Elçin Bayramlı,
"Altay" Staretji Araşdırmalar Mərkəzinin rəhbəri
“Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər"
Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda ideoloji boşluq yarandı. Xaricdən cəmiyyətimizə çoxlu sayda ideologiyaların təsiri gücləndi və bir çox siyasi, sosial, etnik, dini və sair ideoloji konsepsiyalar inkişaf etməyə başladı. Boşluqdan məharətlə istifadə edən qlobal dairələr Azərbaycanda zərərli dini və etnik ideologiyaların sürətlə yayılması üçün öz planlarını, layihələrini həyata keçirməyə başlamışdılar. Bu səbəbdən də monolit cəmiyyət parçalanmağa başlamış, insanlar, əsasən də gənclər müxtəlif dini, etnik, siyasi təşkilatlara üz tutaraq bu qüvvələrin planlarını həyata keçiriməsi yolunda alətə çevrilmişdilər…
Bu vəziyyət az qala vətəndaş müharibəsinə gətirib çıxaracaqdı. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bu planların qarşısını aldı, cəmiyyəti parçalanmaqdan xilas etdi. Ümumilli lider Azərbaycanda xalqın birliyinə nail olmaq üçün ortaya yeganə düzgün ideoloji konsepsiyanı- özünün yaratdığı Azərbaycançılıq ideologiyasını qoydu. Dövlət bu istiqamətdə optimal daxili siyasət həyata keçirməyə başladı. Bununla da cəmiyyətdə zərərli qütbləşməyə son qoyuldu, xalqımız və ölkəmiz vahid ideologiya əsasında inkişaf etməyə başladı. Ulu öndər Heydər Əliyevdən sonra bu siyasət onun layiqli davamçısı, xalqın etimadını qazanmış İlham Əliyev tərəfindən davam etdirildi. Beləliklə də xalqımız və ölkəmiz zamanın təlatümlü dövrlərini vahid ideoloji baza əsasında ləyaqətlə keçdi və bu günki inkişaf səviyyəsinə gəlib çatdı.
Azərbaycançılıq ideologiyası nədir və nəyə xidmət edir?
Azərbaycançılıq ideoloji konsepsiyasının təşəkkülündə şəxsiyyətin mühüm rolunu qeyd etmək lazımdır. İdeyasız heç nə yaranmır. İdeyanı yaratmaq üçün şəxsiyyət lazımdır. Başqa sözlə, hər hansı bir xalqın vahid ideoloji baza əsasında inkişaf etməsi üçün güclü xarakterli və yüksək intellektli şəxsiyyətlər, ideya və quruculuq əzmi lazımdır.
Azərbaycan tarixində fəaliyyətləri ilə dərin izlər buraxmış, Azərbaycan xalqının taleyini dəyişmiş şəxsiyyətlər olmuşdur. Öz fəaliyyəti dövründə, ən yeni tariximizin müxtəlif keşməkeşli dövrlərində Azərbaycanda iki dəfə hakimiyyətə gələn, ölkəni böhran vəziyyətindən çıxaran və milli inkişafın əsas prinsiplərini müəyyən edən ümummilli lider Heydər Əliyev də belə şəxsiyyətdir.
O, hesab edirdi ki, yalnız azərbaycançılıq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, vahid mənəvi dəyərlərin qorunması, ümumi tarix və mədəniyyət, ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya Ümumi Vətənin qurulmasına öz töhfəsini verməyə kömək edəcək.
Prezident Admisinistrasının rəhbəri, akademik Ramiz Mehdiyev öz əsərlərinin birində bunu belə təsvir edir: “Heydər Əliyev 1969-cu ildən başlayaraq azərbaycanlılarda özünə inam hissi formalaşdırır, milli maraqların müdafiə olunmasının mümkünlüyünü təsdiq edir, azərbaycanlıları milli inkişaf naminə birləşdirirdi.
Heydər Əliyevin siyasəti nəticəsində "millət" anlayışının strukturuna özünüidentifikasiyanın etnik, dini, sosiomədəni, siyasi və bütün başqa kollektiv formaları daxil edilmişdir. Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Bu dövrdən etibarən milli identifikasiyanın yeni forması daha geniş və yenilənmiş formatda "azərbaycançılıq" ideologiyası ilə eyniləşdirilir”.
"Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər"
Azərbaycan sabit dövlətdir. Son 20 illik dövrün nəticələri göstərir ki, dövlətimiz ayaq üstə möhkəm dayanmışdır və möhkəm siyasi, iqtisadi, mədəni və sosial platforma üzərində inkişaf edir. Bəs, müasir mərhələdə milli ideyanın inkişafı üçün hansı şərtlər əsasdır? Bu suala akademik Ramiz Mehdiyev belə cavab verir: “Heç bir şübhə yoxdur ki, XXI əsrdə iqtisadi tərəqqiyə, azad və layiqli həyata, millətin müstəqilliyinin və təhlükəsizliyinin güclənməsinə aparan yol demokratik prinsip və normaların sosial və siyasi praktikaya tətbiqindən keçir… Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa, sosiumun milli xüsusiyyəti nəzərə alınmasa uğursuzluğa məhkumdur.
Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, demokratiyanı "kəməndinə salmalıdır", cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. İnsanların şüuruna hakim kəsilən milli ideya millətin konkret fundamental məqsəd və vəzifələrinə nail olmaqda reallaşmalıdır”.
Akademik Azərbaycançılıq ideologiyası əsasında Azərbaycanda vətəndaş dövləti yaratmağın qısa tərifini belə verir: “Azərbaycan üçün vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, orada bütün sosial və etnik qruplar dinc yanaşı yaşayır, özlərini ölkənin siyasi və iqtisadi inkişafında, bütün millətlərin nümayəndələrinin birgə yaşayış atmosferinin mütəmadi mənəvi-psixoloji yeniləşməsində dərin marağı olan bərabərhüquqlu vətəndaşları kimi hiss edirlər. Beləliklə, müasir dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin maraqları xaricində reallaşdırılmasının perspektivi yoxdur”.
“Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi təkcə azərbaycanlılar kimi doğulanlar üçün deyil, həm də etnik bağlılığı olmadığı halda bu ölkənin vətəndaşları olanlar üçün aktualdır. Son illərdə Azərbaycan bütün azərbaycanlıların Vətəninə çevrilib və universal dəyərlərin daşıyıcısı statusu qazanıb.
Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir.
Hər bir azərbaycanlı üçün Azərbaycanın maraqları əsas olmalıdır
Məhz Azərbaycançılıq ideologiyasının cəmiyyətdə bərqərar olması səbəbindən uzun müddətdir ki, Azərbaycanda daxili sabitlik hökm sürür. Özü də bu tendensiya qonşu ölkələrdə baş verən vətəndaş müharibələrinin, kütləvi iğtişaş və qarşıdurmaların fonunda baş verir. Azərbaycan cəmiyyəti isə belə təhlükələrdən sığortalanmışdır. Çünki vətəndaşlar ölkə hakimiyyətinin daxili siyasəti stabil və normal olaraq həyata keçirdiyinin fərqindədirlər. Bununla belə bizim xalq dünyada, xüsusilə də bizimlə bağlı olan regionlarda baş verənlərlə daha çox maraqlanır. Bu da təbiidir. Çünki həmin regionlarda gedən proseslər bizə birbaşa və dolayı təsir edir.
Daha doğrusu qlobal qüvvələr bu təsirin güclü olması üçün müvafiq işlər həyata keçirirlər. Bunu həyata keçirmək üçün isə Azərbaycanda fəaliyyət göstərən bəzi, QHT, KİV orqanlarından, bəzi ictimai xadimlərin imkanlarından istifadə edirlər.
Azərbaycanda əhalinin siyasi mövqeyini formalaşdırmağa cəhd edən yüzlərlə KİV və QHT var. Belə media orqanları idarə olunduqları xarici mərkəzlərdən gələn tapşırıqla onların maraqlarına cavab verən məsələlərdə xalqı səhv yönləndirməyə çalışırlar. Yəni, hər hansı bir məsələyə münasibətdə Azərbaycanın maraqları arxa plana atılır. Başqa dövlətlərin maraqlarından informasiya yayılır.
“Beşinci kolon” kritik situasiyalarda öz fəaliyyətini daha da gücləndirir, Azərbaycan cəmiyyətinin fikrini yönləndirməyə cəhdlər edir. Bu məqsədlə Qərb dairələri dini və etnik cəmiyyətləri qızışdırır, onlara yardımlar edir, bu icmaların əli ilə ölkədə vəziyyəti gərginləşdirməyə çalışırlar.
Bəzi siyasətçilər hətta aşkar şəkildə Ermənistanı müdafiə edirlər, hər hansı bir Qərb dövləti ilə Azərbaycan arasında müəyyən gərginlik yarananda o dövlətin maraqlarından çıxış edirlər.
Məsələn, ABŞ və Avropadan maliyyələşən media və QHT-lər Azərbaycan xalqında qonşu dövlətlərə qarşı nifrət yaratmağa, bu ölkələrlə münasibətləri korlamağa çalışırlar. Halbuki, Ermənistan istisna olmaqla qonşu dövlətlərlə Azərbaycanın mehriban münasibətləri var və bu zəmin üzərində iqtisadi əməkdaşlıqdan tutmuş, mədəni əlaqələrə qədər böyük bir sferada dostluq atmosferi hökm sürür. Başqa sözlə, Azərbaycanın maraqları istənilən dövlətlə sülh və mehriban dostluq şəraitində yaşamağı tələb edir. Lakin xaricdən idarə olunan bəzi daxili qüvvələrin məqsədi bizim maraqlarımızı deyil, Qərbin maraqlarını müdafiə etməkdir.
Bunu çoxları bilmədən, anlamadan edirlər. Bəziləri isə bilərəkdən edirlər. Lakin xoşbəxtlikdən belə şəxslərin, təşkilatların və medianın dövlətimizin xarici siyasətinə təsir imkanları yoxdur. Dövlətimizi idarə edən hakimiyyət son dərəcə optimal, düşünülmüş siyasət yeridir və məhz bunun sayəsində ölkəmiz və xalqımız qlobal proseslərdən zərər çəkmir.
Azərbaycanda xaos yaratmaq planları niyə iflasa uğrayır?
Adətən ölkələri neçə parçalaya bilirlər? Ya etnik, ya dini, ya siyasi, ya da sosial zəmində. Azərbaycanda heç bir üçün baza yoxdur. Ölkədə elə bir mühit yaradılıb ki, etnik və ya dini ayriseçkilik yoxdur. Bütün dinlərin, millətlərin bu ölkədə normal yaşaması, hətta hakimiyyətin yuxarı eşalonlarında təmsil olunması üçün imkanlar yaradılıb. Multikulturalizm Odlar Yurdunun əsas dəyərlərindən biridir.
Qaldı sosial məsələyə, bunun üçün də zəmin yoxdur. Azərbaycan sosial dövlətdir. Əhali dövlətin imkanlarından bəhrələnə bilir. Dövlət sosial təminata büdcənin üçdə birini ayırır. Güzəştli kateqoriya üçün mənzillər tikilir, işsizlik və yoxsulluq minimuma endirilib. Deməli, qlobal qüvvələrin əsas silahları bu ölkədə sıradan çıxarılmışdır.
Daha bir silah isə siyasi qarşıdurma ola bilərdi ki, belə bir imkan da yoxdur. Bizim cəmiyyətdə siyasi qütbləşmə dərin deyil, həm də xalqımızın siyasi savadı artıq yüksək səviyyədədir. Azərbaycanda düşünülmüş daxili və xarici siyasət, düzgün hesablanmış iqtisadi strategiya əsasında sosial dövlət kimi inkişaf edir. Belə dövlətləri nə daxildən nə da xaricdən dağıtmaq mümkün deyil.
Adətən xarici qüvvələrin Azərbaycanla bağlı hər hansı bir planını onların ölkəmizdəki əlaltıları qloballaşma, inteqrasiya pərdəsi altında maskalamağa cəhd edirlər. Bu pərdə altında yad dəyərləri, yad ideologiyaları cəmiyyətimizə yeritmək istəyirlər.
Azərbaycan prezidenti regionların inkişafına həsr olunmuş sonuncu konfransda qloballaşmanın pərdəarxasını açıq şəkildə göstərdi və Azərbaycanın öz milli, mədəni, mənəvi dəyərləri əsasında, başqa sözlə Azərbaycançılıq ideologiyası əsasında inkişaf edəcəyini bildirdi. Xalqımız da son dövrlərin təcrübəsindən göründüyü kimi, öz dəyərlərini qoruyub saxlamaqda əzmlidir. Bir sözlə dövlətin və cəmiyyətin bu məsələdə fikri yekdildir. Belə ölkəni nə daxildən nə də xaricdən dağıtmaq mümkündür.