Modern.az

“Doktor Zeyni, doktor Şahbaz”

“Doktor Zeyni, doktor Şahbaz”

Ədəbiyyat

27 Fevral 2015, 11:25

Yazıma seçdiyim başlıq mənə aid deyil. Atam Qabilin eyni adlı, 7 bəndlik  şeirindən götürmüşəm bu adı. İlk və son şagirdləri, Yardımlının loğmanları Zeyni Adiyev və Şahbaz Əkbərova həsr etmişdi bu şeiri. Hər dəfə Yardımlıya gedəndə, onlar görüşünə gələndə uzaq 1948-49-cu illəri, Yardımlıda müəllimlik etdiyi günləri yadına salardı.

Yaxın gəlin mənə bir az,
Kövrək ötür sinəmdə saz.
Ey ilk və son şagirdlərim,
Həm sevincim, həm kədərim, -
Doktor Zeyni, doktor Şahbaz!

Mən lap cavan, siz lap uşaq...
Geri dönək, geri uçaq...
Zəng səsləri... tanış avaz...
“Çapayev”i əzbər desin
Doktor Zeyni, doktor Şahbaz!
       
Bu xatirələrin  içində məzəli əhvalatlar da vardı. Onlardan birini qələmə almağa qərar verdim.

1948-ci ildə APİ Lenini bitirən, şəhər uşağı olan  Qabilin təyinatını verirlər ucqar dağ rayonu olan Yardımlıya. Üç yol maşını – avtobus, yük maşınının kuzovunda – dəyişə-dəyişə, nəhayət gəlib çıxır Yardımlıya. Başlayır Fəzail Əkbərovun (sonralar quda oldular) direktor olduğu orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnindən dərs deməyə.

Yardımlı camaatında elə indinin özündə də müəllimə, elmə, biliyə böyük diqqət və hörmət var. Birinin uşağı ali məktəbə girə bilməyəndə xəcalətindən bir ay rayon mərkəzinə çıxa bilmirmiş. Müəllim cavan olsun, ya qoca küçəylə gedərkən, oturan ağsaqqallar da hörmət əlaməti olaraq ayağa durub, “Salam, müyəllim. Necəsən?” deyə hal-əhval tutarlarmış.

Kənara çıxan ev uşağı ilk növbədə nə üçün darıxar? Əlbəttə ki, evdə bişən  yeməklərçün. Günlərin bir günü əlaçı şagirdlərindən olan Zeyni Adıyev müəllimi Qabilə  yaxınlaşır.

-         Qabil müəllim, atam sizi evimizə qonaq çağırır.

-         Gələrəm, - deyə Qabil fikirləşmədən əlaçı şagirdinə cavab verir.

-         Müəllim, atam soruşdu ki, müəllimin ürəyi nə istəyir desin. Onu da bişirək.

-         Aş, - deyə Qabil  fikirləşmədən cavab verir.

Razılaşırlar ki, bəs səhəri günü axşam atası Buludxan onun arxasıyca yaşadığı evə gələcək. Səhər açılır. Zeyni yenə də Qabilə yaxınlaşır.

-         Müəllim, atam soruşdu ki, təkcə aş istəyir? Yeməklərdən başqa nə olsun?

-         Heç nə. Ancaq aş istəyirəm. Çoxdandır ki, aş yemirəm.

Zeyni duruxsa da, heç nə demir. Axşam olur. Vədələşdikləri kimi Qabil şagirdi Zeyninin qonağı olur. Süfrə açılır. Ortaya kasalarda dovğa gəlir. Qabil heç nə demir. Hörmət əlaməti olaraq dovğadan bir-iki qaşıq yeyir. Başlayır aşı gözləməyə. Zeyninin atası soruşur:

-         Müyəllim, daha yemirsən?

-         Yox. Bəsdir.

Bunu deyən kimi başlayırlar süfrəni yığışdırmağa, ortaya şirni düzməyə ki, bəs çay versinlər. Qabil də çaş-baş qalır ki, qonaq dəvət eləməkləri nədir, süfrəni yığışdırmaqları nə. Dözməyib soruşur:

-         Bəs özünüz əvvəlcədən soruşmuşdunuz, mən də aş demişdim.  Bəs Zeyni sizə deməyib?

-         Müyəllim, deyib, - deyə Buludxan kişi dillənir. – Biz də bişirmişik.

-         Bəs hanı?

-         Müyəllim, bəs indi yediyin nə idi? Aş idi də. Deyəsən dadsız çıxmışdı, xoşuna gəlmədi. Bir-iki qaşıq yedin, day istəmədin.

-         Mən dovğa  istəməmişdim, mən aş istəmişdim.

Sonradan məlum olur ki, Yardımlıda aş ayran aşına, yəni bakılıların dilində desək dovğaya deyirlər. Qabilin nəzərdə tutduğu yemək isə yardımlıların dilində “plov”dur. (Bakılılar plova aş deyirlər) Ona görə də Qabil  aş yemək istədiyini deyəndə şagirdi Zeyni duruxub qalıbmış. Atası Buludxan da onu ikinci dəfə məktəbə göndəribmiş ki, get müəllimdən bir də soruş. Aş-plov məsələsi o vaxtdan yaddaşlara yazılan ən gözəl xatirələrdən birinə çevrilmişdi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI