Modern.az

Milli Qəhrəman Riyad Əhmədovun SİRRİ

Milli Qəhrəman Riyad Əhmədovun SİRRİ

23 Mart 2015, 23:20

Cəlaləddin Qasımov,
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,
yazıçı-publisist

Ermənilər 1992-ci ildə Goranboyun Qaraçinar kəndində yerləşən yüksəkliklərdən Şəfəq kəndinin mülki camaatına divan tuturdu. Qadın, kişi, yaşlı, azyaşlı demədən, hər kəsə atəş açırdılar. Snayperlə məktəbdən çıxan uşaqları vururdular, buna görə də kənd sakinləri öz övladlarını məktəbə göndərməkdən çəkinirdilər. Bir sözlə, kəndin rahatlığı, gün-güzəranı pozulmuşdu. Qaraçinar kəndindəki Ağdağ yüksəkliyindəki erməni postundan erməni snayperçiləri durbinlə Şəfəq kəndini nəzarətdə saxlayırdılar.
İkisi qadındır. Biri atəş açır:
-Yess! Bir türkü də Yer üzündən sildik.
O biri snayperçi isə durbinlə qadının vurduğu yeri axtarıb tapır:
-Bu da yaşlıdır ki..!
-Görmürsən, kənd boşdur. Bayaqdan axtarırıq, qarşımıza qocalardan başqa heç kim çıxmır.
-Boş deyil, hamısı gizlənib. Həyətlərdə toyuq-cücələr var.
Onların söhbətini yuxarı qalxan komandir kəsir:
-Deyəsən bu gün heç kimi vurmamısınız. Noldu, sizə göz dəydi?
-Yox, komandir, bu gün beş nəfəri vurmuşuq, beşi də ölüb.
-Nə beş nəfər?! Yalan danışmayın! Bəs onda bu türklər bizim postlara niyə cavab atəşi açmayıblar?
-Komandir, türklərin gülləsi qurtarıb. Onlar cavab atəşi açsalar da, biz yüksəklikdəyik, onlar ancaq səngərə atəş aça bilərlər.
-Türkün gülləsi qurtarmaz. Bizim snayperçilərin hər atəşindan sonra türklər bizim səngərlərdən bir neçə əsgəri öldürməsə ya da yaralamasa, dincəlməzlər – məgər bilmirsizmi!? Onların susması, bizə cavab atəşi açmaması məni qorxudur. Vurduğunuz kimlərdir?
-Dörd yaşlı, bir də balaca uşaq.
-Deməli, əsgər vurmamısınız… Bilirsiz, mən xaricdən gələn snayperçiləri qovdum getdi.
Onlar qocaya, cavana güllə atmırdılar, deyəsən siz də əsgərlərə güllə atmırsınız.
Kənd bomboşdur. Bir nəfər də əsgər görünmür. Onlar təcrübəlidirlər, gizlənə bilirlər. İki ay öncə Qarik iki məktəblini vurdu, ondan sonra məktəbi bağladılar.
O əlindəki binoklla Şəfəqi müşahidə edir:
-Qarik bizim ən yaxşı snayperçimiziydi, həmin iki azyaşlı uşağı öldürəndən sonra əlinə silah almır. Dediyinə görə, hər gün o axırıncı vurduğu türk uşağını yuxusunda görür.
Onun əlində binokl vardı, Şəfəqi izləməyə davam edirdi.
-Türklərin cavab verməməsi, bu səssizlik məni çox qorxudur, onların nəsə planı var, deyir.
Qorxu canını sarmışdı. O, Şəfəq kəndini ev-ev, həyət-həyət müşahidə edirdi. Snayperçilərin vura bilmədiyi bir yerdə KAMAZların olduğunu görür:
-Əsgərləri gətiriblər. Hazır olun! Hücum planı var.
O saatına baxıb, əqrəblərin düz “5”i göstərdiyini görür.
Elə bu vaxt, qəfildən, hər tərəfdən Azərbaycan əsgərləri atəşə baslayır.
Azərbaycan tərəfi..!

***

Milli Ordunun əsgərləri özünümüdaifə dəstəsinin komandirləri iclas keçirir
Bu məsələyə çarə tapmaq üçün baş sındırırlar. Hər kəs öz fikrini deyir. Milli Ordunun komandirləri arasında belə bir dialoq yaşanır: “Erməni snayperləri mülki camaatı nişan alır və bu,  artıq ciddi hal alıb, hucuma kecməliyik, kənd camaatı evlərindən çölə çıxa bilmir, itkilərimiz çoxdur, biz gözləməli deyilik”.

Goranboy polisi Əliyev Riyad Əhmədova deyir:

- Əhmədov, sən keçmiş Əfqanıstan döyüşçülərini başına toplayıb, xüsusi təyinatlı dəstə yaratmısan. Milli Təhlükəsizlik Nazirliyində əks-kəşfiyyatçı kimi fəaliyyətə başladığın gündən bəri Ağdamda, Şuşada, Əsgəranda, Şəfəqdə sizin ard-arda gələn hünərvər işlərinizə şahid olduq. Siz düşmənin çoxlu sayda ağır texnikasını sıradan çıxarmısınız. Biz ilk növbədə səni dinləmək, sənin fikirlərini öyrənmək istəyirik. Mən əminəm ki, sənin illa da bir planın var. Buyur, səni dinləyirik.
Riyad:
-Təşəkkür edirəm! Diqqətinizə ərz edim ki, mənim bir həssas təklifim var. Təklif edirəm ki, sabah erməni snayperlərinin atəşindən sonra onlara ənənəvi cavab atəşi açılmasın. Saat 5-də biz Göybulaq postundan başqa bütün istiqamətlərdə düşmən postuna eyni vaxtda atəşə başlayacağıq.

Əlindəki ağacla yerdə erməni postlarının, erməni mövqelərinin şəklini çəkən Riyad sözünə davam edir:

-Baxın, bizim 12 nəfərlik xüsusi təyinatlı dəstə beş dəqiqəlik atışmadan sonra hücuma keçəcək. Göybulaq postunna, ermənilərin bütün postlarına atəş açılarsa, eyni anda Göybulaqdakı postdakıların hamısından əsgərlərin çoxu atəş açılan yerə köməyə gedəcək. Bizim üçün ən təhlükəlisi Ağdağda çox dəqiq işləyən erməni snayperləridir. Onların diqqəti bizim postlarda atəş açılan istiqamətə yönələcək. Biz hücuma keçəcəyik. Bizdən 40 metr irəlidə Ağdağdakı yüksəklikdən erməni snayperləri bizi vura bilməyəcək. Çünki 40 metrdən sonra onların qarşısını çinar agacları kəsəcək.
Bizdən erməni postuna 150 metrlik bir məsafə var. Biz Göybulaqda postu alanda, üç nəfərimiz erməni səngərlərinin sağ tərəfindəkilərə atəş açacaq. Üç nəfər sol tərəfindəkiləri, iki nəfər əlavə köməyə gələnlərin qarşısını alacaq. İki nəfər də Ağdağ yüksəkliyindəki snayperləri daim atəşə tutacaq. Göybulaqda erməni postundan oranı vurmaq asandır. Vura bilməsək də, ən azından işləməyə qoymayacağıq. Onların güllədən qorunması üçün gizlənməyə yerləri yoxdur. Beləliklə, düşmənə məhz öz səngərindən zərbə endirsən, erməni snayperçilərini işləməyə qoymasan, ordumuz az itki verərək asanlıqla erməni postlarını, səngərini ala bilər.
Milli ordunun komandiri Riyada:
-Sizin dəstənizin bütün üzvlərimi hücumda iştirak edəcək? Sən deyərkən mən sayırdım, səkkiz nəfər vardı, dördünü saymadın…
Riyad:
-Bəli, dörd nəfəri saymadım... Ona görə saymadım ki… o dörd nəfər şəhid olacaq… bu, demək olar, qaçılmazdır. O dörd nəfər Göybulaq postuna qədər gedib çıxa bilməyəcək bəlkə, Göybulaqdakı postdakıların çoxu atəş olan tərəfə kömək etməyə gedəcək. Postda erməni əsgəri az olsa, şəhid vermə ehtimalı azdır. On ikimiz də erməni postunda onların mövqelərini atəşə tutacağıq”.
Riyad Əhmədov əlindəki çubuqla yerdə erməni postlarının xəritəsini çəkir.
Özünü müdafiə bölməsinin komandiri:
-Deməli, hücum saat 5-də olacaq… Yaxşıdır..! Onda erməni zabitlərinin çoxunun istirahət vaxtıdır. Bəs əlavə qüvvənin köməyə gəlmək vaxtını da hesablamısanmı? Onlar gəlsə, biz erməni postlarına yaxın düşə bilməyəcəyik. Cəbhənin bu istiqamətində xeyli sayda əsgər toplayıblar.
Riyad:
-Mən bir neçə dəfə atəşin başlamağının vaxtını qeyd elədim. Erməni dəstələri həyəcan siqanlı ilə öz postlarına 20 ya da 25 dəqiqəyə gəldilər. Həmin hesablamama görə, biz Göybulağı on beş dəqiqədən sonra alacağıq.
Goranboyun polisi Əliyev
-Ən təhlükəlisi Ağdağ yüksəkliyindəki erməni snayperləridir. Onların gözündən heç nə qaçmır.
Siz onları susdura bilsəniz, biz çox az itki ilə düşmən postlarını ələ keçirərik. Bu da Qaraçinar kəndini almaq deməkdir. Mən o dediyiniz yerləri qarış-qarış tanıyıram. Hətta ən uğurlu döyüş planını da düşünmüsən.   
Komandir:
-Göybulaqdakı postu almaq Qaraçinarı almaq deməkdir. Bu halda ermənilər üç saat bizim qarşımızda dura bilməyəcəklər.  Göstəriş verin, saat 5-də hər kəs hücuma hazır olsun!.. 
- Saat 5-də Riyadın döyüş planı üzrə hücuma keçəcəyik. Hamı öz dəstəsi ilə hazır olsun!

***

Saat 5. Ağır döyüş başlayır...

Riyad Əhmədov düşmənlə üzbəüz səngərdən ağır zərbələr endirirdi. Və birdən o, on iki dostuyla düşmənin üstünə şığıyır. Onu görüb sağ cinahdan Milli Ordumuzun əsgərləri, sol tərəfdən də könüllülər hücuma keçir. Düşmənin bir çoxu səngərdə qırılır, qalanları qaçır... Riyadın dəstəsindən bir neçə nəfər yaralanır. Riyad özü başından və qolundan xəsarət alır… ancaq dayanmaq bilmir, erməni səngərinə, Göybulağa doğru irəliləyir, irəliləyir və səngəri alır..!

İki erməni əsgəri əsir düşür, biri də yaralanır. Milli Ordunun əsgərləri erməni səngərlərini hər tərəfdən tutur. Səngərdən qaçıb kəndə doğru gedən ermənilər ağır itki verərək, gizlənirlər. Bir neçə saat atışma gedir, düşmən məğlubiyyəti anlayıb, komandirimizlə danışığa gəlmək istəyir.
Ordumuzun komandiri cavab verir. Erməni komandir:
-Danışan Qaraçinar kəndinin komandiridir. Biz kənddən çıxırıq, kəndi sizə veririk. Bizə beş saat vaxt verin, yaralıları, ölüləri, mülki camaatı kənddən çıxaraq. Atəş açmayın.
Komandirimiz düşmənin xeyli itki verdiyini görüb məcburiyyət qarşısında qalaraq kəndi verdiyini bilirdi, o:
-Beş saat yox, iki saat icazə verirəm.
-Yaxşı, iki saata çıxırıq, atəşi dayandırın.

Atəş kəsilir, Riyad durbinlə Ağdağdakı yüksəkliyi müşahidə altında saxlayır. Orada isə durum başqa cür idi, ermənilər postu boşaldırdılar.

***



Riyad durbinlə Ağdağ yüksəkliyindəki erməni snayperçilərinin postuna baxır. O görür ki, postdan bir erməni əsgəri çıxır. Yaralı əsgərin qoluna girib dağdakı uçurumları ehtiyatla enməyə başlayır.
Riyad öz dəstəsindəki iki əsgərə durbini verib, deyir:
-Artıq kənd bizdədir. Gedin yüksəkliyə, müşahidə edin, görün köçürlər ya mövqelərini möhkəmləndirirlər. O yüksəklikdən hər şey aydın görünür. Diqqətlə baxın, gördüklərinizi mənə bildirin.
Əsgərlər tapşırığı yerinə yetirib, gəlirlər:
-Yüksəklikdə üç snayperçinin meyiti var. Düşmən köçür, hərbi yük maşını ilə ev əşyalarını daşıyırlar. Əlliyə yaxın meyit götürdülər, yaralıları yola saldılar. Kənd boşaldı, toplam 25-30 əsgər qaldı, onlar da evlərə girib-çıxırlar.
Riyad:
-Mənə elə gəlir onlar evləri yoxlamır, evlərə partlayıcı maddələr yerləşdirirlər.
Bunu dedikdən sonra, erməni komandirini xəttə çağıran Riyad Əhmədov öz sözünü deməmiş erməni komandir kəkələyə-kəkələyə dillənir:
-Riyad, hələ bircə saat keçib, sizin komandiriniz bizə iki saat vaxt vermişdi.
-Sən verdiyin sözü tutmadın. Sənin evlərə partlayıcı yerləşdirən 30 əsgərini öldürmək üçün bizə 20 dəqiqə bəs edər. İndi göstəriş ver, o yerləşdirdiyiniz partlayıcıları zərərləşdirsinlər. Tez olun, Ağcakənd, Başkənd də ta Gülüstana qədər boşaldılacaq!

Eşitdiklərinə nə cavab verəcəyini kəsdirə bilməyən erməni komandir:
-Oldu, Riyad, oldu! Sənin gözündən heç nə qaçmır, əgər belə deyirsənsə, bir yoxlatdırım, görüm nə işdir, bu dəqiqə hansı evə qoyulubsa, çıxarılacaq!” (Özünü elə aparmağa çalışır ki, guya öz verdiyi komandadan xəbəri yoxdur)

***

Riyad əsir götürülmüş üç erməni hərbçisini Milli Ordumuzun əsgərlərinə təhvil verir. Onlar əsirlərin ikisini aparırlar. Üçüncüyə baxıb:
-Bu, çətin ki, sağ qalsın. Ölü kimi bir şeydir. Bunu aparmağa dəyməz.
Yaralı Riyadla təkbətək qalmışdı, başından qan axırdı. Riyad çantasından bint çıxarıb onun başını sarıdı, axan qanını durdurdu.
Nəhayət yaralı erməni əsgər özünə gəlib, ona yalvarmağa başlayır:
-Məni qoyma ölməyə, sənə bir məlumat verəcəyəm. Mən Ermənistan xüsusi  xidmət orqanlarının zabitiyəm.
Aman, Tanrım! – Riyadın yerinə kim olsaydı, eşitdiklərindən şoka düşərdi, bəlkə də…  O, on üç il uşaq həsrəti ilə yaşayan bir türk ailəsi barəsində bilgi verirdi...
Riyad onu dinləyə-dinləyə yüksəklikdəki əsgərlərimizlə də əlaqə saxlayıb məlumat alırdı.
O, iki əsgərimizə yaralını həkimə aparıb yaralarını tikmək barədə göstəriş verdi:
-Bu əsiri həkimə aparın, yaralarını tiksinlər, sarısınlar, siz bu əsiri mənə sağ-salamat verməlisiniz. O Ermənistan xüsusi  xidmət orqanlarının zabitidir, mənə lazımdır.  Müalicə edin, neynirsiz edin, illa da ölməsin!
Əsgər:
-Riyad, sən də başından yaralısan. Bizimlə gəl, həkim yaralarına baxsın.
Riyad:
-Mənim hələ işim var – özümə söz vermişəm, bayrağımızı Qaraçinardan asmayınca,  getməyəcəyəm, gedə bilərsən. Əsiri aparın!
Yüksəklikdəki əsgər hava telefonu ilə Riyadla əlaqə saxlayır:
-Ermənilərin hamısı yola çıxdı. Bircə maşın qalıb, deyəsən komandirin UAZıdır.
Elə bu vaxt Riyada zəng gəlir:
-Mənəm, erməni hərbi birliyinin komandiri. Riyad, sənin səsini çox eşitmişəm amma üzünü görməmişəm. Üzünü mənə göstər, əl eləyib gedəcəm. Sənin sayəndə mülki vətəndaşı sağ-salamat çıxara bildim, istəmirəm sənin üzünü görmədən gedim, sən hardasan?
Riyad:
-De görüm sən hardasan? Sizdə də etibarlı adamlar varmış.
-Bax, ən yekə çinarın yanından say, beşinci çinarın altındayam.
Riyad öz adamlarına tərəf dönüb, deyir:
-Eşitdinizmi? Onun nəsə planı var. Məndən uzaqlaşın, hamınız silahlarınızla oranı nişan alın. Nəsə baş verəcək. İlk atəşi biz yox, onlar atacaq. Uzaqlaşın!
O, əsgərin birindən güllə keçirməyən papağı alıb başına qoyur. Birini də əlinə alıb silahının başına keçirib yuxarı qaldırır:
-Bax, mən düz səni görürəm, deyib səngərə əyilərək avtomatı yuxarı qaldırır. Erməni zabit papağı Riyad zənn eləyib ona əl eləməyə başlayır. Onun beş metrliyində bir erməni əsgəri otların arasından dəmir kaskanı qranatamyotla nişan alıb atəş açır. Hər iki erməni onları hazır gözləyən maşına minib qaçmaq istəyəndə bizim cəbhədən atəş açılır.
Ermənilərin hər üçü öldürülür. Erməni əsgərin qaranatamyotu Riyadın yaxınlığında partlasa da, başına qoyduğu dəmir kaska onu qoruyur, azca alnından yaralanır. Riyad bu döyüşdə ikinici dəfə başından yaralansa da, ayağa qalxıb, onun harayına gələn əsgərlərə bağırır:
-Sizə nə göstəriş vermişəm? Niyə burdasınız?!
Əsgər Nəbi Ağamalıyev:
-Komandir, göstərişinizi yerinə yetirdik, sürücü ilə birlikdə hər üçünü öldürdük. Siz yaralanmısınız, sizi həkimə aparmalıyıq..!
Riyad:
-İrəli! Başqa söz eşitmək istəmirəm! İstəmirəm! İrəli!
Əsgərlər Qaraçinar kəndinə daxil olur, klubun üstünə Azərbaycan bayrağı asılır.
Riyad əsgərləri yığıb sıraya hərbi salam verir.
Onun başının qanı kəsmirdi, bintlə sarıyırdılar, əsgərlərimizin təkidinə hirslə cavab verirdi.

Uzun sözü qısası, nəhayət kənd yoxlanılır, ermənilərdən tam təmizlənir. Yurdun bir kəndinin torpağı da rahat nəfəs alır… elə bil torpağın üzü gülür… ağaclar birdən bar vermək, çiçəklər birdən açmaq, quşlar qurultay keçirmək istəyirdilər…
Riyad Əhmədovun Vətən eşqi ilə döyünən Ürəyinin, qəlbinin səsi idi bu şəkillənmələr, bu təsəvvürlər…

***

Ermənilər Ağcakənd, Başkənddən çıxırlar. Riyad Milli Ordunun əsgərlərinə ehtiyatlı olmağı tapşırır:
-Ehtiyatlı olun, evlərin qapısına partlayıcı maddələr yerləşdirmiş ola bilərlər, hətta, şübhə etmirəm ki, yerləşdiriblər. Minaaxtaranlar olmadan heç bir evə girməyin.

O tapşırıqlarını verib həkim məntəqəsinə gəlir.

Həkim onun yaralarını sarıyıb, deyir:

-Səndə beyin silkələnməsi var. Bir neçə gün yatmalısan. Ayaqüstdə gəzmək olmaz.
Riyad:
-Həkim, torpaqları bu mənfurlardan təmizləməyincə, bizim gözümüzə yuxu yazılmayıb…
O xəstəxanadan çıxanda ordunun komandiri ilə rastlaşır. Görüşürlər.
Komandir şəhid olmuş əsgərlərimizi “təcili yardım”la Bakıya – Şəhidlər Xiyabanında dəfn olunmaq üçün yola salırdı.

Komandir Riyadı qəhrəmanlığına görə təbrik edir və deyir ki, yerli müdafiə dəstəsindən bir şəhidimizin Şəfəq kəndində dəfn mərasiminə tələsir, yoxsa, bir az dərləşərdilər.

O, maşınla Bakıya, Şəhidlər Xiyabanına aparılan şəhidlərimizə yaxınlaşır, onların üstünə örtülmüş ağı qaldırıb, sifətlərinə ayrı-ayırılqda baxır, baxır… sonra örtüyü salıb, yanındakılara dönür:
-Bilirsiz, mən əsgərlərimizin hamısını adla tanımasam da, çoxuyla döyüş yoldaşı olmuşam, çörək kəsmişəm. Ona görə üzlərinə diqqətlə baxdım, onların hamısını tanıdım. Yenə fürsət oldu, vidalaşdım. Sizdən nə gizlədim, onlara vəd də verdim. Dedim ki, sabah-biri gün, fərqi yoxdur, bir gün illa da, yanınıza gəlcəyəm! Sizinlə yenidən görüşəcəyəm!

Duyğulu anlar yaşanır. Sonra Riyad əsgərlərinə səslənir:
-Di yaxşı, tez olun, dəfndə iştirak etmək lazımdır.

 

***

Şəfəq qəbiristanlığı…

Şəhidimiz dəfn olunur, molla “Quran” oxuyur. Riyad kədərlidir… amma müşahidəsindən də qalmır. O qəbiristanlığın sol tərəfini göstərib, əsgərlərindən birinə deyir:
-Mən iki ayda bu qəbiristanlıqda düz on dəfə olmuşam. On nəfər şəhidimizin dəfn mərasimində iştirak eləmişəm. Hər gələndə diqqətimi bax, o qadın cəlb edir. Mən o qadını bu qəbiristanlıqda görmüşəm, yenə də burdadır. Görəsən, o kimdir? Hansı doğmasını itirib ki, ömrü burda keçir? Onu hər görəndə ürəyim ağrıryır, bir ilgilənəsən, görək, kimdi, nəçidi, başına gələn nə işdi, belə?!.
Əsgər:
-İndi öyrənərəm, komandir.
Onlar dəfndən sonra Zeyvə kəndinə gəlirlər. Həkimin təlimatı əsgərin yadından çıxmayıb, onlar  Riyadı qaldıqları evə gətirirlər ki, bir-iki saat yatıb dincəlsin.
Başından aldığı xəsarətə görə ona istirahət lazım idi. Həkim içib yatması üçün dərman vermişdi. Əsgər ağrıkısici istəyən Riyada həkimin verdiyi dərmanı içirir.
Riyad:
-Bu nədir, mənə ağrıkəsici yoxsa yuxu dərmanı vermisən?
Onun gözləri yumulur. Özünü toparlayıb, dəstəsindəki Akifə səslənir…:

***

Goranboy polisi Əliyev Zeyvə kəndinə Riyadın qaldığı evə gəlir. O Riyadın əsgərləri ilə görüşüb deyir:
-Eşitmişəm Riyad yaralanıb, necədir? Hardadır?
Əsgərlər:
-Başından yaralanıb, beyin silkələnməsi də var. Həkimlər ona bir neçə gün yatmağı məsləhət görüb. O isə yatmır, biz onu aldadıb yuxu dərmanı vermişik.
Riyad otaqdan səslənir:
- Goranboy polisi Əliyev, sənsən? Səsindən tanıdım.
 Əliyev içəri girir. O:
-Yaralandığını eşidən kimi narahat oldum, dur gedək Naftalanda bizim yaxın həkimlərimiz var, səni özüm müalicə elətdirəcəyəm. Goranboyda sənin elədiklərini bilməyən yoxdur. Heç kim səni yadından çıxarmayıb.

Riyad çarpayısında uzanmışdı,dərmanın təsirindən gözləri yumulu da olsa, Əliyevi dinləyirdi və ona cavab verdi:
- Bizim şəxsən sizlərlə qohumluq əlaqələrimiz var.

Bunları dedikdən sonra, Əliyevin cavabını gözləmədən, yadına düşən, onu düşündürən sualı verdi:
- Əliyev, bunlar öz yerində. Səndən bir şey soruşacam. Bax, mən iki ayda on dəfə Şəfəq qəbiristanlığında oldum, hər ziyarətimdə də qara paltarlı bir qadın gördüm, onu hər görəndə ürəyim ağrıyırdı. O qadının dərdi nədir?

Əlbəttə, qəbristanlığa gələn, qıpqırmız geyinsəi deyil, sevinib-güləsi deyil… ancaq o qadın tamam başqa cür kədərli, başqa cür fikirlidir… Onun dərdi betər dərddir nəsə…
Əliyev:
-Dəqiq müşahidədir, Riyad. Onun on üç ildir uşağı olmurdu, sonra da bir oğlu oldu, erməni snayperləri iki məktəblini vurmuşdu…

O, hadisəni danışmağa başlayanda Riyadı yuxu aparmaq üzrəydi. O, on üç rəqəmini eşidən kimi var gücünü toplayıb ayağa qalxır:
-Nə? On üç il!? Mən düzmü eşitdim? Yuxu deyildi ki? – Onun yadına erməni əsirin dedikləri düşmüşdü və qəribə uyğunluqdan, fikri-zikri allaq-bullaq olmuşdu, elə bil...
Əliyev:
-Hə, düz eşitmisiniz, on üç ildən sonra dünyaya gəldi, on üç yaşında da ermənilər vurdu.
 
Onlar tanınmış nəsildilər, oxumuş adamları çoxdur. O nəsildən Bakıda professor, alim olan da var. Demək olar, hamısı Bakıda yaşayır. Elə Akif özü də müharibəyə qədər bankda işləyirdi. Onu siz də tanıyırsınız, könüllülər batalyonundadır.
Riyad:
-Akif hardadır?
-O həmişə sərhəd bölgəsində olur. İndi də yeni postda olacaq, gecələr evinə gedir. Yoldaşı xəstə olduğuna görə hava qaralan kimi evinə gedir.
-Evlərini mənə göstər. Axşam düşüb, hər halda indilərdə evində olar.
-Evləri asan yerdədir, Zeyvədən Şəfəqə girib qəbiristanlığı keçən kimi birinci tindən sağa dönərsiniz, bir az gedəndə qarşınıza Bakı kubiki ilə tikilmiş, ikimərtəbəli ev çıxacaq, bax, o ev Akifin evidir.

***

Riyadın bir anda alnından, üzündən tər axır. Başındakı qanlı sarğı suya dönür.

O, Əliyevin “Niva”sına yönəlib, Şəfəqə getməyə hazırlaşır. Əsgərlərinə göstəriş verir ki, onlar geri qayıdana qədər erməni əsrini gətirsinlər.
Öz dəstəsindən olan Akif təlaşla:
-Komandir, nəsə olub?
-Hə, olub, tez ol, min maşına, gedirik!   
Onlar Akifgil səmtə yola çıxırlar. Əliyevin həmən dediyi ünvana gəlib qapını çalırlar. Akif onları qarşılayır.
Akif Riyadı da, tanıyırdı, onlarla səmimi görüşür.
Akif:
-Mən bu dar günümdə Vətənimin qəhrəman övladlarını öz evimdə görməyimə çox şadam. Ancaq sizdən bir xahişim var, yoldaşım xəstədir, gəlin gedək burda Aqilin yeməkxanası var, sizi orda qonaq eləyim.
Riyad:
-Yox, mən sizin evinizdə bir stəkan çay içməyə gəlmişəm.
Akif:
-Sizin Goranboydakı qəhrəmanlığınızı hamı bilir. Bu kənddə hansı qapını döysəniz sizi fəxrlə, əziz qonağı kimi ağırlayarlar. Amma mənim yoldaşım xəstədir, birdən xətrinizə dəyər, öz-özünə danışır. Oğlumun ölümündən sonra yanına aparmadığımız həkim qalmayıb. Bir çarəsini tapa bilmirik ki, bilmirik…
Riyad:
-Mən həkim aləsində böyümüşəm, demək olar, həkim-psixoloqam. Müalicəsini də bilirəm. İcazə ver, ona bir neçə sual verim.

Akif:
-Buyurun… amma yoldaşım sizə çay gətirməsə, inciməyin.
Onlar evə keçir. Akif yoldaşını səsləyir:
-Züleyxa, gör bizim qapımızı kim döyüb. Kəndlərimizi ermənilərdən təmizləyən qəhrəman, Milli Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyatçısı Riyad gəlib. Hələ bir bilsən, bugün də Qaraçinarı təmzilədilər ermənilərdən. İndi növbə Gülüstanındır, inşallah! Bax, bu oğuldu ermənilərə vaxt kəsən. Bizə bir çay versənə, a Züleyxa.
Züleyxa gözlərini Riyadın başındakı sarğıya dikir. Astaca dillənir:
-Xoş gəlib.
O gedib çay gətirir.
Riyad:
-Əyləşin, mənim bir neçə sualım var.
Züleyxa keçib Riyadın qarşısında stul çəkib oturur.
Riyad:
-Mən iki ayda on dəfə bu qəbiristanlıqda, şəhidlərimizin dəfnində olmuşam. Hər dəfə də sizi orda bir məzarın başında ağlayan görmüşəm.
Akif:
-Hə, övladımızın ölümü yoldaşıma pis təsir edib. O hər gün qəbiristanlığa gedir.
Bizim on üç il uşağımız olmayıb. Tanrı bizə övlad verdi, onu da on üç yaşında düşmən gülləsi bizdən aldı.
Riyad:
-Sizin övladınız Ağdərədə doğum evində dünyaya gəlib. Adını da erməni adı qoymusunuz, eləmi?
Akifin yoldaşı:
-Bizim bir neçə dəfə uşağımız ölü doğuldu, yaşlılardan biri məsləhət gördü ki, kafir ermənilərin adını qoysaq, yaşayacaq. Bizdə adını Samvel qoyduq.
-Siz seçdiniz bu adı, ya erməni tibb bacısı?
Akif:
-O düz deyir, mən də eşitmişdim ki, düşmən adı qoyanda ölməyəcək. Mən də yoldaşımla qərara gəldim ki, düşmən bildiyimiz ermənilərin xəstəxanasında dünyaya gətirək. Adını da ki, əlbəttə biz qoymuşuq. Anası verib o adı.
Züleyxa:
 -Yox, mən qoymamışdım, tibb bacısı qoymuşdu.
Akif:
-Mən bilmirdim, deyib yoldaşının üzünə baxır.
Riyad:
-Uşağa ad qoyduğuna görə sən də ona bahalı bir üzük bağışlamısan, yanılmıramsa...
Akif yenə yoldaşının üzünə təəccüblə baxır:
-Nə üzük?
Züleyxa:
-Hə, mənim nənəm Seyidxanımdan qalma bir üzüyüm vardı, verdim ki, ad qoyanda ürəklə qoysun. Övladıma nəsə eləməsin. Biz onları düşmən bilib uşağımızı ora gətirmişdik, düşmən adı vermişdik ki, uşağımız sağ qalsın. Amma ehtiyat da edirdik, o üzdən istədim, uşağa qəsd etməsinlər, yaxşı davransınlar onunla.
Riyad:
-O tibb bacısının da adı Haykanuş idi… həmin vaxt da oğlunun toyuydu…
Züleyxa:
-Hə, hə, Haykanuş. Yadımdadı, mənə dedi ki, birdən sancın tutsa, mən gələ bilməyəcəyəm, toyda olacağam. Gözü də əlimdəydi, mənə dedi ki, o üzüyünü ver, oğlumun toyunda taxım. Görsünlər ki, bahalı üzüyüm var. Mən də çıxarıb onun barmağına taxdım, o da əlini mənə göstərib, gör necə də yaraşır, dedi. Mən də dedim ki, əgər övladım - qız ya oğlan, fərqi yoxdur – sağ-salamat dünyaya gəlsə, bu üzük sənin olacaq. Bağışladım. Bir də uşağımın adını sən qoyacaqsan, dedim. O da razılaşdı, üzüyü barmağına taxanda sevincindən uçurdu, mənə söz verdi ki, arxayın ol. Özü də oğlunun toyunda iki saat oturandan sonra gəlib başımın üstünü kəsdirdi. Gecə də evinə getmədi. Mən övladımı dünyaya gətirəndən sonra da yanımda qaldı, uşağıma heç kimi yaxın buraxmırdı. O mənim övladımı sağ-salamat dünyaya gətirməyimdə böyük kömək elədi – gərək haqqınan danışasan.
Riyad ayağa qalxıb evin içində var-gəl etməyə, divardan asılan şəkillərə diqqətlə baxmağa başladı. Bir neçə dəqiqə sonra:
-Bax, mən sizə bir söz deyim, təəcüblənməyin….

Ev sahiblərinin diqqətlə, həsrət və məhəbbətlə ona baxdığını görüb, əlavə etdi: - yaxşı sözdür, şad xəbərdir, rahatsız olmayın! Ancaq özünüzü də ələ alın, ha! – deyib, təbəssüm etdi.
Züleyxa:
-Bu dediklərimdən, uşağın adını Haykanuşun qoymasından, üzükdən heç kimin xəbəri yoxdur. Heç Akif də bilmirdi… indicə öyrəndi. Nənəm Seyidxanım deyirdi ki, o üzüyün çox sirri var. Yüzillərdir bizim nəsildədir. O üzüyü mənim ulu nənəmə Sona ocağı bağışlayıb. Sona ocağının bağışladığı hədiyyə də insanlara nicat verir, əl tutur – belə bir el inancı var.
Onu nənəmə verəndə deyiblər ki, o üzük, itməz, oğurlanmaz. Kimə versən özü qayıdıb sənin əlinin içində olacaq. O üzük qiymətlidir, amma istəmərəm ki, sən üzüyə görə həyatını təhlükəyə atasan. Vaxt gələcək o üzük özü gəlib çıxacaq. Açığı, mən kimə buraxacağam bilmirəm, ona görə də o üzüyü düşünmürəm. Onsuz da barmağına taxacaq kimsəm yoxdur. O mənim əlimə gəlsə belə… kədərimi unutdurmayacaq.
Riyad:
-Safikürtdəki ocağın adını daşıyır. Siz həmin ocağı deyirsiniz?
Akif:
-Hə, hə. Sən hardan bilirsən?
Riyad:
- Bibim Fizzə xanım deyib, o üzük qiymətlidir… amma mənim sizə üzükdən də qiymətli bir xəbərim olacaq, deyib onlarla sağollaşır. Geridəkiləri marağa, həvəsə boğaraq… evdən çıxır. Çıxınca da, ümidinizi üzməyin – tanrıdan ümid üzülməz, deyir.

O, Əliyevin “Niva”sına minərək qaldığı evə gəlir. Əliyevlə sağollaşır.
Riyad erməni əsirindən aldığı bilgilərin düz çıxdığını anlamışdı.

(Ardı var)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI