telejurnalist
Sən demə, suya qənaət etməklə özünə gün ağlayırmış ...
Uşaq fəvvarədən su içir. Bu vaxt bir nəfər uşağın qulağını burub bir şillə vurur, kənara itələyir.
- Rədd ol! Bu ehsan deyil, ay bala!
Uşaq anasına qısılır. Anası təəccüblə:
- Aaa! ... A kişi, dəli olmusan nədir, uşağı niyə vurursan?
- Vuraram da, hələ o tərəfə də keçərəm!
- Uşaqdı, nə qəbahəti var mənə de. Su içən yerdə heç yezit də adama dəyməz. Sən ondan betərsənmiş ...
- Ay arvad, ey! Gözünü aç, gözümün içinə düz bax! Mən siz deyənlərdən deyiləm söz götürəm!
- Ana, baş qoşma, gəl gedək!
- Dayan, oğlum, dayan, axı mən bilməliyəm o səni nəyə görə vurdu?
- Yaşın az qala qırxı keçib, amma dərrakən ...
- İşə düşmədik? Nə vermisən bizə ala bilmirsən?
- Görmürsən, uşaq nə qədər su içir?
- Bunun sənə nə dəxli?
- Hər yoldan keçən bu qədər su içsə suya necə qənaət edərik?
- Sən get qənaəti ayrı yerlərdə axtar. Gündə bir yerdə boru partlayır, küçələri su basır, nə bilim ...
- Dama-dama göl olar, deyiblər. Mən bir nəzarətçi kimi suyu damla-damla qoruyuram.
Ana gülür. İstehza ilə kişiyə və onun qolundakı sarğıya baxır. Sonra heç nə demədən uşağın əlindən tutub gedir. Kişi onların arxasınca öz-özünə deyinir:
- Elə bir dünyadan xəbərsizdilər, aləm suya qənaətdən danışır, bunlar elə bil dəryaya düşüblər ...
Kişi bu dəfə əl-qol hərəkətləri ilə kranın yanında əl-üzünü yuyanlarla danışır:
- Ay bacım, ay qardaşım, heç insafınız yoxdur, niyə kranı açıq qoymusunuz?
Qadın: Əl-üzümüzü yumayaq?
Əri: - Hə də, səhər-səhər yuyunmalıyıq ya yox?
- Siz burada kranı açırsınız, yuxarı mərtəbələrə su çıxmır.
- Elə mənzilimizə su çıxmadığına görə gəlib burada yuyunuruq.
- Mən nəzarətçiyəm! Siz nə ixtiyarla mənimlə söz güləşdirirsiniz? Dedim olmaz, vəssalam! Bu damcı-damcı yığılan sular çox yerdə gərəklidir!
Kişi bunu deyib kranı bərk-bərk bağlayır. Ər-arvad peşiman halda kənara çəkilirlər. Kişi onlardan ayrılıb öz fərdi evinin həyətinə keçir. Şlanqı götürüb suyu bol-bol işlədir, həyətdə əkinləri su basır. O, zümzümə edə-edə şlanqı “Mersedes” avtomaşınına tuşlayır. Bu vaxt bayaqkı ana-uşaq və ər-arvad açıq darvazadan həmin kişiyə baxırlar. Ana özünü ələ ala bilmir:
- Bəs deyirdin nəzarətçisən, suya qənaətin dərdini çəkirsən, özün isə suyu gen-bol işlədirsən?
- Bacı, əhəmiyyət vermə, hər yerdə belədir. Nəzarətçilər özlərinə şərait yaradırlar.
Vəfan bu qədərmiş?!
Bir qız yol ilə gedərkən hiss edir ki, kimsə onu addım-addım təqib edir. Ayaq saxllayir ve geri dönərək acıqla:
- Nə istəyirsiniz məndən?
Oğlan güya utanırmış kimi başını aşağı salır, dinmir.
- Səninlə deyiləm? Niyə ağzına su alıb durmusan?
- Deməyə cəsarətim çatmır.
- Onda nə cəsarətlə məni təqib edirsən?
- Bu təqib deyil.
- Bəs nədir?
- Bilirsiniz nə var?
- Deyərsən – bilərəm.
- Necə deyim ey! Başqa vaxt bülbül kimi ötürəm, amma sizə...
Qız gülümsünür.
- Mənim bülbüldən çox xoşum gəlir. Əgər bülbül kimi ...
- Bəli, bəli, mən bülbül kimi ötürəm, sözümü, istəyimi müsahibimə sözlə çatdırmaqda mahirəm.
- Onda niyə durmusan?
- Mən sizi ürəkdən sevirəm, dərdinizdən dəli-divanəyəm, sizsiz yaşaya bilmirəm. Ölürəm sizdən ötrü!
- Doğrudan?
- Sözlərimdə əsla yalan yoxdur.
- Eləmi?
- Vicdanıma and olsun!
- Bilirsən nə var?
- Əzizim, indi də siz deyərsiniz, mən bilərəm.
- Bax, odur ey, gəlir, mənim rəfiqəm çox gözəl qızdır, sizə lap yaraşandır. Bəlkə məhəbbətinizi ona açasınız?
Oğlan çönüb həmin qıza diqqətlə başır. Sonra tərəddüdlə:
- Hə? Gözəldir? Doğru deyirsiniz?
Oğlan indicə söhbət etdiyi qızdan ayrılr. Qaça-qaça əks tərəfə gedən o biri qıza yaxınlaşır.
- Bir dəqiqə olarmı?
İkinci qız üzünü döndərmədən:
- Sizə nə lazımdır?
- Sözüm var sizə.
İkinci qız ayaq saxlayır, üzünü döndərir:
- Buyurun.
- Oğlan qızın sifətini, son dərəcə çirkin görkəmini görçək hürkür, əl –ayağı əsməyə başlayır. Bu vaxt onlara göz qoyan bayaqkı qız gülərək:
- Nə oldu, bəyəndinmi?
- Heç sizdən gözləməzdim.
- Nəyi?
- Məni aldatmağı.
- Sən özün indicə məni aldatmadınmı? Deyirdin, səndən ötrü olürəm, sənsiz yaşaya bilmirəm ...
- Elədir, mən vəfalı oğlanam.
- Görünür, vəfan bu qədərmiş! Əgər məni sevirdinsə, onda niyə o rəfiqəmi nişan verəndə dördayaq qaçdın onun yanına?!