Modern.az

Ədəbiyyatda yenilikçilik və şəxsiyyətə pərəstiş

Ədəbiyyatda yenilikçilik və şəxsiyyətə pərəstiş

Ədəbiyyat

30 Yanvar 2015, 22:10

Orxan Bahadırsoy

Ədəbiyyata xidmət etmək qalaq-qalaq əsərlər yazmaqla deyil! Ədəbiyyatı təbliğ etmək, sevdirmək, ədəbiyyatda yenilik yaratmaq və bu yeniliyi kütləyə zaman-zaman qəbul etdirmək, sevdirmək, şablonluqdan kənar və özünəməxsus tərzdə yazıb yaratmaq lazımdır. Biraz tarixə nəzər salaq: XI əsrin sonları, XII əsrin əvvəllərində yaşamış Ömər Xəyyam o dövrün ədəbiyyatında yenilikçi idi. O, sözün həqiqi mənasında öz rübailəri ilə inqilab edirdi. Çünki, onun qələmə aldığı mövzuları həmin dövrdə heç kəs cəsarət edib yaza bilməzdi. Bir nəfər istisna olmaqla...

Elə Ömər Xəyyamla eyni dövrdə yaşayıb yaradan Məhsəti Gəncəvi Ömər Xəyyamın əks cinsdə təzahür tapan proyeksiyası idi. Amma Məhsəti Gəncəvinin yenilikçiliyi Ömər Xəyyamdan bir pillə üstün idi. Səbəb Məhsətinin qadın olmasıdır. Özü də XI-XII əsrlərdə, müsəlman coğrafiyasında yaşayan bir qadın amma şairə, musiqiçi, bəstəkar, şahmatçı bir qadın.

Bu kimi misallar çox çəkə bilərəm. Məsələn, Nizami Gəncəvi də bir yenilikçi idi amma onunla eyni dövrdə və ondan bir müddət sonralar yaşayıb yaradanların hamısı Nizamini təkrarlayırdılar. Əslində, elə Nizami də biraz Firdovsini təkrarlayırdı amma yenə də bir çox əsaslara görə Nizamini yenilikçi kimi qəbul etmək olar.

Daha sonra Çarlz Bukovski Amerikada, Fridrix Nitsşe Avropada öz xüsusi tərzini yaratmışdı. Bu iki şəxsin digər yenilikçilərdən bir fərqi vardı ki, o birilərin hamısını zaman-zaman təkrarlayanlar tapılırdı. Amma Bukovski ilə Nitsşeni heç kəs təkrarlaya bilmədi. Ötən əsr Azərbaycan ədəbiyyatında yenilikçilər çox idi. Sabir, Mirzə Cəlil, Cəfər Cabbarlı, Hüseyn Cavid, Yüsif Vəzir Çəmənzəminli, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk və başqaları. Amma bunlarla yanaşı, ötən əsr ədəbiyyatımızda şəxsiyyətə pərəstişlə yazıb yaradanlar da az deyildi. Mən Nizami Gəncəvini şəxsiyyətə pərəstişlə yazan şair hesab edirəm. Çünki, bütün əsərlərində Məhəmməd peyğəmbərə, o dövrün şahlarına pərəstiş yer alırdı. Əsərləri bu şəxslərin tərifi ilə başlayırdı. Şəxsiyyətə pərəstişi də Azərbaycan ədəbiyyatına elə Nizami Gəncəvi gətirdi.

Ötən əsrdə ədəbiyyatımıza sovet tərəfindən “soxuşdurulan” və zaman-zaman saxtakarlıqla dahiləşdirilən yazıçılar, şairlər də elə Nizaminin varisləri idi.

Maraqlısı odur ki, bu günün özündə də, yəni, müasir ədəbiyyatımızda da həmin Nizami varisləri var. Təbi gur, rəvan şairlərin ilham mənbəyi ancaq şəxsiyyətlərdir. Amma elə təbsiz şairlər var ki, onlar yenilikçidirlər. Bu siyahıda ad çəkmək istəmirəm. Müdrik insan dərhal bilir ki, söhbət kimlərdən gedir.

Bütün bunların nəhayətində duran və olduqca təhlükəli bir yazıçı kütləsi də var idi. Bəziləri indi də yaşayırlar. Bunlar Sovet İttifaqının ən xırda məmurundan tutmuş Stalinə qədər hamıya şeir, poema həsr etmişdilər. Sovet dağılandan sonra Azərbaycanda yaranan pərakəndəlik onların yaradıcılığında da yarandı. Nə hala düşdü bu yazıqlar!? Qələm bilmədi kimdən yazsın! Dörd qütbə, dörd tərəfə içi təriflərlə, süni pərəstişlərlə dolu, ehtişamlı cümlələrlə bəzədilmiş üfunət qoxulu şeirlər, poemalar yazdı bu adamlar. Amma bir müddət sonra bu sərgərdanlıqdan xilas olub pərəstiş etməyə konkret ünvan tapdılar. Bilsəniz bu məzlumlar necə sevinirdilər!? Onların sevinci müstəqilliyə, azadlığa görə deyildi. Onlar pərəstiş etməyə uzunmüddətli, dayanıqlı bir ünvan tapmışdılar və buna sevinirdilər.

Cəmiyyətin bütün problemləri, xalqın əzabı-dərdi qaldı bir yana. Sözdə müasir ədəbiyyatın bütün müasir formaları, janrları bu adamlar sayəsində öz bütün imkanları ilə şəxsiyyətlərə xidmət etməyə başladı. Bütün bunların kökündə də bir neçə arzular dururdu: mükafatlar, fəxri adlar, ordenlər...

Şairin, yazıçının, dramaturqun mükafatı, ordeni, fəxri adı xalq sevgisi olmalıdır. Onun məzarı kitablarında, heykəli də xalqın ürəyində qərar tutmalıdır. Yenilikçi olmaq, cəmiyyətin dərdinə yanmaq, mühüm problemlərin həllinə dair yazmaq lazımdır ki, xatirələr xalqın ürəyində əbədiləşsin! Partiya, təşkilat, idarə və müəssisələrin kabinetlərində duran içi həmin şəxsiyyətə pərəstiş yazıları ilə dolu kitab rəfləri sizə sizə xalqın sevgisini qazandırmaz!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI