Telejurnalist
Tanınmış şəxsiyyətlərlə bağlı qəribə, məzəli, bir az da kövrək hisslər oyadan xatirələr
Xeyirxah, əliaçıq adamlara niyə “Ələsgər” deyərdik?
İstər qəzet redaksiyalarında, istərsə də televiziya və radio sahələrində çalışmış (hazırda da qəzetçiliklə, telejurnalistika ilə məşğul olan) qələm sahiblərininn ömrü boyu pula ehtiyacı çox olub. Qonorar və maaş ehtiyaclarını tam ödəməyib. Ona görə də qələm sahiblərinin gözü həmişə qazancı çox olan adamların əlində olub. “Obyekti mənimsəmək” adı ilə əvvəlcədən məqalə yazılacaq və ya radio-televiziya sujeti çəkiləcək obyektə qabaqcadan getmək heç də “mənimsəmək” üslubuna xidmət etməyib. Obyekti mənimsəməyə gedəndə jurnalistin fikri-zikri rəhbərliyin göstərişi ilə müşayiət edən adamın bacarığına yönəlir: görəsən müxbir və ya çəkiliş edəcək adamları hansı obyektə aparacaq: nəqliyyat vasitəsini kim ayıracaq, günorta, hətta axşam yeməyinin xərcini kim ödəyəcək? Bu iş müşayiətçi kimi qəbul etdiyimiz adamların fərasəti ilə bağlı olduğuna görə həmin adamı ya çox sevirdik ya da görmək belə, istəmirdik. Sevdiyimiz adamlara “Ələsgər” adı vermişdik.
Bu ad haradan çıxmışdı? “Bakı” və “Baku” qəzetləri redaksiyasında işləyəndə bir qayda olaraq fasilə vaxtı “İnturist” mehmanxanasının restoranına gedərdik. Hər dəfə isə yemək pulunu birimiz (beş nəfər gedirdik) ödəyərdik. Mənim növbəm idi. Fasilə vaxtı iki şüşə araq, qəlyanaltı, duru xörək və ikinci yemək deyilən isti xörəklərdən birini sifariş edərdik. Mineral su, limonad da öz yerində. O vaxtlar meyvə suları, kompot, fanta, koka-kola yox idi. Olsa-olsa ayran gətirərdilər. Arada-bir dondurma da sifariş edərdik. Nə isə, mən növbəmin sonunu gözləyirdim. Durub getmək vaxtı çatırdı. Bu arada ofisiant bizim masaya iki şüşə araq gətirdi (çox bahalı araqlar idi). Biz araq normamızı işmişdik. Fasilə vaxtı üçüncü şüşəni açmağı qadağan bilirdik. Ona görə də mən həmin bahalı şüşələri ofisianta verib maşınıma qoymağı xahiş etdim. Masa dostlarım:
- Sənin bəxtinə göndərilib, sənə halaldır, - dedilər.
Bəs bu hədiyyəni göndərən kim idi? Ofisiantdan soruşduq. O bizdən bir qədər aralı əyləşmiş bir oğlanı göstərdi. İş yoldaşımız Şaban Şabanov həmin adamı tanıdı, “dostumdur” – dedi. Adı Ələsgərdi.
Razılığımızı bildirdik. Bir azdan pulu ödəmək vaxtı çatanda ofisiant dedi ki, həmin adam pulunuzu da ödəyib. Hamıdan çox mən sevindim. Şaban:
- Mülatif, sənin qismətin imiş.
Şaban Ələsgərə minnətdarlıq etdi. Beləcə, nahar fasiləsini başa vurduq. Sevindim ki, pulum cibimdə qaldı.
- Şaban, belə dostlarından çox olsun, - dedim. Sən Allahın, “Ələsgər” gələndə xəbər elə!
Aradan bir neçə gün keçmiş, Şaban Şabanov bizim otağa gəldi, yavaşca qulağıma “təzə Ələsgər var, zəng eləmişdi, bizi gözləyir”.
- Nə danışırsan! – tez ayağa qalxdım. - Nə vaxt gedirik?
- Elə indi!
- Mənim əlimdə yazım var, Əhməd müəllim (redaktor Nəsir İmanquliyevin müavini. – M.A.) tapşırıb, təcili hazırlamalıyam.
- Gərək bir şey fikirləşək.
Otaqda otura bilmədim. İlan çalmış adam kimi dəhlizdə o tərəf – bu tərəfə gedirdim. Redaktorumuz Nəsir İmanquliyev məzuniyyətdə idi. Onu Əhməd müəllim əvəz edirdi. İş yoldaşlarımızdan üçünə icazə-filan lazım deyildi, onlar guya tapşırıq dalınca getməliydilər. Qalmışdıq bir mən, bir də Şaban Şabanov.
Haşiyə: “Bakı” və “Baku” qəzetləri redaksiyasında Şaban Şabanov və Şakir Abdullayev məşhur felyeton ustaları kimi tanınırdılar. Şaban Şabanov Qaxın İlisu kəndindən idi. Çox xeyirxah, hamıya əltutan səmimi yoldaş, sədaqətli dost idi. Redaksiyanın məktublar şöbəsinin müdiri idi. Şəxsi nüfuzu elə idi ki, onun sözünü yerə salmazdılar. Milisə, prokurorluğa, mənzil təsərrüfatı müəssisələrinə işi düşənlər Şabana müraciət edər, əlac tapardılar. İstedadlı jurnalist, xeyirxah insan hamıya yarıyardı...
Bu dəfə özünə çarə tapmalı idi. Əhməd müəllim (o əslən Şəkidən idi) Şabanın xətrini çox istəyirdi. Məsələ burasındaydı ki bizim ikimizə icazə verilməliydi.
- Şaban, icazə alma. Get Əhməd müəllimin yanına məndən giley-güzarlıq et, de ki, “Ələsgər” gəlib bizi qonaq aparır, maşınımız yoxdur, Mülatifə deyirəm aparmır.
“Ələsgər” məsələsini Əhməd müəllim də bilirdi. Şabana nə “yox”, nə də “hə” demədən katibəni mənim dalımca göndərdi. Tez yerimdən qalxıb Əhməd müəllimin otağına girdim.
- Mülatif, heç səndən gözləməzdim. Yaxın dostunun sözünü yerə salırsan, ayıb deyil?
- Əhməd müəllim, əlimdə təcili yazım var, Əhməd müəllim tapşırıb bu gün məqaləni təhvil verməliyəm.
- Əhməd müəllim mən deyiləm? Yazını saxla sabaha. Tez olun, gedin, “Ələsgər” gözləyir, - deyib güldü.
- Axı ...
- Axı yeri deyil, adam dostuna sədaqətli olar. Hər ikimiz otaqdan çıxdıq. Beləcə həm Şabana icazə verildi, həm də mənə.
P.S. “Ələsgərlə” bağlı xatirələrin davamı olacaq.