Modern.az

“Qurd yağı” və ya klassik kitabyuma mərasimi

“Qurd yağı” və ya klassik kitabyuma mərasimi

7 Aprel 2015, 21:58

Azərbaycan ədəbiyyatının ənənələri. Bu gün demək olar ki, bu yoxdur. Mən belə görmüşəm. Mən belə görməmişəm. Çox qəliz danışdım. Ortaya sual çıxır: axı nəyi görmüsən? Axı nəyi görməmisən? Yaxud da inkişaf etməmişəm, naftalin iyi verirəm? Yəqin ki, geri qalıram. Lap sovet dövrünün adamıyam. Ona görə də nəyi görmüşəm, ondan danışım. Özünüz nəticə çıxarın.

Ulduz

Xalamın əri general-mayor Abbasəli Novruzov olduğundan hərbi sahəyə dair yazılmamış qanunlardan xəbərim kifayət qədərdir. Bunların içində ən çox sevdiyim isə bircə məqamdır. İndi bilmirəm necədir. Amma sovet dövründə zabitlərdən kiməsə yeni hərbi rütbə verəndə komandir onu və ya onları kabinetinə dəvət edərdi. Seyfindən araq və ya konyak şüşəsi çıxarar,badələrə süzər, aldıqları rütbə ulduzlarını badəyə salar, onların yeni rütbə almalarıyla bağlı əmri oxuyub, təbrik edər, toqquşdurub içərdi. Gözəl mərasimdir. Elə deyilmi?

Kitab

Bu mərasim bizim evdə də dəbdəydi. Çünki hər yeni kitab yazıçını bir rütbə yuxarı qalxmasıdır. Kitabın ilk siqnalnı nömrəsi gələn kimi balaca mənzilimizdə süfrə açılardı. Necə deyərlər kasıbın olanından. Araqdan kitabın üstünə damcıladardılar. Sonra da badələri toqquşdurub vurardılar. Beş-altı “siqnalnı” - ilk nüsxə yalnız yaxın adamlara avtoqrafla verilərdi.


İndi

O vaxt nə imza günü vardı, nə də kitab təqdimatı. Ya yazıçıyla görüş keçirib yazdıqlarıyla bağlı suallarını verər, fikir mübadiləsi edərdilər, ya da Yazıçılar Birliyinin “Natəvan” klubunda kitabın özünü yox, içindəkini müzakirəyə çıxarardılar. Bəzən əlbəyaxaya da çıxardılar. İmza törəni nə idi, təqdimat nə demək idi? Bunların heç biri yox idi.

Ən əvvəl isə kitabı yuyardılar. Məni savadsızlıqda suçlamayın. Deməyin ki, YUYARDILAR sözü məcazi mənada işləndiyindən dırnaqçıqda, yəni belə - “yuyardılar”- verməliydin. Əsla. Məhz mənim yeni kitabımı da köhnə adət-ənənələrə uyğun yuduq.

Bu mərasimi dostum Eldəniz Elgün həyata keçirdi. Çayxanaya girib yeni “Qurd yağı” kitabımı ona təqdim etmişdim ki, tez ayağa durub qonşuluqdakı “İstanbul” super-marketinə getdi. Qayıdanda əlində viski şüşəsi, kola və şokolad plitkası vardı.

Limon gətizdirdi. Avropasayağı içkini hazırlayıb, kitabı əlinə götürdü. “Mübarək olsun” deyib, badədəki kola qarışıq içkini yox, şüşədəki viskidən üstünə damcılatdı. “Mahir, kitabın mübarək. Kitabın və İbrahimin sağlığına” dedi. Kövrəldi. Bilirsinizmi niyə? Çünki bu kitabı dostumuz İbrahim Ömərovun xatirəsinə həsr etmişəm. Ruhu şad olsun.



Son

Bu qədər. “Bakı Çap Evi” nəşriyyatında çap etdiyim ”Qurd yağı” kitabında 18 povest və hekayəm toplanıb. 330 səhifədir. Redaktoru Paşa Babakərli, bədii tərtibçisi Azər Aydın, korrektoru Mahmud Qəzənfəroğlu, naşir isə Zaur Qafarzadədir. Qiyməti isə yoxdur. Qiymətsizdir. Hansı mənada? İstər məcazi, istərsə əsl. Məni istəyənlərə kitab nədir, canım da qurban.




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI