Modern.az

Darağını axtarıram bu dünyanın

Darağını axtarıram bu dünyanın

19 Aprel 2015, 22:30

Darağını axtarıram bu dünyanın,
Saçlarının biti yağır.
Bir telində qarışqalar yem daşıyır,
Min telindən qan sovuran gənə baxır...

Darağını axtarıram bu dünyanın
Təmizləyim, sığal çəkim tellərinə,
Qan qoxuyur, mərhəmətdən, məhəbbətdən
ətir səpim tellərinə.
Çiçək düzüm gülüşlərdən,
Çələng hörüm öpüşlərdən...

İstədilər tağ atdılar saçlarına,
Neçə yerdən hörük vurub bağ atdılar saçlarına.
istədilər tüstüsü başından çıxsın
Yağ atdılar saçlarına.
Boyadılar həm ağ-qara,
həm al qana,
boyadılar yana-yana...

Darağını axtarıram bu dünyanın
Tanrım, sənin əlindədir?
İçimdəki ilahi səs:
- Daraq onun barmaqları, daraq sənin barmaqların,
onun, sənin əlindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI