Modern.az

Çingiz Abdullayev: “Hökumət maşınından imtina etmişəm, 20 ildir maaş almıram” - FOTOLAR

Çingiz Abdullayev: “Hökumət maşınından imtina etmişəm, 20 ildir maaş almıram” - FOTOLAR

Ədəbiyyat

17 Dekabr 2014, 16:33

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon təşkilatının inzibati binasında Azərbaycan  Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayevin  rayon gəncləri ilə  görüşü keçirilib.
Modern.az xəbər verir ki, görüşdə çıxış edən  xalq yazıçısı Çingiz Abdullayev öz yaradıcılıq yolundan, yazdığı son əsərlərdən və onları yazan zaman  keçirdiyi hisslər barədə düşüncələrini  gənclərlə bölüşüb. Detektiv əsərlərin müəllifi  binəqədililərlə  görüşündən məmnun olduğunu bildirib və bu rayonun onun üçün doğma olduğunu demişdir:

“İçərişəhərdə doğulsam da  bu rayonla bağlılığım çoxdur.  Mənim ana  tərəfim binəqədili, atam isə Qarabağlıdır. Bu gün Binəqədidə xeyli qohumlarım yaşayır. Binəqədi sakinləri həmişə sadəliyi, xeyirxahlığı və zəhməti ilə seçilən insanlar olublar”.
Gənclərlə görüşündə xalq yazıçısı mərhum Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasındakı rolundan danışıb və onunla bağlı xatirələrindən söz açıb. O əsərlərində Heydər Əliyevin  həyatı və fəaliyyətinə geniş yer verildiyini də xatırlayıb. Yazıçı həmçinin Prezident İlham Əliyevin indi ki, dönəmdə xalq üçün böyük işlər gördüyünü də diqqətə çatdırıb.    

Ç.Abdullayev müxtəlif dillərdə nəşr olunan kitabları barədə ətraflı məlumat verub. “ Mən 45 yaşımda xalq yazıcısı adına layiq görülmüşəm.  Prezidentin sərəncamı televiziyada elan ediləndə heç özümə inanmırdım. Düşünürdüm ki, bəlkə bu bir zarafatdır. Mənə bu adı verənlərə çox minnətdaram. Tanınmış hüquqşünas olmasam da, tanınmış yazıçı oldum”.   


Dünyanı dərk etmək üçün kitab oxumağın vacibliyindən danışan xalq yazıçısı dil öyrənməyin əhəmiyyətindən də söz açıb.

“Dil bilməmək böyük nöqsandır”-deyə, yazıçı iki və daha artıq dil öyrənməklə insanın daha da inkişaf etdiyini vurğulayıb. Kitablarının satılmağından razı qaldığını söyləyən Ç.Abdullayev onların çapından qazandığı pulla yaşadığını  söyləyib:
“Mən yalnız kitablarla yaşayıram. Mənim mağazalarım, restoranlarım yoxdur. Bu o demək deyil ki, şikayətlənirəm. Ancaq mən ömür boyu işləməsəm, acından ölmərəm. Mən sizə açıq deyim, AYB-də yeganə katibəm ki, hökumət maşınım yoxdur, 10 ildir ki, imtina etmişəm. Sürücülər də, maşınlar da özümə aiddir. İyirmi ildir ki, Azərbaycanda nə maaş, nə qonorar, nə də bir qəpik pul alıram. Hamı da bilir ki, bütün pullarımı qaçqın və uşaq evlərinin hesabına köçürürəm. Düzdür, dünyada tanınmış bəzi yazıçılar kimi qazanmıram, ancaq qazandığım qonorar mənə kifayət edir. Mənim kitablarım əsasən Belarusda, Ukraynada, Rusiyada çıxır. Bu ölkələrdə isə qonorar çox deyil. Amma kitabım Avropa ölkələrində çıxanda, təbii ki, qazancım çox olur. Bu günlərdə  “Zaman” nəşriyyatı ila müqavilə bağlamışam”.

Ç.Abdullayev alban dilinə tərcümə olunan yeganə Azərbaycan yazıçısı olduğunu  tədbir iştirakçılarının nəzərinə çatdıraraq  bildirib ki, onun əsərləri 28 dilə tərcümə olunub: “Çox adam deyir, mən də yazardım. Nə deyirəm, yaz. Bu qələm, bu da sən. Həmişə yazıçı  Anar deyir ki, sən maraqlı adamsan, kimsə sənin haqqında mənfi fikir deyəndə heç kimə heç nə demirsən. Mən də ondan soruşdum ki, səni milçək dişləyəndə nəsə edirsən? Mənim 26 milyon kitabım var. Qoy onun da 1 milyon kitabı çıxsın, çəkidə eyni olaq”.

Azərbaycanda kitab oxuyanların sayı çox az olduğundan gileylənən xalq yazıçısı bu istiqamətdə ciddi işləri aparılmasının vacib olduğunu da diqqətə çatdırıb: “2010-cu ildə  Sankt-Peterburqda kitab oxuyanların faizini müəyyənləşdirmək üçün sorğu keçirilib. Nəticədə məlum oldu ki, şəhər əhalisinin 64 faizi kitab oxuyur. Orada yaşayanlar bunu utanc bildilər ki, çox azdır. Bu göstərici Gürcüstanda 47 faiz, Ermənistanda 39 faiz,  bizdə isə 11 faizdır. Ancaq mən eşidəndə dedim ki, bu saxtadır. Bizdə cəmi 3 faiz kitab oxuyan var. Bəzən televiziyada sorğu aparırlar ki, son bir ildə hansı kitabı oxumusan. Tələbələrin bəziləri deyir ki, heç nə. Əslində elə həmin günü onun rektorunu işdən çıxarmaq lazımdır. Necə yəni tələbə təhsil alır, ancaq bir ildə 1 kitab oxumur? Lakin bu həqiqətdir. Biz istəyirik, bu vəziyyəti dəyişdirək”.

Ç.Abdullyev Azərbaycanda kitab mağazalarının azlığından da gileylənib: “Bu gün ölkə üzrə çəmi 8 kitab mağazası fəaliyyət göstərir. Bu vəziyyət istər istəməz narahatlıq doğurur. Neçə olur ki, təkcə Tiflis şəhərində 78 kitab mağazası olduğu halda bizdə bu göstərici qat-qat aşağıdır. Bu ondan xəbər verir ki, ölkədə təhsillə bağlı ciddi problem mövcuddur. Bu vəziyyət eyni zamanda gənclərin vətənpərvərlik hisslərinə də mənfi təsir göstərir. Mən tövsiyə edirəm  ki, gənclərimiz daha çox kitab oxusunlar”.  

Xalq yazıcısı son aylar Binəqədi rayonunda gedən abadlıq –quruculuq işlərinə də münasibətini açıqlayıb. Üç saat davam edən görüşün sonunda yazıcı görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.  

Tədbirə yekun vuran YAP Binəqədi rayon təşkilatının sədri  Ramiz Göyüşov Binəqədi gəncləri ilə görüşə gəldiyi üçün yazıçıya öz təşəkkürünü bildirib.

Daha sonra xalq yazıçısı gənclərlə xatirə şəkilli çəkdirib və imzaladığı kitablarını gənclərə paylayıb.









Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI