telejurnalist
Əyninə gəlməz!
- Yazıq Səbzəli! Mənimlə evləndi-evlənmədi bir gün görmədi. Fikri-zikri bir işdədi – bir evdə. Mənim xəstəliyim də onu lap əldən salıb. Gah dərman axtarır, gah ... Eh, zavallı, görəsən harada qaldı ?
Bu vaxt qapı açılır, əri içəri girir.
- Hardasan, ay Səbzəli? Yaman nigaran qalmışdım.
- Sənin üçün dərman axtarırdım. Ona görə gec gəldim. Hə, ancaq ona görə.
- Sən yazıq, lap əldən düşdün.
- Eybi yoxdur, de görüm, necəsən?
- Necə olacağam? Deyəsən son günlərimi yaşayıram.
- Eh, ay arvad, sən də səhər-səhər ağzını xeyirliyə aç, bu nədir belə bədgümanlıq eləyirsən!
- Ürəyimə damıb. Ona görə də ... yaxşı, gəl, otur burada, vəsiyyətimi eləyim.
- Bu nə sözdür, bəsdir səncanın!
- Hər halda mənim istəyimə qulaq as.
- Nə deyirəm ...
- Sən mənə həmişə sədaqətli olmusan, bunu bilirəm. Şər deməsən, xeyir gəlməz. Bax, sənə deyirəm, hələ cavansan, mənə bir şey olsa, mütləq evlənərsən.
- Sən nə danışırsan?!
- Bu mənim istəyimdir! Qulaq as!
- Buyur.
- Özü də, ən geci bir həftə ərzində arvad taparsan, evlənərsən. Ancaq səndən bir xahişim var.
- Nə desən, gözüm üstə.
- Bax, şkafda nə qədər təzə paltarım var, kürklərim, dublyonkalarım ... Onların hamısını arvadına verərsən geyinsin. Ömrü boyu geyinsə yetər.
- Elə niyə?
- Hər dəfə onu həmin paltarlarda görəndə məni xatırlayarsan. Nooldu, nə fikrə getmisən?
- Bilirsən, nə var, arvad?
- Sözünü de, çəkinmə!
- Sən mənim ürəyimi lap kövrəltdin. Ancaq xahişinə əməl edə bilməyəcəyəm. Çünki ... Sənin paltarların onun əyninə gəlməyəcək. O səndən çox canlıdır.
Evə dönmək istəyir
Evdə ana-oğul söhbət edirlər. Ana oğluna çay gətirir.
- Buy, başıma xeyir, ədə, qarşıdan bayram gəlir, yenə qanın qaradır.
- Hə, bir az!
- Bax, məndən sirr gizlətmə, nə sözün var mənə de. O dəfəki kimi eləmə. Gündən-günə əriyib gedərdin mən olmasaydım, kim bilir belə vəziyyətin nə gədər çəkəcəkdi...
- Nə çəkəcəkdim dedin, ana?
- Ay oğul, gözümün içinə baxırsan, amma fikrin ayrı yerdədir. Zərəfşanı deyirəm də ...
- Hə, Zərəfşanı?!
- Gördün? Ona nə toy tutdumsa, əlli-ayaqlı getdi, heç tozu da görünmür. Sən mənə əvvəldən desəydin, heç bir gün də onu gəlin saxlamazdım. Vallahı-billahı sənin xətrinə dözürdüm. İndi sən də, mən də azad günə çıxmışıq o mürdəşirin əlindən! Aaa ... Sənə nə oldu, mən ağzımda gül kimi xoş xəbərlər danışıram, sənin olmaya qanın qaraldı? Bir üzümə bax, olmaya, ağlayırsan? Utanım yerinə! Kişi də arvaddan ötrü göz yaşı tökər?!!
- Eeee ... Ay ana, birini bilirsən, beşini yox.
- Deyərsən, bilərəm.
- Mən onun evimizdən getməsinə çox sevinmişdim.
- İndi nə oldu, o ki sənə dağ çəkirdi, sevin də, daha ağlamaq nəyə gərək?
- Bax, teleqram vurub, evə qayıtmaq istəyir ...