Modern.az

Sabir müəllim “toy tələsi” ndən necə qurtardı…

Sabir müəllim “toy tələsi” ndən necə qurtardı…

13 Mart 2015, 13:50

“Olur, olur, belə işlər də olur” silsiləsindən 

Keçid məntəqəsində növbə çəkən polis əməkdaşı Sabir müəllimi görcək tez stolun üstündəki iri zərfi götürüb tələm-tələsik məlumat verdi:

-Müəllim, dünən axşam siz çıxandan sonra gətiriblər. Deyəsən toya çağırırlar.

 Sabir müəllim işdə hamının zarafatla “qara kağız” adlandırdığı dəvətnaməni nəzərdən keçirdi. Toy sahibinin adını hec cür xatırlamadı. Fikirləşdi ki, yəqin gün ərzində yadına düşər. Axşamüstü çoxdan tanıdığı, tez-tez görüşüb dərdləşdiyi Mahir müəllim zəng çaldı. İstefada olan polkovnik həmişəki kimi şux zarafatları, lətifələri ilə Sabir müəllimin kefini açmağa çalışdı. Sonra sözarası soruşdu ki, bəs Qoşqar müəllim göndərdiyi dəvətnaməni almayıb ki... Sabir müəllim dəvətnamədəki adla dostunun çəkdiyi adın eyniliyini biləndə məsələnin nə yerdə olduğunu anladı.

-Vallah, dəvətnaməni almışam, bayaqdan baş sındırıram ki, bu Qoşqar müəllim kimdir axı...

-Yadında deyil, bulvarda çay içdik xeyli söhbətləşdik?.. Adlı-sanlı adamdır. Sənin xasiyyətin də xoşuna gəlib. Uşağının xeyir işində mütləq sənin də iştirakını arzulayır. Şəhərdə olsan bir yerdə gedərik, inşAllah.

 Sabir müəllim ha fikirləşdi, cəmi bircə dəfə rastlaşdığı Qoşqarın sir-sifətini yadına sala bilmədi. Və dərhal məcburən qəşəngcə bir yalan uydurmalı oldu;

-Ağsaqqal, həmin gün mən Gəncədə ezamiyyətdə olacam. Gərək ki, sənə o gün demişdim. Səfərim təxirə düşsə toyda bir yerdəyik Allah qoysa...

 Sabirin uydurmasına inanmasa da Mahir müəllim də özünü o yerə qoymadı

-Eybi yox, mən bir şey fikirləşib onu başa salaram ki, gəlməyin heç cür alınmayıb. İstəyirsən əvəzinə bir babat məbləğ yazdırım.

-Yox, sən Allah, mən özüm onu görəndə bir növ xəcalatindən çıxaram.

 Çox güman bu da olmayacaqdı. Sabir müəllim bu vədi də canını qurtarmaq üçün yalandan uydurmalı oldu. Birmənalı olaraq dostu da toya pul yazdırası deyildi, Sabirin qəlbini rahat eləmək üçün söz verirdi.

 Təbii ki, Sabir müəllim Gəncəyə getmədi, nədən planda belə bir səfər yox idi. Toya da getmədi, çünki cəmi bircə dəfə çayxanada gördüyü adamın dəvətini “legitim” saymamışdı. Övladlarını da yalnız ən yaxın qohumlarının və dostlarının  şahidliyi ilə evləndirmişdi, deməli cavab viziti olmayacaqdı. Beləcə qarşılıqlı yalanlar ortada əsl arbitr rolunu oynadı. Əslində hər iki dost bir-birini necə aldatdıqalarının fərqində deyildi, heç bunu ürəklərinə də salmadılar. Maşallah, indi gündəlik həyatımızda adi məişət problemlərindən tutmuş işgüzar məsələlərədək-hər yerdə yalanın “ecazkar” gücünə bələdik...

Qaldı ki, Qoşqar müəllim kimilərinə çox rast gəlirik. Toyda-yasda, çayxanada, iclasda, avtobusda, metroda, daha haralarda – bircə dəfə salamlaşmağa peşimansan, tez-tələsik adını, soyadını, iş yerini can dəftərinə qeyd edirlər. Günlərin bir günü isə o bədnam “ qara kağız” sənin də qapını döyür, telefonuna zəng gəlir. Bir-iki yağlı, şəkərli cümlə və şadlıq evinin ünvanı. Üzüyumşaqlıq bəzən bu tələlərdən yan keçməyə qoymur. Çox vaxt da yaxın adamlarını işə salır, zəng elətdirir, öz xeyir işlərində sənin görünməyini vacib beynəlxalq tədbirlərdə iştirakın səviyyəsində qiymətləndiriləcəyinə and içirlər.

  Bu cür ucdantutma çağırılmalar isə yenicə ailə quran gənclərin məclisinə tamamilə yad notlar qatır. Bir-birini ilk dəfə görən adamlar bir süfrə arxasında özlərini sözün əsl mənasında yadplanetlilər kimi hiss edirlər. Yeganə çarə vaxtını vestübüldə keçirmək, yaxud qırmızı qutunun yanında “qeydiyyatdan” keçib dərhal şadlıq evini tərk etməyə qalır. Əslində toy məclislərində musiqinin yaratdığı səs-küy, boyat yeməklər, ucuz sağlıqlar, tamadanın əttökən deklamasiyaları da insanları bu məkandan qaçıran amillərdəndir.

Yazının əvvəlində bəhs etdiyimiz Sabir müəllim ilə Mahir müəllimin bir-birinə  transfer etdikləri yağlı yalanlar isə yalnız toya çağrılmalarla məhdudlaşmır. Bu cür “doqquzluqlara” əslində hər yerdə rast gəlmək olur;

         . İşə gecikəndə yaxud tamamilə gəlməyəndə deməlıi uşağını və ya nəvəni poliklinikaya aparmısan.

         . Sevgilin ilə rayona gəzməyə çıxmısansa... dostunun babası rəhmətə gedib.

         . Kasıb qonşun beşcə manat borc istəyirsə... dünən əmin oğlu operasiya olunub və axırıncı qəpiyinədək xəstəxanada xəsrcləmisən

         . Tələbə dostunun yolu paytaxta düşübsə... sən artıq İstanbula çatırsan.

         . Hansısa qəzetdən yazı sifarişi verirlərsə... roman üzərində işlədiyindən vaxtın yetərincə olmur.

Axırıncı bənd yazı-pozu adamlarının fəaliyyətilə uzlaşdığından birdən elə bilərsiniz ki,  mən də ... Qətiyyən, yazaram, özü də qonorarsız- filansız.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI