Modern.az

Mədəniyyət evinin tağları

Mədəniyyət evinin tağları

7 Aprel 2015, 10:50

Mədəniyyət evi Ağdamda keçmiş sovet dövründə inşa edilən və görkəmi ilə yaddaqalan abidələrindəndir. Bina təxminən qırxillik  zaman çərçivəsində rayon sakinlərinə xidmət göstərmişdir.  Qoynunda Ağdam Dram Teatrına da yer verən  mədəniyyət ocağı 1950-ci ildən 1990-cı illədək   fəaliyyətdə olmuşdur.  Danılmaz faktdır ki,  teatr mədəniyyətinin formalaşmasında bu binanın xüsusi yeri olmuşdur. Ağdamın teatr tarixi ilə  bağlı   apardığım araşdırmalar  zamanı diqqətimi  ilk növbədə  məhz haqqında danışacağım mədəniyyət evi çəkdi.

Öncə qeyd edim ki, şəhərdə inşa edilən bütün obyektlər 1941-ci ildə, Kübra Əliyevanın şəhər sovetinin sədri olarkən təsdiq edilən baş plana uyğun icra edilirdi. Bir nömrəli məktəbın binası, 16 yerlik mehmanxana binası və mədəniyyət evi hələ müharibədən əvvəl baş plana salınmışdı. Hər üç obyektin inşasına eyni vaxtda,  yəni 1946-cı ildə başlansa da, mədəniyyət evinin tikintisində bəzi problemlər olmuş,  yalnız 1950-ci ilin noyabrın 4- də  istifadəyə verilmişdi.  

Yuxarıda qeyd etdiyim hər üç obyektin insaşına nəzarəti isə tanınmış ziyalı, o illərdə şəhər sovetinin sədri vəzifəsində çalışan Məşədi Abbas Rzayevə həvalə edilmişdi. Açılış mərasimini  idarə edən Məşədi Abbasın tədbirdə alovlu çıxışından sonra,  söz Azərbaycan Nazirlər Soveti yanında Mədəni-maarif müəssisələri komitəsinin sədri Süleyman Rəhimova verilir. Qeyd edək ki, təntənəli açılış mərasimində başda   Ağdam RPK-nın birinci katibi Məmməd Orucov olmaqla bütün rayon rəhbrərliyi iştirak edirdi.  Açılış tədbirində mədəniyyət evinin  Mir Cəfər Bağırov adının verilməsi qərara alınır. Və az müddətdən sonra  respublika liderinin büstü mədəniyyət evinin qarşısında qoyulur. Lakin Mir Cəfərin Bağırov xalq düşməni  elan edildikdən sonra ərazidən büstü və mədəniyyət evinə verilən adı götürülür. Məhz ondan sonra Mədəniyyət evi Səməd Vurğunun adını daşıyası olur.

Bir məqamı da əlavə  edim ki, Məşədi Abbas tanınmış inqilabçı idi.  Səttarxanın silahdaşı olmuşdu.  Mir Cəfər Bağırovla birbaşa əlaqəsi   və münasibəti var idi. Mədəniyyət evinin tikintisi zamanı binanın yuxarı hissəsində öz adını həkk etdirsədə, bu addım ona baha başa gəlir. Belə ki, sovet rejimi belə məqamları qəbul etmədiyindən, sonradan o yazı silinmiş və Məşədi Abbasa ciddi irad tutulmuşdu…


Mədəniyyət Sarayında on dörd otaq  və bir  400 nəfərlik böyük zal,  digəri 200 nəfərlik kiçik zalı var idi. Burada kitabxana və qiraət zalı da fəaliyyətdə idi. Mədəniyyət evinin direktoru  vəzifəsinə  Yunis Rzayev,  bədii rəhbər vəzifəsinə isə Narınc Məlikova təyin edilmişdi.

Mədəniyyət evində o illərdə üç əsas: dram, nəfəsli orkestr və tikiş dərnəkləri  fəaliyyət göstərirdi. Hər bir dərnəyin 60  nəfərdən artqı üzvü var idi. Bunlardan ən fəalı isə dram dərnəyi idi. 

Binanın istifadəyə verilməsi  dövlət statusu ləğv edilmiş dram teatrının kollektivinə ən böyük tövhə oldu. Yeni bina həm tamaşaların hazırlanmasında, məşqlərin keçirilməsində, həm də tamaşaların daha keyfiyyətli şəkildə göstərilməsinə imkan vermişdi.  Ümumiyyətlə, 1950-ci il Ağdam  teatrının inkişafında yeni bir mərhələ sayıla bilər.  XX əsrin 50-90-cı illərində məhz bu binada onlarca yeni tamaşa hazırlanaraq rayon sakinlərinə təqdim edilmişdi. 1968-ci ildə teatrın statusu bərpa edildikdən sonra mədəniyyət evində həm   sarayın, həmdə teatrın rəhbərliyi və kollektivi fəaliyyətdə idi.

Maraqlıydı ki, rayona gələn birinci katiblərin hər biri mədəniyyət evinin yerləşdiyi şəhərin baş meydanına öz əlavələrini edirdi. Və bu artıq ənənəyə çevrilmişdi. Məşədi Abbas Rzayevin bacısı oğlu olan Nadir Abbasovun dövründə “Fərhad”ın heykəli, Həsən Əliyevin rəhbərliyi dövründə baş meydanda  Leninin heykəli ucaldıldı. Qeyd edək ki, Leninin heykəli əvvəllər   mehmanxana ilə üzbəüz ərazidəki kiçik parkda  inşa edilmişdi. Sadıq Murtuzayevin dövründə isə “Fərhad”ın heykəlinin yeri dəyişdirilərək mərkəzi poçtun qarşı tərəfinə keçirildi. Nizami küçəsinin Kommunist küçəsindək olan hissəsində isə minik maşınlarının hərəkəti dayandırıldı.  Ərazi piyadalar üçün uyğunlaşdırılaraq abadlaşdırıldı. Fəvvarələr quraşdırıldı.  Sözügedən yerdəyişmədən sonra  baş meydanda paradın keçirilməsində hər hansı maneə qalmamışdı.

Meydanda 1949-cu ildə mehmanxana binası, 1965-ci ildə Ağdam RPK üçün iki mərtəbəli inzibati binası, 1972-ci ildə “rayispalkomun” binası, 1985 -ci ildə isə mədəniyyət eviylə üzbəüz RPK- nın daha müasir  üçmərtəbəli binası istifadəyə verildi…  

Qeyd edim ki, hər iki mədəniyyət ocağı 1983- cü ilədək adıçəkilın binada fəaliyyət göstərəsi oldu. 1983-cü ilin nöyabrında Kommunist küçəsində, burlvarın yan tərəfində geniş müasir üslubda yeni Mədəniyyət   Sarayının açılışı keçirildi. Bu dəfəki açılışda da rayon rəhbərliyi, başda Ağdam RPK- nın birinci katibi Sadıq Murtuzayev olmaqla iştirak edirdi.   Dahi ziyalımız Xudu Məmmədovun da  qatıldığı tədbirdə  bir xeyli şəhər sakini iştirak etmişdi. Tam müasir standartlara cavab verən sarayın böyük zalı 600  nəfərlik idi. Əlavə edim ki, bu  binanın istifadəyə verilməsində məqsəd hər iki mədəniyyət ocaqlarının ayrıca binalarda fəaliyyətdə göstərməsi idi.   Yeni binanın inşasından təxminən dörd il sonra, yəni 1987- ci ildə ilk mədəniyyət evinin tağları qalmaqla yenidən qurulmasına   başlanıldı. 1990-cı ilədək ərazidə xeyli tikinti işləri aparıldı. Ümumi işlərin  demək olar ki,  40 faizədək hissəsi görülmüşdü.  Lakin ermənilərin ölkəmizə qarşı apardıqları ərazi iddiaları  binanın inşasına mane oldu…

Beləliklə, bu gün ruhların gəzib dolaşdığı şəhərdə mədəniyyət evinin salamat qalmış tağları bütün  sakinlərin ürəyinə elə bil dağ çəkir. Ancaq rayonun işğal altında olmayan 28 %-lik ərazisində aparılan quruculuq işləri hər bir rayon sakininə şəhərə qayıdacığımız günə ümidi xeyli artırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI