Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
...Əlindən tutdum, göz qapaqların titrədi və o an ürəyim köksümdə elə bil ki, boğazıma qədər gəldi. Əlimin içində incə, zərif barmaqlarının təmasına qarışan nəbzin zəif döyüntüləri altında öz nəbzimin tez-tez vurduğunu hiss etdim. Qəhər məni boğsa da, özümü tox tutub əlini sığalladım. Elə bil ki, əlin tərpəndi, ya da deyəsən mənə elə gəldi, əmin olmaq üçün barmaqlarımı dərinin altından görünən damarlarının üstündə ehmalca gəzdirdim. Zənnimin məni aldatmadığına, sənin məni hiss etməyinə əmin olmaq istəyirdim... Əlimin altında zərif bir titrəyiş hiss etdim. Beynimə dolan mənfi fikirlərə qarşı üsyan etdim. “Əlbəttə, başqa cür ola bilməz. Sən ayılacaqsan, sən gözlərini açacaqsan. Sən belə qala bilməzsən”. Ürəyimdə təkrarladığım sözlərin nidasını qoymaq üçün qışqırmaq, var gücümlə bağırmaq istədim. Amma, yox. Olmaz. Sakit və təmkinli olmalıyam. Sənin yanında hisslərimizi boğmalıyıq, sakit və rahat görünməliyik... Əslində isə, ürəyimiz doludur.
Mən sənə danışmaq istəyirəm olanları. Hər şeyi bəzəyə-bəzəyə, bura necə gəldiyimizi, özüm də bilmədən niyə hirsləndiyimi, mühafizəçidən tutmuş həkimə qədər qışqırmağımı, dalaşmağımı, hamını az qala döyəcəyimi, o hay-küyümü sənə birbəbir danışıb, yaşadığımız bu çətin günləri zarafata çevirib, sənə nəql edib könlünü almaq istəyirəm. Həmişəki kimi. Səni “hədələmək” istəyirəm, “Bir də xəstələnsən ha...” - deyib. Sən də məni qucaqlayıb bağrına basacaqsan, həmişəki kimi güləcəksən. Bir də, yenə də deyəcəksən. “heç kim mənimlə belə danışa bilməz”. Həmişəki kimi... “Başın agrıyır?” – deyə soruşacam. Cavabını gözləmədən “Mənimki də. Elə bil əkizik, ay bacı” - deyəcəm. Sən yenə güləcəksən. “Hə, bəs nə, yaşıdıq”. Sənin gülüb mənə dediyin bu kəlməni elə çox sevirəm ki...
Aç gözlərini, qurban olum, aç. Mən gecə də, gündüz də dualar etdiyimi, sənin sağlamlıqa qovuşmağın üçün hamıdan dua istəməyimi də danışacam, yenə də üz-üzə oturub sohbətləşəcəyik. O qədər zarafat, lağlağı edib güldürəcəyəm ki səni.. Axı səninlə mənim təkcə ana-bala deyil, dost, rəfiqə olan tərəflərimiz də var. Axı sən mənim ideal qadınımsan, sən ən dözümlü, ən təmkinli, ən güclü qadınsan. O qədər əyilməz, iradəli, sınmaz bir insansan ki. Sən buna da güc gələcəksən, sən bizi sevindirəcəksən. İnanıram, əminəm.
Sən mənə lazımsan. Sanki üzərimə çökmüş ağırliğa ancaq səninlə qalib gələcəm. Sən güclü olmağı bacarırsan. Sən mənim həyatda gördüyüm ən GÜCLÜ qadınsan. Allah yenə güc versin sənə, toparlan, yalvarıram, güclü ol. Özün bilirsən axı, sən bizə, mənə lazımsan.