Modern.az

Öl deyəndə öl, qal deyəndə qal

Öl deyəndə öl, qal deyəndə qal

16 Yanvar 2015, 22:11

Atam həyatının son illərində bu ifadəni tez-tez işlədirdi: “Allah, sən məni niyə yaradırsan ki, ilk saniyələrdən də ölümlə qorxuzasan”. Bilmirəm bu onun öz sözüydü ya yox, amma mənim üçün mənası indi çox dərindir. Nə olsun ki, 49 yaşım var. Ölmək heç vaxt tez deyil. Ölmək heç vaxt gec deyil.

Mən çox qorxaq adamam. Hamıdan qorxuram. Arvaddan da, qızlarımdan da, kürəkənlərimdən də, nəvələrimdən də, polisdən də, prokurordan da, vergi işçisindən də, hakimdən də... Hətta üzünü heç vaxt görmədiyim Allahımdan da...

Amma mən elə bir şeydən qorxmuram ki, çəkindiyim bu insanların hamısı ondan qorxur. Hətta özləri üçün ən dəhşətli bir qarğış bilirlər “Allah səni öldürsün!” sözlərini. Amma mən onların hamısından üstünəm. Onlardan qorxsam da, onların qorxduğu ölümdən qorxmuram. “Allahım, mənə ölüm göndər” deyib gecə-gündüz yalvarsam da, məni öldürmür ki, öldürmür. Bəlkə səbəb yoxdur, ona görə. Bəlkə də ona lazımam. Gələcəkdə iblis, yaxud mələk rolunu oynatmaq üçün. Amma bütün bunların mənə heç biri lazım deyil. Mənə sadəcə ölüm lazımdır. Arvadım deyir ki, elə demə - Allaha acıq gedər, bu cavan yaşında qıyar sənə. Nəvə toyu görmərsən. Bəlkə heç mən nəvə toyu görmək də lazım deyil?! Mən sadəcə ölmək istəyirəm. Sadəcə ölmək. Yatmaq, bir də oyanmamaq.

Bir neçə dəfə cəhd də eləmişəm. Alınmayıb. İntihara etdiyim cəhdlər uğursuzluqla başa çatıb. Bəlkə seçdiyim intihar metodu düzgün deyil. Özümü dənizə atım. Yox, soyuqdur. 18-ci mərtəbədən yerə tullanım. Olmaz. Getdim düşdüm birinin başına, ya maşınının üstünə. Niyə başqasına ziyan verim ki. Yaxşısı budur yandırım özümü. Yox. Kişiyə yaraşmaz. Ərindən bezən qadın etiraz əlaməti olaraq yandırar özünü. Bəlkə körpünün başına qalxım? Özümü ordan buraxım aşağı. Sonra da təsadüfən düşüm hansısa brezentli maşının üstünə. Sağ qalım, bassınlar dəlixanaya. Başlayım bitləri öldürüb, bir-bir saymağa.


Axı nə edim? Allah məni öldürmür ki, öldürmür. Bir səbəb də yoxdur axı. Niyə öldürsün? Pis adamammı. Niyə növbəni pozsun ki? Bəlkə Kimsə tapşırıb məni? Yetim oğlanam. Allahın bacısı oğlu deyiləm a... Növbəni niyə pozmalıdırlar ki?

Yox, ölməyim yaxşıdır. Çünki salim olmaq istəyirəm. Ən salim insan isə fəqət olur tabutidə. Qərəzsiz də ola bilər. Amma əsas salimlikdir. Bəlkə həyat sıxır məni? Əsla. Sadəcə başım ağrıyır. Nəsə ağırlıq var başımda. Bəlkə başım bədənimə ağırlıq edir? Bədən də bu ağırlığa dözmür. Ona görə.

Düzdür ölümdən qorxmuram, amma ağrıdan ki, qorxuram. Qorxuram özümü asam, ağrı verə. Uksus içib zəhərləyəm. Ağrıdan qovrulam. Özümü balkondan atam, başım, bədənim parça-parça olsun.Bir gün reanimasiyada bir təhər sağ saxlasınlar. Ağrı pis şeydir. Mən də ki, ağrıdan qorxuram. Amma ölümdən qorxmuram. Bəlkə maşının “qluşitel”indən çıxan qazla nəfəs alıb uyum? Bəlkə döyüşə gedib bir-iki dənə də erməni öldürüm, sonra da özüm şəhid olum? Birdən öldürdüm. Amma məni əsir aldılar – sonra? İşgəncələr, nələr, nələr…

Ancaq ölmək istəyirəm. Ölümə də meydan oxuyuram. “Gəl məni öldür!”. Amma yan qaçır.

Arvad da məsləhətlərini gen eləyib: “Görəcəksən, günlərin bir günü Əzrayıl gələcək ki, öldürürəm səni. Yalvaracaqsan ki, romanımın son səhifəsi qalıb. Qoy onu yazım, sonra öldür. Heç bir saniyə də aman verməyəcək. Ona görə də başını aşağı sal, işini gör. Öl deyəndə ölərsən, qal deyəndə qalarsan”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI