Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, əməkdar incəsənət xadimi, xalq şairi Vaqif Səmədoğlunun ölüm xəbəri bizi, Moskvada yaşayan ziyalıları bərk sarsıtdı. Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, bütün xalqımıza, mərhumun ailəsinə, bütün Vaqif sevərlərə Moskvada yaşayan ziyalılar adından dərin hüznlə başsağlığı veririk.
Azərbaycan xalqı ömrünü millətinin ədəbiyyatına, mədəniyyətinə, poyeziyasına, azadlığına, dilinə, həsr edən istedadlı bir ziyalısını, aydınını itirdi. Vaqif Səmədoğlunun adı çəkiləndə gözümüzün önündə adi-slradan olmayan vəkilovlar nəsli, böyük Səməd Vurğun, Mehdixan Vəkilov, Yusif Səmədoğlu canlanır. O Azərbaycan xalqının qısa zaman kəsiyində kamilləşdirdiyi ziyalı nəslinin, Vəkilovların ən parlaq simalarından biri idi. Onun hərəkətləri, danışığı, davranışı, yumoru, fəlsəfi kəlamları, dünyaya baxışı özünəməxsus yazı manerası, daim qoruyub saxladığı nikbinliyi azərbaycanlıların örnək götürə biləcəyi kübarlıq idi.
Vaqif Səmədoğlu üçün son söz demək, onun yoxluğunu təsəvvür etmək olduqca çətindir. Vaqif Səmədoğlu 60-cı illərində yaradıcılığa qədəm qoyan, Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən, özünəməzsus deyim tərziylə başqalarından seçilən istedadlı sənətkarlarımızdan biridir. O yaratdığı əsərləriylə, ədəbiyyatımızın zənginləşməsinə xidmət edib, xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun özünəməxsus üslubda yazdığı əsərlər bütöv yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında mühüm yer tutur yeni poeziyanın xüsusi mərhələsini təşkil edir
Oxucuları onun poeziyasını fikir poeziyası kimi dəyərləndirirlər. Vaqif Səmədoğlu elə ömür yaşayıb ki, o ömürdən hər kəs insanlıq payına nəsə götürə bilər. Şair ədəbiyyatımıza,mədəniyyətimizə dramaturgiyamıza, dilimizə etdiyi xidmətlərə görə əbədiyyətə qədər yaşayacaq.
90-cı illərdən xalqımızın ən fəlakətli günlərində öz xalqının içində,yanında olmağı hamımızın yadındadır.Onun qoruyub saxladığı təmkin hamının ibrət ala biləcəyi şəkildə idi. İlk gündən bu insanın mehribanlığına , səmimiliyinə, insanlara qayğısına, təvazokarlığına, sadəliyinə heyran qalmışıq. O, diqqətlə qələmə aldığı, duru, təmiz və sadə dillə ərsəyə gətirdiyi əsərləri ilə bir nəslin milli hissi, dili, azadlıqı və vətən sevgisi ilə tanış olmasını təmin edib
Hər kəs özündən sonra bir iz qoyub gedir. V. Səmədoğlu kimi nadir adamlar öz ömürlərində o qədər işlər görürlər ki, adi halda bunu hətta təsəvvür etmək belə mümkün deyil. İnanırıq ki, V. Səmədoğlu onu tanıyanların yaddaşında məhz bu cür qalacaq. Müdrik, istedadlı, cəfakeş, qayğılı, düşüncəli, etibarlı, sadə, təmkinli...
Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Vaqif Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq!
Dərin hüznlə Moskvada yaşayan azərbaycanlı ziyalılar: Nəsib Nəbioğlu, Əbdül Hüsüynov, Alla Axundova, Ramiz Abutalıbov, Cəfər Sadıq, Abuzər Bağırov, Maya Bədəlbəyli, Vasif Məmmədov, Sultan Mərzili, Əşrəf Hüseynli, Sabir Həbibov, Yusif Əmiraslanov, Rabson Məmmədov, Abbas Alıyev, Əliş Əvəz.