Modern.az

Şirməmməd Hüseynovun dərsləri

Şirməmməd Hüseynovun dərsləri

Ədəbiyyat

17 Dekabr 2014, 10:39

 

Yadigar Cəfərli

...İlk dəfə gözümü televizora tərəf açanda bu qəribə qutunun ağ-qara ekranında gördüyüm sifətlərdən birinin də məhz Ona məxsus olduğunu xatırlayıram. 
Amma, nə gizlədim, apardığı verilişi heç sevməzdim. Başlanğıcdakı tanış musiqini eşidən kimi, bir küncə çəkilib yuxuya getməyə çalışardım. Bu hissi, səhv xatırlamıramsa, Xalid Hüseynin “Çərpələng uçuran”ında olduğundan sərrast təsvir etmək mümkün deyil: “Uşaqlar qorxduqları an qorxudan gizlənmək üçün yatmağa çalışırlar”.

Mən də bu verilişdən qorxurdum. Çünki ötən əsrin 80-ci illərinin əvvəllərində üstündə ilk addımlarımızı atdığımız “Planetimizin mənzərəsi” onda da, topu, tüfəngi, atom bombası, əsgərləri ilə xeyli qorxunc idi... Aradan illər keçdi, tale elə gətirdi ki, onu həyatda ilk dəfə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin uzun, darısqal dəhlizində gördüm. İkinci kursun əvvəllərindən isə Şirməmməd Hüseynov bizim də dərsimizi verməyə başladı və elə təkcə o dərsləri xatırlasaq, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gəlib-getməyə sərf edilmiş o bir neçə ilə görə heyfslənməmək üçün xeyli əsas tapa bilərik.

Onunla tələbələr arasında həmişə keçilməz sədd vardı. Dərsə azca gecikdinmi, içəri buraxmazdı. Yeri gələndə kimlərisə söyüb-acılamaqdan belə çəkinməzdi. «Сволочь» sözünün əsəbiləşmiş adamın dilində necə “möhtəşəm”, “ürəkdən tikan çıxaran” bir tərzdə səsləndiyini də, ilk dəfə, Onun mühazirənin şirin yerində qapını açıb dərsə mane olan hansısa tələbəyə qəzəbində müşahidə etmişəm. 
Bax belə, son dərəcə sərt və prinsipial...



Amma bircə məqamı lap dəqiqliklə xatırlayıram ki, bunca sərtliyə, prinsipiallığa rəğmən 60 nəfərlik auditoriyanın ən intizamsız üzvləri də Şirməmməd müəllimin, adətən cədvəl üzrə ilk saatlara salınan dərslərinin birini də qaçırmamaqdan, onun verdiyi hər maraqlı məlumatdan, ətraflı izahdan sonra gülümsünüb şirin Şəki ləhcəsi ilə “Bildin nə deyirəm?” sualını eşitməkdən ötrü səhər erkəndən universitetə qaçardılar.
Müəllim xoşbəxtliyi də, deyəsən, elə budur... 
Bu səhər 90 yaşının tamam olduğunu oxudum və xalq yazıçışı Elçinin bir vaxtlar mərhum bilim adamı Qulam Məmmədli haqqında yazdıqlarını xatırladım. Yazıçı nə vaxtsa Şərq ölkələrindən birində qarşılaşdığı qocaman bir meyvə ağacını təsvir etmişdi. Az qala min il yaşı olan bu ağac əsrlərin gövdəsində, budaqlarında qoyduğu izlərə, açdığı naxışlara rəğmən hər il çiçək açıb bol meyvə gətirirmiş. 
Bu gün böyük gənclik şövqü ilə arxivlərdə çalışan, yazan, yaradan Şirməmməd Hüseynovun qələmindən çıxan nəşrlər də onun yetirdiyi ən lətif meyvələrdir.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI