Modern.az

Nigaranam səndən yaman... Doğma yurdum Cəbrayılım...

Nigaranam səndən yaman... Doğma yurdum Cəbrayılım...

4 Mart 2015, 00:13

Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı

"Xavatir Şahrazad" (Şəhrizadın xatirələri) kitabımdan "Ahatik" (Nigaranam) adlı bölümdən bir hissə.

Vətən, torpaq, doğma yurdun dağı, daşı, havası, suyu fövqəladə cazibə qüvvəsi ilə harada yaşamasından asılı olmayaraq, insanı daima özünə tərəf çəkir. Hər bir kəsə doğulduğu, üzərində ilk kövrək qədəmlərini qoyduğu torpaq müqəddəsdir, əzizdir. Lakin erməni adlı zalım qəsbkar məni doğma, müqəddəs torpağımdan məhrum etdi. O erməni ki, tarix boyu bizlərə düşmən, qənim kəsilib.

Əzizinəm, haraylar
Keçər günlər, həm aylar.
Yaralı könlüm hər gün
Cəbrayılı haraylar.

Hər qarışı mənə əziz olan doğma Cəbrayılım illərdir düşmən tapdağı altında inildəyir, yaralı aslan kimi durmadan nərə çəkir. Lakin nə hayına hay verən tapılır, nə də, imdadına yetişən...

Uzun illərdir ata-baba yurduma, doğma torpağımın qoxusuna, tər çiçəklərinin ətrinə həsrət qalmışam. Tale ağacının ən nisgilli budağına qonan, qanadı qırıq quş misali bu həsrətin yanğısı qəlbimi yandırır-yaxır.

Mən aşiq, vətən sarı
Yurd, yuva, vətən sarı.
Dönəydim göyərçinə,
Baxaydım vətən sarı.

Hər gün sübh tezdən cəh-cəh vuran quşlardan xoş müjdə gözləyirəm. Ancaq təəssüf... Həyatımın ən ümdə arzusu hələ ki, həyata keçmir. Ümid sonda ölür, deyirlər. Biz binəvaların, Qarabağ əhlinin gözləməkdən başqa çarəsi yoxdur...


Narahat və nigaran ruhlar

Tarixin özü qədər qədim, adı qədər müqəddəs cənnət məkan Cəbrayıl torpağında Rəbbin rəhmətinə qovuşan şəhidlərimizin, ata-babalarımızın, dünyasını dəyişən saysız-hesabsız yurddaşımızın narahat, nigaran ruhları dolaşır.

Əzizim darda qaldı
Torpağım yada qaldı.
Nəsil, nəcabətimin
Qəbri orada qaldı.

Bağışla məni Nuri babam. Mən sizləri, əzizlərimi gəlib ziyarət edə bilmirəm. Çox istəsəm də, əlimdə deyil. Allah baisin evini yıxsın...

Yadımdadır... Sizləri son dəfə ziyarət edəndə uşaq olsam da, hər şeylə maraqlanırdım. Karxulu kəndinin qədim yurddakı məzarlığında qəbr daşlarının üzərində qəribə yazılar var idi. "Bu daşlarda nə yazılıb?" sualıma qohumlarım: "Kimdən və nədən yazıldığını deyə bilmirik. Ancaq onu bilirik ki, ərəb qrafikası ilə yazılıb." - deyə cavabını verdilər. Elə o vaxtdan içimdə qəribə bir hiss baş qaldırdı... Sanki fövqəladə bir qüvvə məni sirli-sehrli ərəb dünyasına çəkib aparırdı. Bu yəqin ki, taleyin qisməti, alın yazımdır. Uşaqlıq illərimin arzusu ərəb dilini öyrənmək, ərəbşünas olmaq və qədim yaşayış məskənlərindən biri olan Cəbrayılın tarixi, dini, memarlıq abidələrini, kəndimizdəki daş kitabələri, qəbirüstü yazıları tədqiq etmək, elmi məqalələr yazmaq idi. İllər ötdü, uşaqlıq arzum gerçəkləşdi, mən ərəbşünas oldum. Lakin xəbis düşmən mənim ikinci arzumu ürəyimdə qoydu...

Əzizim nənəm ağlar,
Dərdinə dağlar ağlar.
Yuvası yad əllərdə
Səsi ürəklər dağlar.

Canım nənəm! Bilirəm babam qədər, sən də nigaransan. Bağışla məni gücüm yalnız göz yaşlarıma və qıldığım namazlarda etdiyim dualara çatır. Vallah əlimdə imkan olsa quş olub uçar, qürbət eldən sərhədləri maneəsiz aşaraq, ziyarətinə gələrdim. Nurlu qəbrin üstündən bir ovuc vətən torpağı götürüb geri qayıdardım...

Mənfur erməni qəsbkarları üzündən öz doğma yurd-yuvalarından qaçqın düşən binəva cəbrayıllılar pərən-pərən olub ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşdılar.

Əzizim, para-para
Ay doğdu, o da para.
Talandı Cəbrayılım
Düşməni od apara.

Səfalı rayonumuzun buz kimi sərin, göz yaşı kimi dupduru suyundan içən, təmiz havasını udan, dədə-baba torpaqlarından, ev-eşiklərindən ayrı düşən cəbrayıllıların çoxu aranın istisinə, nəfəs kəsən bürküsünə, bulanıq, lilli suyuna öyrəşə bilmədilər, şəraitsiz vəziyyətdə dünyalarını dəyişdilər. Ata-baba yurdu Cəbrayıldan ayrı düşən əmim ədalətsizliyə, haqsızlığa dözmədi, çəkdiyi dərdi sinəsinə sıxıb qəfil bu dünyadan köçüb getdi.

Əziziyəm bu dərdi,
Yurd dərdi, oba dərdi.
Cəbrayıldan gen düşdü
Çəkəmmədi bu dərdi.

Görəcək günlərimiz hələ qabaqda imiş... Gözümüzün yaşı qurumamış əmim arvadı, əmim qızının cavan həyat yoldaşı bizləri vaxtsız tərk etdi və üç övladını yetim, gözü yaşlı qoydu. Hələ atamın xala, bibi, əmi, dayı uşaqlarını, digər qohumlarını demirəm.

Əzizim aylar keçər,
İl keçər, ömür keçər.
Vətənsiz qalan qaçqın
Dünyadan dərdli köçər.

Son vəsiyyətləri - "məni müvəqqəti burada dəfn edin, torpaqlarımız alındıqdan sonra öz qəbrstanlığımıza apararsınız" deyən qohumlarımın, yaxınlarımın narahat ruhları yəqin ki, Cəbrayılımın viran qalan torpaqlarında dolaşır.


Nənəmin söz boğçası...

Əzizim ağıncan səndən
Ağ otağıncan səndən,
Küsmüşəm, incimişəm
Ziyarət dağıncan səndən.

Canım nənəm! Bu həzin, kövrək duyğulu misralar sənin dilindən eşitdiyim qəmli bayatılardan biridir. Hər gecə nəvələrini ətrafına toplayaraq saatlarla nağıl, rəvayət danışar, bayatı, atalar sözləri, tapmacalar, laylalar söylərdin. Evdəki körpələr özünəməxsus ahənglə zümzümə etdiyin ninniləri dinləyərək şirin yuxuya gedərdilər.

Bir müddət öncə Ras əl-Xeyma televiziyasında dəvət olunduğum verlişlərin birində aparıcı xanımın mənə ilk sualı bu oldu: "Ədəbiyyata, incəsənətə olan fövqəladə məhəbbətim haradan qaynaqlanır? Mən də qürurla cavab verdim: "Sinədəftər nənəmin söz boğçaşından dinlədiyim milli folklor nümunələrindən!" Yaşa dolduqca anlayıram ki, sənin söz boğçan sözün əsl mənasında, dərin hikmət xəzinəsi idi...

Sözlü-söhbətli, şirin dilli nənəm! Elmin, biliyin açarı olan kitaba aid söylədiyin bayatı ibrətamiz nəsihət kimi yaddaşıma ömürlük həkk olunub:

Əzizim, yazı oxu
Baharı, yazı oxu.
Vaxtını bada vermə
Hər zaman kitab oxu.

Əzablara qatlaşan cəfakeş nənəm...

Tez-tez gözlərin yol çəkir, dərin fikrə dalırdın... Həyatın hər çətinliyini görmüşdün. Sonbeşiyin dünyaya gəldikdən bir ay sonra, ömür-gün yoldaşını avtomobil qəzasında vaxtsız itirdin. Ay mənim biçarə nənəm! Tək başına dörd övladın ilə zalım dünyanın əlində qaldın. Başın nələr çəkmədi... Müharibə illərinin ağırlığını, iztirab və çətinliklərini zərif çiyinlərində mərdi-mərdanə daşıdın. Min bir əzab-əziyyətə qatlaşaraq dörd yetimi böyütdün, onların ali təhsil almaqları üçün gecəni gündüzünə qatdın, dayanmadan çalışdın.

Əziz nənəm! Tanrı sənin övladlarının yolunda çəkdiyin əzab-əziyyətlərini qiymətləndirdi, "Səsiniz hər zaman qəlbidən (ucadan) gəlsin, Allah yolunuzu işıqlı, nurlu etsin" duaların müstəcəb oldu. Cəbrayıl torpağının yetişdirdiyi ziyalı alimlər sırasında sənin də övladlarının adı fəxarətlə çəkilir.

Canım nənəm! Bir neçə ay öncə Səudiyyə Ərəbistanına omra (ümrə) ziyarətinə getmişdim. Müqəddəs məkanda dünyasını dəyişən yaxınlarımın ruhuna dualar oxudum. Göz yaşları içərisində əl açıb Rəbbimə yalvardım: Qəbrini ziyarət etməyi mənə nəsib etsin.

Qəribəm yoxdur arxam,
Qanadım yoxdu qalxam.
Çıxam qəlbi dağlara
Vətənə doğru baxam.

Uşaqlıq xatirələrim məni qanadlarına alıb şirinli, şəkərli keçmişimə, doğma kəndimizə aparır. Kənddə hamı səni dinə, imana bağlı, möminə insan kimi tanıyır və xətrini çox istəyirdilər. Başına örtdüyün yaylıqla tünd rəngli "şamaxı" (qeyd edim ki, Azərbaycanın milli baş örtüyü olan kəlağayıya Cəbrayılda şamaxı deyilir) nurlu simana xüsusi gözəllik verirdi. Sovet imperiyasının sərt qadağalarına baxmayaraq, namazlarını qılır, Qurani-Kərimdən ayələr oxuyurdun. Müqəddəs bayramları, dini mərasimləri unutmur, hər il Hacı Qaraman ocağında qurbanlar kəsdirir, qonum-qonşuya paylayırdın. Bu arada sevimli təsbehin yadıma düşür. Qara rəngli uzun təsbehini göz bəbəyi kimi qoruyaraq əlindən yerə qoymazdın. Deyirdin Kərbəladan pay gətiriblər. Təsbehin dənələrini saya-saya "Allahu Akbar", "Əlhəmdulillah", "SubhanAllah" zikrlərini dəfələrlə təkrar edərdin.

Müqəddəs torpaqda narın-narın çiləyən yağış damcıları məni xəyal dünyamdan ayırır. Kərəminə min şükür İlahi...


Nənəmin sandığı

Canım nənəm! Səndən bizə yadigar qədim sandıq qalmışdı. Sandıqda Nuri babamdan əmanət qalan qədimi Qurani-Kərim, kəhrəba təsbeh, kiçik namaz xalçası, firuzə qaşlarla bəzədilmiş gümüş kəmər, mirvari boyunbağı, ay-ulduz təsvirli medalyon, el arasında "Nikolay onluğu" adlanan qızıl onluqlar, sinəbənd, üstü naxışlı qızıl boyunbağı, qırxdüymə sırğa, məxmərdən tikiən güləçə və daha nələr vardı...

Ömrün boyu çəkdiyin sıxıntılara, əzab -əziyyətlərə baxmayaraq, həyatın ağır və sərt üzünü görsən də, pula-paraya hava-su kimi ehtiyacın olsa da, sandıqdakı qiymətli əşyaları satmadın, ciyər-parələrinə yadigar qoyub getdin. Sənin vəfatından sonra sandıqdakıları satın almaq üçün kəndimizdəki evimizə nəinki adi insanlar, hətta muzey işçiləri də gəlib yalvarsalar da, atam və əmilərim heç bir vəchlə razı olmurdular.

Əziziyəm, həzinəm
Kəndi görüm, gəzinəm.
Düşmənə qismət oldu
Sandıq dolu xəzinəm.

İllərin sınağından üzüağ çıxan qədim sandıq çox heyif ki, işğal günü kəndimizdəki evimizin bir küncündə ağzıbağlı qaldı...

Canım nənəm! Həftə sonudur... Şəhərdən kənarda yerləşən "Mazraa" adlanan bağ evimizə getmək üçün yola çıxıram. Yenə nəticələrin başıma yığışaraq uşaqlıq, Cəbrayıl xatirələrimi onlarla bölüşməyimi rica edəcəklər. "Xaleti mitə binsəfir bələd ummi?" (Xala, bizi anamızın vətəninə, dədə-baba yurdunuza nə vaxt aparacaqsan?) Cənnət məkan Cəbrayılımızı görmək istəyən nəticələrinə, evimizin fidanlarına: "Bu yay mütləq sizləri o yerlərə aparacam" deyirəm. İllər bir-birini əvəzləyir, yay fəsli gəlir, keçir... Uşaqlar böyüyür... Nəticələrinə verdiyim sözə əməl edə bilmədiyimə görə, düşmənə lənətlər yağdırmaqdan başqa çarəm qalmır...

Canım nənəm! Bir sevindirici xəbər deyim. Bu yaxınlarda gözəl qızımız Ayişə yanıma gəldi və "Xala müəlliməmiz torpaq, Vətən mövzusunda inşa yazmağı tapşırıb. Mən də Azərbaycan, Qarabağ haqqında yazmaq istəyirəm. Mənə yardımçı ola bilərsən?" dedi. Sevincimdən göz yaşlarıma hakim ola bilmədim, qəlbim qürur hissi ilə doldu və böyük həvəslə ona inşanı yazmaqda kömək etdim. Azərbaycanın əzəli torpağı olan Qarabağın erməni qəsbkarları tərəfindən işğal olunması, tarixin qan yaddaşı Xocalı soyqırımı, şəhidlərimizin qəhrəmanlığı, öz yurdundan didərgin düşən qaçqınlarımızın acı durumlarından bəhs edən "Azərbaycanın səsi... Qan içində Qarabağ..." adlı inşa məktəbdə çox böyük əks-səda doğurdu. Hər kəsin marağına səbəb olan bu yazını məktəbin müdirəsi Şəmmə əl-Amiri Abu-Dabi məktəbləri arasında keçirilən inşa müsabiqəsinə təqdim etdi və çoxsaylı iştirakçılar arasında müsabiqənin qalibi seçilən Ayişə qızımız fəxri diplomla təltif olundu.

Əzizim baldı vətən
Ağzımda dildi vətən.
Ümid et, bir də gördün
El sənə gəldi vətən!

Tarixi dədə-baba torpaqlarından didərgin düşən, yurd həsrəti, torpaq nisgili ilə yaşayan hər bir qarabağlının ən böyük arzusu doğma yurd-yuvasına qayıtmaqdır. İnşəAllah dilədiyimiz o müqəddəs günü görmək bizlərə nəsib olar. Qarabağda, doğma Cəbrayılda görüşmək ümidi ilə Tanrı sizləri qorusun!

Ardı var...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI