Modern.az
saytı “Bölgə gülməcələri” adlı rubrikasını davam etdirir. Rubrikanın məqsədi oxucuları Azərbaycanın hər bir bölgəsində yaşanan real, məzəli əhvalatlarla tanış etmək, hazırcavab lətifə qəhrəmanlarını görüşünüzə gətirməkdir. Bu dəfəki təqdimatı baməzə və təmiz insanlar məmləkəti olan Laçından edəcəyik. Hər təqdimatda hər bölgənin öz dialekti, şivəsi və orijinal danışıq tərzi qorunub saxlanılacaq. Bir kişinin ərgən oğlu olur. Toya az qalmış bir axşam kişi oğluna deyir:- Oğul, səhər tezdən qara cöngəni apar bazara sat, pulunu gətir sənin toyunu eləyək.
Oğlan tezdən cöngəni yedəkləyib bazar yoluna çıxır. Toyun yaxınlaşmasından kefi kökəldiyi üçün yolda da oxumağa başlayır. Oxuya-oxuya gedib çatır bazara. Bazara çatanda birdən yadına düşür ki, bəs oxuduğu mahnının fışdırığı da varıdı, amma o, fışdırığı çalmayıb. Eləmir tənbəllik, cöngəni bazarda qoyub qayıdır bayaq mahnı oxuduğu yerə. Başlayır təzədən oxumağa və oxuduğunu da fışdırıqla müşaiyət edir.
Bu minvalla yenidən gəlib çıxır bazara ki, qara cöngəni satsın. Amma ora cöngə-bura cöngə, cöngə tapılmır. Kor-peşman qayıdır evə. Qapıdan içəri girəndə atası xəbər alır:
- Oğul, de görüm cöngə nə qədər çıxartdı?
Oğul cavabında:
- Ata, cöngəni oğurladılar – deyir.
- Bala, nə təhər oldu ki, cöngəni oğurlatdın? – atası bir də sual edir.
Oğul:
- Ata, bazara gedəndə yolda mahnı oxudum, bazara çatanda yadıma düşdü ki, mahnının fışdırığını çalmamışam. Geri qayıdıb mahnının fışdırığını çaldım. Bir də bazara gələndə gördüm cöngəni oğurlayıblar – deyib günahkar halda başını aşağı salır. Atası cavabında:
- Oğul, kefini pozma, sən ki o mahnını fışdırıqsız qoymamısan, o biri cöngəni satıb sənin toyunu eləyəcəm – deyir.
*****
Sovet dövründə ucqar dağ kəndindən varlı bir şəxs Laçının milis rəisinin yanına gəlib xahiş edir ki, oğlunu milisdə işə götürsün.
- Milisdə işləmək üçün gərək diplom ola – deyib rəis kişini başından eləmək istəyir. Fikrindən dönmək istəməyən kişi:
- Rəis, bu da olmasın on qoyun, satıb uşağa diplom alaram – deyir.
- Gərək iş yerindən yaxşı xasiyyətnaməsi də ola – rəis ikinci şərti deyir.
- Rəis, o asan məsələdi, iki qoyuna həll olar – kişi yenə fikrində israr edir. Nə isə, rəis kişini fikrindən daşındırmaq üçün nə şərt irəli sürürsə, kişi hamısını həll edəcəyini deyir. Rəis axırıncı şərti deyir: - Gərək xaricdə qohumunuz olmasın.
Bu şərti eşidəndə bayaqdan ana bülbül kimi dil-dil ötən kişinin gözü dirənir.
Bikef halda dillənir:
- Düzələn olmadı.
- Niyə, a kişi? – rəis maraqla sual edir. Kişi qayıdır:
- Ona görə ki, rəis, bizim qohumların hamısı Qubadlıda yaşayır.
*****
Laçın avtovağzalında qızla oğlan şirin-şirin söhbət eləyir. Bu vaxt oğlanın qohumlarından biri ona yaxınlaşıb deyir:
- Mamam bilsə, mənlə dalaşacaq, mənim kurtkamla şərfimi çıxart ver, gedim. Əsəbindən dişini-dişinə sıxan oğlan:
- Yaxşı, bir az hövsələn olsun – deyir.
Aradan bir az keçəndən sonra bu dəfə dostu yaxınlaşıb ondan ayaqqabısını istəyəndə qız deyir:
- Nə qədər ki, şalvarın dalınca gəlməyiblər, çıx get.
*****
Qarakeşdən İrəcəb oğlu Əliş yaylaqda yol gedən zaman görür ki, bir uşaq qaçaraq ona tərəf gəlir. Uşaqdan hara getdiyini soruşur. Uşaq deyir ki, ölü düşüb, molla dalınca gedir. Əliş molla olduğunu və indi də yas yerindən gəldiyini deyir. İşin düzəldiyinə sevinən uşaq Əlişi yas yerinə gətirir. Əliş kürd dilində və Qurandan eşitdiyi bəzi ifadələrlə yas məclisini aparır. Bu vaxt Əlişi tanıyan Musa gəlib Əlişin yas apardığını görüb heyrətini gizlədə bilmir. Əliş kürd dilində ona deyir ki, dinməsin, aldığı pulun yarısını ona verəcək.
Yas sahiblərindən biri Musanın “molla”nı tanıdığını görüb soruşur: - Bu necə molladı? Musa cavab verir: - And olsun onun oxuduğu Qurana, biz tərəfdə belə molla yoxdu.
*****
Oğuldərədə ot biçini vaxtı hər gün qoyun otarmağa göndərilən Balakişi qardaşlarına gileylənir ki, çətin işə məni göndərirsiniz. Səhəri gün qardaşları onu da özləriylə kövşənə gətirirlər. Səkkiznömrə kərəntini əlinə verəndən sonra qardaşın biri Balakişidən irəliyə düşür, o biri ardınca. Hay-harayla dal-qabağını kəsib onu əməlli-başlı işlədirlər. Ot işini belə görən Balakişi səhər tezdən qalxıb qoyunu otarmağa gedir. Uzaqdan qardaşlarının hay-harayını eşidən
Balakişi yana-yana deyir:
- Pah, yəqin yenə namərdlər araya adam salıb.
*****
Məcid kişi qaçqınçılıqda Qaxın İbaxlı kəndində məskunlaşır. Hərdən doqqazın ağzında əyləşib təsbeh çevirən Məcid kişiyə bir nəfər kənd sakini zarafatla “molla” deyib sataşarmış. Bir gün yenə Məcid kişi əlində təsbeh doqqazın ağzında əyləşəndə həmin kişi arvadıyla küçədən keçirmiş. Doqqaza çatanda təsbehə işarə edib Məcid kişidən soruşur:
- Molla, gör mənə ikinci kəbin düşür?
Məcid kişi təsbehi əlində sağa-sola çevirib deyir:
- Sənə yox, yanındakına göstərir.
Qeyd: Lətifələr Laçından olan şair – publisist İlham Qəhrəmanın “Laçın folkloru” kitabından götürülüb.
Hazırladı: Elmin NURİ