filologiya üzrə elmlər doktoru, professor
İndi dövr, zaman dəyişibdir. Zamanın, dövrün tələblərinə uyğun tədris prosesinə uyğunlaşmağın özü də müasirliyin tələblərindən biridir. Müasir dövrün mütəxəssislərindən tələb olunur ki, modern keyfiyyətləri əxz etsin, öz fəaliyyətlərində tətbiq etsinlər. Bu mənada kurikulumun tələbləri əsasında tədris prosesinin qurulması zamanın tələbidir. Ancaq kurikulum əsasında tədrisin aparılması inşa yazının, geniş mənada yazının inkarı demək deyildir. Orta məktəbdə kurikulum əsasında “Azərbaycan dili” fənninin tədrisində yazıya, inşa yazıya, o cümlədən əməli yazılara geniş yer ayrılır. İndiki dövrdə bir həqiqət də var. Belə ki, vizuallığa meyil günü-gündən artır. Bunun nəticəsində vizual yaddaş da günü-gündən inkişaf edir. Ancaq bu cür vizual yaddaş düşüncəni, təfəkkürü, təxəyyülü inkişaf etdirmir. Həm də təkcə vizual yaddaşa söykənmək imkan vermir ki, düşüncə, təfəkkür, təxəyyül yazıya, yazı mədəniyyətinə xidmət etsin. Bu proses bütün dünyada gedir. Bəlkə də bəzi dövlətlər bu sahədə bizi qabaqlayıb, bir az da geridə qoyublar. Ancaq bu qabaqlamaq, geridə qoymaq yaxşı mənada deyil. Yazı mədəniyyətini məhf etmək istiqamətindədir. Yazı mədəniyyətinin məhfi bu gün dünya xalqlarının xeyli hissəsinin qarşılaşdığı problemdir. Məsələn, dünyanın ən nüfuzlu dillərindən biri olan ingilis dilinin özü də bu problemlə qarşılaşır. Bu proses ingilis dilində çoxdan başlayıbdır.
Sovet dövründə təhsil alanlar yaxşı bilir ki, inşa yazılar yazılarkən şagirdlər və abituriyentlər əksər vaxt şparqalkadan istifadə edirdilər. Bu, şagirdlərin və abituriyentlərin müstəqil yaradıcılığı, təfəkkür və təxəyyüllərinin məhsulu olmurdu. Şparqalkadan istifadə mövcud ədəbiyyat dərsliklərindən o yana getmirdi. Bəzi istisnalar nəzərə alınmasa, əksər inşa mövzuları ədəbiyyat dərslikləri əsasında hazırlanmış şparqalkalardan köçürülürdü. Şparqalkaların özü isə orta məktəb ədəbiyyat dərsliklərindən mövzuların köçürülməsi yolu ilə hazırlanırdı. Əsərlərin məzmunu, ideyası, obrazların təhlili – bütün bunların hamısı orta məktəb dərsliklərində vardı. Və buradan da şparqalkalara köçürülürdü. Bir daha qeyd edək ki, böyük əksəriyyətin yaradıcı təxəyyülü burada iştirak etmirdi. Məhz bu mənada yaradıcı təxəyyülün imkanlarını üzə çıxarmaq üçün mövzular üzrə inşa yazıların yazılması yazı mədəniyyətinin inkişafına müsbət təsir göstərə bilər. Yaradıcı təxəyyülün imkanları üzə çıxmayanda, hələ ondan qabaq bu imkana meydan verilməyəndə dil düşüncəsizliyi yaranır. Dilin ruhunu və təbiətini duymaq çətinləşir. Sözün, ifadənin, cümlənin ifadə imkanları düzgün qurulmur. Dil mədəniyyəti, yazı mədəniyyəti əcayib-qərayib qəliblərin təsiri altına düşür. Dil düşüncəsizliyi dili korlayır, həmin dildə danışanları və yazanları isə doğma ana dilinə yadlaşdırır, ögeyləşdirir. Bu mənada dil düşüncəsizliyi ilə bağlı konkret faktların mövcudluğunu təhlil edənlərin mövqeyi bizi də razı salır. (bax: Cəlal Bəydili (Məmmədov). Dil düşüncəsizliyi... II yazı. – “Ədəbiyyat” qəzeti. 7 noyabr 2014-cü il, s.8-9).
Dil düşüncəsizliyi kütlə mədəniyyətinə yol açır, dilin qayda-qanunlarını dağıdır, hər kəsi duyub-düşünmə qabiliyyətindən uzaqlaşdırır. Hətta zövqlərin pisə doğru dəyişməsinə şərait yaradır. Doğrudan da, restoranlara “Quzuşka”, “Neujeli” adını verənlər dil düşüncəsizliyinə mübtəla olanlardır. (bax: Cəlal Bəydili (Məmmədov). Dil düşüncəsizliyi... II yazı. – “Ədəbiyyat” qəzeti. 7 noyabr 2014-cü il, s.8). Belə bir ifadə formaları milli düşüncəyə və dilin ruhunu qənim kəsilməkdir: “Yazını oxumaq üçün tıklayın”, “Böyük versiyaya görə”, “Təfəkkürə söykəli alimlik”, “İntihar qalxımına keçmənin səbəbləri”, “bəd müjdə” (doğrudan da, müjdə xoş xəbər olduğu halda “bəd müjdə” necə ola bilər?), “Artıq “Təhsil haqqında” qanun layihəsi tam rəndələnib”, “... kəsməyə ağıl verdi?..”, “Ona de ki, mənim üçün qoy o, paltarını yox, qəlbini cırsın (qəlbini cırsın nə deməkdir?) və s. (bax: Cəlal Bəydili (Məmmədov). Dil düşüncəsizliyi... II yazı. – “Ədəbiyyat” qəzeti. 7 noyabr 2014-cü il, s.8-9). Bu cür dil düşüncəsizliyi dilin ruhunu və təbiətini korlayır. Belə nümunələr yad, yabançı dillərin təsiri altında yox, bu ifadələri işlədənlərin düşüncə tərzindəki qüsurlarla bağlıdır. Yad, yabançı düşüncəni də, düşüncə tərzindəki bu cür qüsurları da dilə gətirmək dil düşüncəsizliyi kimi bu gün baş alıb gedir. Biz də Xudu Məmmədovun bu fikrinə şərikik: “Yad tikinti materialları çox asanlıqla yad memarlıq forması gətirdiyi kimi, yad sözlər də yad şeir formasını gətirir”. Bircə onu əlavə etməli oluruq ki, dil düşüncəsizliyi də dili eybəcər bir formaya salır, dilin qrammatik qayda-qanunlarını pozur. Dil düşüncəsizliyi yazı mədəniyyətini elə bir səviyyəyə salıb ki, kim necə istəyir, elə də yazır. Axı mənzərə sözünü görüntü sözü əvəz edə bilməz. Necə ki Səməd Vurğunun “Azərbaycan” şeirində “Uca dağlar, gen dərələr, könül açan mənzərələr” misrasındakı mənzərələr sözünü görüntülər kimi, yəni “Könül açan görüntülər” kimi yazmaq olmaz. Dilimizdə belə uydurma yazı modelini yaradanlar var. Məsələn, “uçuntular”, “qaçıntılar”, “Hər kəsə salamlar”, “Bir araya gəldilər” və s. (bax: Ağasən Bədəlzadə. Milli dilimiz – milliliyimiz. – “Kredo” qəzeti. 31 oktyabr 2014-cü il, s.8). Ağasən Bədəlzadənin məqalələrində sözlərin yerində, məqamında işlənməməsi barədə xeyli maraqlı dil faktları var. (bax: Ağasən Bədəlzadə. Milli dilimiz – milliliyimiz. – “Kredio” qəzeti, 8 noyabr 2014-cü il, s.7). O, müdafiə etmək – dəstəkləmək, yoldaş – cənab, nömrə – say, yazıçı – yazar, qabaq – ön, həyat – yaşam və s. qarşılığında birincilərə üstünlük verir: müdafiə etmək, yoldaş, nömrə, yazıçı, qabaq, həyat. Bu qarşılıqda dil düşüncəsizliyi nəticəsində ikinci sözlərə ona görə üstünlük verilmişdir ki, guya birinci sözlər zamanında işlənib, indi isə dövr dəyişibdir. Əslində isə bu, dil düşüncəsizliyinin nəticəsidir. Belə ki, zamanın, dövrün dəyişməsi məqamında və yerində düzgün işlənən sözün başqası ilə dəyişdirilməsinə təsir etməməlidir. Düşüncədə qəliblənmiş ifadələri əvəz etmək düşüncə tərzini dəyişmək deməkdir. Həm də dil düşüncəsizliyinə yol açmağa şərait yaratmaqdır. Müqayisələr bunu təsdiq edir. Məsələn, yoldaş sözündən imtina edib ərəb dilində “özgə, yad” mənasını bildirən cənab sözünə keçməyin heç bir əhəmiyyəti yoxdur. Doğrudan da yoldaş sözü sovet dövründən çox-çox qabaq dilimizdə işlənibdir. Nəsimidə:
Taqətim tağ oldu qəmdən, keçdi ömrüm ah ilə,
Dərdimə dərman nə dersiz, neyləyim yoldaşlar.
Dilə bir düşüncə varlığı kimi yanaşmaq lazımdır. Dildə heç bir təsadüfilik yoxdur. Düşüncənin sınağından çıxmış sözlər dildə işlənmək hüququ qazanır. Belə olduğundan müdafiə etmək ifadəsi dəstəkləmək sözündən daha məqbuldur. Əks təqdirdə dəstək sözü müdafiə etmək sözünün sinonimi kimi müdafiə naziri birləşməsində müdafiə sözünün sinonimi olmalıdır. Yəni müdafiə naziri əvəzinə dəstək naziri işlətməliyik. Ancaq dəstək naziri işlətmək qeyri-mümkündür. Deməli, bu ifadələr bir-birini əvəz edə bilmirsə, onları sinonim kimi götürmək dil düşüncəsizliyinə yol açır. Yaxud sizin evinizin sayı neçədir, sizin maşınınızın sayı neçədir deyə bilmiriksə, deməli, nömrə sözü say sözünün sinonimi, ekvivalenti ola bilmir. “Mənə nömrə gəlmə”, “Mehmanxanada nömrə tutdum” cümlələrində nömrə əvəzinə say sözünü işlədə bilmirik. Eləcə də 10 nömrəli məktəb əvəzinə 10 saylı məktəb deyə bilmirik. Bu, məntiqi baxımdan düz deyildir. Belə ki, 10 saylı məktəb deyiriksə, onda bu məktəbdən 9 dənə də olmalıdır. Bundan başqa, “O məni qabaqladı” əvəzinə “O məni önlədi” deyə bilmiriksə, deməli, qabaq sözünün sinonimi kimi ön sözü çıxış edə bilmir. Yaxud “Həyat sən nə şirinsən” əvəzinə “Yaşam sən nə şirinsən” deyə bilmiriksə, onda həyat sözü yaşam sözünü əvəz edə bilmir. Belə olanda dil düşüncəsizliyi başlayır. Dil korlanır, dilin ruhu, təbiəti incidilir. Dil düşüncəsizliyinin nəticəsidir ki, telefon zəngi var, zəng eləyən var əvəzinə telefon bağlantısı işlədirik. Düşüncə onu deyir ki, telefon bağlanıbsa, hansı zəngdən söhbət gedir. Bu cür dil düşüncəsizliyi vaxtımız qurtardı əvəzinə zamanımız qurtardı, bir yerə yığılın əvəzinə bir araya gəlin, xüsusi olaraq əvəzinə ekskuliziv olaraq ifadələrinə kortəbii şəkildə yol açır. İdarə əvəzinə ofis, izah etmək, başa salmaq, aydınlaşdırmaq əvəzinə açıqlamaq işlədirik. Dildə bu cür yersiz islahatlar qondarma bir düşüncə yaradır. Həmin qondarma düşüncənin millətə, xalqa, onun uzun əsrlər boyu dil mədəniyyətində yaratdığı ənənəyə heç bir aidiyyatı olmur. Ancaq dili korlayır, ona müdaxilə edir, təbiətinə yabançılıq gətirir və nəticədə torpağı, məmləkəti istila etmək dərəcəsində təhlükəli olur.
Keçən əsrin 90-cı illərindən başlayaraq “müdafiə etmək”, “kömək etmək” əvəzinə dəstəkləmək sözünün işlənməsi bir dəb halını alıbdır. Doğrudan da dilimizdə kömək, yardım, köməkçi, yardımçı, kömək etmək, yardım etmək, əl tutmaq, müdafiə etmək, arxa olmaq sözləri olduğu halda, dəstəkləmək sözünə ehtiyac varmı? (bax: Məmməd Elli. “Dəstək” sözü haqqında. – Araşdırmalar: Doğru sözün işığında... Nərgiz nəşriyyatı, Bakı, 2014, s.173). Dəstəkləmək sözü fikrimizi ifadə etməkdə olduqca nöqsanlı görünür: Sağ olsun, filankəs bu işdə mənə dəstək verdi.; Biz səni dəstəkləyirik.; maliyyə dəstəyi və s. Əslində belə olmalıdır: Sağ olsun, filankəs bu işdə mənə kömək etdi.; Biz sənə inanırıq // Biz sənə güvənirik // Biz səni alqışlayırıq // Biz səninləyik // Biz sənə ümid bəsləyirik.; maliyyə yardımı // maliyyə köməyi və s.
Dil düşüncəsizliyi o səviyyəyə çatıb ki, fikrin düzgün olmayan sözlərlə ifadəsi az qala bu barədə düşünməyə də imkan vermir. Axı dəstəkləmək sözü kömək etmək, yardım etmək, müdafiə etmək, arxa olmaq, inanmaq, güvənmək və s. sözlərin mənalarını ifadə edə bilmir. Heç zaman Allah sənə yardımçı olsun əvəzinə Allah sənə dəstək olsun deyə bilmərik. Bunu deyənlər və işlədənlər dil düşüncəsizliyinin təsiri altında bunu edirlər.
Dəfələrlə qeyd etmişik, məqalələrimizdə inandırmağa çalışmışıq ki, söyləmək, demək, bildirmək, qeyd etmək, bəyan etmək, diqqətə çatdırmaq əvəzinə vurğulamaq işlətmək düzgün deyildir. Vurğulamaq sözünün düzgün işlənməməsi barədə fikirlərin olması da onu təsdiq edir ki, dildəki bu sözün dil düşüncəsizliyindən irəli gələrək istifadə olunduğuna digərləri də etiraz edirlər. (bax: Məmməd Elli. “Vurğulamaq” deyimi haqqında... – Araşdırmalar: Doğru sözün işığında... Nərgiz nəşriyyatı, Bakı, 2014, s.178-179). Axı Sən danışmırsan, sən demirsən, sən qeyd etmirsən, sən diqqətə çatdırmırsan əvəzinə, necə demək olar: Sən vurğulamırsan. Dil düşüncəsi təsdiq edir ki, demək, söyləmək, bildirmək... əvəzinə vurğulamaq işlətmək olmaz. Həm də onu qeyd edək ki, vurğulamaq ifadəsi qrammatik qayda-qanunun tələblərinə uyğun olmayaraq yaradılmışdır. (bax: Məmməd Elli. “Vurğulamaq” deyimi haqqında... – Araşdırmalar: Doğru sözün işığında... Nərgiz nəşriyyatı, Bakı, 2014, s.178-179). Belə deyilsə, onda seçkiləmək, bitkiləmək, burğulamaq, duyğulamaq, içkiləmək, itgiləmək, alqılamaq, satqılamaq, vergiləmək və s. sözlər də olmalıdır. Ancaq dilimizdə belə sözlər yoxdur və onların işlənməsi də qeyri-qanunidir. Yenə də belə sözlərin işlənməsinə yol vermək dil düşüncəsizliyinin nəticəsidir.
Heç zaman Məruzə etdi əvəzinə Məruzə ilə çıxış etdi, Vətənə məhəbbətim var əvəzinə Vətənə qarşı məhəbbətim var, Narahatlığa görə üzr istəyirik əvəzinə Narahatçılığa görə üzr istəyirik işlətmək olmaz. Bu cümlələrin məna və məzmununu müqayisə etsəniz, qeyri-məntiqi ifadənin nədən ibarət olduğunu görə bilərsiniz. Qeyd olunan faktlardan birini təhlil etməyə ehtiyac var: narahatlıq-narahatçılıq. Axı nə vaxtdan narahatlıq bir sənətə, peşəyə çevirib və narahatçılıq olubdur. Son dövrlərdə dil düşüncəsindəki qüsurlar belə ifadə formalarına meydan açıb: telefonu vibrasiyaya qoymaq, avtomatik telefonda baxmaq, səni bu tərəfə ala bilmərik, gəlsin mahnı, gəlsin süjetimiz və s.
Nəyi işlətmək olar, nəyi işlətmək olmaz ənənəsi itibdir. Dildə bu ənənəyə məhəl qoymayanlar peyda olubdur. Onlar qüsurlu sözləri dövriyyəyə buraxırlar, sonra isə kənardan baxıb ləzzət alırlar. Əksəriyyət isə dilin qayda-qanununa əməl etmir, ancaq qüsurlu sözləri işlədirlər. Məsələn, ortaq məxrəc varsa, ortalama nə deməkdir? Hər kəsi salamlayıram” nə deməkdir? “Hər kəsi salamlayıram” hansı düşüncənin məhsuludur. Məni aldadıblar varsa, mənə atıblar nə deməkdir? Artıq qəlbimdədir varsa, artıq içimdədir nə deməkdir? Bu əcaib-qəraib “dil islahatları” dəm dili, həm də düşüncəni korlayır. Dəfələrlə məqalələrimdə, çıxışlarımda, müsahibələrimdə dediyim bir fikrin üzərində qalıram. Bu da odur ki, dilin taleyi ilə bağlı söylənilən fikirlər, yazılan yazılar mütləq müzakirə olunmalıdır. Beş-üç nəfərin bildiyi həqiqət həqiqət olmur. Həqiqəti hamının ixtiyarına vermək lazımdır. Daha doğrusu, həqiqətin həqiqət olduğuna hamı inanmalıdır. Ona görə də hamı həqiqətin nədən ibarət olduğunu müzakirələr əsasında öyrənməli və bilməlidir. Ancaq bu da bir həqiqətdir ki, öyrənmək istəyində olanlar azdır. Hər şeyi kor-koranə qəbul etməyə meyilli olanlar isə çoxdur. Düşünmək, özü də dərindən düşünmək lazımdır. Dərindən düşünməyərək dili korlayanların özlərini də düşünməyə dəvət etmək lazımdır. Hansı vasitələrlə? Vasitələrdən biri və əsası kütləvi informasiya vasitələridir. Kütləvi informasiya vasitələrində rubrikalara çox böyük ehtiyac var. İstənilən kütləvi informasiya vasitəsinin imkanı çatır ki, belə bir rubrika yaratsın: belə demək olmaz, belə deyilməlidir. Yaxud belə yazmaq olmaz, belə yazılmalıdır. Televiziya kanallarında və radio dalğalarında bunu reklam şəklində də qurmaq olar. Reklam çarxları kimi bunları tez-tez təkrar etmək olar. İstək, məhəbbət və bu istiqamətdə fəaliyyətə başlamaq müsbət nəticələrə gətirib çıxara bilər. Bu gün bədii, elmi əsərlərdən və yazılan məqalələrdən daha çox televiziyaya baxır, radionu dinləyirlər. Təbii ki, qəzetlərin, jurnalların da öz oxucuları var. Onlar da məqbul dil qaydalarını, eyni zamanda yazılması, istifadəsi düzgün hesab olunan sözlər barədə bilgiləri qəzet və jurnallar vasitəsilə ala bilərlər.