Modern.az

Ağdamın “uçilişası”

Ağdamın “uçilişası”

2 Fevral 2015, 11:23

Xeyli müddətdir Musiqi Kolleci adlanan Ağdam “uçilişa”sıyla bağlı apardığım araşdıma və görüşlərdə  diqqətimi iki məqam daha çox çəkdi. Əvvəlcə bu məqamlara toxunmaq istərdim.

Danılmaz faktdır ki, Qarabağ Azərbaycanın inkişafına  səbəb ola bilən hər bir sahəsinə öz  layiqli töhvəsini verib.  Ancaq mədəniyyət sahəsinin inkişafına verdiyi töhvələri əvəzsizdir.

Qarabağın Azərbaycana və dünya mədəniyyətinə verdiyi ən böyük töhvə Üzeyir bəy Hacıbəyovdur. Adını çəkdiyim təhsil müəssisəsi məhz dahi bəstəkarın adını daşıyır.  Qeyd edim ki, Üzeyir bəyin bir xidməti də 30-40-cı illərdə Şuşada, Ağdamda, Şəkidə  və digər şəhərlərdə musiqi məktəb və texnikumların yaradılması təklifi idi. Ermənilərin ciddi cəhdlə Şuşada fəaliyyət göstərən musiqi texnikumunun ləğvi istiqamətində atdığı addımlar bəhrə verdikdən sonra ilk olaraq Ağdam musiqi məktəbi, sonra isə musiqi texnikumunun yaradılması ideyasının məhz Üzeyir bəyə məxsus olması şübhəsizdir. Bu fikri professor Vaqif Əbülqasımov öz tədqiqatlarında faktlarla təsdiqləyir. Qeyd edək ki, sərt represiyya illərində Ağdamda yeddiillik  musiqi məktəbinin yaradılması təklifini  Üzeyir bəydən  başqa heç kim vermək iqtidarında deyildi. Vaqif Əbülqasımov bu rəqəmin 1934-1935-ci illər olmasını qeyd edir. Professor, Milli Konservatoriyanın prorektoru Vaqif Əbülqasımovla söhbətim vəfatından bir ay əvvəl baş tutmuşdu. Qeyd edim ki, mərhum professor da “uçilişanın” məzunu olmuşdu.


Beləliklə, bu gün dəqiq demək olar ki,  Ağdam yeddiillik musiqi məktəbinin yaranması 1934-1935-ci ilə, musiqi texnikumunun -“uçilişanın ”yaranması  isə 1958-cı ilə təsadüf edir.

İkinici məqam isə texnikumun köçürülməsi ilə bağlı idi.

“Ötən əsrin səksəninci illərində Üzeyir bəy Hacıbəyovun yüzilliyi ərəfəsində Ağdam Musiqi Texnikumu ilə bağlı Mərkəzi Komitəyə təklif daxil olur. İnzibati binası müasir tələblərə cavab vermədiyindən texnikumun Ağcabədi şəhərinə köçürülməsi təklif olunurdu.”,- bu sözləri bizimlə söhbətində səksəninci illərdə Ağdam RPK-nın birinci katibi işləmiş Sadıq Murtuzayev bildirdi:

“O illərdə Ağdam Qarabağın  iqtisadi mərkəzinə çevrilmişdi. Bütün qonşu rayonlar, xüsusəndə  Ağcabədi, Bərdə, Tərtər və Dağlıq Qarabağdan bazarlığa, alış-veriş üçün məhz bu şəhərə gələr, bazardan hər növ,  hətta “defisit” malı belə alıb gedərdilər. Hamımız yaxşı bilirik ki, Ağdam həm də Qarabağın mədəniyyət mərkəzidir. Necə ola bilərdi ki, bu mədəniyyət mərkəzində olan bir ocaq başqa bir rayona köçürülsün. Bu faktla heç cür razılaşmaq olmazdı. Bir ayaqları Ağdamda olan ziyalılarımız Xudu Məmmədov, Famil Mehdi və  Şahmar Əkbərzadə təklifimə ciddi şəkildə  dəstək verdilər. Bəstəkarın yüzilliyi ərəfəsində mərkəzi komitəyə  texnikum üçün yeni inzibati binanın layihəsinin hazır olması və tikintiyə başlamağımız barədə məlumat verdik. Bununlada söhbət bağlandı”.

Məlumatı alan S. Murtuzayev səhəri günü rayonun bütün tikinti təşkilatlarının rəhbərlərini bir yerə yığaraq məsələni onlara danışır, ciddi bir məsuliyyətli işin öhdəsindən layiqincə gəlməli olduqlarını dilə gətirir. Görüşdə rayonun baş memarı  Naiq Səmədovda iştirak edirdi. Naiq Səmədovun dediklərindən:

- Sadıq müəllim bütün iştirakçılar qarşısında bir tələb qoydu. Az müddət ərzində layihə hazır olmalı və hər mərtəbəni  rayonun daxili imkanları hesabına bir tikinti müəssisəsi  yerinə yetirməlidir.

Tez bir zamanda beşmərtəbəli  binanın layihəsini hazırlayıb ilkin  formada katibə təqdim etdim. Torpaq sahəsində ölçmələr apardım. Fəaliyyətdə olan binaya perpendikulyar istiqamətdə olan bir ərazidə tikintiyə start verdik. Heç üç ay çəkmədi ki, binanın  qara işlərinı başa çatdıra bildik.

Naiq Səmədovun sözlərinə görə, bütün tikinti müəssisələri verdikləri sözə layiqincə əməl etdilər.

Təxminən iki il ərzində binada əsaslı tikinti işləri başa çatdırıldı və 1989-1990-cı illərdə, regionda siyasi proseslərin gərginləşdiyi  bir vaxtda,  istifadəyə verildi.

Qayıdaq texnikumun yaranmasına.

Texnikumun yaranması və formalaşmasında Əlipaşa Daşdəmirovun xüsusi xidmətləri vardır.



Əlipaşa Museyib oğlu Daşdəmirov Ağdam Musiqi Texnikumunun yaradıcısı və ilk direktoru olmuşdur. Bundan əvvəl isə Ağdamda yeddiillik musiqi  məktəbinə xeyli müddət rəhbərlik edən Ə.Daşdəmirovun qurucu bir insan olduğu deyilir. Əslən Qarabağdan olan Ə.Daşdəmirov 1963-cü ilədək texnikuma rəhbərlik edib. Bundan əvvəl isə onun Şuşada fəaliyyət göstərən musiqi məktəbinə də rəhbərlik etdiyi deyilir. Ağdamdan sonra xeyli müddət Sumqayıt Musiqi Texnukumuna rəhbərlik edən Ə.Daşdəmirovun sonuncu iş yeri isə 20-saylı İncəsənət Gimnaziyasında tədris işləri üzrə direktor müavini vəzifəsi olub. O həmdə paralel olaraq gimnaziyanın həmkarlar təşkilatına rəhbərlik edirdi.

Ə.Daşdəmirov  gözəl xanəndə və gözəl tar ifaçısı kimi də tanınırdı. Onun 1939-cu ildə Filarmoniyanın səhnəsində solo-konsert verdiyi deyilir. Türkiyədə yaşayan övladları Murad və Əminənın yanına köçən  Ə.Daşdəmirov 96 yaşında vəfat edib.

Bakı və Gəncədən sonra Ağdamda musiqi texnikumunun yaradılmasında məqsəd musiqi beşiyimizdə formalaşan mədəni mühitə təsir etmək, bu regiondakı istedadlı gəncləri üzə çıxarmaqla, onlara musiqi təhsili vermək idi.

Əlipaşa Daşdəmirovun ilk addımı  texnikumun  inzibati binası ilə bağlı oldu.  Bundan əvvəl o illərdə beynəlmiləl-rus məktəbi yeni binaya köçürüldüyündən onun üçmərtəbəli binası texnikumun sərəncamına verildi. Binanın vaxtıylə bəyə məxsus olduğu deyilir. Mülk sahibi haqqında təssüff ki, məlumat əldə edə bilmədik.

Bina kürsülü və ikimərtəbəli idi. Yarımzirzəmi olan birinci mərtəbəsində texnikumun ehtiyat avadanlıqları yerləşdirilmişdi. Bu hissəni texnikumun  ambarı   da hesab etmək olardı. Binanın günc tərəfində isə çayxana fəaliyyət göstərirdi. On pilləkən qalxmaqla ikinci mərtəbəyə daxil olurdun. Ortada direktor, müəllimlər otağı və kitabxana gəlirdi.  Hər mərtəbədə səkkizə yaxın  böyük və artırmadan kəsilmə bir neçə otaq var idi. Əlipaşa Daşdəmirovun ozüdə texnikumda yaşayırdı. Əvvəllər texnikuma giriş “voyenkomat” tərəfdən idi. Təxminən “armud ağacı” istiqamətindən başlanan aralıq üzü texnikumun həyətinədək gedirdi. Yetmişinci illərdə texnikuma giriş dəyişdirilərək  Lenin prospekti tərəfə keçirildi. Şahidlərin söylədiyinə görə, ilk tələbə heyətini Əlipaşa müəllimin özü kəndbəkənd gəzərək ətraf rayonlardan yığıb seçmişdi. İlk buraxılışda respublikanın on beş rayonundan yüzdən artıq gənc təhsil alırdı. İlk qəbul olunan tələbələr sırasında Fərhad Paşayev, Şəhla Poladova, Davud Ələkbərov, Elmira Muradova, Yadigar Əliyev, Qəşəm Abdullayev, Nayibə Rəcəbova, Mustafa İsmayılov, Sabir Ağamirzəzadə öz istetadları ilə seçilirdilər.  

Fəaliyyətə başlayarkən texnikumda vokal, nəfəsli  çalğı alətlər, fortepiano, xanəndəlik və xor- dirijorluq şöbələri fəaliyyət göstərirdi. Texnikumun ilk məzunlarından olan Fərhad Paşayevin söylədiyinə görə, o xalq çalğı alətləri şöbəsində oxumaqla yanaşı, həmdə Bahadur Mehrəliyevin muğamat sinfində tarda müşayət edirmiş.

Fərhad Paşayev: “Tar ifaçılığı sənətinin Qarabağda, xüsusəndə Ağdamda məktəbi formalaşmışdı. Ötən əsrin 50-60-cı illərində Cəlal Əliyev, Lentruşa Orucov, Xosrov Fərəcov tək Ağdamın deyil, həmdə Qarabağın gözəl tar ifaçıları idi. Onlar məhz Əlipaşa Daşdəmirovun təkidi ilə texnikumda təhsil almışdılar.  Yuxarıda adını çəkdiyim tar ifaçıları öz dəstələriylə daim el şənliklərini mükəmməl şəkildə idarə edərdilər.”

Ötən əsrdə xalq artisti Qurban Pirimov və Məşədi Nərimanla davam edən Qarabağ tar ifaçılığı məktəbinin ənənələrini bugün xalq artisti Ramiz Quliyev, əməkdar mədəniyyət işçiləri Fərhad Paşayev və Rafiq Rüstəmov uğurla yaşadırlar. Rafiq Rüstəmovun rəhbəri olduğu Xan Şuşunski adına Ağdam Muğam Musiqi Məktəbində bu gün onlarca tələbəyə tar ifaçılığının incəlikləri tədris edilir.

Xatırladaq ki,  hər üç sənətkar- Ramiz Quliyev, Fərhad Paşayev və Rafiq Rüstəmov “uçilişanın” məzunudurlar.

Yeri gəlmişkən qeyd edim ki, texnikumun ilkin fəaliyyəti dövründə müəllim çatışmazlığı  hiss olunurdu. Xosrov Fərəcov texnikumda oxumaqla yanaşı, həmdə muğamatdan dərs deyirdi. Texnikumun fəaliyyətə başladığı ildə Əlipaşa Daşdəmirov ixtisas  müəllimi, Bahadur Mehralıyev muğam müəllimi, Alim Yüzbaşıyev nəzəriyyə (solfecio), musiqi ədəbiyyatından Məlahət Əliyeva, fortepiano üzrə Kira Davıdovna, Yefim Kastlevic və Vladimir Leeçkis də müəllim kimi çalışırdı. Fəaliyyətinin üçüncü ilində texnikumun tələbə heyətinin artması əlavə müəllimə ehtiyac yaradır  və bu məqamda muğam ustası Şelli Məhəmmədi texnikuma dəvət edirlər.

Texnikumun ilk buraxılışı isə 1962-ci ildə olmuşdu. Dövlət imtahanlarını tanınmış bəstəkar Nazim  və Kazım Əliverdibəyov qardaşları qəbul edir. İlk məzunların bir çoxu həmin illərdə qonşu rayon musiqi məktəblərinə direktor təyin edilmişdi.

“Uçilişa”nın tələbələrinin formalaşmasında “Şur” ansamblının əhəmiyyətli rolu var idi.   Xalq kollektivi kimi Ağdam Mədəniyyət Evinin nəzdində yaradılan “Şur”un məşqləri daim  “uçilişa”da keçərdi. O illərdə Xosrov Fərəcovun təşəbbüsü ilə yaradılan ansamblın yetirmələr bir çox uğurlara məhz bu kollektivdə imza atmışdılar. Müxtəlif illərdə Aydın Məmmədov, Paşa Əsədov, Barat Fərhadov,  Hafiz Sədrzadə, Sədi Məmmədov, Şahmalı Kürdoğlu xanəndəlik sinfində müəllim kimi çalışmışdılar.   


1963-cü ildə Əlipaşa Daşdəmirov Sumqayıt şəhərinə göndərildiyindən onun yerinə Xosrov Fərəcov təyin edilir.  Gözəl tar ifaçısı olan Xosrov Fərəcov xalq artisti Hacı Məmmədovla sıx dostluq əlaqələri var idi.  Bəstəkarlıq fəaliyyətiylə də məşğul olan X.Fərəcov  “Ağdam”,  “Külək məni yaralama”, “Qəşənglərdən qəşəngsən”, “Sənə inanıram mən”   və digər sevilən mahnıların müəllifi idi. Ağdam Dövlət Dram Teatrında tamaşa qoyulan “Əməllər yaşadır”, “Niyə dirilmisən”, “Vicdan” tamaşalarının musiqisi də X.Fərəcova məxsusdr.

Xosrov Fərəcovun rəhbərlik etdiyi illəri “uçilişa”nın qızıl dövrü hesab etmək olar. Məhz onun rəhbərliyi dövründə “uçilişa”nın çəkisi bir xeyli artmışdı. Artıq respublikanın hər yerindən texnikuma oxumağa gəlirdilər. X.Fərəcovun müsiqi savadı və idarəçilik bacarığı yüksək idi. Onun dövründə  Seyid Şüşünski Ağdama dəvət edilmişdi. 1964-1966-cı illərdə Seyid Şuşinski texnikumda dərs demişdi.  Xalq artist Əbülfət Əliyev və digər tanınmış mədəniyyət xadimləri tez-tez  “uçilişaya” gələr, tələbələrin musiqi savadı ilə maraqlanardılar.

O illərdə Bülbüllə yaddaqalan görüş də keçirilmişdi. Bülbülün səfəri 1961-ci ilin yayına təsadüf edirdi. Texnikumu ziyarət edən Bülbül sonradan Ağdam RPK-nın Lenin prospektindəki binasının yanında olan  Siyasi-Maarif Evində tələbələr üçün konsert verdi. Bu konsertdə müğənnini tarda Xosrov Fərəcov  müşaiyyət etmişdi.

1976-ci ildə Xosrov Fərəcovun rayon prokuroru ilə  “qarşılaşması” nəticədə birincinin vəzifəsinin tərk etməsi ilə yekunlaşdı. Təxminən bir il ərzində direktor vəzifəsinin səlahiyyətlərini Azadə Bədəlbəyli icra edəsi oldu. Qeyd edək ki, xanım  Əfrasiyab Bədəlbəylinin qardaşı qızı idi.

1977-ci ildə “uçilişaya” direktor təyin edilən Əvəz Məmmədəli oğlu Rəhmətov 1938-ci ildə  Masallı  rayonunda anadan olmuşdu.  Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əvəz Rəhmətov uzun illər mədəniyyət idarəçiliyi sahəsində müxtəlif vəzifələrdə çalışıb. Bir neçə monoqrafiyanın, o cümlədən “Əhməd Bakı­xa­nov” adlı mo­no­­­qrafiyanın və onlarca elmi məqalələrin müəllifi idi. 1982-ci ildə “uçilişadan” vəzifəsini tərk edən Əvəz Rəhmətov Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Texnikumunda direktor vəzifəsinə təyin edilmişdi. Əlavə olaraq qeyd edim ki, direktorun kənardan göndərilməsinin bir səbəbi də Xosrov Fərəcovun  rəhbərliyə təsirini azaltmaq və  neytarllaşdırmaq idi. Əvəz Rəhmətovun bir neçə illik qarşılaşması, nəticədə Xosrov Fərəcovun texnikumdan uzaqlaşmasına səbəb oldu. 1977-ci ildən Xosrov Fərəcov Ağdam Dövlət Dram Teatrına direktor müavini təyin edilməklə münaqişəyə son qoyulmuş oldu.

İstənilən halda Qarabağın tar ifaçılığı sənətinin və “uçilişanın” inkişafında, xüsusəndə “Şur”  ansamblının yaradılması və fəaliyyətində  Xosrov Fərəcovun danılmaz xidmətləri vardır.

1982-ci ildən “uçilişaya”  əməkdar artist Mais Salmanov direktor təyin edilir. 1978-ci ildə əməkdar artist fəxri adına layiq görülən M.Salmanov dünya şöhrətli azərbaycanlı neftçi-alim  Fərman Salmanovun qardaşı idi. Bu məqam onun idarəçiliyində əsaslı rol oynamışdı. Texnikumun həyətində əlavə korpus  məhz onun rəhbərliyi dövründə inşa edilmişdi.

Mais Salmanovun rəhbərliyi dövründə atılan addımlardan biri “Opera studiyası” nın yaradılması oldu.  “Opera studiyası”nda “Leyli və Məcnun” , “Şah İsmayıl” əsərlərindən pərdələr hazırlanmış və o dövrdə Akademik Milli Dram Teatrı ilə sıx əməkdaşlıq əlaqələri qurulmuşdu. Hətta məşqlər korifey sənətkar Arif Babayevin və xalq artisti Qəndab Quliyevanın iştirakıyla aparılmışdı.  “Məcnun” rolunda İlham Sadıxov  və “Leyli” rolunda isə Leyla Bayramovanın iştirakı ilə tamaşadan hazırlanmış parçalar rayon mədəniyyət evində uğurla nümayiş etdirilmişdi. 

Texnikumun fəaliyyətiylə bağlı əldə etdiyimiz digər maraqlı faktlara diqqət yetirək. 

- 1973-cü ilədək məktəbi bitirənlərin 58 nəfəri Azərbaycan Dövlət Konservatoriyasında təhsili davam etdirmişdir.

- Respublikamızın 34 rayonunda fəaliyyət göstərən musiqi məktəblərinin direktorları ilk musiqi təhsilini məhz bu texnikumda almışdı.

Göründüyü kimi, texnikum tanınmış bəstəkar və avropa alətləri üzrə ifaçı yetişdirməsədə, bu musiqi ocağından kifayət qədər tanınmış xanəndə, tar ifaçısı və mədəni-maarif idarəçiliyi üzrə rəhbər vəzifəli şəxs yetişdirmişdir...

Hazırda Ağdam Orta İxtisas Musiqi Kolleci Quzanlı qəsəbəsində fəaliyyətini davam etdirir.

1989-cu ildə seçki yolu vəzifəyə təyin edilən Laura Ağayeva ilə söhbətmizdə maraqlı məqamlara toxundu:

“1993-cü ilin ağır günlərində Qərvənd və Xındrıstan kəndində qəbul imtahanlarını keçirməyimizi unuda bilmirəm...

İnzibati bina axtarışı ilə bağlı Ağdaş, Ağcabədi və Bərdəni dolaşsaqda, sonda Bərdə Mədəniyyət evində məskunlaşdıq və on üç il burada fəaliyyət  göstərdik...

2006-cı ildən isə indiki fəaliyyət göstərdiyimiz binaya göçdük...

Hazırda kollecdə altı şöbə fəaliyyət göstərir-fortopiano, xalq çalğı alətləri, xanəndəlik,  xor-dirijorluq, skripka və nəzəriyyə...”

Laura Ağayeva maraqlı bir məqamı da söylədi ki, xanəndəlik sinfində  hazırda üç nəfər təhsil alır.Və hər il bu ixtisas üzrə daxil olanların sayı azalır.

Elə bil ki, Qarabağsız gözəl səsə malik insanların sayı da azalıb...

İşğal altında əlli beş royalın qaldığını dilə gətirən, Laura Ağayeva “uçilişanın” əvvəlki şöhrətinin qayıtması üşün var qüvvəsiylə çalışdığını dedi...

Biz qısa şəkildə olsa da Ağdam “uçilişasının”  “ömür yolu”na nəzər saldıq. Bu gün Musiqi Kolleci üçün Quzanlı qəsəbəsində yeni bina inşa edilir.  İnanırıq ki, müasir üslubda inşa edilən binada “uçilişa”daha böyük uğurlara imza atacaqdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI