Modern.az

Mən dayanacağam

Mən dayanacağam

Ədəbiyyat

4 Mart 2015, 22:35

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Mən dayanacağam. Bəli, bəli, səhv eşitmədiniz. Adi, yol kənarında qoyulan bir dayanacaq. Əslində mənim atam, babam da dayanacaq olub, bütün qohumlarım da dayanacaqdırlar. Yəni, mən böyük bir dayanacaqlar nəslinin nümayəndəsiyəm. Mən sizin bilmədikləriniz elə şeylər bilirəm ki, sizin heç bunlar yatanda yuxunuzda da görə biləcəyiniz bir şeylər deyil. Sizin heç aglınıza gəlməyən nəsnələri mən hər gün görür, eşidir və şahid oluram. Hərdən olur, bir neçə vaxt müddətində məni heç yada salan olmur. Nəqliyyat normal işləyəndə, sərnişinlər getdikləri mənzil başına vaxtında çatdıqda mən də rahat oluram. Çünki burada giley-güzar eşitmirəm. Amma hərdən bir də görürsən ki, sıxlıq olur. Onda artıq durub siz necə deyirsiz, adamın (dayanacağın) qaçmağı gəlir. Amma mən hara qacacam? Axı mənim getməyə yerim də yoxdur... Axı mən dayanacağam! Burda dayanmalıyam.

Bir də mənim” adamlarım” da müxtəlifdir. Eləsi var ki, hər gün burdan işə, məktəbə ya da harasa yola salıram, axşam isə, ən yaxın dostum olan, üzbəüz səkidəki dayanacaq dostum onları evlərinə uğurlayır. Onu da deyim ki, mən əvvəllər bir az yuxarıda yerləşirdim, bu dostuma da bir az uzaqda idim. Sağ olsun, düzü bu qərarı kim verib, bilmirəm, amma məni köklü-köməcli çıxarıb bax bura, indi dayandığım yerə gətirib quraşdırdılar. O gündən də, dostumla lap üz-üzə, göz-gözə, diz-dizə olduq. Yaxşı dayanacaqdır, əsl dostdur, qardaşdır mənə. Bizi birləşdirən çox şeylər var. Bunlardan ən birincisi, hər ikimizin dayanacaq olmağımızdır. Amma axı həm də mənim səhər tezdən uğurladığım insanları axşam da o hörmətlə qarşılayır, evlərinə ötürür...


Bizim ötəri dayanacaq istifadəçilərimiz də var. Qohumugilə, dostugilə, bazara-dükana gedən, gəzməyə çıxanlar, təsadüfən ictimai nəqliyyatdan istifadə etmək zərurətini yaşayan imkanlı adamlar... Onlar bizim daimi dayanacaq istifadəçilərindən fərqlənirlər. Düzünü desəm, mən burada dayanacaqdan daimi istifadə edıənlərin hamısını tanıyıram. Mənə cansız dəmir və şüşədən ibarət biri kimi baxmayın. Mənim də ruhum var. Gülürsünüz? Yox, gülməyin, xahiş edirəm. Mənə inanın. Mən buradan istifadə edən hər bir  kəsi tanıyıram. Biz hər bir kəsin özünəməxsus ətrini hiss edirik. Eh, mən nə qədər soyuq insanlar gördüm...Mən sizə şahid olduqlarımı desəm, məəttəl qalarsız. Mən burda hər cür adam görmüşəm. Yaltağı, xaini, zalımı, təmizi və çirklisi olub. Bahalı geyimdə təkəbbürlə dayanan qadınlar və kişilər də görürəm, eləcə də, soyuq qış şaxtasında əynində nazik plaş olan cavan və əyin-başından kasıbçılıq yağan qız da, əli qabarlı, üstü bulaşıq, nimdaş geyimli fəhlə də, səliqəsi göz oxşayan çalsaçlı kişi də, gümrah və sağlam adam da, xəstə də... Körpəsini sinəsinə sıxıb dayanan cavan və gözəl gəlin də, əlindən tutduğu başıaşıq qızcığazın üzü avazımış sifətinə deyil, əlindəki telefonun ekranından mesaj oxuyan qadin da. Qoca və yaşlı insanlara biganə, ağzında saqqız, hırıldayan, ictimai yerdə özünü apara bilməyib uca səslə və əl-qolla danışan gəncləri də. Hansını deyim? Hərdən adamın dayanacaq olmasına heyfi gəlir...

Nə deyim? Necə deyim? Bəzən də görürsən ki, ayağı su icində, əyni kasıbyana qadınlar və kişilər, hətta uşaqları müşahidə edirəm. Onlar küçənin o tərəfindən bu üzünə keçmək üçün yol axtarırlar, lakin yağış suyu dolan gölməçələr və hansısa bahalı maşının həmin su çuxuruna düşən təkərindən sıçrayan su nəinki ayağını, bütün paltarını suya qərq edir. Çoxları elə bu vəziyyətdə də yoluna davam edir və harasa tələsirlər...

Eh, o qədər sifətlət görürük ki... Biganəlik, laqeydlik, qəddarlıq, rəhmsizlik, lovğalıq, mədəniyyətsizlik və tərbiyəsizlik.... Daha nələr, nələr. Amma mən çox şeyi burda açıb-tökmürəm. O qədər söhbətlər var ki...

Mən dayanacağam. Yol kənarında, istidə də, soyuqda da, şaxtada da, qarda da, hər havada burada dayanan bir dayanacaq. Yol gözləyən sizin dayanacağınız... Mən o qədər sevinc, o qədər kədər yaşamışam ki, kiminsə vəzifəyə yüksəlməyini, kiminsə ata olmasını ilk eşidən mən olmuşam, sevgilisindən ayrılıb mənə üz tutaraq o qədər ağlayanlar olub ki, Özününkünə deyil, başqasına “can “ deyən o qədər adam keçib ki burdan...

... Mehriban, güləriz, səmimi insanları da görmüşəm. Onlara o qədər öyrəşmişəm ki, görəndə elə bilirəm, ən əziz adamımı görürəm. Biz dayanacağıq, cansız olsaq da, hissiz deyilik. Eh, o qədər hissli, həyəcanlı anlarımız olub ki... Biz bir-birinə sevgi etirafı edən o

qədər adama “ev yiyəlik” etmişik ki. Nə isə. Deyəsən çox danışdım. Əbədi sakinim olan bomj da gəldi. Deyirlər, vaxtilə çox tanınmış, oxumuş, imkanlı və məşhur bir şəxs olub. Sonradan içkiyə qurşanaraq bu hala düşüb. İndi onun hər gün son dayanacağı mənəm. Yenə içkilidir. Başını yerə qoyan kimi yatdı. Nə qədər icib gör, bu bəxtəvər? Bəxtəvər?!...

... Mən dayanacağam. Bəli, bəli, səhv eşitmədiniz. Adi, yol kənarında qoyulan bir dayanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI