Telejurnalist
Rəis arvadı olmaq istəyərsənmi
İndi çoxları mənə həsəd aparacaq. Qoy belə olsun! Kiminin əvvəli, kiminin sonu deyiblər. Mənimki də belə gətirdi. Əla! Rəis təyin olunmağım lap gözlənilməz oldu!
Bəh-bəh! Hökmümü bundan sonra göstərəcəyəm! Ah, yaxşı yadıma düşdü: bu xəbəri arvadağaya çatdırım, qoy o da sevinsin. Amma birdən - birə deməyəcəyəm, qoy bir az ürəyi üzülsün. Zarafat deyil, ona bu gündən sonra “rəis arvadı” deyəcəklər. Qonşular rəis təyin edildiyimi bilsələr, ürəkləri partlayacaq! ...
- Allo, Güldəstə, sənsən?
- Bəli, mənəm. Kimdir danışan?
- Aaa... Tanımadın? Mənəm də! ...
- Səsin yamanca dəyişib, ona görə tanıya bilmədim.
- Dəyişər də! Sənə vacib bir sözüm var.
- De görüm, nədir o vacib sözün?
- Sənin razılığın lazımdır!
- Ürəyimi üzmə, de görüm, nə xəbər verəcəksən!
- O qədər həyəcanlıyam ki, bu xəbəri sənə çatdırmağa çətinlik çəkirəm.
- Nahaq yerə! Məndən utanırsan bəyəm? Sözünü de, cavabını al. Daha burda ...
- Yox, qadası, burada utanılası bir şey yoxdur. Xəbər elə xəbərdir ki, sənin üçün gözlənilməz olacaq.
- Bax, sənə deyirəm, çox çərənləsən, dəstəyi asacağam.
- Qadası, əsəbiləşmə, yaxşı, bu saat deyirəm.
- Buyur!
- Qadası, mənə de görüm, rəis arvadı olmaq istəyirsənmi?
Arvad telefonda düşüncəyə dalır, gah sevinir, gah üzü tutulur, barmağını dodaqlarının üstünə qoyub fikirləşir.
Ər telefonda:
- Noodu, niyə dinmirsən? Rəis arvadı olmaq istəyirsənmi?
- Bilirsən, elə qəfil sual verdin ki, heç bilmirəm nə deyim. Amma, hər halda, gərək rəisləri bir-bir göz önünə gətirəm. Hansının arvadı olmaq istədiyimi bir az düşünməliyəm.
Həkimin qəbulunda
Diş həkiminin otağına bər-bəzəkli bir qadın gəlir. Qapını azacıqaralayaraq qəzet oxuyan həkimə:
- Olarmı?
- Görürsünüz ki, məşğulam.
- Bağışlayın, elə bildim sadəcə qəzet oxuyursunuz ...
- Aaa! Qəribə adamdılar, qəzet oxumaq iş deyil?
- Elə isə gözləyərəm.
Həkim başını qaldırır, gözəl qadını görür, ona yaxınlaşır.
- Yox, yox. Sizin kimi qadını gözlətmək insafdan deyil. Buyurun, buyurun.
- Gecə sabaha qədər dişimin ağrısından yata bilməmişəm.
- Telefon etsəydiniz, lap gecə yarısı da gələrdim ...
- Mən demək istəyirəm ki, yəni dişim axşamdan rahatlıq vermir.
- Keçər! Elə eləyərik ki, tez keçsin. Zəhmət olmazsa, kresloda oturun, ayaqlarınızı uzadın. Bax belə, ayaqlarınız rahat oldumu?
- Hə!
Həkim onun ayaqlarına baxır, sığal çəkir.
- Maaşallah, göz dəyməsin, gözəl ayaqlarınız var.
- Bunun nə dəxli?
- Heç, elə belə, çox yaraşıqlı ayaqlarınız var. Neçə ölçüdə ayaqqabı qeyirsiniz?
- Bura bəyəm ayaqqabı dükanıdır?
- Yox, yox, ayaqlarınız çox incədir, gözoxşayandır, nə gözəl corablarınız var! Kaprondur, eləmi?
- Yox, yun corabdır, başa düşdün?
- Ola bilər, ola bilər, mənim gözlərim yaxşı görmür, bəlkə də kaprondur.
Qadın bir müddət həkimin onun ayağına sığal şəkməsinə etiraz etmir, üzünə baxır, sonra kreslodan qalxaraq :
- Həkim, dedim ki, mənim dişim ağrıyır, ayaqlarım yox!
- Acığınız niyə tutur, növbə dişlərinizə də çatacaq, aşağıdan yuxarı ... hamısını müayinə edə-edə... Sizin gözəl ayaqlarınız var.
O bunu deyib bir daha qadının ayağına əl uzatmaq istərkən, qadın həkimin üzünü özünə tərəf çevirərək:
- Sizin nə gözəl sifətiniz var!
Bunu deyib deyib, həkimin üzünə sərt bir şillə çəkib otaqdan çıxır.