filologiya üzrə elmlər doktoru, professor
II məqalə
Zəngin və mədəni əlifba dilin bütün incəliklərini, gözəlliklərini, özünəməxsusluğunu, milli xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, yazı mədəniyyətini də inkişaf etdirir. Bir daha qeyd edək ki, əlifbamızın bir əsrdə dörd dəfə dəyişdirilməsi yazı vərdişinin formalaşmasına maneçilik göstərmiş və yazı mədəniyyətimizin inkişafına xələl gətirmişdir. Hətta bunun acı nəticələrini vaxtilə hiss edənlər olmuşdur. Məsələn, Səməd Vurğun yazırdı: “Biz yeni əlifbaya (kiril əlifbasına – B.X.) ona görə keçmirik ki, latın əlifbası pis olub. Məhz ona görə ki, rus əlifbası daha səmərəli, daha yaxşıdır”. (bax: Səməd Vurğun. Zəngin və mədəni əlifba yaradaq. – Seçilmiş əsərləri. VI cilddə, V cild. “Elm” nəşriyyatı, Bakı, 1972, s.96). Əlbəttə, Səməd Vurğun “rus əlifbası daha səmərəli, daha yaxşıdır” deyəndə o dövrün siyasi baxışından, ideoloji tələblərindən yaxa qurtara bilməmişdir. Bunu da çox təbii başa düşmək lazımdır. Əsl həqiqət isə belədir ki, Səməd Vurğun latın qrafikalı əlifbaya yüksək qiymət vermiş və bəlkə də bu əlifbanın yaratdığı yazı ənənəsini, yazı mədəniyyətini dəyişdirməmək, kiril qrafikalı əlifbaya keçməmək üçün həssaslıqla belə qeyd etmişdir: “Azərbaycan xalqı iftixar edir ki, Şərq xalqları arasında birinci olaraq ərəb əlifbasını basdırmış və latın əlifbasını qəbul etmişdir. Bu, bizim tariximizdə qızıl hərflərlə yazılmışdır”. (bax: Səməd Vurğun. Zəngin və mədəni əlifba yaradaq. – Seçilmiş əsərləri. VI cilddə, V cild. “Elm” nəşriyyatı, Bakı, 1972, s.96). Bizcə, Səməd Vurğun əlifba dəyişkənliyinin yazı mədəniyyətinə vurduğu zərəri çox gözəl bilirdi. Ona görə də onun əlifba ilə bağlı 1939-cu ildə söylədiyi fikirlər siyasi baxımdan da səmimi və başa düşüləndir. Bu mənada Səməd Vurğunun belə bir fikrini xatırlamaq yerinə düşər: “Yoldaş latın əlifbası, biz səninlə dostuq, sən təzə ay kimi bizim evə gəlmisən, lakin indi öz gur şüaları ilə evimizə günəş gəlmişdir. Ona görə də sən bizdən incimə”. (bax: Səməd Vurğun. Zəngin və mədəni əlifba yaradaq. – Seçilmiş əsərləri. VI cilddə, V cild. “Elm” nəşriyyatı, Bakı, 1972, s.96). Əslində Səməd Vurğun “... sən bizdən incimə” deməklə latın qrafikalı əlifbanın yaratdığı yazı ənənəsindən uzaqlaşmaq istəmədiyini bildirirdi. Ona görə də çox ölçülü-biçili mövqeyini bəyan edirdi. Ancaq dövrün ictimai-siyasi və ideoloji rejimi açıq fikir söyləməyə imkan vermirdi. Bununla belə, Səməd Vurğun da, o dövrün digər ziyalıları da əlifbanın dəyişdirilməsinin acı nəticələrini görə bilirdilər. Ancaq bunun qarşısını almaq yolunda əllərindən heç nə gəlmirdi.
Bizcə, yazı mədəniyyətinin formalaşması üçün bir sıra vacib layihələr həyata keçirilməlidir. Birincisi, orta məktəblərdən başlayaraq mütaliə edən (bədii ədəbiyyatı mütaliə edən) bir icma, bir cəmiyyət üzvlərini yaratmaq lazımdır. Orta məktəblərdən başlayaraq şagirdlərin bədii ədəbiyyata marağını artırmaq üçün oxunan bədii əsərlərin müzakirəsini keçirməyə, bu müzakirədə fərqlənənləri dəyərləndirməyə ehtiyac vardır. Bədii əsər oxumayan digər şagirdlər də bu nümunəyə istinad edərək bədii əsərləri oxumalı olacaq və nəticədə oxu vərdişlərinin yaranması, oxuya marağın artması öz müsbət təsirini göstərəcəkdir. Yaxşı olar ki, məktəblərdə oxunmalı olan bədii əsərlərin müəllifləri məktəblərə dəvət olunsun, müzakirələrdə iştirak etsin, şagirdlərin rəylərini, fikirlərini və mülahizələrini dinləsinlər. Klassik ədəbiyyatın oxunub müzakirə olunmasında həmin sahə ilə bağlı tənqidçilərin, ədəbiyyatşünasların münasibətinə və mövqeyinə də biganə qalmaq olmaz. Həm də xarici ölkələrin ədəbiyyatının mütaliəsi də bu gün olduqca aktualdır. Bunsuz geniş dünyagörüş əldə etmək mümkün deyildir. Bunların hamısını bir ənənəyə çevirmək lazımdır. Məktəblərimizdə bu ənənənin yaranması yollarını tapmaq olduqca vacibdir. Oxu mədəniyyəti, mütaliə mədəniyyəti olmadan düşüncə mədəniyyətini formalaşdırmaq mümkün deyildir. Düşüncə mədəniyyəti olmayanda yazı mədəniyyəti də yarana bilməz. Deməli, mütali düşüncəni, düşüncə isə yazını şərtləndirir. Bunların hamısı bir-birini tamamlayan bir mədəniyyət formalaşdırır. Bu mədəniyyətin sayəsində, məhz şagirdlər oxuduqlarına yaradıcı yanaşır, oxuduqları barədə öz fikirlərini ifadə edir və onu yazılı nitqə çevirə bilirlər.
Bu gün Azərbaycan cəmiyyətində ziyalıların böyük əksəriyyəti mütaliə və yazı mədəniyyətinin aşağı səviyyədə olmasından giley-güzar edirlər. Bu həqiqəti etiraf etmək problemin mövcud olduğundan xəbər verir. Eyni zamanda problemin həlli yollarını axtarmağı da vacib bir işə çevirir. Yeri gəlmişkən onu da qeyd edək ki, mütaliə mədəniyyətinin formalaşmasında valideynlərin də üzərinə böyük yük düşür. Valideynlər də övladlarının bədii kitab oxuması istiqamətində müəyyən işlər görməlidirlər. Məsələn, valideynlərin böyük əksəriyyəti məktəbəqədər kiçik yaşlı övladlarına uşaq ədəbiyyatı nümunələrini oxumurlar, onlarda bədii ədəbiyyata maraq yaratmırlar. Övladlarında bədii zövqü formalaşdıra bilmirlər. Vaxtilə hər hansı bir bədii əsəri bir nəfər ucadan oxuyub, ailənin digər üzvləri isə ona diqqətlə qulaq asıblar. Bu diqqət onlarda bədii zövqün formalaşmasında heç də az rol oynamayıbdır. Açıq demək lazımdır ki, nə kompüter, nə internet, nə də digər resurslar mütaliənin verdiyini verə bilməz. Dünya nə qədər inkişaf etsə də, elmi-texniki tərəqqinin nailiyyətləri nə qədər çox olsa da, mütaliə və yazı mədəniyyətindən qaçmaq mümkün deyildir. Ona görə də mütaliə və yazı mədəniyyəti bərpa olunmalıdır. Bu sahədə o qədər aşınma getmişdir ki, məhz onun bərpasına ehtiyac vardır. Dünyada gedən oxu mədəniyyətinin aşağı düşməsi, əvvəlki dövrlərlə müqayisədə azalması Azərbaycandan da yan keçməyibdir. Vaxtilə metrolarda, avtobuslarda insanlar (o cümlədən gənclər) əllərində kitab oxuyurdular, mütaliə edirdilər. İndi bunun əvəzində əllərində telefon boş-boş, mənasız mesajlar yazırlar, oyunlar oynayırlar, daha nə bilim nələr edirlər. Beyin yalnız bir istiqamətə işləyir. Vaxtı öldürmək, günü keçirmək, gündəlik həvəs və maraqları təmin etmək. Ancaq bu vaxt itkisi sabah gəncliyə nə verəcək bu barədə gəncliyin özü də fikirləşməlidir. Bu gün orta məktəbdəki şagirdlərin, ali məktəbdəki tələbələrin böyük əksəriyyəti müstəqil fikir yürüdə bilmir, hər hansı bir məsələ barədə söz deyə bilmir, hər hansı bir məsələ barədə fikrini yazılı şəkildə ifadə edə bilmir. Bunların hamısı cəmiyyətdə mədəni səviyyəni aşağı salır, intellektual səviyyəsi olanları sərbəst düşünmək, yazmaq imkanlarından məhrum edir. Oxumamaq yazı mədəniyyəti ilə bağlı olan dəyərləri dəyişdirir. Dəyərin özü dəyərsiz bir formaya düşür. Az qala intellektual səviyyəli, mədəni, geniş dünyagörüşə, biliyə malik adamlara qəribə bir münasibət yaranır. Bəlkə də onlarda bu keyfiyyətlər günahlı bir işə çevrilir. Ancaq onu da qeyd edək ki, bu məsələlər ziyalıları da, təhsil işçilərini də narahat edir. Bu istiqamətdə Təhsil naziri Mikayıl Cabbarovun zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı 2014-cü il 18 dekabr tarixli əmri mühüm bir addımdır. Hətta bu istiqamətdə orta məktəblərdə “Oxu klubu”nun yaradılması, “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin keçirilməsi ideyası heç şübhəsiz ki, müəyyən irəliləyişlər yaradacaqdır. Bundan başqa, bütün məktəblərdə “Oxu klubu”nun yaradılması, şagirdlərin şairlər və yazıçılarla görüşünün müntəzəm keçirilməsi, şagirdlərin, eləcə də tələbələrin müntəzəm olaraq teatr tamaşalarına aparılması işin müsbət istiqamətdə inkişafına xidmət edəcəkdir. Bu istiqamətdə görülən işlər, aparılan müzakirələr stimullaşdırıcı fəaliyyət kimi diqqəti cəlb edir. (bax: Təranə Məhərrəmova. Məktəbdə mütaliə. – “Kaspi” qəzeti. 20 dekabr 2014-cü il, s.16). Yeri gəlmişkən teatr tamaşalarına olan münasibət keçmişlə müqayisədə tamamilə dəyişibdir. Keçmişdə, özü də uzaq olmayan keçmişdə yaxşı bir ənənə olubdur. Belə ki, orta məktəb şagirdləri, ali məktəb tələbələri müntəzəm olaraq teatr tamaşalarına gediblər. Sonradan həmin tamaşanı müzakirə ediblər. Bu da gəncliyin formalaşmasında böyük rol oynayıbdır. İndi orta məktəb şagirdlərinin və ali məktəb tələbələrinin teatr tamaşalarına getməsi ənənəsi itibdir. Bu ənənəni bərpa etmək işin xeyrinə ola bilər. Həm də vaxtilə gənclərin – tələbələrin kinoteatrlara getməsi ənənəsi də indi yoxdur. Bunların hamısı vaxtilə mədəni səviyyənin inkişafına xidmət edən vasitələr olubdur. Həm də bunlar hər bir gənci, hər bir insanı konkret mövzular, hadisələr ətrafında düşündürə bilibdir. Düşüncənin nəticəsi olaraq fikir söyləmək, mövqe nümayiş etdirmək bir normaya çevrilibdir. Düşüncəsi, mövqeyi olan hər bir kəsin nitq mədəniyyəti, yazı mədəniyyəti həm də buradan qidalanıbdır. Bax bunlardan uzaq düşmək mədəni səviyyəmizə ciddi ziyan vurubdur.
Qloballaşan dünyada dil hava qədər, su qədər lazımdır. Hava, su olmadan yaşamaq mümkün olmadığı kimi, dilsiz də yaşamaq mümkün deyil. Ona görə də dilin çox əhəmiyyətli və ictimai hadisə olduğunu insanların düşüncəsinə yeritmək üçün dili öyrədənlərə, dil müəllimlərinə diqqət və qayğı artırılmalıdır. Belə ki, onların əmək haqqı yüksək məbləğdə olmalıdır. Özümüz bu qayğını göstərməsək, başqa millətlərdən də dilimizə, mədəniyyətimizə ehtiram görməyəcəyik. Bu məqamda “Rossiyskaya qazeta”dan tərcümə olunmuş “Dil hava kimi, oksigen kimidir” məqaləsi yada düşür. (Bax: “Dil hava kimi, oksigen kimidir”. – “Kaspi” qəzeti, 13 dekabr 2014-cü il, s.21). Məqalədə oxuyuruq: “İtaliyada artıq 4 rus dili kafedrasını Ukrayna dili kafedralarına çeviriblər. Voronejdə universitetin Filologiya fakültəsinə bu il cəmi 10 tələbə qəbul olunub. Elm aləmində ən az maaş alan filoloqlardır. Tezliklə heç kim rus dilini doğma dili kimi tədris etməyəcək. Bütün bunlardan sonra təmiz rus dili haqqında necə danışmaq olar?” Əlbəttə, bunlar rus dilinin gələcək taleyi ilə bağlı narahatçılıq doğuran məsələlərdəndir. Ancaq bu narahatçılığı digər dillər də yaşaya bilər. Ona görə ki, qloballaşan dünyada dillər arasında rəqabət prosesi gedir və bu prosesin nə ilə nəticələnəcəyini dillərin özü vaxtı çatanda hiss edəcəkdir. Bu baxımdan dillərin işlədilməsi, mübadiləsi, qorunması üçün fikirləşməyə dəyər. Təsadüfi hesab etmək olmaz ki, Rusiya prezidentinin yanında rus dili üzrə şura yaradılıb. Həmin şuraya isə Lev Tolstoyun kötücəsi, Rusiya prezidentinin məsləhətçisi Vladimir Tolstoy rəhbərlik edir. Vladimir Tolstoya verilən suallar içərisində biri də belədir: “İnşa yazıların orta məktəbə qayıtması, sizcə nəyisə dəyişə bilər?” Bu suala Vladimir Tolstoy belə cavab verir: “Mən çox şadam ki, ümumi səyimizlə hələlik tam formada olmasa da, inşa yazılar yekun sınaq kimi məktəblərə qayıtdı. Hələlik bu, “məqbul” və ya “qeyri-məqbul” kimi vahid dövlət imtahanına giriş xarakterli yoxlama sayılsa da, bu, çox böyük addımdır”. Bizə belə gəlir ki, yazı mədəniyyətini inkişaf etdirmək üçün keçmişdə mövcud olan yaxşı ənənələri bərpa etmək lazımdır. O ənənələrdən biri də orta məktəbi bitirərkən inşa yazıların yazılması olmuşdur. Həmin inşa yazılar orta məktəbi bitirən şagirdin yazı qabiliyyətini yoxlamaqla yanaşı, əldə etdiyi yazı vərdişlərinin nəticəsini də üzə çıxarırdı. Sonradan isə ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər də qəbul zamanı inşa yazılar yazmaqla sınaqdan keçirdilər. Belə bir yaxşı ənənənin indi olmaması yazı mədəniyyətinin səviyyəsini o yerə gətirib çıxarıbdır ki, ali savad alanlar içərisində düzgün ərizə, çıxarış, protokol və s. yazmağı bacarmayanlar da vardır. Gərək tələb olsun ki, ona uyğun olaraq yazı vərdişlərinə də yiyələnmək üçün şagird də, tələbə də səy göstərsin. Bir faktı da qeyd etmək lazımdır ki, abituriyentlər qəbul zamanı, tələbələr isə oxuduqları ali təhsil müəssisələrində test suallarına asanlıqla cavab verirlər. Ancaq bildiklərini yazılı şəkildə ifadə etməyə çətinlik çəkirlər. Hiss olunur ki, yazı vərdişi itir. Ona görə də inşa yazıların yazılmasını vacib sayırıq. Ancaq burada bir neçə məqamı qeyd etməyi də unutmuruq. Birincisi, inşa yazılar keçmişdə olduğu kimi olmamalıdır. İnşalar sərbəst mövzular üzrə olmalıdır, şagirdlər də, abituriyentlər də bu sərbəst mövzu üzərində düşünməlidirlər. Və onların yaradıcılıq qabiliyyəti, potensialı da bu yolla üzə çıxmalıdır. Bu mənada inşa mövzuları müəyyənləşsə yaxşı olar. Məsələn, Rusiyanın Təhsil Nazirliyinin rəsmilərinin müəyyənləşdirdiyi kimi: “Təbiət və insanın daxili aləmi”, “Həyatda hansı hadisə və təəssürat insanın böyüməyinə kömək edə bilər?”, “Nə əhəmiyyətlidir: sevmək, yoxsa, sevimli olmaq?”, “Lermontovun yaradıcılığında müasir oxucunu nə cəlb edə bilər?” (bax: Təranə Məhərrəmova. İnşa yazaq, yoxsa yazmayaq? – “Kaspi” qəzeti, 9 dekabr 2014, s.9) və s. mövzular inşa yazılarının mövzuları kimi şagirdin də, abituriyentin də yaradıcılıq imkanlarını, yazı qabiliyyətini üzə çıxara bilər. İkincisi, inşa yazıları keçmişdəki kimi şairlərin, yazıçıların həyat və yaradıcılığı üzrə (sərbəst mövzuları çıxmaqla) olmamalı, həyata, hadisələrə, dünyaya münasibətlər əsasında şagirdlərin, abituriyentlərin yazı qabiliyyətini müəyyənləşdirməlidir. Həm də məqsəd ondan ibarət olmalıdır ki, inşa yazıda şagirdlərin, abituriyentlərin lüğət ehtiyatı, təfəkkürü, sərbəst düşüncə tərzi, yaradıcı təxəyyülünü əks etdirmək imkanı, qrammatik qayda-qanunları bilməsi üzə çıxa bilsin.