Ötən il səhhətində yaranan ciddi problem səbəbindən yaradıcılıq fəaliyyətindən uzaq düşən şair Aqşin Yenisey bir neçə gün öncə APA TV-yə redaktor təyin edilib. Şair Modern.az-a yeni işi barəsində danışarkən bu təklifin ona hərtərəfli uyğun gəldiyini qeyd edib:
“Demək olar ki, müalicəm başa çatıb. Ona görə düşünürdüm ki, işləmək lazımdır. İstəyirdim ki, bildiyim, bacardığım bir işi görüm. İki aya yaxın idi bir neçə saytdan və qəzetdən təklif gəlmişdi. Maddi və mənəvi cəhətdən mənə münasib olan işləyə biləcəyim yer APA TV idi, onun təklifini dəyərləndirdim və burada işləməyə başladım.
Hazırda mədəniyyət verilişlərinin mətnlərini redaktə edirəm. Yerdə qalan xəbər mətnləri və digər mövzular mənim səlahiyyətimdə deyil”.
Şair hazırda çapını gözləyən kitabları haqqında da danışıb:
“Yeni bir şeir kitabım, bir də nəsr kitabım var. Ancaq istəmirəm tez-tələsik hazır olsun. Nə vaxt hiss etsəm ki, daxili ehtiyacım var, yəqin ki, o zaman çap olunacaq. O kitabların redaktəsi ilə məşğulam. Ancaq tez çap etdirmək fikrim yoxdur.”
Ulduz İBRAHİMOVA