İndi demək olar ki, respublikanın bütün ali məktəblərində fəlsəfi fənlər tədris edilir. Lakin tədris prosesində mövcud çatışmamazlıqlar imkan daxilində bu sahədə olan problemlərin araşdırılması və həllini tələb edir. Məqaləni yazmaqda məqsədimiz respublikada fəlsəfə təhsilinin tədrisini kamilləşdirmək, onu geniş yaymaq yolu ilə müasir cəmiyyəti milli özünüdərk və özünütəsdiqə istiqamətləndirməkdir.
Hazırda dünya və ilk növbədə postsovet mədəni bölgə ədəbiyyatında fəlsəfə və fəlsəfə tarixinin təqdimi və dəyərləndirilməsində fərqli və ziddiyyətli mövqelərin qanunauyğun surətdə Azərbaycanda da fəlsəfə və fəlsəfə tarixinin həm tədqiqat, həm tədris sahəsində təqdim və şərhində təzahürünü və fəlsəfi təhsilin xalqın, xüsusən gənc nəslin özünü şəxsiyyət və millət kimi dərk və təsdiq etməsi üçün əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında fəlsəfə elmlərinin tədrisinin nəzəri və təcrübi aspektləri mövzusunda araşdırmamız həm elmi, həm mənəvi, həm də siyasi baxımdan aktuallıq kəsb edir.
Zəmanəsinin elmi bilikləri ilə vəhdətdə varlıq haqqında ümumnəzəri təlim olan fəlsəfənin tarixən cəmiyyətin dünyagörüşünün təşəkkülü və istiqamətlənməsində özünəməxsus yeri və rolu olub, məhz buna görə qədim dövrlərdən bu günədək şəxsiyyət və millətlərin özünüdərk və özünütəsdiqində əhəmiyyətli dəstək olan fəlsəfi təhsil müxtəlif coğrafi və mədəni bölgələrdə yüksək dəyərləndirilmiş və dəyərləndirilməkdədir. Deyilənlərə fəlsəfi ideya və təlimlərin ümumdünya mədəni irsinin ayrılmaz üzvi hissəsi kimi tarixən mövcud olması və cəmiyyətin mədəni və dövlət qurumlarının fəlsəfi təhsilə fəal münasibəti sübutdur.
XX əsrin sonu XXI əsrin əvvəlində qlobal sosiomədəni həyat mütəmadi çoxçalarlı böhranlarla bağlı olaraq radikal surətdə dəyişməkdədir. Bu şəraitdə varlığın dərkinə yönəlmiş, insan və cəmiyyətin yaşamaq qabiliyyətini gücləndirmək potensialını daşıyan fəlsəfi təhsilin elmi və humanist istiqamətdə maarifləndirici inkişafı xüsusi əhəmiyyətə malikdir. Bu inkişaf müvafiq elmi, ictimai və siyasi qurumların fəaliyyətilə bağlı olub və indi də olmaqdadır.
Məlumdur ki, hazırda Azərbaycan Respublikasında dünyanın müxtəlif ölkələrində olduğu kimi, fəlsəfənin tədqiq, tədris və geniş təbliği dövlətin təhsil siyasətinin diqqət mərkəzindədir. Respublikada AMEA, Təhsil və Mədəniyyət nazirlikləri, universitetlərin fəaliyyət strategiyası bu siyasətlə vəhdət təşkil edir.
Müasir dövrdə respublikada fəlsəfi təhsilə mane olan obyektiv və subyektiv səbəbləri araşdırmaq olduqca əhəmiyyətlidir. Bu səbəblərin bəzisi qlobal və regional səciyyə daşıyır. Yeni dövrün elmi inkişafı və bütövlükdə sosial mədəni şəraitində fəlsəfənin və fəlsəfə tarixi elminin qlobal miqyasda tədrisində mövcud əsas çətinlik fəlsəfənin bir təlim kimi predmeti, onun fundamental kateqorial anlamlarının məzmunu, əsas təsəvvürlər və dəyər meyarlarına yanaşmada müəyyən hərcmərcliyi Azərbaycanda da mövcuddur. Bütün postsovet bölgəsində olduğu kimi Azərbaycanda da əsas ümumfəlsəfi tədqiqat metodologiyası olmuş marksist fəlsəfəsindən çox vaxt radikallıqla imtina edilir, lakin yeni metodologiya və ya metodologiyalara münasibət hələ müəyyən edilməyib. Bu vəziyyətin bilavasitə Azərbaycanla bağlı səbəbləri də mövcuddur:
Sovet dövründə görkəmli filosof Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Heydər Hüseynovun siyasi represiya qurbanı olması ilə bağlı Azərbaycan Dövlət Universitetinun tarix fakültəsinin fəlsəfə şöbəsi bağlatdırıldı və uzun zaman respublikada fəlsəfə üzrə baza təhsili olan mütəxəssis kadrlar hazırlanmadı. Müxtəlif elmlər üzrə ali təhsil almış şəxslər fəlsəfə üzrə aspirantura yolu ilə və doktorluq dissertasiyası müdafiə edərək fəlsəfənin tədqiqi və tədrisi ilə məşğul oldular. Fəlsəfi kadrların formalaşmasında və müəllim kimi fəaliyyətində baza təhsilinin əhəmiyyətini nəzərə alaraq BDU-nun nəzdində artıq 23 ildir ki, fəlsəfə şöbəsi yaradılıb, lakin burada fəlsəfə sahəsində dərs deyən müəllimlərin əksəriyyəti əldə etdikləri elmi professionallığa baxmayaraq baza təhsilindən obyektiv səbəblərə görə məhrum edilmiş şəxslərdir. Buna baxmayaraq, mövcud şəraitdə Respublikada ciddi surətdə fəlsəfə fənni üzrə müəllimlərin təkmilləşməsi aparılmır.
Tədqiqat və tədris sahələrində fəaliyyət göstərən mütəxəssislərin arasında qarşılıqlı əlaqələr də kafi dərəcədə deyil. Halbuki hazırda tədrislə məşğul olan müəllimlərin qarşısında fəlsəfə ilə bağlı mürəkkəb və ziddiyyətli məqamlara münasibət bildirmək, dinləyicilərini isə bu sahədə gedən mübahisələrlə tanış edərək düşündürməyə, mövqe seçiminə və seçdiklərini elmi-məntiqi dəlillərlə əsaslandırmağa sövq etmək kimi mürəkkəb vəzifələr durur.
Filosoflar hazırda fəlsəfənin nəinki metodologiyasına, eynilə onun əsas kateqorial anlamlarına da münasibətlərini müəyyən etməlidirlər ki, bu da müasir konkret elmin yeni ixtira və fərziyyələri ilə bağlı olmalıdır. Hələ tədqiqat sahəsində çözülməkdə olan bu anlamların tədrisə, dərsliklərə keçirilməsi, sözsüz ki, mürəkkəblik təşkil edir. Başqa sözlə, marksist fəlsəfənin sabitləşmiş təsəvvürlərindən radikal imtina, digər tərəfdən, yeni metodologiyanın müəyyən edilməməsi və fəlsəfənin əsas anlamlarının məzmununun hazırki dövrdə konkret elmi nailiyyətlərlə ciddi əsaslanmaması fəlsəfənin tədrisi qarşısında bir sıra çətin problemlər yaradır ki, onların həlli konkret və təcili addımlar tələb edir.
İlk addım konkret elmlər və fəlsəfə üzrə mütəxəssislərin müştərək seminarlarında informasiya ilə bölüşməsi və bu informasiyanın müvafiq şəkildə tələbələrə çatdırılması ola bilər.
Fəlsəfənin ixtisas kimi tədrisində daha bir çətinlik yaradan səbəb orta məktəbdən ali fəlsəfə təhsili almağa gələn abiturientlərin fəlsəfədən xəbərsizliyidir.
Müasir dövrdə Azərbaycanda fəlsəfi fənlər həm professional kadr hazırlığı istiqamətində Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə şöbəsində, həm də ali məktəblərdə ümumi fənlər blokunda tədris edilir. Fəlsəfənin tədrisi, tədqiqi və təbliği üzrə məlumatlar bu vaxta qədər müxtəlif Beynəlxalq və respublika səviyyəli konfrans, seminarlar və KİV vasitəsilə cəmiyyətimizdə öz əksini tapıb. Lakin mövcud çətinliklərin real aradan qaldırılması sahəsində ciddi nəzəri tədqiq və praktiki addımlara ehtiyac qalmaqdadır.
Son vaxtlar AMEA Fəlsəfə və Hüquq İnstitutu Azərbaycan fəlsəfə tarixi dörd cildliyinin I və II cildini çapdan çıxararaq oxuculara təqdim etmişdir. Azərbaycan fəlsəfə tarixi Azərbaycan xalqı üçün əlamətdar bir dövrdə, Respublika müstəqil sosial-mədəni inkişaf yoluna çıxdığı dövrdə nəşr edilmişdir. Bu səbəbdən çap edilən əsərin aktuallığı elmi əhəmiyyəti ilə bərabər III minilliyin ərəfəsində Azərbaycan xalqının milli özünüdərkinin təşəkkülündə oynayacaq rolu ilə də bağlıdır.
Bu iki cild XVIII əsrə qədərki Azərbaycan fəlsəfi fikir tarixi haqqında oxuculara və bu sahənin mütəxəssislərinə olduqca geniş məlumatlar verir. Şərq fəlsəfəsi, o cümlədən dünya fəlsəfi fikir tarixində özünəməxsus rolu olan Azərbaycan fəlsəfi fikrinin sistemli və dərindən tədqiqinə həsr edilmiş bu cildlər müstəqillik dövründə ölkə tədrisində xüsusi əhəmiyyətə malik Azərbaycan fəlsəfə tarixi üzrə dərslik və dərs vəsaiti kimi istifadə edilə bilər.
Məqalə Bilik Fonduna təqdim edilmək üçün verilir.
Fəlsəfə üzrə elmlər doktoru,
Zümrüd Quluzadə
Fəlsəfə üzrə fəlsəfə doktoru,
Rəşad Əsgərov