Xuraman Hüseynzadə: “İlk qonorarıma ütü almışam”
Modern.az gənc yazarlarla müsahibələrini davam etdirir. Budəfəki həmsöhbətimiz şairə Xuraman Hüseynzadədir.
- Bildiyimə görə uzun müddətdir müəyyən səbəblərdən ədəbi proseslərdən uzaq düşmüşdünüz. İndi nə işlə məşğulsan?
- Ədəbi proseslərin episentrində olmaq çox asandır. Qalmaqal yarat, hamı səndən danışsın. İndi istedad həqiqi qiymətini almır. Həmişə müşahidəçi olmuşam. Ədəbi mühitdə kənardan hər şey fərqli görünə bilər. Unutmayaq ki, ora da cəmiyyətimizin bir hissəsidir. Cəmiyyətdə qeybətcil, dedi-qodu ilə məşğul olan, üzə gülüb arxada qılınclayan varsa, deməli, orda da var. Ona görə də müşahidə etmək daha yaxşıdır. Yeni şeirlərim, hekayələrim var. Nəsr kitabı hazırlayıram.
- Bu gün niyə düşündürücü yazılar oxuya bilmirik?
- Köşə yazmaq yazarları sırf ədəbiyyatla məşğul olmaqdan uzaqlaşdırıb. Buna baxmayaraq, düşündürücü yazılar var. Axtaranda tapmaq olur.
- İki əlimizdəki barmaqların, yoxsa gənc yazarlar arasındakı istedadların sayı çoxdur?
- Az da olsa, istedadlı gənclər var. Yazdıqlarını oxuyuram.
- Açıq danışmağı xoşlayırsınız, ədəbiyyatda kimlər zaman-zaman sizə mane olmağa çalışıb?
- Heç kimlə işim olmayıb. Ona görə də belə situasiya ilə üzləşməmişəm.
- İndiki ədəbi gənclikdə ən çox razılaşmadığınız məqam hansıdır?
- O haqda heç düşünməmişəm. İstedadlı gənclərin yazdıqlarını oxuyuram. Sadəcə, pessimist olmalarını isitəmirəm.
- Əvvəl ədəbi dərnəklər var idi, hər yazıçının hansı dərnəyə aid olduğunu bilmək olardı. Necə düşünürsünüz, indi bəzi ədəbi portallar həmin dərnəklərin rolunu oynamır ki?
- Mən o dərnəklərin heç birində iştirak eləməmişəm. Ona görə konkret prinsiplərini, nə etdiklərini bilmirəm. Amma saytlarda qruplaşmalar olduğu hiss olunur. Elə saytlar var ki, kimlərisə “iqnor” edib. Bu, öz problemləridi. Heç nə deyə bilmərəm.
- Tənqidçilər haqqında nə deyə bilərsiniz? Son zamanlar bir-biri ilə heç yola getmirlər...
- Ailədə də söz-söhbət olur. Ümumiyyətlə, yazarların çəkişməsinə çox da fikir vermək lazım deyil. Dava edənlərin ətrafında,necə deyərlər, sıx birləşib özünü yüngülsaqqal eləməyin heç yeri yoxdur. Elə yazarlar var ki, fitvaya gedir. Sonra müdafiə etdiyi adam qarşı tərəflə barışanda “yuyulmamış qaşıq” kimi görünürlər. Mənim bir devizim var: birindən ötrü başqa biri ilə münasibəti pozma. Tənqidçilərin yola getməməsini izləmirəm. Ümumiyyətlə, bizdə tənqidçi deyəndə necə bir adamın nəzərdə tutulduğunu bilmirəm. Eləsi var, toylarda tamadalıq etsə, daha yaxşı olar.
- Yazıçılar Birliyində sonuncu dəfə nə zaman olmusunuz?
- Yadımdan çıxıb. İllər öncə.
- İndiyə qədər şair-yazıçı kimi ən çox nə qədər qonorar almısız?
- İlk qonorarımı bir şeirimə görə almışam. O, mənim ilk əmək haqqım idi. Ütümüz xarab olmuşdu. O pula ütü aldım. Ondan sonra iki-üç jurnal, bir-iki qəzet qonorar yazdı. O da çox az idi. Xatırlamayacağım qədər az...
Elmin NURİ