Modern.az

Əmək tərbiyəsi nə tez yaddan çıxdı

Əmək tərbiyəsi nə tez yaddan çıxdı

13 Mart 2015, 15:40

Milli Məclisin tanıdığım, salamlaşdığım deputatları arasında mətbuata, cəmiyyətə Hadi Rəcəbli qədər açıq olana  az-az rast gəlmişəm. Bu adamın səmimiliyinə açıqürəkliliyinə hamı bələddir. İstənilən teledebata, hər hansı qəzet müxbirinin müsaibə təklifinə əsla etiraz etməyən Hadi müəllim mətbuata çox səmimi şəkildə, real faktlarla bildirib ki, müəllimlər də öz ailələrinin sosial ehtiyaclarının daha dolğun ödənilməsi üçün dərsdən sonra hər hansı bir fiziki işin qulpundan yapışa bilər. Niyə də olmasın?!

İnanın, Hadi Rəcəblinin bu mülahizəsini kontekstdən çıxarıb başqa yerə yozanların çoxu kənddə-kəsəkdə böyüyüb və elə ətrafındaca kənd müəllimlərinin, ziyalıların hansısa özəl işlə məğul olduğunun, balalarını daha firavan böyütmək naminə hansısa faydalı məşğuliyyətə üz tutduğunun şahididir. İndi sadəcə nəyinsə xatirinə, sensasiya yaxud gündəmdə qalmaq üçün Hadı müəllimi qınamaqdadırlar. Sadəcə absurddur, başqa adı yoxdur. Dediklərimin Hadi Rəcəblini müdafiə xarakterli olmadığını sübuta çalışmayacağam. Çünki bu adamın nə mənim müdafiəmə zərrəcə ehtiyacı var və nə də mənim yaradıcılıq fəaliyyətimdə onu sığortalamaq zəruriyyəti. Yalnız onu yada salmaq istərdim ki, hər birimiz müəllimlərin xətrini dünyalar qədər istəyir onların əməyini yüksək qiymətləndiririk. Lakin müəllimin qazancının bir çox problemlərin həllinə hələ də yetərli olmadığını hər kəs bilir və ümidvarıq ki, dövlətimizin qayğısı ilə  bu kateqoriyadan olan insanların da dolanışığı getdikcə yaxşılaşacaq. Və hər kəs yaxşı bilir ki, bu istiqamətdə son vaxtlar uğurlu addımlar atılır.

Sözümün sonunda xatirəmdə dərin iz buraxan iki faktı xatırlatmaq istərdim. Ötən əsrin 80-ci illərində dayım Ədil Həşimov Qəbələdə, əmim Sabir Cabbarov isə Ağdaşda özlərinin layihəsi və ustalığı ilə mənəm-mənəm deyən bənnaların yaratdığandan da yaraşıqlı gen-bol ev tikmişdilər. Onların hər ikisi adlı-sanlı ədəbiyyat müəllimi və məktəb direktoru kimi vəzifənin sahibi idilər. Hansısa usta və ya fəhləyə xərclənəsi pulların şəxsi büdcədə qalması isə elə öz ailələrinin fəhləsi olmaq anlamındadır və xeyli şərəf gətirən işdir.

Beləliklə, əziz dostlar, müəllim də hər birimiz kimi işdən sonra cibinə, ailəsinə xeyir verən bir faydalı işlə məşğul olsa, bunun nəyi pisdir ki?

Bəlkə elə bu adamların ürəyində  hansısa bir fiziki işə, məşğuliyyətə marağı, hobbisi var, niyə də reallaşdırmasın. Vaxtı ilə Moskva, Kiyev, Minsk kimi şəhərlərdə azmı görmüşük ki, elmlər doktorları, universitet müəllimləri, həkimlər məzuniyyət dövründə parklarda dondurma satırlar?.. Biz müəllimlərimizə bu cür işləri rəva bilməsək də Azərbaycan reallıqlarına uyğun əməllərdən çəkindirməməliyik. Elə Hadı müəllim də bu istəkdədir, başqa niyyəti yoxdur.



Akif Cabbarlı

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI