Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı
Nizar Kabbani poeziyasından tərcümələr
Belə hara gedirəm?...
Artıq fərqində deyiləm
Belə hara gedirəm?...
Ülviyyət adlı dünyamda
Yanan sevgi məşəlini
Hər gün... Hər an hiss edirəm
Çox yaxınsan...
Hər gün... Hər an məhəbbətin
Vüsal olur həyatımda
Ömür gülüm ləçəklənir
Bağçalar da çiçəklənir
Hər gün səni xatırladan, yada salan
Şəkillər də özəlləşir
Daha bir əşya əzizləşir.
Sən oldun...
Xəyalıma gedən yolun yolçusu
Axıb durdun sözlərimdə, gözlərimdə
Qar dənələri kimi dolanırsan fikrimdə
Çətindir yoxluğuna alışmaq
Mümkünsüzdür sənsizliklə barışmaq...
Ruhum belə çaşıb qalıb bu sevgiyə
Olmasaydı o gözlərin,
Doğulmazdı şeirlərim
Könül bağında bitən fidanlar kimi
Məskən salıb şeirlərim
Səni gördüyüm an
Gecənin qaranlığında
Ulduzlar sevincimi paylaşır...
Dünya gözümdə saflaşır...
***
Bilqeyis qəsidəsi (ixtisarla)
Çox sağ olun!
Minnətdaram!
Sevgilim qətlə yetirildi!...
O günahsız şəhidimin qəbri üstdə
Şərab içib rəqs edənlər, əylənənlər...
Sizdə namus, qeyrət varmı?...
Yer üzündə bizim qədər
Azad sözə dəyər verən millət varmı?...
Qəsidəmi qətl etdilər,
Şeiriyyəti məhv etdilər
Bütün bunlar azmış kimi
O günahsız mələyimi
Qanına qəltan etdilər.
Bilqeyisim şahzadələr şahzadəsi,
Babilistan ilahəsi
İraq vadisində bitən palmaların xışıltısı,
Səhradakı tənha gülün pıçıltısı
Onun həzin nəğməsidir.
Bağdad mehi saçlarına sığal çəkir
Dövrəsində tovuz quşu,
Ahu ceyran, maral gəzir
Yerişində bir az təmkin, qürur vardır
Babil gözəli qaranlığa
Şölə saçan bir çıraqdır.
Bilqeyisim...
Sən Dəclənin sakit-sakit ləpələnən sularında
Şahə qalxan bir dalğasan
Bülbüllərin avazısan
Dəniz rəngli o masmavi gözlərinə
Ürəyimi sərinlədən sözlərinə
Sənin nurlu çöhrəndəki təbəssümə
Kimlər qıydı?...
Həyatıma məlhəm olan təbibimə
O qızılı hörüklərin sahibinə
Bağdadımın gözəlinə, mənim sarı gəlinimə
Nazlı yarım, taleyimin günəşinə
Kimlər qıydı?...
Millətin haqqın yeyənlər...
Vicdan nədir bilməyənlər...
Bizləri bitirmək üçün
Kabus kimi qarabaqara
Hey güdürlər, izləyirlər...
Telefonları dinləyirlər...
İçdiyimiz ağ suda,
Qəhvə fincanımızda
Əlimizdəki açarlarda,
Eyvandakı dibçəklərdə,
Əkdiyimiz çiçəklərdə
Oxunaqlı qəzetlərdə,
Məqalədə, oçerklərdə
Yazılan hər sətirlərdə
Çap olunan hərflərdə
Düşmən qüvvə pusqudadır.
Qəsdimizə duranlar,
Arxadan zərbə vuranlar
Azadlığı boğmaq üçün
Bizləri öldürmək üçün
Onlar fürsət gözləyirlər.
Ey insanlar duyun məni
Ala gözlü Bilqeyisim şəhid oldu!...
O dəhşətli hadisədə
İblislərin, şeytanların əli ilə
Terrorun qurbanı oldu.
Dünya!...
Sənə səslənirəm
Söylə budurmu ədalət?!...
Yaxın Şərqdə hökm sürür
Avam, nadan bir cəhalət.
Bir qadının ölümünə qıyanlara
Nə ad verim?!...
Niyə?... Nədən?... Nə səbəbə?...
Taqətim yox tükənirəm
Yaşam üçün dirənirəm
Haqq səsinin carçısına
Azadlığı cənnət sayan
Mücadilə yolçusuna
Verilən son qiymətə bax!...
Bizlərdəki ey millətim
Namusa bax, qeyrətə bax!...
Həyatımın mənasına
Söz dünyamın misrasına
Bilqeyis adlı mələyin
Ruhu ilə qidalanan
Şairin qəlb sirdaşına
Şeiriyyət yoldaşına
Kimlər qıydı?...
Nədən qıydı?...
***
Təşəkkürlər...
Təşəkkürlər...
Ümmansız sevgi üçün
O mənim son möcüzəmdir.
Xarüqələr, möcüzələr səltənəti
Qədimlərdə qalsa belə,
Sən möcüzə tacım oldun.
Qismətimə yazılan,
Rəbbimdən lütf edilən
Ən qiymətli hədiyyə,
Xöşbəxt tale payım oldun.
Başıma daim dolanan
Qanadlı pərvanəm oldun.
Bu cahana sığışmayan eşqin ilə
Könlümə, köksümə doldun
Şəfqətli, saf duyğularla
Canıma, qanıma hopdun
Təşəkkürlər...
Ümmansız sevgi üçün
O, öyrətdi...
Sevgi adlı əlifbanı,
Oxumağı, yazmağı
Gözəllikdən dadmağı.
O, tanış etdi...
Ən gözəl, mənalı sözlərlə
Ən pak, insani hisslərlə
Sevgi adlı bir məfhumun
Həcmini, dəyərini...
O, gəlişi ilə bir anda
Sildi həyatımdan bütün pislikləri
Bitirdi...
Unudulmaz zənn etdiyim xatirələri
Bəxtimə yazılan acı hadisələri.
Səmimi qəlbdən təşəkkürlər...
Müqəddəs kitablardan,
İbadət və namazlardan
Xəyalıma qonaq gələn müsafirim.
Görürəm səni röyalarımda
Bölüşürəm sevincimi, kədərimi.
Ürəyimdə həbs olunan
Ümüd qapılarımın açarısan
Kamilliyə, zənginliyə gedən yolda
Nur kimi işıq saçırsan.
Hər gecə yuxularımda
Sənə sarılıram...
İsti ağuşunda rahatlıq tapıram.
Təsəvvürlərimin müşayiətçisi
Təşəkkürlər...
Xatirələrlə dolu gündəliyimin,
Şeir dəftərlərimin arasında
Gizlincə özünə sığınacaq,
İsti yuva axtaran
Ürkək sərçəcik kimi
Məsum üzünə təşəkkürlər...
Mənimləsən...
Yaşayırsan şeirlərdə,
Hər yazılan sətirdəsən
Misralarda, kəlmələrdə
Söz dünyamda, içimdəsən,
Sən həmişə mənimləsən...
Bunun üçün təşəkkürlər...
Əyləşmisən...
Barmaqlarımda... Qələm tutan əlimdəsən
Ruhumu oxşayan ilham pərimsən
Təşəkkürlər...
Həyatım... Nə yaxşı varsan...
Hər an yanımdasan...
Ondan xoş bir müjdə aldım
Bu xəbərdən quş misali
Göy üzünə pərvazlandım
O, bir mələk...
Məlik olaraq məni gördü,
Əmir kimi məni seçdi.
İnsanlar içində tək məni sevdi
Şah tacını başıma qoydu.
Büsbütün vücudumu
Yasəmən suyuna qərq etdi.
Bu iltifatın üçün təşəkkürlər...
Təşəkkürlər...
Məni ikram etdin ədəb adlı məfhuma,
Ustadım oldun...
Əlimdən tutaraq həyat elmlərini öyrətdin
Aqillərin, alimlərin cənnətinə gedən yolda
Körpü oldun...
Təşəkkürlər...
Hər şey üçün...
Təşəkkürlər...
Təşəkkürlər...