Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda müzakirəyə çıxarılan məsələlərdən biri də AMEA-nın illik ümumi yığıncağının keçirilməsi olub. Bildirilib ki, tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək, eləcə də Qafqazşünaslıq İnstitutunun, Quba Regional Elm Mərkəzinin, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin yaradılması müzakirə olunacaq. Bundan əlavə, AMEA-nın vitse-prezidenti və bölmələrin akademik-katibləri vəzifələrinə seçkilər keçiriləcək.
Tədbirdə ilk dəfə olaraq “Nizami Gəncəvi adına qızıl medalı”, AMEA-nın adlı mükafatları təqdim ediləcək.
Rəyasət Heyətinin növbəti qərarı ilə AMEA-nın illik ümumi yığıncağının gündəliyi təsdiq olunub və tədbirin aprelin 29-da keçirilməsi qərara alınıb.
Milli Elmlər Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq edilib. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib.
AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının bazası əsasında prezidentin sərəncamına əsasən Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılıb.
Elmin NURİ