Modern.az

“Zərdabi belə deyərdi” - Abid Tahirli: “Həsən bəy Zərdabidən öyrənəcəyimiz çox dəyərlər var” - RUBRİKA

“Zərdabi belə deyərdi” - Abid Tahirli: “Həsən bəy Zərdabidən öyrənəcəyimiz çox dəyərlər var” - RUBRİKA

28 Fevral 2015, 12:26

Modern.az saytının çağdaş mətbuat, media problemlərindən bəhs edən “Zərdabi belə deyərdi” adlanan  rubrikasında əsasən bu günün jurnalistikasına və onun problemlərinə 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini nəşr etdirən Həsən bəy Zərdabinin gözü ilə klassik baxış öz əksini tapır. Rubrikada Zərdabi ilə bu günümüz arasında körpü yaradacaq növbəti müsahib isə publisist, Azərbaycan mühacirət  mətbuatı və ədəbiyyatı üzrə araşdırmaçı, filologiya elmləri doktoru Abid Tahirlidir.  Onun fikrincə, Azərbaycan mətbuatının əsasını qoyan böyük Həsən bəy Zərdabi irsi və ənənələrini araşdırarkən eyni zamanda bu problemlər önə çəkilməli və diqqət  mərkəzində saxlanılmalıdır:

Problem 1 - “Əkinçi”dən, onun mühərrirlərindən, redaktorundan çox geri qalırıq və onlardan çox şey öyrənməliyik”

- Cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” Azərbaycan maarifçilik hərəkatında yeni bir mərhələ, xalqımızın təfəkkür tərzində yenilik etməyə bir cəhd, bir çağırış idi. “Əkinçi” XIX əsr Azərbaycan ictimai-fəlsəfi, bədii firkinin salnaməsidir. Obrazlı desəm, “Əkinçi” kədərlə yazılmış, zülmətdən işığa səsləyən bir dastandır. “Əkinçi”dən öyrənməliyik” deyən zaman  zəngin və müasir informasiya mənbələri, operativlik imkanlarına malik, modern illustrasiyalı formata sahib mənbələr hara, çap üsulu kustar, informasiya mənbələri kasad, tərtibatı zəif, yeknəsəq  bir “Əkinçi”  hara, deyib ağız büzənlər də olur. Amma dərindən təhlil edəndə, problemə ciddi yanaşanda  görürük ki, yox, “Əkinçi”dən, onun mühərrirlərindən, redaktorundan çox geri qalırıq və onlardan çox şey öyrənməliyik. “Əkinçi”dən qələmə, məsələyə sədaqəti, millətə xidməti, doğru-dürüst yazmağı, mədəniyyətə vurğunluğu öyrənməliyik. Adət-ənənələrə, dilə məhəbbəti, vicdanla yazmağı və yaşamğı öyrənməliyik. “Əkinçi”nin hər sözünün, hər sətrinin arxasında xalqa xidmət missiyası var. Odur ki, “Əkinçi”nin materilları, toxunduğu mövzuların əksəriyyəti 140 il bundan qabaq olduğu kimi bu gün  də aktualdır.

Problem 2 -Zərdabi “Əkinçi”də qəzetin, mətbuatın vəzifələrini konkret göstərmişdi. Amma indi...”

- Zərdabi yazırdı: “Qəzeti necə çıxardım? Pul yox, çapxana yox, yazıçı yoldaş yox, hürufat, mətbəə yox, hətta oxucu da yox. Dövlətdən icazə almaq da bir bəladır”. O, sonradan “Həyat” qəzetində cəhalət, nadanlıq içində boğulan cəmiyyəti xarakterizə edərək yazırdı ki, hər kəsi çağırıram gəlmir, deyirəm qanmır, göstərirəm görmür. Axırda gördüm ki, qəzetə buraxmaqdan özgə çıxış yolu yoxdur.

Zərdabi “Əkinçi”də qəzetin, mətbuatın vəzifələrini konkret göstərmişdi : “Ümumiyyətlə, qəzetin muradı xalqın gözünü açmaqdır. Qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur ki, işlərin yaxşı-yamanlığını ayna kimi xalqa göstərsin”. O yazırdı ki, düzgün, doğru söz acı olar deyiblər, amma acı olsa da, doğrusunu deyin.

Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir. Onun mənasını yaxşılaşdırmağa çalışan “Əkinçi” yazırdı: “Hər xalqın, millətin keçmişində olan yaxşı və yaman günləri əks etdirən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə səsləyir. Amma bizim mahnılara baxanda gərək ki, təəssüf edəsən, xudavəndə, onları kim və nə üçün düzəldib.

Ağacda oturub sərçə,
niyə uzansan ay küçə,
sən harda qaldın, ah beçə,
 ey yar, ey yar, ah qaragöz.

Yaxşı olardı ki, elə şeirlər yazılaydı ki, onlar xalqı tərəqqiyə, elmə dəvət etsin”.

Problem 3 - “Qloballaşma onsuz da bizi ağuşuna alıb”

-  “Əkinçi” özünün proqram məqaləsində yazırdı: “Bizim zəmanə dəyişilməyi tələb edir”.  Elə bizim zəmanə də dəyişilməyi tələb edir. Qloballaşma onsuz da bizi ağuşuna alıb. Bu güclü axının qarşısında dayanmaq mümkünsüzdür. Lakin bu axınla gələn mütərəqqi, elmi, mədəni əlaqələrin inkişafına təkan verə biləcək ideyaları mənimsəməli,  var qüvvə ilə milli-mənəvi dəyərləri hifz etməli, zir-zibili rədd etməli, palçığa bulaşmamalıyıq. Müasir dövrdə qəzet nəşri üçün hər cür şərait var. Ən yüksək şəkildə maddi və mənəvi dəstək var ki, qəzet xalqa, dövlətçiliyə xidmət etsin. Senzuranın ləğvi, azad, demokratik mətbuatın fəaliyyəti üçün hüquqi bazanın mövcudluğu, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasına yönəldilən prezident sərəncamları - bunların hamısı jurnalistlərin səmərəli fəaliyyəti  üçün münbit şərait yaradır.

Problem 4 - Hər yazar və hər qəzet özü-özünə bu sualı verməlidir: “Mən vicdanla yazırammı?”

- İndi kütləvi informasiya vasitələri - televiziya, radio, elektron xəbər resusrları çoxdur və onların hamısı ümumilikdə cəmiyyətin aynası rolunu oynaya bilir. Amma o zaman “Əkinçi” tək idi. Hər bir mətbu orqanı bu gün özü-özünə sual verməlidir: “Bu gün mən həqiqətən ayna rolunu oynaya bilirəmmi, qarşıya qoyduğum missiyanı yerinə yetirə bilirəmmi, vicdanla, ədalətlə yazırammı?”  İndiki zamanda informasiya kommunikasiya sistemi o qədər zəngindir ki, onun ümumi fəaliyyətində o “ayna” hiss edilir. Məsələn, hər hansı bölgədə, regionda baş verən hadisə tam təfərrüatı ilə həm sayt, həm də televiziyada öz əksini tapır və oxucuda da ayrı-ayrı mənbələrdən alıdğı  informasiyaların nəticəsində geniş təəssürat yaranır. Amma o vaxtı “Əkinçi” tək başına bu işi öz üzərinə götürmüşdü. “Əkinçi” o zaman cəhalət, nadanlıq, ətalət qaranlığında tək qalmışdı və tək mübarizə aparırdı. Onun işini də çətinləşdirən bu idi.

Problem 5 - “Zərdabidən, ”Əkinçi”dən  bunları öyrənməliyik”

- Təbii ki,  ənənələri öyrənməli, onlardan bəhrələnməliyik  deyəndə “Əkinçi”nin mühərrirlərindən və onun naşirindən, redaktorundan, onların yazma ehtirasından, vətənə, millətə məhəbbətindən, xidmət yanğısından əxz etməyi nəzərdə tuturuq. Bu qətiyyən şişirtmə deyil. Biz milli, demokratik dəyərləri onlardan öyrənməklə daha da zənginləşdirməliyik. Həyat bunu tələb edir, müstəqil Azərbaycanın gələcəyi bunu tələb edir.

Problem 6 - “Əkinçi” indikindən fərqli məsələyə birtərəfli yanaşmayıb”

- Bəzən qəzetlərin arxa səhifələrində yazırlar ki,  müəllifin mövqeyi ilə qəzetin mövqeyi üst-üstə düşməyə bilər. Amma bəzən bu qaydaya, müəllif hüququna hörmətlə yanaşılmır. Amma siz fikir verin, Seyid Əzim Şirvani üçün  “Əkinçidə həcv yazmışdılar. Seyidin aşurə günü ilə bağlı satirasına cavab olaraq yazılan həcvi Zərdabi “dostumdur”, - deyib dərc etməyə də bilərdi. Amma peşəkar addım atıb qarşı tərəfin yazısını da dərc edir. Burada obyektivlik, demokratik prinsipə əməl edilir. Amma indiki bəzi mətbuat orqanları çox təəssüf ki, bu prinsiplərə riayət etmir.

Problem 7 - “Əkinçi” ilə yanaşı onun tədqiqatçıları və onların irsi də araşdırılmalı, dəyərləndirilməlidir

 -  Həsən bəy Zərdabinin və “Əkinçi”nin tədqiqatçılarının  əməyinin, irsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Fikrimcə, hər kəs, hətta peşəkar araşdırmaçı da özündən əvvəlki həmkarlarının zəhmətinə diqqətlə yanaşmalı, onun əməyini dəyərləndirməlidir. Məsələn,  tutaq ki, mən bu gün Əziz Mirəhmədovun hazırladığı kitabdan  istifadə edib “Əkinçi” haqqında danışıram, lakin Əziz müəllimin adını belə çəkmirəm. Bu qətiyyən düzgün deyil,  nankorluqdur. Eləcə də Hənifə xanım Məlikova, Əlimərdan bəy Topçubaşov, Firudin bəy Köçərli, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyli, Heydər Hüseynov, Fərhad Ağazadə, Ziyəddin Göyüşov, Əziz Mirəhmədov, Xeyrulla Məmmədov, Nazim Sadıqov, Feyzulla Qasımzadə, Abbas Zamanov, Məmmədcəfər Cəfərov, İzzət Rüstəmov, Sadiq Hüseynov, Nazim Nəsrəddinov, Tahir Aydınoğlu, Akif Aşırlı və adını çəkə bilmədiyimiz onlarca qələm əhli, araşdırmaçı və zərdabişünasların yazdıqlarından   Həsən bəyin həyat və fəaliyyətini, “Əkinçi”nin  Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni, mətbu həyatında oynadığı rolu  öyrəniriksə, bu əsərlərin müəlliflərini də ehtiramla yad etməliyik.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI