Modern.az

Azərbaycan dilinin genetik kökləri - III Məqalə

Azərbaycan dilinin genetik kökləri - III Məqalə

27 Dekabr 2014, 15:01

filologiya üzrə elmlər doktoru, professor

Azərbaycan sözünün mənbələrdə işlənməsi onu təsdiq edir ki, bu kəlmə ərazi və dil adı kimi tarixən mövcud olmuşdur. Lakin bu mənbələrdən xəbərsiz olanlar (bəzən isə xəbərləri olanlar heç bu mənbələrin adını da çəkməmişlər) Azərbaycan sözünün ərazi və dil adı olmasının qədim tarixi köklərini nəzərə almamış və süni şəkildə həqiqəti təhrif etmişlər. Həqiqətin təhrif olunmasında İran və Sovet tarixşünaslığının mövqeyi üst-üstə düşmüşdür. Vaxt ilə Seyid Əhməd Kəsrəvi Tehranda “Azəri, ya zəbane bostane Azərbaycan” (“Azəri, yaxud qədim Azərbaycan dili”) adlı əsər çap etdirmişdir. Başdan-ayağa cəfəng fikirlərlə dolu olan bu əsərdə Azərbaycan xalqının dili, tarixi, ərazisi qərəzli və Azərbaycanın əleyhinə olan şovinist mövqedən “tədqiq edilmiş”dir. Onun əsərində siyasi dairələrin məqsədli şəkildə apardıqları təbliğatın təsiri aydın şəkildə hiss olunur. Çox haqlı olaraq M.Hacıyev Seyid Əhməd Kəsrəvinin mənbələrə əsaslanmayan, faktlara söykənməyən bu fikrinə etiraz edir: “Yalnız bir neçə il bundan əvvəl “Qafqaz Azərbaycanı” adlanmağa başlanan Bakı vilayətinin adı Aran olmuşdur...

Əgər qafqazlı qardaşlarımız öz yeni yaranmış ölkə və millətlərinin qədim adını saxlayıb, onu “Aran” adlandırsaydılar, daha yaxşı olardı, onlara qarşı heç kəsin sözü və etirazı da ola bilməzdi. Bəzi qədim müəlliflərin “Azərbaycan” adını daha genişləndirib Aran şəhərlərini də ona daxil etmələrinə baxmayaraq, demək lazımdır ki, o vilayət heç vaxt Azərbaycan adı daşımamışdır” (Bax: Maqsud Hacıyev. Öz dilim – vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.166).

Deməli, Seyid Əhməd Kəsrəvi mənbələri nəzərə almadan Azərbaycan adı ilə razılaşmamışdır və Bakı vilayətinin adını Aran adlandırmışdır. Halbuki Azərbaycan ərazisi yalnız Bakı vilayətindən ibarət deyildir. Aran adına gəldikdə isə bu ad Azərbaycan ərazisinə daxil olan vilayətlərdən biridir. Həm də yuxarıda M.Kaşğarinin (XI əsr) və Məhəmməd Naxçivaninin (XIV əsr) əsərlərində, eləcə də digərlərində Azərbaycan sözünün işlənməsi təsdiq edir ki, Seyid Əhməd Kəsrəvi mənbələrə və faktlara düzgün yanaşmamışdır. Bu mənada M.Hacıyevin fikri və mövqeyi də əsaslı olduğu qədər də elmidir. O, Seyid Əhməd Kəsrəvinin dəlilsiz-sübutsuz fikrinə qarşı yazır: “...Aran adı müstəqil dövlət adı deyil, vahid Azərbaycanın bir vilayətinin adı olmuşdur. Azərbaycanın Qəzvin, Zəncan, Şamaxı, Gəncə və s. vilayətləri kimi. Ona görə də bəzi tarixçilər Azərbaycanın şimal hissəsindən bəhs edərkən, onu Aran deyil, ümumi adı ilə Aderbadakan, Azərbayqan, Azərbaycan və s. şəkillərdə adlandırmışlar. Azərbaycan adını inkar edənlər sırasında İran və Sovet tarixşünaslığının xeyli “xidmət”i olmuşdur. Bu “xidmət”də İranla Sovetlər İttifaqının mövqeyi üst-üstə düşmüşdür. İranla Sovetlər İttifaqının mövqeyinin üst-üstə düşməsi bir sıra səbəblərlə bağlı olmuşdur. Birincisi, İran heç vaxt Azərbaycanın müstəqil olmasını ürəkdən istəməmişdir. Ona görə ki, Azərbaycanın müstəqil və güclü olması İranın tərkibində olan Cənubi Azərbaycanın da müstəqillik tələb etməsi ilə nəticələnə bilər. İkincisi, Azərbaycanın müstəqil olması Sovetlər İttifaqını və onun siyasi karyerasını heç vaxt razı salmamışdır. Beləliklə, Azərbaycana olan münasibətdə İranla Sovetlər İttifaqının mənafeyi bir-birini tamamlamışdır. Həm də İranın və Sovetlər İttifaqının apardığı siyasəti qəbul edən dövlətlər də (eyni zamanda öz maraqları naminə bu məcburiyyətdə qalanlar) istər-istəməz Azərbaycana qarşı qeyri-obyektiv münasibətə haqq qazandırmışlar.

İranın hakim dairələri, millətçi şovinistləri nəinki türk dilinin, eləcə də Azərbaycan dilinin işlənməsi və yayılması arealına həmişə qısqanclıqla yanaşaraq onlara qarşı müqavimət göstərmişlər. Bununla da Azərbaycan dilini fars dilinin içərisində əritməyə çalışmışlar. İş o yerə çatıbdır ki, genetik, fonetik-qrammatik cəhətdən İran dillərindən fərqlənən Azərbaycan dilinin kökünü saxtalaşdıraraq onun İran dilinin özülü üzərində qurulması fikrində bulunublar. Bununla da, Azərbaycan dilini sıxışdırmaq, öz içərilərində əritmək, nəyin bahasına olursa-olsun bu xalqın ədəbiyyatına, mədəniyyətinə yiyə durmaq İranın siyasi dairələrinin əbədi mövqeyi olmuşdur. Əsl həqiqət isə tamam başqadır. Həqiqət əvəzinə yalan, böhtan yazmaq Kəsrəvidən başlamışdır. Sonradan isə saxta tarix yaratmaq yolunda xeyli “işlər” aparılmışdır. Artıq tarixin necə saxtalaşdırıldığı aşkar olunur, əsl həqiqət üzə çıxır. Odur ki, Nasir Purpirar “On iki əsr sükut!” adlı kitabında yazır: “Yüzlərcə sənədin qərəzsizcə araşdırılması göstərir ki, yəhudilərin sifarişi və arxa duruşu ilə Həxamənişlər (Əhəmənilər – B.X.) adı ilə “İran” tarixinə girən qövm qətiyyən yerli və “İran”lı olmamışlar. Şayəd onları yerli olmayan yeganə mühacir qəbilələr kimi anlamaq olar ki, miladdan öncə 650-ci ildə və ya daha doğrusu Babilin süqutundan qısa bir zaman öncə Babilə, Beynəlnəhrinə və sonra da “İran”a soxulmuşlar” (Nasir Purpirar. On iki əsr sükut! (çevirən: Güntay Cavanşir). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2002, s.268).

Azərbaycan dili və tarixini saxtalaşdıranlardan biri də Əbdül Əli Karəng olmuşdur. Onun yanlış və əsassız fikirləri etirazla qarşılanmışdır: “...Əbdül Əli Karəng 1959-cu ildə İranda nəşr olunmuş bir əsərində müasir fars dilini, yaxud, İran dillərinin bir-birinə çox yaxın olan, yalnız bir sıra fonetik fərqlərlə ayrılan müasir İran dillərini Azərbaycanın türk dilinin (XI-XII əsrə qədərki dilinin) anası-özülü hesab edir.

Hal-hazırda da İranın hakim dairələri Cənubi Azərbaycanda dilimizi sıxışdırıb aradan çıxartmaq üçün az cəhd etmirlər. İndi də İranın islam hakim dairələri bu müəlliflərin əsərlərini əllərində bayraq edərək, deyirlər ki, azərbaycanlılar yenidən öz qədim dillərinə - yəni fars dilinə qayıtmalıdırlar” (Bax: Maqsud Hacıyev. Öz dilim – vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.168). Göründüyü kimi, azərbaycanlıların qədim dilini fars dili hesab etmək böhtançı, şovinist, millətçi təmayüldən başqa bir şey deyildir. Azərbaycan və fars dilləri bir-birindən fərqli dil ailəsinə aid olduğu halda, bunları eyni köklü dil hesab etmək dilimizin, xalqımızın tarixini göz görə-görə ağlasığmayan bir şəkildə saxtalaşdırmaqdır. Məqsəd isə aydındır. Təki azərbaycanlılara məxsus mədəniyyət, ədəbiyyat, dil etnoqrafiya və s. farslara aid edilsin, yaxud da azərbaycanlılar fars köklü bir millət kimi təqdim olunsun. Bununla da farsların siyasi dairələri Azərbaycanın maddi-mənəvi, tarixi-etnik, dövlətçilik, sosial-siyasi və s. bazasına yiyə durmaqla özlərinə zəngin bir tarix yaratmaq iddiası ilə beyinləri zəhərləyir, gərəkli tarix səhifəsini saxtakarlıqla doldururlar. Bəs onların özləri kimlərdir? Bu barədə “On iki əsr sükut!” kitabında xeyli təhlillər vardır. Təhlillərin, araşdırmaların nəticəsi kimi oxuyuruq: “İran”da qətiyyən Pars adında bir ölkə və tarixdə qətiyyən Parslar adında bir qəbilə və qövm olmamışdır. Yəhudi tarixçiləri ilə eyni görüşləri və hədəfi paylaşan öz tarixçilərimiz bu saxta sözü gündəmdə saxlamaqla, əski İran qövmlərinin viranedici vəhşi axınçı qövmə söyüş kimi söylədikləri Pars sözünü saxtalaşdıraraq və bu sözə tarixən, ifadə etmədiyi bir mənanı yükləyərək, milli vəhdət və birliyi pozmağa çalışmışlar” (Nasir Purpirar. On iki əsr sükut! (çevirən: Güntay Cavanşir). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2002, s.273). Pars//Parse sözünün mənası barədə yazılır: “İran” xalqları bu tanınmaz, kimliksiz və qaniçən qövmü “Parse” olaraq adlandırdı. Bu ləqəb əski “İran”da, indiki “İran”da və Midiya və Elam lüğətnaməsində “dilənçi, sülənən və işğalçı” olaraq anlaşılmaqdadır. Bu ləqəbdən fars dilində “pərse zədən (veyllənmək, avaralanmaq)” sözü düzəldilmişdir və hətta İran xalqları köpəyin əsəbi hürüşünü köpəyin hürüş səsinə uyğun olaraq “Pars” adlandırmışdır” (Nasir Purpirar. On iki əsr sükut! (çevirən: Güntay Cavanşir). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2002, s.273).

Özünü üstün tutmaq, başqa millətlərə yuxarıdan aşağı baxmaq, fars şovinizminin tarix boyu tutduğu mövqe olmuşdur. Bu, həm də İranın apardığı siyasətin tərkib hissəsində həmişə məqsədli şəkildə özünü göstərmişdir. Xüsusilə, İrandakı azərbaycanlılar və onların dili, şimaldakı azərbaycanlılar və onların qurduğu dövlət fars şovinizminin həmişə narahatçılığına səbəb olmuşdur. Tarix boyu azərbaycanlılara, Azərbaycan dilinə qısqanc münasibət hiss olunmuşdur və indi də hiss olunmaqdadır. Azərbaycanlılara və Azərbaycan dilinə bu cür düşmən münasibət barəsində bir faktı qeyd etmək yerinə düşər. Düzdür, biz bu faktın getdiyi mənbə olan “Azərbaycan” qəzetini (N 56, 8 noyabr, 1946) axtarsaq da, tapa bilmədik. Görünür ki, belə dəyərli faktların getdiyi mənbələri hansı yollasa (?!) yoxa çıxartmışlar. Ancaq bununla belə, həmin faktı ilk mənbədən əldə edə bilməsək də, burada verməli oluruq. Belə ki, doğma dilini dərin məhəbbətlə sevən Firudin İbrahimi “Ana dilimizin düşmənləri” adlı məqaləsində yazırdı: “Mənim pasportum Azərbaycan dilində yazılmışdı (Cənubi Azərbaycanda qurulmuş demokratik hökumət zamanında Azərbaycanın dövlət dili Azərbaycan dili idi. – M.H.). Fransaya viza almaq üçün mən (yəni Firudin İbrahimi – B.X.) pasportumu İranın xarici işlər nazirliyinə təqdim etdim... İdarə məmurları mənim pasportumu Azərbaycan dilində gördükdə ildırım vurmuş adamlar kimi mat qaldılar. Mənə: - Ağa, bağışlayın, biz bu pasportu qəbul edə bilmərik. Çünki, azərbaycanca yazılmışdır, bu rəsmi dil deyil – deyə pasportu əldən-ələ ötürdülər. Pasportum bütün idarələri dolandı... Pasportun Azərbaycan dilində yazılması Xarici İşlər Nazirliyi üçün çətin həll olunan bir məsələ açmış və ömürlərini idarə stolunun dalında çürütmüş bürokratlar üçün  əngəl olmuşdu” (Bax: Maqsud Hacıyev. Öz dilim – vicdanım, iftixarımdır. – Azərbaycan. N 8, 1990, s.169). Budur, Cənubi Azərbaycanda azərbaycanlılara və Azərbaycan dilinə olan münasibət. Bu cür düşmənçilik münasibətinin nəticəsidir ki, İranda 30 milyondan çox azərbaycanlının yaşamasına baxmayaraq, Azərbaycan dilində məktəb, təhsil yoxdur.

Azərbaycanın tarixi coğrafiyası indikindən qat-qat geniş areallı olmuşdur. Bunu “Azərbaycanın tarixi coğrafiyası” kitabındakı tərtib olunmuş xəritələr də təsdiq edir (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987.). F.Məmmədovanın (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.36-41) (b.e.ə. III əsr – b.e. VII əsri), N.Vəlixanovun (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.74) (ərəb işğalından sonrakı dövrdə Azərbaycanın tarixi coğrafiyasını əks etdirən), M.X.Şəriflinin” (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.89 -91) (Azərbaycan ərazisində IX-XII əsrlərdə yaranmış feodal dövlətlərinin – Şirvanşahlar, Məzyədilər, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər və Naxçıvanşahlar), V.Z.Piriyevin (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.104-105) (Azərbaycan torpaqlarının XIII-XIV əsrlərdəki tarixi coğrafiyası), O.Ə.Əfəndiyevin (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.115-116) (Azərbaycanın XV-XVI əsrlərdəki tarixi-coğrafi hüdudları), Ə.Ə.Rəhmani və F.M.Əliyevin (Bax: Историческая география Азербайджана. “Елм”, Баку, 1987, s.125) (Azərbaycanda XVI əsrin sonu – XVIII əsrlərdə sərhədlər və inzibati bölgü) tərtib etdikləri xəritələr Azərbaycan tarixinə dair vacib və mühüm məlumatlar verməklə yanaşı, həm də Azərbaycan dilinin işlənmə arealının tarixən geniş olması barədə də müəyyən təsəvvürləri əhəmiyyətli dərəcədə dərinləşdirir. Yeri gəlmişkən qeyd edək ki, Manna, Midiya, Atropatena, Albaniya dövlətləri Azərbaycanın tarixi coğrafiyasının hüdudları içərisində mövcud olan dövlətlərdir.

Manna, Midiya (Maday), Atropatena, Albaniya dövlətləri Azərbaycan türklərinin dövlətləridir və orada müxtəlif etnoslar da yaşamışdır. Əgər belə demək olarsa, Mannada yaşayan Manna xalqı, Midiyada (Madayda) yaşayan Midiya (Maday) xalqı, Atropatenada yaşayan Atropaten xalqı, Albaniyada yaşayan Alban xalqı Azərbaycan türklərinin nüfuzundan, üstün mövqeyindən kənarda deyildir. Deməli, Manna, Midiya (Maday), Atropatena, Albaniya adları ümumiləşmiş ad kimi türk mənşəli tayfaların üstünlüyünə və aparıcı roluna məxsusdur, aiddir.

Azərbaycan dilinin tarixindən bəzi məqamlar

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikasının dövlət dili olması məsələsi təsbit olundu. Rəsmi dövlət dili statusu almış Azərbaycan dilinin inkişafı üçün daha da münbit şərait yarandı.

Azərbaycan tarixinin yaxın keçmişində Azərbaycan dili təqib və təzyiqlərə məruz qalmış, əslində nüfuzunu, rəsmi dövlət dili kimi statusunu itirmişdi. Azərbaycan dilinə qarşı qısqanc, qərəzli və ədalətsiz münasibət 1956-cı ildə Azərbaycan Konstitusiyasında “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” maddəsi olanda da davam etmişdir. O vaxtın özündə də iclasların, qəzetlərin, rəsmi dövlət adamlarının dili Azərbaycan dili olmayıb və kargüzarlıq işləri doğma ana dilimizdə aparılmayıbdır. 1950-ci illərdəki siyasi rejim “sovet ailəsi”, “sosialist milləti”, “məzmunca sosialist, formaca milli” mahiyyət kəsb etmiş, milli təmayüllərə millətçilik damğası vurmuşdur. Bu mənada “Azərbaycan dili dövlət idarələrində”, “Yüksək dil mədəniyyəti uğrunda”, “Azərbaycan ədəbi dilinin bəzi məsələləri haqqında” və s. məqalələr 1950-ci illərdə Azərbaycan ədəbi dili və onun işləkliyi barəsində geniş təsəvvür yaradır. 1956-cı ildə yazılmış “Azərbaycan dili dövlət idarələrində” məqaləsinin məzmunundan aydın olur ki, həmin vaxt Azərbaycan xalqının dövlət idarələrində ana dilini işlətmək hüququ olsa da, reallıqda vəziyyət tamam ayrı cür idi. Məqalədə yazılır: “Respublikamızda Sovet hakimiyyətinin birinci on ili ərzində dövlət idarələrində Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət verilir və təhriflərin qarşısı alınırdı. Lakin təəssüflə demək lazımdır ki, son on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir. Bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da tamamilə cavabsız buraxan bürokratlar da tapılır”. Əlbəttə, bu cür fikirlər bir şəxsin deyil, yüzlərlə ziyalımızın Azərbaycan dilinin işlənməsinə maneçilik göstərənlərə qarşı qəzəbi və etirazı, o dövrdə milli mədəniyyətin, milli dillərin inkişafına əngəl törədənlərə qarşı mübarizəsi kimi başa düşülməlidir.

Hələ keçən əsrin ortaları, 1950-ci illərdə Azərbaycan dilini yalnız məişət, ədəbiyyat dili kimi məhdudlaşdırmaq, iqtisadi, ictimai həyatın müxtəlif sahələrində, o cümlədən dövlət idarələrində geniş şəkildə işlənməsi imkanını azaltmaq meyilli qüvvələr “məharətlə” mübarizəyə girişirdilər. Onlar dövlət idarələrində məsul vəzifələr tutaraq Azərbaycan dilinin işlənməsinə laqeyd münasibət bəsləyir, ana dilimizin və bu dildə danışan xalqımızın hüquqlarını pozurdular. Bu barədə “Azərbaycan dili dövlət idarələrində” məqaləsində yazılırdı: “Belə bürokratlarla mübarizə bütün partiya və sovet təşkilatlarının, bütün vətəndaşların borcudur. Respublikanın dövlət, partiya və ictimai təşkilatlarında Azərbaycan dilinə etinasızlıq göstərən şəxslər kobud səhvə yol verirlər. Bəziləri də idarənin “xüsusiyyətini” bəhanə gətirirlər. Məsələn, deyirlər ki, Maliyyə Nazirliyi sistemində guya Azərbaycan dilini işlətmək çətindir və sair. Bu bəhanələrin əsassız və puç olduğu aydındır”. Deməli, milli dilin -- Azərbaycan dilinin işlənməsinə qarşı əsassız qaydalar qoyulurdu. Halbuki həmin illərdə də Azərbaycan dili ədəbi dilin bütün tələblərinə, normalarına tam şəkildə cavab verir və lüğət tərkibinin, qrammatik quruluşunun zənginliyi baxımından dövlət dili səviyyəsində dura bilirdi.

Azərbaycan dilinin dövlət idarələrində hüquqlarını bərpa etmək istəyində olanlardan biri də Mirzə İbrahimov idi. Şübhəsiz ki, o, Azərbaycan dilinin dövlət idarələrində işlənməsinin mahiyyətini dərindən başa düşürdü. Ona görə də yazırdı: “Dövlət idarələrinin Azərbaycan dilində aparılması o demək deyildir ki, azərbaycanca bilməyən bir vətəndaşı cavabsız buraxasan, yaxud onun şikayətinə anlamadığı dildə cavab verəsən. Təbiidir ki, bu da yanlış bir hərəkət olar. Belə vətəndaşlara rus dilində cavab vermək, yəni onu başa salıb təmin etmək lazımdır”.

Azərbaycan dilinin canlı ünsiyyət vasitəsi kimi işlənmə arealı da əsas şərtlərdən sayılır. Dilin təbiəti də insanın təbiəti kimidir. Belə ki, onu qorumaqla yanaşı, qayğı göstərmək və işlənməsinə münbit şərait yaratmaq lazımdır. Bunun üçün, hər şeydən əvvəl, dilin mənəvi haqqını başa düşmək, onun hüquqi statusuna hörmət etmək, qanuni fəaliyyətini tənzim etmək ən vacib işlərdən biri sayılmalıdır. Məhz bu mənada da Mirzə İbrahimov Azərbaycan dilinin haqqını qanun çərçivəsində tələb edərək yazırdı: “Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin azərbaycanca aparılması isə qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Sovet quruluşunda bu, hər bir xalqın pozulmaz hüququdur. Bu hüquqa hörmət etmək hamının vətəndaşlıq borcudur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI