Modern.az

Zaman… Qınaq…

Zaman… Qınaq…

18 Mart 2015, 15:55

Zemfira KƏRİMOVA
Prezident  yanında  Dövlət  İdarəçilik
Akademiyasının  magistrantı

Bəzən  zaman-zaman zövq aldıqlarımız, yaşamaq istədiklərimiz dəyərini itirmək  təhlükəsi  qarşısında  qalır. İstəyib edə bilmədiklərimiz, “o nə deyər, bu nə fikirləşər”- deyə ictimai qınaqdan çəkinib, həyatda arzularımız hesabına qurban verdiyimiz hər şey öz dəyərindən uzaqlaşır.   İnsanlar azad düşüncəli, demokratik ölkədə yaşasalar da, əslində bu azadlıq arzu  və istəklərdə  daha  güclüdür… İnsanlar tale trayektoriyasını öz istəklərinə uyğun olaraq  deyil, başqalarının “nə deyərlər”inə  uyğun  qururlar. Təsəlli üçün də “filankəsdən yaxşıyam, əsas budur” deyib  gün keçirirlər.

Niyə öz taleyimizi ətrafin istəyinə uyğun yaşayıb, arzularımızı qırmağa çalışırıq? Niyə həyatda azad insan adlandırılaraq, azadlığı hər nöqteyi- nəzərdən məhdudlaşdırılmış insan tipinə dönürük? Əslində zəngin, hansısa mövqe sahibi, müəyyən imkanları olan insan ictimai qınaqdan tam uzaq sayılır, atdıqları hər bir addım “zəngindir, ona olar” - deyib keçilir. Bunu yaradan, buna imkan verən də məhz özümüzük. Kasıb insanın elədiyi hər bir hərəkət göz önündə, qınaq obyektindədir... El diliylə desək: “Analı qızın özü böyüyər, anasız qızın sözü...”.

İnsanlar bəzən bu qınaq ucbatından öz xöşbəxtliklərindən də olurlar. Zaman keçdikcə bunun fərqinə varırlar… Həyat insana bir dəfə verilir. Gərək həyatı sevə-sevə, həyatdan zövq ala-ala yaşayasan, küləyi kiminsə istəklərinə uyğun səmtə əsdirməyəsən… Allah insanı sevə-sevə, xüsusi naxış, inciylə yaradır. Niyə payımıza düşən, bizə verilən, yaradılan gözəlliklərdən istifadə etməyək? Niyə hansısa haqsız qınağa qapılıb həyatımızı kimlərinsə əlində hədəfə çevirək?? Əslində, bu suallar bitməz tükənməzdi. Kaş ki, həyatımızda bu “kaş kilər, əmmalar” olmayaydı..

Həyatda  elə  yazılmamış  qanunlar  var ki, əslində  həmin qanunlar  bəzən həyatın özünü  şərtləndirir. Hər bir  ictimai əxlaqi dəyər deformasiya olunaraq neqativ amillərlə yüklənir.

İstənilən anda, istənilən zamanda insan həyatını dəyişə bilər. Yetər ki, istəsin, yetər ki, içində dağı yerindən oynadacaq istək olsun. Həyatımızın  hər mərhələsində yaşadığımız hadisələr, qarşılaşdığımız insanlar düşüncələrimizdə və qəlbimizdə əks olunur. Əslində bir hadisə yaşandığında gərək hisslərimizi  cilovlaya bilək,  qorxularımızla reaksiya verməyək, təhlil edib düşündükdən sonra reaksiya verək. Yəni, məsələyə reaktiv deyil, proaktiv yanaşmaq  lazımdır.

Fikirlərimi Yolruh Atalının sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Qınamaq – özünü və başqasını gizli və açıq şəkildə pisləmək, aşağılamaq, alçaltmaqla cəzalandırmaqdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI