Modern.az

Süleyman Rüstəm Qabilin məsləhətlərinə niyə qulaq asırmış…

Süleyman Rüstəm Qabilin məsləhətlərinə niyə qulaq asırmış…

Ədəbiyyat

25 Mart 2015, 21:50


Cingiz Abdullayev
:  

Mən Qabil müəllimi çoxdan tanıyıram. Onu daim üzügülər, ürəyiaçıq bir insan kimi görmüşəm. Biz onunla yol yoldaşlığı da etmişik. Birlikdə İraq, Türkiyə və digər xarici ölkələrə səfərlərdə iştirak etmiş, onu daha yaxından tanımağa çalışmışam. Həmişə özünəməxsus məsumluğu, ərköyünlüyü, məzəli söhbətləri ilə hamının hörmətini qazanıb. Qabil müəllimin məzəliliyi ilə bağlı bir əhvalatı xatırlamaq istərdim.

Təxminən on ildən artıq bir vaxtın söhbətidir. Bir gün Qabil müəllim hansısa bir məsələ ilə əlaqədar yanıma gəlmişdi. Söhbət əsanasında, mən ona belə cavab verdim: “Qabil müəllim, Siz çox cavansınız, vaxt var”. Qabil müəllim isə öz cavabında: “Yox, Çingiz, 60-ı keçəndən sonra artıq adam ağsaqqal olur”. Bu vaxt mən ona belə bir sual verdim ki, bəs, Qabil müəllim, bizim elə yazıçı-şairlərimiz var ki, onlar artıq 70-i haqlayıblar. Qabil müəllim isə: “Onlar artıq ədəbi nəslimizin patriarxlarıdır” – dedi. Yenə sual verdim ki, bəs 80-i xırdalayanlar? Cavab verdi ki, onlar adam deyillər, artıq “Qobustan abidələridir”.
2002-ci il.

***
Qabildən Anara:

Valideynə oğulsansa – Anar ol!
Sən əbədi məşəl kimi yanar ol!
Ata-ana məzarının üstündə
Bir gül olma, gülüstan ol, gülzar ol!

Anardan Qabilə:

Hər sənətdə, hər peşədə kamil ol!
Tarda Bəhram, kamançada Habil ol!
Ömər Xəyyam çox şairə söylədi:
“Hünərin var rübaidə Qabil ol!”

***

Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadənin müsahibəsindən:

- Atanız Süleyman Rüstəm yazdıqlarını kiməsə oxuyurdumu?

- Ən çox şair Qabilə oxuyardı ilk yazdıqlarını. Aralarında yaş fərqi olmasına baxmayaraq, atam Qabilin məsləhətlərinə həmişə qulaq asardı. Qabil də bilirsiniz də, açıq danışan, sözü üzə deyən adam idi. Əgər Qabil atamı dinləyib desəydi ki, bu bənd və ya bu misra yerində deyil, zəifdi... Onda atam yazdığını ya cırıb atar, ya da vaxt tapıb yenidən o şeirin üzərində işləyərdi... Atamın çapa vermək istədiyi şeirlərinin də ilk oxucusu və ilk rəyçisi Qabil idi.

(“Azərbaycan müəllimi” qəzeti, 19 oktyabr, 2012)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI