“Olur , olur, belə işlər də olur” silsiləsindən
Dayandur Bayandurov öz işini bilən, məsuliyyətli kadr idi. Şirkətdə ona tapşırılan məsul vəzifənin öhdəsindən bacarıqla gəldiyinə görə rəhbərliyin də, kollektivin də hörmətini, etimadını qazana bilmişdi. Ancaq bircə keyfiyyətinə görə narazı idilər bu adamdan. Əslində tələbəlik dövründə də belə idi – özünü savadlı, geniş dünyagörüşlü adam kimi göstərmək istədiyindən kitab dilində, çoxmərtəbəli cümlələrlə danışmaqı sevirdi. Bu, onun canında idi, qanına keçmişdi, çalışsa da tərgidə bilməzdi. Tez-tez, yeri gəldi-gəlmədi işlətdiyi cümlə isə idarədə dillər əzbəri olmuşdu.
Dayandur müəllimin “Mənə elə gəlir ki, bu məsələnin ağlın, məntiqin süzgəcindən keçirilib hərtərəfli sosioloji, qnesoloji və psixoloji təhlil olunması, gələcəkdə necə hərəkət edilməsi ilə bağlı hansısa qərarın qəbul edilməsi qarşıda duran mühüm vəzifələrimizdən birinə çevrilməlidir” cümləsi adı ilə soyadının yeri tez-tez dəyişik düşən əməkdaşı əməlli – başlı məşhurlaşdırmışdı. İş yoldaşları, dostları hətta bu cümləni diktafona yazıb əzbərləmiş kağıza köçürüb ciblərinə də qoymuşdular. Dayandur iclaslarda, görüşlərdə əlini qaldırıb söz istəyəndə hamının üzündə qəribə bir təbəssüm sezilirdi. Məlum cümlə mütləq səslənir, sonra digər fikir və mülahizələr gəlirdi. Dayandur müəllim dayanıb durmurdu ki, elə hey danışır, sitat gətirir, fakt göstərir, hər yeni fikirə keçəndə məlum cümləsini nöqtə-bə-nöqtə xırdalayırdı. Hələ bir üstəlik sağ əlini sənə uzadıb “üstün gəl” ifadəli baxışlarını üzünə zilləyirdi. Sənin də onun uzalı əlinə bir şapalaq çəkməkdən savayı çarən qalmırdı. Qulaqları döyənək olan əməkdaşların atmacaları, açıq-saçıq iradları da kara gəlmirdi, necə deyərlər, dəyirman öz işində idi. Dayandur Bayandurov işdən sonrakı söhbətlərdə də, evdə, qohum-qardaş arasında da məhz bu cür danışırdı. Bəlağətlə, pafosla, ucadan və... həmin məlum cümlə; - “Mənə elə gəlir ki...”
Bir dəfə iclasların birində rəis müavini Zəlimxanovun yarıciddi, yarızarafat dediyi “Ay Dayandur müəllim, ola bilməz ki, sənə elə gəlməsin?!” iradına qəhrəmanımız qayıdıb nə desə yaxşıdır-yoldaş Zəlimxanov, qeydlərinizi qəbul edirəm, ancaq mənə elə gəlir ki, bu məsələnin ağlın, məntiqin süzgəcindən keçirilib hərtərəfli sosioloji, qnesoloji, psixoloji təhlil olunması, gələcəkdə necə hərəkət edilməsi ilə bağlı hansısa qərarın qəbul edilməsi qarşıda duran mühüm vəzifələrimizdən birinə çevrilməlidir. İndi gəl özünü saxla. Zalı gülüş götürdü başına, hətta özünü unudub əl çalan da oldu.
Bu cür söhbətlərdən istənilən qədər danışmaq olar. Bir-ikisini desək yerinə düşər. Dostlarından biri günlərin birində Dayandur müəllimə zəng edir ki, bəs rayondan tələbə yoldaşımız gəlib, istəyirik ki, oturub dərdləşək, çörək kəsək, çoxdandır görüşmürük. Bu heyvərə elə sözünün əvvəlində başlayır nə başlayır: - Mənə elə gəlir ki... Ancaq cümləsini bitirə bilmir, dostu telefonu söndürür.
Bir gün qardaşı rayondan zəng edir.
-Dayandur, anamızın vəziyyəti ağırdır, göndərirəm Bakıya, onu yaxşı bir həkimə göstər, dərdini bilək. Bu insafsız da məlum cümləsinə başlayan kimi qardaşı sözünü kəsir: - daha göndərəsi olmadım, narahat qalma, özüm Gəncəyə aparacağam – deyir.
Bir dəfə həyat yoldaşı Dayandurun işinə zəng edir.
-Kişi səndən bir muştuluq. Gözün aydın, qızımızın boynuna uşaq düşüb. Allah eləsin oğul nəvəmiz olsun.
-Arvad, bilirsən, mənə elə gəlir ki...
Həyat yoldaşı da birtəhər dözüb axırda ərinə bunları deyir: - ətin tökülsün, iclasda deyilsən, söhbət qızından, qızının taleyindən gedir.
Dayandur müəllimlə bağlı məzəli söhbətlərin ən ləzzətlisi rəislə aralarında olanıdır. Bir gün idarə rəhbəri Dayanduru çağırıb deyir ki, gəl səni özümə müavin götürüm, yer boşalıb.
Gözünə düöndüyüm adətindən qalmır. Nə desə yaxşıdır - mənə elə gəlir ki, bu məsələnin ağlın, məntiqin süzgəcindən keçirilib hərtərəfli sosioloji, qnesoloji, psixoloji təhlil olunması, gələcəkdə necə hərəkət edilməsi ilə bağlı hansısa qərarın qəbul edilməsi qarşıda duran mühüm vəzifələrimizdən birinə çevrilməlidir
Rəis axıradək dözür və cavabı bu olur.
-Dayandur Bayandurov, mənə də elə gəlir ki, sən bundan sonra daha heç vaxt məndən bu cür sərfəli təklif almayacaqsan.