Modern.az

Azərbaycan Dilçilər Birliyinin yaradılmasına böyük ehtiyac var

Azərbaycan Dilçilər Birliyinin yaradılmasına böyük ehtiyac var

17 Mart 2015, 12:16

filologiya üzrə elmlər doktoru, professor

Dil hər bir xalqın milli kimliyini əks etdirən əsas göstəricidir. Dilsiz millətin varlığı yoxdur və o xalqın dövləti, dövlətçiliyi də şübhə altındadır. Məhz buna görə də bu gün dünyada müxtəlif dillərin mövcudluğu, onların sosial baza məsələləri aktual mövzulardandır.

Bu baxımdan, hər il fevralın 21-də bütün dünya dövlətləri tərəfindən qeyd edilən Beynəlxalq Ana Dili Günü həm dünyanın aparıcı dillərini, həm də kiçik etnik qruplara məxsus dillərin inkişafını stimullaşdıran amil kimi xüsusi əhəmiyyətə malikdir. Bu gün eyni zamanda bizə onu da xatırladır ki, müasir dünya nə qədər qloballaşsa da, beynəlxalq dillərin nüfuz dairəsi nə qədər artsa da, sosial bazası kiçik olan etnik qruplarının dilləri də qorunmalı, yaşamalı və inkişaf etməlidir.

Müasir dünyanın iqtisadi-siyasi mənzərəsi bunu deməyə əsas verir ki, hansı dövlətin iqtisadiyyatı, siyasəti, sosial həyatı güclüdürsə, həmin ölkənin dövlət dili də güclü olur. Bu tendensiyadan çıxış edərək qeyd etmək olar ki, artıq bu gün beynəlxalq aləmdə rəqabət təkcə siyasət, iqtisadiyyat üzərində deyil, həm də dil üzərində qurulur. Bu cəhətdən, Azərbaycan dili öz gücünü, enerjisini, potensialını ortaya qoyaraq, dünyanın nüfuzlu beynəlxalq dilləri ilə rəqabətə girə bilir.

Müasir dövrdə dillərin müxtəlifliyinə bir hüsnrəğbət var və beynəlxalq aləm hər bir millətin öz dilini qoruyub saxlamasında maraqlıdır. Çünki hər dilin arxasında bütöv bir millətin dünyagörüşü dayanır. Bunun vasitəsilə xalq öz milli kimliyini, tarixi yaddaşını, həyat tərzini, adət-ənənəsini dünyaya təqdim edə bilir. Məhz buna görə də dünya çeşidli, rəngarəng və maraqlıdır.

Əlbəttə, hər bir dilin inkişafında ilk növbədə xalqın böyük rolu var. Bizim hafizədən-hafizəyə ötürülən şifahi xalq ədəbiyyatımız, klassiklərimizin zəngin yaradıcılığı əsrlər boyu ana dilimizi cilalayaraq müasir günümüzə gətirib çıxarıb.

Eyni zamanda, dilin inkişafına istiqamət verilməsində, onun bazasının zənginləşməsində dövlət başçılarının, milli liderlərin də mühüm rolu olub. Bu baxımdan, Azərbaycan dilinin inkişafında Ulu Öndərin xidmətləri misilsizdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərman, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Ümummilli Liderin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin parlaq nümunələrindəndir. Ulu Öndərin dil siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Müasir dünyada baş verən qloballaşma şəraitində dilin gələcək taleyi millətin ziyalılarını daim düşündürən məsələlərdəndir. Qloballaşmanın mahiyyətini yaxşı başa düşməyən bəziləri iddia edirlər ki, mövcud rəqabət nəticəsində zəif dillər məhv olacaq və dünyada yalnız bir neçə nüfuzlu dil qalacaq. Bu ideya müasir dünya haqqında yanlış təsəvvürlərin nəticəsidir və qloballaşma dillərin məhvinə aparmayacaq.

Əslində elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövr Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Çox istərdim ki, qloballaşmanın imkanlarından faydalanaraq, Azərbaycan dilində elektron dərsliklər, tədris vəsaitləri, lüğətlər hazırlansın. Bax, biz qloballaşma şəraitində mövcud operativ imkanlardan bu cür bəhrələnərək dilimizin imkanlarını bütün dünyada təbliğ edə bilərik. Təəssüf ki, bu istiqamətdə işlər arzu olunan səviyyədə getmir.    

Düşünürəm ki, bu prosesi sürətləndirmək üçün Azərbaycan Dilçilər Birliyinin yaradılmasına çox böyük ehtiyac var. Azərbaycan dili ilə bağlı kompleks tədbirləri koordinasiya edəcək bu ictimai qurumun üzvləri təkcə dilçilərdən ibarət olmamalıdır. Təpədən-dırnağacan ziyalı olan, millətin, dilin təəssübünü çəkən hər bir ziyalı bu quruma üzv ola bilər.

Bəzən cəmiyyətdə müəyyən adamlar deyirlər ki, dilin qayğısına yalnız dilçilər qalmalıdır. Bu tamamilə yanlış mülahizədir. Əgər belə olarsa, onda dilin qayğısına qalmaq mümkün olmayacaq. Çünki dilçilər dilin qayda-qanunlarını öyrənirlər. Dil isə geniş mənada bütün cəmiyyətdə tətbiq olunur. Bunun üçün də dilin mahiyyəti, saflığı məsələsi ictimailəşməli və hər kəsin maraq dairəsində olmalıdır. Təşəbbüs kimi irəli sürdüyüm Azərbaycan Dilçilər Birliyinin əsas amalı, ideyası da bundan ibarətdir.

Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur. Bu baxımdan, kütləvi informasiya vasitələrinin üzərinə düşən məsuliyyət yükü heç də az deyil. Ümumiyyətlə, mətbuatın dilə təsirini birmənalı götürmək olmaz və kütləvi informasiya vasitələrində dilin inkişafına həm müsbət, həm də mənfi təsir göstərən amillər kifayət qədərdir.

Təəssüf ki, bəzi mətbuat orqanları, televiziya və radio kanalları, internet resursları və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarına rast gəlinir. Xüsusilə televiziya və radioda bəzi şou xarakterli verilişlərin məzmunu, mövzusu qüsurlu olduğu kimi, aparıcıların, dəvət edilən müsahiblərin dili də qüsurludur. Əslində televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və onların səlis danışıq qabiliyyəti olmalıdır. Həmçinin verilişə dəvət olunan qonaqlar da ədəbi dil normalarına riayət etməlidirlər. Belə neqativ halların qarşısını almaq üçün müəyyən mexanizmlər hazırlanmalıdır. Məsələn, mənim təklif etdiyim Azərbaycan Dilçilər Birliyi kütləvi informasiya vasitələrində ədəbi dilin normalarına riayət olunmasına yaxşı mənada nəzarət edə bilər. Ümumiyyətlə, dilin qorunması təkcə dövlətin, dilçilərin deyil, hamının maraq dairəsində olmalıdır. Hər kəs öz ana dilini sevməli, onu qorumalıdır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI