iki yaşlı ilk publisistik yazımı ad günümdə öz səhifəsində bir daha  işıqlandırsın.

***

Qabilin o dünyadan Teymur Əhmədova  məktubu


“Hörmətli Teymur müəllim!
16 may 2009-cu ildə göndərdiyin məktubu aldım.  Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 75 illiyi münasibətilə məni yada salmağından çox təsirləndim. Yaxşı ki, məktubun üstündə 2 ünvan yazmısan: Bilmirdim ki, Hüsü Hacıyev küçəsinin adını dəyişib “Azərbaycan” qoyublar. Yəni keçmiş Bazar küçəsi Azərbaycan olub. Verdiyin suallara cavab  göndərməyi özümə borc bilirəm. “Ensiklopedik məlumat kitabı” çıxandan sonra ondan bir konteyner  göndərərsən bura. Xaqanidən Bəxtiyar Vahabzadəyə qədər hamı bu kitabın çıxmasını  böyük intizarla gözləyir. Narahat olma, sərhəddə nə “rastamojka” var, nə də rüsum.

Sənin məktubunu alanda çox da təəccüblənmədim. Bu yaxında “Azərsu”nun prezidenti  də məktub göndərmişdi. Deyir ki, bəs Qabil, 1996-cı ildən 400 manat borcun qalıb, hara aradan çıxmısan. “Kvitansiyalar”ı soxdum gözünə, əl çəkdi. Sənin niyyətin yenə yaxşıdır. Pul-zad istəmirsən. Sadəcə cavab umursan, vəssalam. Suallarına cavab verirəm. Ancaq 2 ədəd, 6-9 ölçüdə, ağ-qara foto şəklimi göndərə bilməyəcəyəm. Çünki burada hamı o qədər nurludur ki, nurumuz lenti yandırır. Texnologiya da o qədər inkişaf etməyib ki,  bizim əksimizi çəkən lenti icad eləsin. Yatanda hər ehtimala fotoaparatı yanında qoy. Hamılıqla yuxuna girəcəyik, onda çəkərsən. Telefon nömrəsini neyləyirsən. Onsuz da zəng edən deyilsən. Bir də Yazıçılar Birliyinin 80 illiyində  yada salacaqsan. Anara, Elçinə, Fikrət Qocaya və Çingiz Abdullayevə məndən salamlar. Qəbirüstü abidəmi ucaltmağa kömək etmədiklərinə görə incimirəm. Başlarına gələndə onsuz da başa düşəcəklər. Amma mən olsaydım, 4 nömrə hökumət  telefonunun yanından kənara çəkilməzdim. Onlara iki heykəli birdən qoydurardım. Birini Fəxri Xiyabanda, birini  də doğulduqları rayonda.

Suallarına nömrə ardıcıllığı ilə cavab verirəm.

1.  İmamverdiyev Qabil Allahverdi oğlu.
2.  Təxəllüsüm - QABİL
3.  Peşəm - şair
4.  Elmi dərəcə və rütbəm yoxdur.
5.  Fəxri adlarım - əməkdar incəsənət xadimi. Müstəqil Azərbaycanın ilk xalq şairi.
6.  Doğulduğum tarix - Bakı şəhəri, 12 avqust 1926-cı il
7.  İlk mətbu əsərim - “Gəl baharım” şeiri. Ədəbiyyat qəzeti, 4 aprel 1944-cü il. 4 aprel həm də bura köçən günümdür.
8.  Təhsilim - V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu. Filologiya fakültəsi. Azərbaycan dili və ədəbiyyatı müəllimi.
9.  1944-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü.
10. İşlədiyim yerlər – Az.TV, “Ədəbiyyat və İncəsənət” qəzeti, “Azərbaycan” jurnalı. 1976-cı ildən 2007 –ci ilə qədər azad sənətkar.
11. Ünvanım - Axirət Respublikası, Cənnət şəhəri, Dünya Yazıçılar Birliyinin azərbaycanlı sədri. 4 aprel 2007-ci ildən bəri ömrünün axırınadək.
12. Xarici səfərlər - İtaliya, Türkiyə, İraq, Çin.
13. Son vəzifəm - Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri.
14. Milli Məclisin deputatı olmamışam. Seçilməyə qoymadılar. Ara yerdə 14 “şirvanım” batdı. Heydər Əliyev tapşırdı Rəsul Quliyevə, o da qaytarmadı. Eybi yox. Əvvəl-axır düşəcək əlimə.
15. 12-ci bənddə dedim də…
16. Azərbaycan SSR Dövlət Mükafatı, “Şöhrət” və “İstiqlal” ordenləri. Ən böyük əlamətdar hadisə o dünyadan yenə də məktublar almağımdı. Qoymurlar da sakit oturum.
17. Kitablarım o qədər çoxdur ki,  sayı yadımda deyil.

QEYD: Hörmətli Teymur müəllim. Yəqin ki, bütün suallara  tələb etdiyin kimi diqqətli oldum və aydın cavab verdim.  İmza qoymuram. “Qabil” yazsan tanıyacaqlar. Məktubumun vaxtında çatması Hinkir-Minkirdən və  “Azərpoçt”dan asılıdır. Eşitmişəm “Azərpoçt” çox inkişaf edib. Bu dünyaya da əlləri çatır. Qorxuram ki, buraları da gəlib internetə qoşalar. Sonra hamı bura gəlməyə növbəyə dayanacaq. Öz qəzetində élan ver ki, can atmasınlar. Cənnət şəhəri qapalı şəhərdir. Hər adamı “propiska” etmirlər. Cəhənnəm şəhərində isə  yer çoxdur.  Bəxtiyardan, Cəlaldan, Nəbidən, Sabirdən, Hüseyndən, Rəsuldan, İlyasdan, Əmirdən, Mədinədən, Nigardan, Şəhriyardan  salamlar. Buraları çox təriflədim. Nəbadə… şirniklənib eləyərsən a…Bura köç eləyəni bizi  yada salan tək sən olmusan. Sən bizim o dünyada korpunktumuz ol.

Əbədi və sədaqətli
Hörmətlə:  QABİL
10 iyul 2009-cu il

PS. Teymur müəllim. Çalış məktubumu hələ də baş redaktoru olduğun “Respublika” qəzetində  çap elə. Qoy oxucularımla görüşüm. Bacarmasan eybi yoxdur. Burda Elçibəydən , Nəcəf Nəcəfovdan xahiş edərəm “Azadlıq”da çap edərlər. 




A.Qorxmaz
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI