-Salam, ana, necəsən?
Demək istəyirəm...
Nömrəni yığmaq və səsini eşitmək istəyirəm
Amma...
Amma əlim getmir telefona
Bir “alo” eşitmək istəyimin önündə elə acizəm ki, ana
dünyanın bütün naz-nemətinə dəyər bu istəyim
Səni görmək istəyirəm,
Əlindən tutmaq, qollarına
Qucağına sığınmaq istəyirəm...
Ana, bilirsənmi, heç barışa bilmirəm mən?!
Səni hiss edirəm hər an yanımda
Evdə, işdə, bayırda...
Hər yerdə
Bax, elə indi, burada
Sanki önümdə dayanmısan
Baxırsan mənə yenə mehriban-mehriban
Amma...
Niyə dinmirsən, niyə danışmırsan?
Niyə belə məlulsan, Ana?!
Ana, səni çağırıram
Sənsizliyə alışa bilmirəm, ana
Gəl, danla məni, nolar
Bax, yenə səhər yemədim heç nə
Əynimi də nazik geyindim
İşə çatanda ağladım yenə
Bunları sənə danışıb danlanmaq istəyirəm, ana
Mənə indi elə şirin gəlir ki
Sənin məzəmmətlərin, danlağın
Gəl, nolar, söylən mənə
Hirslən mənə,
İstəsən lap qışqır üstümə
“Müəllimini niyə incitmisən, bu sənə yaraşarmı?” - de
Orta məktəb vaxtımdakı kimi...
Gəl, ana, nolar, danış mənimlə
Yadındamı, axı biz həm də dost, rəfiqə idik
Dərdimizi-sərimizi, sözümüzü bölüşərdik
Elə böyümüşəm ki, ana
10 il, deyil, 20 deyil, 30-40 il qocaldım, ana
İndi mən də elə sən yaşdayam, ana
-Salam, ana, necəsən?
Demək istəyirəm...
Nömrəni yığmaq və səsini eşitmək istəyirəm
Amma... əlim getmir telefona
01.04.2015