Modern.az

İstinad nöqtəsi və ya bir ocağın keşikçisi Cəbrayıl Əkbərov

İstinad nöqtəsi və ya bir ocağın keşikçisi Cəbrayıl Əkbərov

7 Mart 2015, 12:24

Qədim yunan alimi Arximedin belə bir ifadəsi var:  “Mənə istinad nöqtəsi verin, dünyanı məhvərindən çıxarım”.  Arximed belə bir istinad nöqtəsi tapa bilmədi. Ancaq bir şox insan Arximeddən fərqli olaraq, öz istinad nöqtələrini yaxşı bilirlər. Çünki məqsədləri dünyanı dağıtmaq yox, sadəcə ona arxalanmaqdır. Bu, ata yurdudur. Ona arxalanır, qürrələnirlər də.  Bu günlərdə 60 yaşını qeyd edən qaynım Cəbrayıl Əkbərov da Fəzail Əkbərov nəslinin istinad nöqtəsidir. Oçağını sönməyə qoymayan,  işığını yandıranlardandır.

Atam Qabilin ona xüsusi hörmət və rəğbəti vardı. Çünki qızlar ər evinə köçmüş, evlənən də evlənib şəhərdə məskən salmışdı. Amma o, ata-anasının yanındaydı. Öz ailəsiylə birlikdə onların qayğısını, əziyyətini çəkirdi. Yox, deyəsən düzgün ifadə etmədim  -  Oğulluq borcunu yerinə yetirirdi. Əlbəttə ki, qardaşı Ramizlə birlikdə. Özü də layiqincə.  Hərəsinin öz missiyası vardı.

Mən onu bir qayın kimi yox, atam Qabilin gənclik dostu Fəzail Əkbərovun oğlu kimi tanımışam. Hər dəfə Yardımlıya babamgilə gedəndə maşınımızı onların həyətində saxlayardıq. Hər axşam da ya atam Fəzail müəllimgilə gedərdi, ya da o bizə gələrdi. Vaxt ötdü, zaman ötüşdü ikitərəfli qohumluq əlaqələrimizə biri də əlavə olundu. Mən Cəbrayılla yeznə-qayın oldum. Yardımlılar da yeznəni çox istəyər deyiblər. Hətta bu haqda “məzəli deyim”ləri də var. Münasibətlər daha da istiləşdi. Dostluq münasibətlərinə qohumluq əlaqələri də əlavə olundu. Bir az sonra Cəbrayılı dayı kimi tanıdım.

Beş ilin sözü olar. Günlərin bir günü zəng etdim ki, “Böyük dayı, salam”. O saat anladı. Sevindi. Bildi ki, bacısı Sevincin ilk  nəvəsi dünyaya gəlib. Sonra isə Sevincə böyük bibi dedilər. Özü də kim? Balaca Kubra. Cəbrayılın nəvəsi , anası Kubranın adını daşıyan Kubra nəvəmiz.

Kiçik qızım Bəyimin toy günündə Bakıya gəldi. Gəlini evdən çıxaranda xeyir-duanı da o verdi. Qurani- Kərim kitabının altından keçirdi. Buna ixtiyarı çatırdı.

İndi Cəbrayıl Fəzail Əkbərov ocağının keşikçisidir. Mənimçün təkcə qayın deyil. O həm də bizim Yardımlıda İSTİNAD NÖQTƏMİZDİR. Nəinki bizim ailənin. Fəzail müəllimin uşaqlarının, kürəkənlərinin, nəvələrinin, nəticələrinin, kötükcələrinin. Siyahı da, maşallah, günü-gündən böyüyür, genişlənir. Yardımlıya gedəndə ilk döydüyümüz, açdığımız qapı  Cəbrayılın qapısı olur. Yenə də həmişəki mehribanlıq və səmimiyyətlə. Yola salanda dalımızca su  atırlar. Lap o vaxt Kubra xala dalımızca su atan kimi. Yox, deyəsən yenə səhv etdim. Elə indi də. Bu dəfə gedəndə arxamızca əl yellədənlərin arasında  balaca Kubra da vardı.

Zaman keçir, nəsil davam edir: İnsanlar dəyişir, adlarsa təkrar olunur. Cəbrayıl soruşur: “Qabil, Bəyim necədir?”. Mən də xəbər alıram: “Kubra necədir?”

Bu dünyada hər kəsin öz istinad nöqtəsi var. Əkbərovların da istinad nöqtəsi başında Cəbrayıl Əkbərovun durduğu bu ocaqdır. 60 yaşı tamam olur. Dörd oğul atası, Hüseynlə Kubranın babasıdır. Həm 41-45 müharibəsində həlak olan əmisinin adını daşıyır, həm də bizim istinad nöqtəmizdir. İSTİNAD NÖQTƏMİZİN 60 yaşı mübarək!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI