Modern.az

Əziz dost, nə vaxt qayıdıb gələcəksən?!

Əziz dost, nə vaxt qayıdıb gələcəksən?!

Ədəbiyyat

12 Yanvar 2015, 11:14

filologiya üzrə elmlər doktoru, professor

14 mart 2014-cü il... Sübh tezdən işə gedirdim. İşə piyada gedirdim. Birdən əl telefonuma zəng gəldi. Baxdım ki, zəng vuran dostumuz Seyiddir. Onun adı Cavanşirdir, ancaq əsil – nəcabətli seyid nəslindən olduğu üçün ona bütün dostlar belə (Seyid) deyirlər. Fikirləşdim ki, bu vaxt nə zəngdir, görəsən. Heç ağlıma gəlmədi ki, onun mənə verdiyi xəbər bu qədər acı olarmış. Seyid telefonda mənə dedi ki, Suraxanıya gəl. Dedim nə olub. Dedi ki, gəl, bilərsən. Əl çəkmədim, dedim ki, nə olub. Gördü ki, əl çəkmirəm. Dedi ki, dostumuz İbrahim yoxdur. Dedim ki, necə yəni yoxdur?! O dedi ki, yoxdur da... İnfarkt oldu, dünyasını dəyişdi. Qolumdakı saat səhər tezdən 637 dəqiqəni göstərirdi. Yer – göy başıma fırlandı. Özümün özümlə söhbətim belə oldu:

Soyuqmuş bu qara torpağın üzü
Ay Seyid, sən bunu hardan bilirsən?!
Günbəgün, aybaay üyüdür bizi
Ay Seyid, sən bunu hardan bilirsən?!

Bunları babamız, nənəmiz deyib,
Bunları atamız, anamız deyib,
Kim deyib, düz deyib, çox təmiz deyib,
Ay Seyid, sən bunu hardan bilirsən?!

Ay Seyid, bu nə dərd, bu nə xəbərdi,
Ömrümün bu çağı qəddimi gərdi.
Bəlkə bir yalandı, ya kimsə gördü?!
Ay Seyid, sən bunu hardan bilirsən?!

***


Bu bəd xəbərdən 3-4 gün əvvəl bazar günü görüşmüşdük. Mənə zəng vurmuşdu ki, sizə gəlirəm. Dedim ki, gözləyirəm, gəl. Gəldi xeyli söhbət etdik. Həmişə olduğu kimi ruhlu idi, həyat eşqi güclü idi. O qədər sevinirdi ki, hərəkətlərində də sevincini gizlətmirdi. Hətta pianinoda öz bildiyi kimi, özünəməxsus şəkildə bir mahnı da ifa etdi. Planlarımızdan, görəcəyimiz işlərdən danışdıq. Bir-birimiz barədə xoş sözlər dedik. Həmişə olduğu kimi zarafatımızdan da qalmadıq. Məndən ayrılanda həyətə qədər birlikdə çıxdıq. Həyətdə də xeyli söhbət etdik.  Məndən ayrılanda dedi ki, üzümüzə gələn həftənin ya altıncı, ya da bazar günü dostlarla birlikdə görüşəcəyik. Bu görüşümüzün olacağına arxayın oldum və onunla nə zəngləşə bildim, nə də görüşə bildim. Hərdən özümü qınayıram ki, bəlkə zəngləşərdik, bəlkə görüşərdik. Bəlkə zəngləşsək, bəlkə görüşsək, bu hadisə baş verməzdi. Açığı deyim ki, bu bəlkələr də məni yaman yorur. Nə isə... Artıq bu bəlkələrdən keçib. Artıq ağlıma gəlməyən, yatsam belə, yuxuma girməyən hadisə baş verib. Artıq İbrahim onu tanıyanların hər birindən ayrı düşüb. O, hər gün, hər an onu tanıyanları, onun dostlarını, onun əzizlərini, doğmalarını ağladır. Onda insanı hisslər, duyğular o qədər güclü idi ki, onun fiziki yoxluğu ağlatmaya bilmir. Bu ağrı hamını – dostu, tanışı, qohumu, qardaşı, bu hadisəni eşidən hər bir kəsi ağlatdı, ağladır və ağladacaqdır.

Ağladı

Ürəyin qəflətən susdu həmin gün
Göy üzü buluddan qara bağladı
Dost-aşna matəmə büründü bütün,
Adını eşidən bəndə ağladı.

Çatanda xəbərin yaxına, yada,
Hamını bir anda qaladı oda.
Son anda dayın da yetmədi dada,
Çalışıb-vuruşub gendə ağladı.

Əzəldən bağlıydın ölümsüzlüyə
Bu qədər vədəsiz köç etdin niyə?
Ömrünü xərclədin dost-tanış deyə,
Dostların hamıdan öndə ağladı.

Dostların gözündə yaş gilələndi
Ananın gözündən leysan ələndi,
Matəmə bürüdün şəhəri, kəndi,
Güc-qüvvət qalmadı, can da ağladı.

Qanrılıb baxanda qardaşlarına,
Ürəyim dözmədi, göz yaşlarına,
Bu dərdi duymayan uşaqlarına,
Baxanda hərə bir yanda ağladı.

Bu necə qismətdi, bu necə paydı,
Əzrayıl vədəsiz ömrünə qıydı,
İbrahim, ölümün dəli haraydı,
Qəhərdən Buludlu xan da ağladı.

***

Həyatda insanın aciz olduğu məqamlar var... Belə məqamlarda insanın əlindən heç nə gəlmir. İnsanın heç nəyə gücü çatmır. Yadımdadır ki, dostum İbrahimin qəfildən ölümü dostları, qohumları, tanışları – hamını aciz bir vəziyyətə salmışdı: 14 mart 2014-cü il dəfn mərasimi, yas yeri İbrahimin özünün yaşadığı evdə deyil, atası evində - Suraxanıda təşkil olunmuşdu. Dəfn mərasiminə İbrahimin iki balaca övladını – oğullarını da gətirmişdilər: Alını və Nizamini. Uşaqlar məni görüb üstümə qaçdılar:

- Buludxan əmi, nə olub?!

Çaşıb qaldım. Bir anlıq özümü itirdim. Bilmədim ki, nə deyim:

- Sizi kimi gətirib bura?

Uşaqlar bir ağızdan:

- Dayımız İlqar.

Onlar nə olduğunu, nə baş verdiyini başa düşmürdülər. Mən isə onlara nə baş verdiyini, nə olduğunu deyə bilmirdim. Deməyə çox aciz idim. Heç demədim də. Dostumuz, şərqşünas alim Məsiağa Məhəmmədi üzümə baxırdı və mənim nə çəkdiyimi yaxşı başa düşürdü. Dostumuz Mahir isə kənara çəkilmişdi. Özünü elə aparırdı ki, guya aciz deyil. Amma belə deyildi. Acizdən də aciz idi. O, bizdən ayrıldı və İbrahimlə vidalaşmaq üçün içəri daxil oldu, beş-altı dəqiqədən sonra çölə çıxdı:

-  Buludxan, mən İbrahimlə vidalaşdım, görüşdüm.

Heç bilmirdim ki, nə edim. Çaşıb qalmışdım. Hər şey mənə yuxu kimi gəlirdi. Birdən elə bil yuxudan ayıldım:

-  Mən görüşə bilmərəm, mən vidalaşa bilmərəm. O, diridir, canlıdır, ölməyibdir. Sən nə danışırsan?!

Qəfildən elə hönkürdüm ki, Məsiağa məni qucaqlayıb ağlamaq məcburiyyətində qaldı. Mən onda çox aciz idim. Acizliyin nə olduğunu dərk edirdim. Acizlik bizim hər birimiz üçün sınaqdır. Anamı itirəndə də, atamı itirəndə də aciz idim. Belə aciz olduğum məqamlar olub...

Özünü guya aciz aparmayan Mahir sonda aciz olduğunu təsdiq etdi. Belə ki, dəfndən sonra məzarı qucaqlayıb hönkür-hönkür ağlayırdı. Biz onu qəbiristanlıqdan birtəhər çıxardıq, zorla çıxardıq. Acizlik onu da yükləmişdi. Dünyada aciz olmayan insan yoxdur. Biz kiməsə ruh, can verə bilərik?! Yox! Əsla! Bu Allahın işidir. Deməli, acizik. Bu acizlikdir ki, biz İbrahimə də ruh, can verə bilmədik.

Həyatda nə qazanmışamsa, alın tərimlə, zəhmətimlə, bir də istedadımın gücünə qazanmışam. Xeyirxahlarım da olub... Bədxahlarım da olub... Xeyirxahlarıma minnətdaram. Heç kəsin xeyirxahlığını unutmamışam və unutmaram da. Əgər hansısa bir xeyirxahımın xeyirxahlığının əvəzini qaytara bilməmişəmsə, bu məndən asılı olmayan, gücümdə olmayan bir iş olubdur. Ancaq bütün xeyirxahlarıma etdikləri xeyirxahlığa görə həmişə özümü borclu saymışam və belə də olacaqdır. İnsan olan hər bir kəs borclu olduqlarını unutmamalıdır. Ancaq bununla belə, bədxahlarım da sağ olsunlar. Onlar olmasaydı, xeyirxahların qədir-qiyməti azalardı. Nə isə...

Mən dostu da elə-belə qazanmamışam. Min cür sınaqlardan keçirmişəm. Açığı deyim ki, yoxlamışam, imtahana çəkmişəm, bəzən də ərk etmişəm. Necə ki, mən İbrahimi bu cür qazanmışdım. Qazandıqlarımın hər biri zəhmət hesabına olduğu üçün onun qədirini bilirəm. Dostum İbrahimin də qədirini bilirdim. Axı onu sınaqlardan keçirmişdim, axı onu qazanmışdım. Ona görə də onu itirmək mənə çox ağırdır. Onun itkisi ilə bağlı keçirdiklərimi sözlə ifadə etmək də çətindir. Kiməsə bağlanıramsa, dost kimi qəbul edirəmsə, ondan ayrılmaq, onu itirmək mənə ağır başa gəlir. Sədaqətim və sadiqliyim imkan vermir ki, belə hadisələri adi qəbul edəm. Axı qazandığım o qədər çox da deyil ki, itirəndə adi qəbul edəm. İbrahim qazandıqlarım içərisində ən qiymətlisi və dəyərlisi idi. Bunu heç nə ilə müqayisə etmək olmaz.

Dostluğun vacib şərtləri var. İnam, etibar, sədaqət və s. Məncə, dostluğun birinci şərti etibardır. Bu etibarı İbrahimdən həmişə görmüşdüm. Yeganə adam idi ki, mən onunla hər şeyi bölüşürdüm. O, bu etibarı qazanmışdı. Saatlarla oturub bölüşərdik. Bir-birimizi səbirlə dinləyər, bir-birimizə səbirlə qulaq asardıq. Adətən işin çoxluğundan əksər vaxt gecə – saat 8-dən, 9-dan sonra görüşərdik. Bəzən isə bazar və bayram günləri bir-birimizi axtarırdıq. Demək olar ki, hər gün görüşürdük. Bunu mənəvi tələbata çevirmişdik. Bizim hər gün bir-birimizlə görüşməyimiz gündəlik işlərimizdən biri idi. Bir yerdə saysız-hesabsız söhbətlərimiz, taleyüklü məsələlərin həlli ilə bağlı qarşılıqlı anlaşmamız indi xatirəyə çevrilibdir. Mən nə qədər varamsa, o xatirələri zaman-zaman vərəqlərə köçürəcəyəm. Dost sədaqətinin, dost etibarının nə olduğunu anladacağam. Bir dəfə gəldən-getdən danışdıq, eyni zamanda mənim bir kitabımın üz qabığını işlədik. Yeri gəlmişkən, İbrahimin kitabın içini və üz qabığını hazırlamaqda zövqü, istedadı əvəzsiz idi. Nə isə... Başımız o qədər işə qarışdı ki, bir də gördük ki, gecə saat 12-dir. Birdən mənim yadıma düşdü ki, atam üçün baş-ayaq almalıyam. O vaxt atamın ayağı sınmışdı, həkim xaş yeməsini məsləhət bilmişdi. Mən xaşı axşamdan hazırladıb səhər tezdən atama aparmalıydım. Onda 4-cü mikrorayonda olurdum. Xaşı isə hazırladıb hal-hazırda yaşadığım atamın einə gətirməliydim. Bunu İbrahimə dedim. Onun maşınına oturub şəhəri ələk-vələk elədik. Hər yer bağlı idi. Baş-ayaq tapa bilmədik. Qanım çox qaraldı. Gecə saat 12-ni çoxdan keçmişdi. İbrahim məni maşını ilə gətirib 4-cü mikrorayonda olduğum evimizin qabağında saldı. Evə qalxdım. Evdəkilər niyə gec gəldiyimi bilirdilər. Bilirdilər ki, işdən sonra çap etdirəcəyim kitabların əyər-əskiyini qaydasına salıram. Ancaq əliboş gəlməyimin səbəbini soruşdular. Hadisəni onlara olduğu kimi danışdım. Birdən əl telefonuma zəng gəldi. Gördüm ki, İbrahimdir. Mənə dedi ki, aşağı düş, baş-ayaq gətirmişəm. Gecə vaxtı  – hər yerin bağlı olduğuna baxmayaraq, o, bunu necə tapdı, hardan tapdı, bilmədim. Heç soruşmağa vaxtım da olmadı. Ancaq bildim ki, o, bunu nəyin bahasına olursa-olsun etdi. Ona görə etdi ki, təki mən qayğılı olmayım. Eşitsəydi ki, dişim ağrayıb, başım ağrayıb ona deməmişəm, məndən inciyərdi. Niyə mənə deməmisən, ay professor, - deyərdi. Mənim üçün əlindən nə gəlirdisə, onu da edərdi. Təki mənim problemim, qayğım olmasın.

Əziz dost, əziz ruh qardaşım, əziz mənəvi qardaşım, bütün məqamlarda dopdolu qardaşım, həyatı və insanları sevən, məhz səmimi və təbii sevən qardaşım, sənin yerin boşdur! Bu boşluğu hər an, hər dəqiqə, hər saat, hər gün hiss edirəm. Əl telefonuma əl atıram. Sənə zəng vurub görüşmək istəyirəm. Ancaq... Ancaq yadıma düşür ki, sən Allahın dərgahındasan. Ehtiyat edirəm. Dəhşətli dərəcədə ehtiyat edirəm. Ehtiyat edirəm telefonumun yaddaşında olan nömrənə zəng vurmağı. Bilirsənmi, mənə nə qədər ağır gələr ki, o biri başdan telefonumda bu sözlər səslənsin: telefon söndürülüb, ya da ki əhatə dairəsindən kənardadır, yaxud da telefonun nömrəsi müəyyən olunmayıb, ya da ki cavab verilməyə və sair, və ilaxır. Sənin nömrələrin mənim telefonumun yaddaşında əbədi qalacaqdır. Ancaq zəng etməyə cəsarət etməyəcəyəm. Ona görə ki, eşidəcəyim söz məni sarsıda bilər. Səndə həyat eşqi o qədər güclü idi ki, elə bilirəm ki, harasa qonaq getmisən, qayıdıb gələcəksən. Bəzən isə düşünürəm ki, xarici ölkələrin hansınasa ezamiyyətə getmisən, tezliklə qayıdacaqsan. Axı sən son vaxtlar Londona, Kiyevə, Tbilisə, Ankaraya, Karsa və digər yerlərə gedərdin, biz sənin yolunu gözləyərdik. Bu ümid və inamla yenə də səni gözləyirik.

Gələrsən

Gözləyirəm, gözüm üstə yerin var,
Günəş doğub qızaranda, qayıt gəl.
Qış ötüşüb yetişməmiş ilk bahar
Boz ay gülüb bozaranda, qayıt gəl.

Qışın çəni qar gətirir – bilirəm,
Yazın çəni bar gətirir – bilirəm,
Nar ağacı nar gətirir – bilirəm,
Lalə çıxıb qızaranda, qayıt gəl.

Çox istədin, çox bağlandın, sən mənə
Görünmədin bir an gəldi gün mənə,
Necə getdin eləcə də dön yenə,
Nə qədər var ürək canda, qayıt gəl.

Sənsiz mən tək dərd görməyib kölə də,
Arzu, ümid deyən qalıb tələdə.
Sən yandırıb döndərirsən külə də,
Çaylar daşıb, coşan anda, qayıt gəl.

Ruhun hər an mənimlədir – bir yerdə
Vallah, billah heç kəs dözməz bu dərdə
Nədir axı aramızda bu pərdə?!
Geciksən də, son gümanda, qayıt gəl.

İmkan yoxsa son ünvanda gələrsən
Namərd çoxdur, axı mərdsən, qayıt gəl
Yandırırsan, öldürürsən, qayıt gəl
Bil ki, mənə ağır dərdsən, qayıt gəl.

Dağ başını duman alıb, çən alıb
Buludxanın heyva kimi saralıb
Kimlər gəlib, kimlər gedib, kim qalıb?!
Həsrətimə inananda, qayıt gəl. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI