Modern.az

“Bölgə gülməcələri” - Ağdaşda yaranan lətifələr - RUBRİKA

“Bölgə gülməcələri” - Ağdaşda yaranan lətifələr - RUBRİKA

28 Fevral 2015, 10:20


Modern.az saytı “Bölgə gülməcələri” adlı rubrikasını davam etdirir. Rubrikanın məqsədi oxucuları Azərbaycanın hər bir bölgəsində yaşanan real, məzəli əhvalatlarla tanış etmək, hazırcavab lətifə qəhrəmanlarını görüşünüzə gətirməkdir. Budəfəki təqdimatı baməzə və təmiz insanlar məkanı olan Ağdaşdan  edəcəyik. Hər təqdimatda hər bölgənin öz dialekti, şivəsi və orijinal danışıq tərzi qorunub saxlanılacaq.

  Ağdaşda bir mollaya bir nəfərin pul borcu olur. Molla o kişinin qapısına çox gedir, əmbə di gəl ki, borcunu ala bilmir. Axırda molla bezir, gedir oturur qəbiristanlığın qapısının ağzında. Özlüyündə fikirləşir ki, əvvəl-axır bura gələcək. Gedən-gələn soruşur ki, ay molla, burada nə gəzirsən. Molla heç nə demir. Axırda deyir ki, bir nəfərə borcum var, ala bilmirəm, ona görə burda oturmuşam ki, əvvəl-axır son ünvanı bura olacaq.

- Yaxşı ay molla, bunu niyə neçə gündür heç kəsə demirdin?

- Ə, deməzlər ki, daş başuva, diridən pulunu ala bilmirsən, bəs ölüdən necə alacaqsan?  

***  

Bir gün molla Ağdaş bazarına eşşəklə mal aparırmış. Nə təhər olursa eşşək sürətini artırır və molla eşşəkdən yıxılır. Ayağa qalxan molla heyifislənir:

- Ehh,  cavanlığım, cavanlığım, heyf tez əldən çıxdı. Sonra sağa-sola baxır. Heç kimin olmadığını görüb bayaqkı çıxışına düzəliş verir:

- Ə, heç cavanlığım da bir zibil olmayıb   Ağdaşın Seyid ağa adında birinin sonradan zərbi məsələ dönən  gülməcələri olub. Məsələn, o, sağlığında bivec işlər görən adamı belə xatırlayarmış:

- Allah rəhmət eləsin!.. Amma yanındakılara...  

***  

Bir gün xalq artisti, gülüş ustası Ağdaşa qonaq gedir. Ona deyirlər ki, burda da Beydulla adında zarafatcıl bir kişi var, artistdi. Lütfəli Abdullayev də maraqlanıb deyir ki, aparın məni, görüm onu. Nə isə aktyoru aparırlar. Beydullanı görəndə deyir ki, bıyy bu mənə oxşayır ki. Boyu da mənim kimi balaca. Beydulla əhvalını pozmadan:

- Ola bilər. qabaqlar mənim atam Şəkiyə tez-tez gəlib gedirmiş.

Deyilənə görə o cavabdan sonra aktyor möhkəm gülür və Beydulla ilə ömürlük dost olur. (Lütfəli Abdullayev Şəkidən olub - red.)    

Ağdaşdan danışmışkən o bölgənin ən baməzə və istedadlı yetirməsi  olan kaman ustası Habil Əliyevdən danışmasaq olmaz:    

“Çayxanada oturub çay içirdim. Bir nəfər gəldi ki, “Habil müəllim, yaxşı ki, sizə rast gəldim. Eşitmişəm öd kisənizdə daş var, sizi otlarla müalicə edəcəyəm”.

O, torbasından müxtəlif qurudulmuş otlardan çəngələyib mənə verdi və sonra da necə istifadə etməyi öyrətdi. Mən ondan soruşdum:

- Qardaş, sən həkimsən, yoxsa türkəçarə ilə məşğulsan?

O, dedi:

- Hə, hə Habil müəllim, həkiməm, mal həkimi...  

***  

Bir dəfə Habil Əliyev Ağdaşa, qardaşıgilə qonaq gedir. Qardaşı deyir ki, Ucarın Qızılqumlaq kənində bir qohumları rəhmətə gedib, mütləq yas yerinə baş çəkmək lazımdır. Gedirlər hüzr yerinə. Orda məlum olur ki, uzun illər dəmir yolunda fəhlə işləmiş rəhmətliyi qatar vurub öldürüb. 

Hadisə belə olub: Rəhmətlik iki relsin arası ilə yolu yoxlaya-yoxlaya gedirmiş. Bu zaman qarşı tərəfdəki qonşu yolla qatar gəlirmiş. Demə, həmin anda arxadan da başqa qatar yaxınlaşırmış.

Arxadan gələn qatar nə qədər siqnal verirsə, rəhmətlik yoldan çıxmır, elə bilir siqnalı verən qarşıdan gələn qatardı. Beləcə o, qatarın altında qalıb ölür.  Habil Əliyev və qardaşı yas mərasimindən geriyə - Ağdaşa qayıdanda gecəyə düşürlər. Maşınla pambıqlığın arası ilə gedən torpaq yolla irəliləyərkən görürlər ki, yolu su basıb. Sən demə, pambıqlığa buraxılan su yola axıbmış…

Sulu yolda maşın palçığa batıb qalır. Sözün qısası, maşını palçıqdan çıxarınca əl-ayaqları, üst-başları batır. Maşını güc-bəla ilə çıxarandan sonra qan-tər içində olan Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını tutub onun qarasınca deyinir:

- Ay rəhmətliyin oğlu, qatar siqnal verir, çıx yoldan qırağa də!..    

 ***  

Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub? Nazim Ağayev gileylənir:

- Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.
Habil Əliyev zarafatla deyir:

- Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!  

Hazırladı: Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI