Modern.az

Dədə Qorqudu düşünərkən - III hissə

Dədə Qorqudu düşünərkən - III hissə

12 Dekabr 2014, 00:38


Dədə  Qorqudun  izinin  eramızdan  əvvəllərə  gedib  çıxmamasına  üçüncü  və  ən əsas  sübut isə İslam dinidir.. ”Koroglu”  dastanından  fərqli  olaraq  bu dastandakı  müsbət qəhrəmanlar  müslimdir, döyüşlərdən  qabaq  Allah  Təalanın, həzrət  Məhəmmədin  adını çəkirlər. Qəribə  adamlar  var  vallah, zorla  beyinlərə yürütmək  istəyirlər  ki, dastan  sonradan islamlaşdırılmışdır. Koroğlu  və  dəliləri  islamdan  uzaq  olduqları  halda  onları  zorla  on  altıncı  əsrə, həm  də  türk  xəlifələrinin qulaqlarının  dibinə  qoyurlar, amma  “Dədə Qorqud “ dastanından  islam  ətri  gəlməsinə  baxmayaraq  onun  islami  olmasına  şübhə edirlər. Nə isə...

Bayaq  dedim  dastanda  Azərbaycanın  bir  neçə  şəhərinin  adı  çəkilir. Yəni  elə buna  istinad  edərək  demək olarmı  ki, dastandakı  oğuzların  vətəni Azərbaycan  olmuşdur?

Qulaq  asın.  Dastandakı  hadisələr  alaçıqlarda, çadırlarda  yaşayan  köçəri tayfaların  başlarına  gələnlərdir, hökmdarları  Bayındır  xan  da, Qazan  xan  da çadırlarında hökmranlıq  edirlər. Azərbaycan  türkünün  oturaq  həyata  keçməsi  isə  eramızdan  qabaqkı minilliklərə  gedib  çıxır. Nə  Dara, nə  də  Makedoniyalı İsgəndərin  görüşdüyü  Bərdə  hakimi Nüşabə xanım  çadır  adamları  deyildilər. Dəbdəbəli  saraylarda  yaşayırdılar. Digər  tərəfdən,  “Bəyburanin  oğlu  Bamsı  Beyrəyin boyu”  hekayəsində   Rum  elinə, İstanbula  gedən  Oğuz tacirlərindən danışılır; onlar  geri  döndüklərində  dincəlmək  üçün  Dərbənddə dayanırlar.Yaxşı, əgər  onlar Azərbaycandan  getmişdilərsə  geri  döndüklərində  vətənin  şimalında  niyə dayanırdılar? Azərbaycandan  İstanbula  ən  qısa  yol  Qara  dənizin  cənubundan  deyilmi? Yoxsa  o  tacirlər  Dərbənd  keçidi  ilə  Şimali  Qafqaza  çıxıb  Qara  dənizin  şimalı  ilə  o  boyda  Dəşti-Qıpçaqdan  keçərəkmi  İstanbula  getmişlər? Ola  bilər.Tacirlər  də rəssamlar  kimi azad adamlardı, hətta  dastanda  aydınca  deyilsə  də  onların  əsas  məqsədi  məhz  İstanbulda ticarət  etmək, daha  doğrusu , hədiyyələr  almaq  idi, hansısa  təhlükə  və ya  əlavə  gəlir  əldə etmək  ehtimalı  ilə  yaxın  yolu  qoyub  uzaq  dolambac  yollarla  da  gedə  bilərdilər. Amma  bəs  digər  hekayədəki ---  “Bəkil oğlu  İmranın  boyu”  hekayəsində  deyilənlər ? Diqqət  edin: Gürcüstandan  hər  il  xərac  olaraq  göndərilən  qızıl-gümüş  əvəzinə  o il  cəmisi  bir  at, bir qılınc, bir  də çomaq  gətirilir. Bayındır  xanın  dilxor  olduğunu  görən  Dədə  Qorqud  deyir ki, bunları  bir  igidə  verək, Oğuz  elinin  qarovulunu  çəksin. Qarovul  çəkməyə  heç  kim razı olmur, təkcə  Bəkil  razı  olur. Sonrasına  fikir  verin. ”Bəkil  qalxdı, yeri  öpdü. Dədəm  Qorqud gətirilən  qılıncı  onun  belinə  bağladı. Çomağı  çiyninə  saldı, yayı qoluna  keçirdi. Bəkil şahanə  ayğırı  çəkdirib  mindi. Qohum-əqrəbasını  ayırdı, ev-eşiyini  yığışdırdı, Oğuz  elindən köçdü. Bərdəyə, Gəncəyə  gedib  məskən  saldı. Gedib  doqquz  tümənlik  Gürcüstan sərhəddində  çadır  qurdu. Qaravulçuluq  elədi. Buralara  yad  kafir  gəlsə  idi  başını  Oğuz  elinə hədiyyə  göndərərdi...” Görürsünüzmü, adam  Oğuz  elindən  köçüb  Bərdəyə, Gəncəyə  gəlir. Bu ş əhərlər  ta  qədimlərdən  Azərbaycan  şəhərləridir. Əgər  dastandakı  Oğuzlar  Azərbaycan Oğuzlarıdırsa  Bəkil  Azərbaycanı  tərk  edib  Azərbaycanamı  gəlir?

Demək , Oğuzlar  Azərbaycanı  Oğuz  torpaqları  hesab  etmirdilər. Azəri  türkləri də  Oğuz  xanın  törəmələrindəndir, amma  yaşadıqları  torpaqlar  Oğuz torpaqları deyildir. Yazımın  əvvəlində  qeyd  etdiyim  kimi  Azərbaycandır.

Bəs  Oğuz  torpaqları  haradadır?
Oğuz  xan... Bütün  Oğuzların  əcdadı, xan  babası... Türklük  arasında  həm birliyin, həm  də  ayrılığın  ilkin  səbəbkarı... Belə  ki, onun  səma  qızından  üç oğlu, Yer qızından  da  üç  oğlu  olmuşdur. Səma  qızından  olanlar  Günxan, Ayxan, Ulduzxan, Yer qızından  olanlar  Göyxan, Dağxan, Dənizxan.  /  Səma  qızından olanların  adları  zamanla, Yer qızından  olanların  adları  məkanla  bağlıdır. / Bu  oğullar  bir  gün  çöllukdən  bir  qızıl  kaman və  yanında  da  üç  ox  tapırlar. Bunları gətirib  atalarına  verirlər  ki, aralarında  bölsün. Oğuz xan  qızıl  kamanı  üç  yerə  bölüb  səma  qızından  olan  üç  oğluna  verir  və  onları  “bozok” adlandırır. Üç  oxu  isə Yer  qızından  olan  üç  oğluna  verir  və  onları  da  “Üçok” adlandırır. Bəzi  tədqiqatçılar  “bozok”  kəlməsini  sındırılmış  kamana  görə  “bozuk”  /pozuk/  kimi, bəziləri  isə “boz”  sözünü  “böyük”  kimi  mənalandırırlar. İlk  üç  oğul  obirilərdən  böyük idilər, ”bozoğul” , ”bozoğlan”  isə  əski  türkcədə  böyük  oğul  mənasında  işlənmişdir. İlk zamanlarda  “Bozok”  və ”üçok”  kəlmələri  o  oğullardan  törəyənlər  üçün  “Bozoğuz”  və “Üçoğuz”  kəlmələrinə  çevrilmişdir. Bozoklardan  törəyənlər  “Biz  Bozoklarız  və ya Bozokuz”, Üçoklardan  törəyənlər  isə  “Biz  Üçoklarız  və ya  Üçokuz” demişlər. Bozoğuz  və Üçoğuz  kəlmələri  buradan  yaranmışdır. / Bəs  Oğuz  xanın  özünün  adı ?  O  damı  “ox”la əlaqəlidir ? /

Minilliklər  keçəndən  sonra  həmin  o  Oğuzlardan  törəyənlərin  bir  hissəsi  İslamı qəbul  edir, müslim  Oğuzlar  İslamı  qəbul  etməyənlərdən  uzaqlaşıb Altay---Aral  gölü həndəvərindən  qərbə  və  cənuba  doğru  hərəkət  edirlər. Köç  edənlərə  Dış  Oğuz, dədə-baba yurdunda  qalanlara  isə  İç  Oğuz  demişlər.  Dış  Oğuza bəzən  məna  təhrif  olunaraq  Daş Oğuz  / Taşaüz, Taşüz /  də  deyilmişdir. “Üç Oğuz”  kəlməsi  isə Oğuzların  bir  hissəsinin  bu “dış”lanmasından  sonra  yerini  “İç Oğuz”  kəlməsinə  vermişdir. Yəni  dastandakı  hadisələrin cərəyan  etdiyi  dövrlərdə  Oğuzlar  artıq  Bozoğuz  və  Üçoğuzlara  deyil, Dış  Oğuzlara  və  İç Oğuzlara bölünürdü. Dastanda  adı  keçən  “Qalın  Oğuz  elləri”  isə,  sadəcə,  İç  Oğuzun  Altay ətəklərində, yəni  şərq  tərəflərində  böyük  çoxluqla  yaşayan  hissəsi idi.. 

İslamı  qəbul  etmiş  Oğuzlar  on  birinci  əsrdən  etibarən  “türkmən”  adlanmağa başlandılar. “Türkmən”  sözünün “tərəkəmə”  sözündən  gəldiyini  qəbul etmək  doğru olmaz; güya  köçəri  olduqlarına  görə  tərəkəmə  adlanmışlar. O  zaman  İçOğuzlar  nədən  tərəkəmə adlanmamışlar? Onlar  da  köçəri  deyildilərmi?
Yoxsa “türkmən”  adlananların  köçəri olmaları, çadır  həyatı  sürmələri  islamı  qəbul  etdikdən  sonra  bəlli  olmuşdu?  Mən  “türkmən”  sözünün  “türkiman”  kəlməsindən gəldiyini  qəbul  edənlərlə  razıyam. Türkiman, yəni  islamı qəbul  edib  İçOğuzlardan  fərqli  olaraq  imanlı  olmuş  türk. ”Kitabi  Dədə  Qorqud “  hekayələri  dastandan göründüyü  kimi  Oğuzların  İç Oğuzla   Dış Oğuza  ayrılmalarından sonraların  hekayələridir. Əgər  türkimanlıq  on  birinci  əsrdən  yaranmışsa  və  məhz  bu səbəbdən, yəni  İslamı  qəbul  etmə  səbəbindən  Oğuzlar  İç və Dışa  bölünmüşlərsə , demək , dastandakı  hadisələr  on  birinci  əsrdən  əvvəl  baş  verə  bilməzdi. Bu  birmənalıdır.

On  birinci  əsrin  ikinci  yarısı... 1071-ci il... Bizanslılarla  Səlcuklu  türkimanları arasındakı  Malazgird  savaşı... Ərəb  xilafəti  ilə  Sasanilərin  əsrlərlə  qəti olaraq  heç  cür məğlub  edə  bilmədikləri  Bizanslıları  bu  dışoğuzlardan  sultan  Alp  Arslanın  başçılığı  altında olan  türkimanlar  sarsıdıcı  məğlubiyyətə  uğradıb  onları Kiçik Asiyadan, yəni  indiki  Türkiyə ərazisindən  qovurlar  və  özləri  orada  məskunlaşırlar. Türkiyə  türkləri  bu  dastana  vahid  türk millətinin  dastanlarından  biri  kimi hörmət  edirlər, lakin  onu  ozlərininki  hesab  etmirlər:  bu dastan  onlarda  “Koroğlu”  dastanı  qədər  sevilmir. Əgər  Dədə  Qorqud  hekayələri  Malazgird savaşına  qədər türkimanlarda  olmuş  olsaydı,  onlar  bunu  özləri  ilə  Kiçik  Asiyaya  gətirməli deyildilərmi? Tam  dastan  halında  olmasa  da  ayrı-ayrı  hekayələr  o  boyda  xalqın yaddaşından  silinə  bilərdimi?  Söhbət Türkiyə  türklərinin  Dədə  Qorqud  araşdırmalarına  get-gedə  maraqlarının  artmasından  getmir, onu  qeyri-türklər, qeyri-müslimlər də  çox araşdırırlar. Söhbət  dastanın  xalqın  qanına  hopmasından, onu  özününküləşdirməsindən  gedir. Demək  ki  İslamı  qəbul  etmiş  Oğuzlarda-türkimanlarda  on birinci  əsrin  ikinci  yarısında  da  bu hekayələr  mövcud  deyildi. Əgər  Oğuzlar  bundan  azca  əvvəl  İç və Dışa  bölünmüşdülərsə  bu da  o  deməkdir  ki, dədə-baba yurdlarında  qalan  İç Oğuzlarda  da  hələ bu  hekayələr  mövcud deyildi.  Belə  ki, böyük  bir  dastan  dünənə  qədər  bir  olan  xalqın  bir  qisminin  yaddaşından İslamı qəbul  etməklə  və ya  haralarasa  köçməklə   silinə  bilməzdi. Ona  görə  də  qətiyyətlə,  demək  olar  ki,  Dədə  Qorqud  hadisələrini  on  birinci  əsrdən  sonralarda axtarmaq  lazımdır.

Belə  bir  rəvayət  var  ki, Rəsuli-Əkrəm  zamanında   Dədə  Günəş  adlı  bir  adam zühur  edir. Qeybdən  dürlü-dürlü  xəbərlər  verirmiş. Bu  “dədə”  sözünə və  geybdən  xəbərlər verməsinə  görə  bu  adamı  çoxları  Dədə  Qorqud  hesab  edib  dastandakı  hadisələri  yeddinci əsrə  aid  etmişlər. Amma  bəs  Oğuzların  İç və Dış  deyə  iki  qismə  ayrılması  məsələsi  necə olsun?  Əgər  bu  parçalanma  məsələsi  əvvəlindən  sonuna  kimi  dastanın  mayasına  hopmuşsa və  parçalanma  da qeyd  etdiyim  kimi  Oğuzlardan  bir  hissənin  İslamı  qəbul  etməsi nəticəsində  baş  vermişsə  dastandakı  hadisələri  yeddinci  əsrdə  axtarmaq  nə  dərəcədə doğrudur ? İslam  Rəsuli-Əkrəm  zamanında  Orta  Asiyaya  gəlməmişdi  axı;  buna  yüz  illər gərək  olacaqdı. Bundan  başqa  dastanın  heç  bir  yerində  Dədə  Qorqudun  qeybdən xəbər verməsi  haqqında  heç  bir  məlumat  yoxdur. O, müdrik  el  ağsaqqalıdır, xalqının  xeyrində-şərində  iştirak  edən, hünər  göstərənlərə  ad  verən  çox  hörmətli  bir ozandır. Qeybdən  dürlü-dürlü  xəbərlər  verən  dədə  şamanlar  isə  Oğuz  ellərində  ta  qədim  zamanlardan  çox olmuşdur. İndi  hansının  adının  önündə  “dədə”  varsa Dədə  Qorqudu  həmin  adam  hesab edəkmi?  Çox  sevdiyimizdən  daha  dünənin  məşhur  el  aşıqlarına  da  “Dədə  Ələsgər”,  “Dədə Şəmşir”  demirikmi?

Teymurləngin  ölümündən  bir  neçə  il  sonra , 1410-cu  ildə  Səlcuklu türkimanlarından  Qaraqoyunlu   Qara  Yusif   İranı  və  Azərbaycanı  hakimiyyəti altına alır. 1458-ci  ildə  digər  Səlcuklu  türkimanları  olan  Ağqoyunlular  Uzun  Həsənin  başçılığı  altında  onları  məğlub  edirlər. Uzun  Həsən  İranı, İraqın  xeyli hissəsini, Gürcüstanı  Azərbaycana qataraq  Təbriz  taxtına  oturur.  / İndiki  Ermənistan  əraziləri  də  Ağqoyunluların  hakimiyyəti altında  idi, sadəcə  olaraq, o  vaxt  bu adda  ölkə  yox  idi  deyə  adını  demədim, o  ərazilər  tarixən  Azərbaycan  torpaqları  olmuşdur,  “Ərminiyyə”   deyilən  şey  isə  başqa  yazımda göstərdiyim  kimi “Bizans”  deməkdir  və  buna  görə  də  bu  günkü  Hayastana  qətiyyən  aidiyyatı  yoxdur. /. Və  məhz  Uzun  Həsənin   padşahlığı  dövründə  son  dərəcə qüvvətlənən, hətta  Osmanlı  kimi  qüdrətli  bir  imperiya  ilə  kəllə  kəlləyə  gələn  Azərbaycanda  onun  əmri ilə  Dədə  Qorqud  haqqındakı  hekayələr  dastan  halında  toplanıb  ilk  dəfə yazıya  alınır. Və elə  məhz  buna  görə  də  belə  bir  fikir  mövcuddur  ki, dastanı  müsliman  hökmdar  yazıya aldırdığı  üçün  dastan  islamlaşdırılmışdır;  yəni  xalq yaddaşında  ikən  dastanın  qəhrəmanları islamdan  uzaq  imişlər. Əgər  bu  fikir  doğrudursa , amma  eyni  zamanda  hadisələri  on  birinci əsrdən  qabaq  axtarmaq əbəsdirsə  onda  demək  bu  hadisələri  on  birinci  əsrlə  on  ikinci  əsrin  yarısı  arasında  axtarmaq  lazımdır. Niyə?  Çünki  bütün  Türküstanı, eləcə  də  İç Oğuzları içinə  alan  Böyük  Xarəzm  imperiyası  on  ikinci  əsrin  ortalarından  təşəkkül tapmağa  başlamışdır. Xarəzm  ayaqda  durduğu  müddətdə  İç və Dış Oğuzlar Xarəzmşahdan asılı  idilər. Əlbəttə, Bayındır  xan  xanlar  xanıdır, müstəqildir, hakimiyyət  məsələsində  əlinin üstündə  əl  yoxdur. Amma  bu  müstəqillik, bu təkhakimiyyətlik  dastana  görə  də  belə  ola bilər. Dastana  görə  Koroğlu  da  müstəqildir, amma  həqiqətdə  o, Çingizxanın  sərkərdələrindən  biri  imiş. Oğuzlar Xarəzmin  sərhədlərini  aşıb  Dərbənd   tərəflərə  savaşa getmək  kimi  məsələlərdə  Xarəzmşahdan  asılı  olmalı  idilər. Amma  dastanda  Bayındır  xan mütləq, yeganə hökmdardır. Demək , əgər  dastan  islamlaşdırılmışsa  ondakı  hadisələri Xarəzmin  yaranmasına  qədərki  dövrlərdə  axtarmaq  lazımdır.

Amma  gəlin   tələsməyək. ”İslamlaşdırılıb”  demək  asandır.  Necə  ola  bilər; Uzun Həsənə  qədər  yüzillələ  xalqın  yaddaşında  möhürlənmiş  hekayələrin ruhu  birdəncə dəyişdirildi, hökmdar  əmri  ilə  qələmin  bir  hərəkəti  ilə  onlara  yamaq  vurulub  yenidən  xalqa  sırıldı, xalq  da  bunu  qəbul  etdi, eləmi?  Xalq  yaddaşı ən  qüdrətli  padşahların qüdrətindən  üstündür, qələmlə-kağızla  silinməz. O  yaddaşa  nə  necə  yapışsa  elə  də  qalar. O hekayələr  sadəcə  kitab  halında  qalsın  deyə Uzun  Həsən  onları  yazıya  aldırmışdı. Onlara yenidən  əl  gəzdirilsə  xalqın  o  dəyişiklikləri  qəbul  etməyəcəyini   hər halda  bilməmiş deyildi. Üstəlik, xalqın  böyük əksəriyyəti  o  çağlarda  oxuma-yazma  bilmirdi; ona  görə  də hökmdar  yazarlarının  kitablara  nə  əlavə  etmələri, onlardan  nə  ixtisar  etmələri  o  dövr insanlarının umurlarında  belə  deyildi. Xalq  dastanları  ozanlardan --- aşıqlardan  eşidirdi., aşıq da , necə  deyərlər, gördüyünü  çağırar. Əgər  Uzun  Həsənin  məşhur  türk  dastanlarını islamlaşdırmaq  fikri  varmışsa  və  bu  bunca  asan  bir  iş  imişsə  “Koroğlu”  dastanı  niyə islamlaşmayıb?  Hər  iki  dastan  eyni  çağlarda  yaranmış  dastanlardır, hər ikisi  Uzun  Həsənə qədər  eyni  dərəcədə  məşhur  idi. Əgər  “Dədə Qorqud”  ona  görə  islamlaşdırılıbsa  ki, zaman keşdikcə  xalqa  yad  olmasın, Koroğlu  niyə  bu  günə qədər  də  yad  olmayıb?  Ona  görə  də mənim  qəti  fikrim  belədir  ki, dastanın  sonradan  “islamlaşdırılması”  fərziyyəsi  orada  baş verən  hadisələrin  vaxtı  barədə dolaşıqlığa  düşənlərin  uydurduqları  rahat  üsuldur. Bu, yalnız bir  fikrin  daha  da  təsdiqlənməsinə  yardımçı  ola  bilər;  dastanda  Dış  Oğuzlardan  da  bəhs edilsə  də o, İç  Oğuzlarındır. Və  yeddinci  əsrdəki  Dədə  Günəş  Oğuzlarının  deyil, on  birinci əsrdən  sonrakı  Oğuzlarındır. Çünki  o,  Dış  Oğuzların, yəni  türkimanların  olsaydı, onda  təbii ki, onun  islamlaşmasından  söhbət  gedə  bilməzdi. Onlar  müsliman  idilər. Və  onlardan  cənuba  gedənlər  1038-ci  ildə  Toğrul  bəyin  hökmranlığı  altında Böyük  Səlcuklu  müsliman dövlətini, qərbə gedənlər  isə  bundan  100-150  il  sonra  Böyük  Xarəzm  müsliman  dövlətini yaratmışdılar. Dastan , əlbəttə  ki  İç  Oğuzların idi;  bayandırlar, salurlar  Oğuz  xanın  Yer qızından  olan  oğullarından  törəyənlərdən, yəni  “üçok”lardan ,  “Üçoğuz”lardan  idilər. Hekayələrdə  “qarşı  yatan  Aladağ” ifadəsi  ana  xətt  kimi  keçir, sanki  İçli-Dışlı  bütün Oğuzların  qəlbi  orada  döyünür. Aladağ-Aldağ-Altau   isə  bayaq  dediyim  kimi  Baykal gölünün  şimalında, indiki Qazağıstanın  cənub-şərqindədir, yəni İç və Dış Oğuzların  ata yurdudur, Nuh  peyğəmbərin  oğlu  Yafətin  kök  saldığı, ayaq  basdığı  yurddur, amma  Oğuzların ayrılığından  sonra  o  yurdda  yalnız  İç  Oğuzlar  yaşayırdı.                       

Amma  dastandakı  hadisələr  İç  Oğuzun  İslamdan  uzaq  olduqları  vaxtların hadisələri  deyildir. Qətiyyən. Bir  tək  “Duxa  oğlu  Dəli  Domrul  boyu”nda  bunu görmək olar. Hekayənin  əvvəlində  Dəli  Domrul  dinsizin, imansızın, cahilin  biridir. Hətta  zalımdır;  quru bir  çayın  üstündə bir  körpü  saldırır, körpüdən  keçəndən  otuz üç  axça, keçməyəndən  zorla qırx  axça  alırmış. Həmin  körpünün  yanında  bir  gün  müslim  Oğuzların  qurduqları  bir çadırda  bir  Oğuz  igidi  ölür. Dəli  Domrul ağlaşma, vay-şivən  səslərini  eşidib  ora  gəlir, ona deyiləndə  ki  igidin  canını  al  qanadlı  Əzrayıl  alıb, hirslənir  ki, o  kimdir  ki, igidlərin  canını alır, gəlsin  mənimlə savaşa. Allah  Təalaya  bu  sözlər  xoş  getmir, Əzrayılı  göndərir  ki, getsin onun  canını  alsın. Əzrayıl  onu  atdan  yerə  salıb  canını  almaq  üçün  köksünə  oturanda o, Allahın  təkliyinə  iman  gətirir, müslim  olur. Diqqət  edin;  burada  maraqlı  cəhət  odur ki, İslamı  qəbul  edənlərlə  etməyənlər  birgə  yaşayırlar! Halbuki  İslamı  qəbul edənlər  ata yurdlarından  ayrılıb  qərbə  və  cənuba  köç  etmişdilər. Həəə. Dastan  İç  Oğuzların   dastanı olduğundan  belə  qənaətə  gəlmək  mümkündür  ki, artıq  İç Oğuzlardan  da  yavaş-yavaş  İslamı  qəbul  edənlər  olurmuş. Böyük  Səlcukluların  çökməsinə  qədər  İç  Oğuzlar  hələ  İslamı   qəbul  etməmişdilər. Yəni  on  iknci əsrin  ortalarına  qədər. Son  Böyük  Səlcuklu hökmdarı  sultan  Səncər  öldükdən  sonra  isə  Xarəzmşahlar  o  dövlətin  asılılığından  çıxıb özlərini  müstəqil  elan  edirlər və  az  bir  müddətdə  bütün  Türküstanı, eləcə  də  İç Oğuzu, İranı  öz  içlərinə  alırlar. İç  Oğuzlar  məhz  bu  qüdrətli  İslam  imperiyasının  içinə  qatıldıqları zamanlarda İslamı  qəbul  etməyə  başlayırlar. Başqa  cür  ola  da  bilməzdi;  bu  dövlətdə islamçılıq  ideyası  o  dərəcədə  qüvvətli  idi  ki, son  Xarəzmşah  Əlaəddin  Məhəmməd bütün İslam  dünyasının  xəlifəsi  olmağa  iddialı  idi, o  zamanlar  böyük  keçmişlərindən  yalnız müqəddəslikləri  qalan  Abbasilərə --- Bağdad  xəlifələrinə  son  verib özünü  xəlifə  elan  etmək istəyirdi, hətta  bunun  üçün  qoşun  toplayıb  yürüşə  də  çıxmışdı.

Bax  elə  buna  görə  də  mən  dastanın  on  beşinci  əsrdə  yazıya  alınarkən  Uzun Həsənin  yazarları  tərəfindən  islamlaşdırılması  fərziyyəsinə  qarşıyam. Dastan  o  yazarlara çatana  qədər  xalqın  yaddaşında  çoxdan  islami  idi, daha  doğrusu, dastan . Xarəzmşahlar dövlətinin  tərkibinə  qatılan  İç  Oğuzların  yenicə müslimanlığı  qəbul  etməyə  başladıqları dövrlərdə  islami  olaraq  yaranmışdı.

Amma , təbii  ki, Xarəzmşahlar  Bayındır  xan  olsun, Qazan  xan olsun, tabeçılıklərindəki  hər  hansı  bir  vilayət  başçısının  müstəqil  hökmdar  kimi hərəkət  etmələrinə  yol  verməzdilər. Son  Xarəzmşah  Əlaəddin  Məhəmməd  hakim  təyin  etdiyi kürəkənindən  müstəqillik  meyli  duyunca  sonradan  kürəkəninin peşman  olduğuna  və  qızının  yalvarışlarına  baxmayaraq  onun  üstünə  qoşun  çəkir, tutdurub  edam  etdirir. ”Koroğlu”  dastanında  Çingizxan  sərkərdəsi  Subuday bahadır  ona  görə  müstəqil  Koroğlu kimi  yaranmışdır  ki, həmin  bu  şahı  tutmaq  üçün  Cebe  noyonla  keçib  getdiyi  yerlər --- qərbi  Türküstan, İran, Azərbaycan  hələ monqol  imperiyasının  tərkibində  deyildi  və  o yerlərin  insanları  bu  iki  sərkərdəni  Çingizxansız  görmüşdülər;  üstəlik, Çingizxan  özü  onlara  şahı  “ quş  olub  göyə şıxsa  da, yerə  girsə  də  tutmaq”  əmri  ilə  hərəkət  sərbəstliyi vermişdi. Amma  Bayındır  xan  başqadır; dastandan  göründüyü  kimi  o,  iyirmi  dörd  tayfanın birliyinə əsaslanan   müstəqil  bir  dövlətin  müstəqil  hökmdarıdır.  Oğuz  xanın  altı  oğlunun hərəsinin  dörd  oğlu  olmuşdu. On  iki  oğul  səma  qızından  olan  “Bozok”ların, on iki  oğul  da  Yer  qızından  olan  “Üçok”ların  idi. Bozokların  on  iki  oğlundan  törəyən  Dış Oğuzların on  iki  tayfası  Üçokların  on  iki  oğlundan  törəyən  İç Oğuzların  on iki  tayfasından  ayrı yaşasalar  da  böyük  təhlükələr  qarşısında  Bayındır  xanın  ətrafında  yumruq  kimi  birləşə bilirdilər. Amma  nə  vaxt  ?  Qudrətli  Xarəzmşahlar imperiyasının  tərkibində  ikinci  müstəqil dövlətin  olmasını  düşünmək  belə  mümkün  deyildisə  ozanlar  Oğuz  igidlərinə  qəhrəmanlıq hekayələri  qoşarkən Xarəzmşahları  görməzlikdən  gəlib  Bayındır  xanı  hakimi-mütləq  kimi tərif  etsəydilər  xalq  bunu  qəbul  edərdimi?

Demək , Xarəzmşahlardan  sonraları  axtarmaq  lazımdır.

 ( ardı  var )

Mirzə Hacıyev

***

Dədə Qorqudu düşünərkən - I Hissə
//modern.az/articles/68656/1/

Dədə Qorqudu düşünərkən - II Hissə
//modern.az/articles/68751/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI